90 yaşın zirvəsində  

 

Yazıçı, jurnalist və publisist Teymur Əhmədova yubiley təbriki

 

Milli ədəbiyyatımızın, mətbuatımızın, publisistikamızın sanballı imzalarından olan ağsaqqal qələm adamı, əzizimiz Teymur Əkbər oğlu Əhmədov! Bu gün sizin 90 yaşınız tamam olur və əminəm ki, 100-ü də fəth edəcəksiniz. Ona görə ki, həyatın bütün sınaqlarından çıxmış, nəsillərə örnək insanlar özləri bunun yollarından başqalarına dərs deyirlər. Təki səhhətə münasibətdə səhlənkarlığa yol verməyəsiniz, indiki məqamda isə özünüzü ilk növbədə koronavirusdan qoruyasınız.

 

Söhbət bu sırtıq təbiətli pandemiyadan gedəndə Mətbuat Şurasının sədri kimi məni qəzəb bürüyür. Jurnalistlərə xidmətlərinə layiq yubileylər, ildönümləri, təqdimatlar keçirmək istəyimiz bunun üzündən dəfələrlə təxirə salınıb. Onlayn formatda tədbirlər isə istənilən effekti vermir. Çünki heç kəs üzbəüz dayanıb fikirlərini bölüşə bilmir, yubilyarın əlini sıxmaq, əyani təbrik etmək imkanları sıfıra bərabər olur. İndi gəl, arzuladığın ləzzəti al.

 

Etiraf edim ki, bu il iyulun 20-də yazıçı-publisist, filologiya üzrə fəlsəfə doktoru Şəfəq Nasirin "XX-XXI əsrlərin qovşağında milli mətbuatın çətin və şərəfli mübarizəsi. Teymur Əhmədovun jurnalistlik fəaliyyətinə bir nəzər" kitabının onlayn təqdimatı nə qədər elmi və dərin məzmunlu çıxışlarla yadda qalsa da, arzulanan effektdən uzaqda dayanırdı. "Nurlan" Nəşriyyat-Poliqrafiya Mərkəzində çapdan çıxan kitab haqqında çoxları, o cümlədən, mən də fikirlərimi bölüşdüm. Amma bu tədbirdə ağsaqqalımızın özü ilə üzbəüz görüşmək istəyimiz çatışmırdı.

 

Giriş sözündə dedim ki, 90 yaşlı yubilyar, “Respublika” qəzetinin baş redaktoru T.Əhmədov nəinki ölkənin media cameəsinin, həmçinin, elm ictimaiyyətinin də sevimlisidir. Bu yüksək statusu o, həm peşəkar jurnalistliyi, həm də tədqiqatçılığı ilə qazanıb. Teymur müəllim həm də fədakar ziyalı obrazının bir nümunəsidir. O, dözümlülüyü, qətiyyəti və prinsipiallığı ilə istər sovet, istərsə də müstəqillik dövrü ictimai fikir tariximizə müstəsna töhfələr verib. Kitabın adına diqqət yetirirəm. XX-XXI əsrlərin qovşağında milli mətbuatın çətin və şərəfli mübarizəsi önə çəkilir. Mübarizə XIX-XX əsrlərin qovşağında da olub. Bunu müəyyən mənada alın yazısı kimi qiymətləndirmək mümkündür. Bizə məlumdur ki, həmin mübarizədə hansı ziyalılarımız öndə idilər - Həsən bəy Zərdabi, İsmayıl bəy Qaspıralı, Cəlil Məmmədquluzadə, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu və başqaları. Bu şəxsiyyətlər xalqın milli mənlik şüurunu oyatdılar - həm yad təmayüllərə qarşı etiraz formalaşdırdılar, həm də etiraza ictimai-siyasi motiv gətirərək onu dolğunlaşdırdılar. Nəticə etibarilə proseslər milli dövlətçiliyin yaranmasına, 1918-ci ildə qurulmuş Xalq Cümhuriyyətinin timsalında itirilmiş dövlətçilik ənənələrinin bərpasına doğru apardı. Hesab edirəm ki, mətbuatımız eyni missiyanı XX əsrin sonlarında yenidən təkrarladı və o dövrdə öndə gedən ziyalılarımız oldu ki, onlardan biri də kitabının təqdimatına toplaşdığımız Teymur Əhmədov idi. Bəli, həqiqətən də Əli bəy Hüseynzadənin “Füyuzat”ı, Cəlil Məmmədquluzadənin “Molla Nəsrəddin”i hansı rolu oynamışdısa, Teymur müəllimin nəşrinə rəvac verdiyi “Ata yurdu”, “Vətən səsi”, “Elturan”, “Vətən həsrəti” və sair nəşrlər də eyni missiyanın daşıyıcıları oldu. Bu nəşrlər xalqı müstəqil dövlət qurmağa inandırıb onu müstəqillik ruhuna köklədi. Bu mənada, Teymur müəllimin xidmətləri olduqca böyükdür.

 

“Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu çoxşaxəli yaradıcılıq diapazonuna malik qələm sahibini jurnalistikanın gücünü dövlət və ictimai maraqlar naminə səfərbər edə bilməyin canlı nümunəsi adlandırdı. O, Teymur müəllimin eyni zamanda, alim və tədqiqatçı kimi son dərəcə üstün keyfiyyətlərə malik olduğunu önə çəkdi. Bildirdi ki, onun fədakarlığı, vətənpərvər yanaşması nəticəsində Azərbaycanın ümumən XX əsr tarixinə aid son dərəcə vacib məqamlar üzə çıxarılıb, ölkəmiz və xalqımız üçün bir sıra qatı açılmamış həqiqətlər elmi müstəviyə gətirilib, tariximizdə vətəndaşlıq hüququ əldə edib.

 

Mətbuat Şurasının sədr müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu, MŞ İdarə Heyətinin üzvləri - “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, “Respublika” qəzetinin baş redaktor müavini Hümbət Musayev, Milli QHT Forumunun prezidenti Rauf Zeyni və başqaları çıxışlarında vurğuladılar ki, T.Əhmədov böyük ziyalı obrazıdır, çətin dövrün dostudur, ətrafdakılara münasibətdə qayğıkeşdir, xeyirxahdır. Bütün bunlar Teymur müəllimin portretinin xarakterik xüsusiyyətləridir. Bu xüsusiyyətlərə dəyər vermək, milli ruhlu ziyalılarımızın həyat və yaradıcılığını işıqlandırmaq mühüm mənəvi borcdur.

 

Kitabın müəllifi Şəfəq Nasir T.Əhmədovu mətbuat fədaisi kimi xarakterizə etdi, onun fəaliyyətilə ötən əsrin 80-ci illərindən tanış olduğunu diqqətə çatdırdı, yubilyarı müstəqilliyin bərpası, milli oyanış dövrü mətbuatının yaradıcılarından biri kimi xarakterizə etdi.

 

90 yaşın zirvəsində - <b style="color:red">Əflatun Amaşovun yazısı </b>

 

Əziz Teymur müəllim! Çox təəssüf ki, Sizin 90 illik yubileyiniz ərəfəsində də durum dəyişməyib. Amma söz veririk, pandemiyanın dizini yerə vuran kimi, yenidən öz ənənəmizə qayıdacağıq.

 

Keçmişə həssas yanaşmayanın layiq olduğu payı gələcək verir. Mən bu sözləri təsəlli üçün demirəm, sizin bütün insani parametrlərinizi əsas götürərək vurğulayıram. Yadınızdadırmı, möhtərəm Prezidentimiz İlham Əliyev bu ilin fevralında görkəmli dövlət xadimi, böyük mütəfəkkir Nəriman Nərimanovun 150 illik yubileyinin qeyd olunması haqqında sərəncam imzalayandan sonra məni redaksiyaya dəvət etmişdiniz. Onda koronavirus hələ sərt üzünü göstərməmişdi. Razılaşdıq ki, əvvəlcə Nəriman Nərimanovun bu yubileyə ərməğan olaraq hazırladığınız ikicildlik seçilmiş əsərlərinin təqdimatını keçirək, sonra onun jurnalistika və publisistika ilə bağlı irsinə nəzər salaq. Söhbətinizdən, təhlillərinizdən qənaətə gəldim ki, 1870-ci ildə Tiflisdə Kərbəlayi Nəcəf Allahverdi oğlunun ailəsində dünyaya gələn, Gürcüstanda, Azərbaycanda, Rusiyada, İranda... bir sözlə, böyük coğrafi məkanda daim narahat ömür yolu keçən böyük şəxsiyyətin yaradıcılıq irsi ilə tanışlıqda siz özünüz də gör-götür məktəbisiniz. Bu nümunə məni yubilyarın həmyerlisi olaraq düşündürdü və ikicildliyin diqqətlə mütaliəsinə sövq etdi. İndi görürəm, ağsaqqal tövsiyəsi necə köməyimə yetişib. Qonşu respublikada, Bolnisidəki doğma kəndimiz olan Faxralı ziyalıları ilə mükalimələrə cəsarətlə girişirəm.

 

Kitabların ən mühüm ictimai-siyasi əhəmiyyəti ondan ibarətdir ki, N.Nərimanovu dövrünün, yaşadığı mühitin çərçivəsində böyümüş görkəmli sima, böyük xadim adlandıran Ümummilli liderimiz Heydər Əliyevin: "... Bizdən ötrü Mirzə Fətəli Axundov da, Əhməd bəy Ağayev də, Məhəmməd Əmin Rəsulzadə də böyük şəxsiyyətlərdir, Nəriman Nərimanov da. Ancaq son zamanlar Nəriman Nərimanovdan başlayaraq Azərbaycanda bütün siyasi xadimlərin Azərbaycana düşmən olmaları barədə deyilən fikirlərlə heç cür barışmaq olmaz..." sözləri belə şəxsiyyətlərə şübhə və tərəddüdlərlə yanaşmanın yolverilməzliyini təlqin edir. Prezident İlham Əliyevin imzaladığı sərəncamda deyildiyi kimi: "Nəriman Nərimanovun XX əsrdə Azərbaycan tarixində əhəmiyyətli iz qoymuş ictimai-siyasi fəaliyyəti məhz Ulu öndər Heydər Əliyevin nüfuzu və qətiyyəti sayəsində layiqli qiymətini alaraq bütöv şəkildə çatdırılmışdır".

 

Sizin tərtib etdiyiniz ikicildliyin başlanğıcında qabarıq verilən sitatlar Azərbaycan cəmiyyətinin həmişə ehtiyac duyduğu səmimiyyət tellərinin möhkəmlənməsinə ziyalı, vətəndaş, ağsaqqal xidmətidir.

 

İkicildliyin məziyyətlərini nəzərə alaraq təqdimatını geniş ictimai auditoriya üçün saxlamağa razılaşdıq. Vaxt yaxınlaşanda sizinlə bir daha iş otağınızda görüşdük. Çox qayğılı, həm də nikbin görünürdünüz. Dediniz ki, indi xalqımız daha bir cəbhədə döyüşməli olacaq. Yeni ərazi iddiasında olan erməni işğalçıları təxribatlara başlayıblar, müharibə qaçılmazdır. Bu dəfə məsələni tam yekunlaşdırmaq, işğalçıları torpaqlarımızdan qovmaq lazımdır. Ali Baş Komandanın qətiyyətli çıxışlarından, Ordumuzun uğurlu əməliyyatlarından danışdınız. Dediniz ki, biz də qələmimizi silaha çevirməli, publisistik yazılarımızla onların yanında olduğumuzu göstərməliyik. Mətbuat Şurasının da məsələni müntəzəm diqqətdə saxlamasını məsləhət gördünüz.

 

44 günlük Vətən müharibəsində erməni faşistləri diz çökdürüldü, amma koronavirus yenə sərt üzünü göstərməkdədir. 90 illik yubiley tədbirinizi təxirə salsaq da, məqsədimiz yerində qalır. Və əziz Teymur müəllim, görürəm ki, siz çox nikbinsiniz, sevinciniz yerə-görə sığmır. 30 ildə xalqımıza olmazın məşəqqətləri yaşadan düşmən indi öz başının hayındadır. Daha bu dəfə unutqan olmağa haqqımız yoxdur. Teymur müəllim, bu yerdə valideynlərinizin və sizin özünüzün keçdiyiniz məşəqqətli yola nəzər salmaq lazım gəlir. Taleyə bax, İrəvandan deportasiya olunan ailə yenidən ora köçəndə sizin 6 yaşınız olub. Zəngibasarda orta məktəbi qızıl medalla bitirib Bakı Dövlət Universitetinin filologiya fakültəsinin məzunu kimi 1954-1958-ci illərdə Ermənistan KP MK-nın mətbu orqanı olan "Sovet Ermənistanı" qəzetində işləmisiniz. Moskvada "Pravda" qəzetinin nəzdində Ümumittifaq jurnalistika və fotoreportaj üzrə qiyabi lektoriyanın jurnalistika şöbəsini (1959-1961) bitirmisiniz. AMEA-nın Nizami adına Dil və Ədəbiyyat İnstitutunun aspirantı kimi 1966-cı ildə "Nəriman Nərimanovun dramaturgiyası" mövzusunda namizədlik, sonralar isə Nəriman Nərimanovun yaradıcılıq yolu" mövzusunda doktorluq dissertasiyası müdafiə etmisiniz. 1984-cü ildə nəşr edilən "Nəriman Nərimanov" kitabınız rus, ingilis, fransız və ərəb dillərində kütləvi tirajla yayımlanıb.

 

Hörmətli Teymur müəllim! Siz, demək olar, fəaliyyətinizin bütün dövrlərində ölkənin ən mötəbər mətbu orqanlarında çalışmısınız. 1995-ci ildən "Respublika" qəzetinin baş redaktorusunuz. Həyatınızın xüsusilə diqqətçəkən dövrlərindən biri də 1968-1990-cı illərdə AMEA-nın Nizami adına Dil və Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan ədəbiyyatı şöbəsindəki fəaliyyətinizdir. 22 il ərzində o taylı-bu taylı ədəbi əlaqələrin ən mükəmməl formulunun hazırlanıb tətbiq olunmasında şəxsən iştirak etmisiniz.

 

... Sonda bir xatırlatma edim. Yadımdadır, sizinlə görüşlərimizin birində razılaşmışıq ki, Meydan hərəkatından sonra işıq üzü görən bütün irili-xırdalı kütləvi informasiya vasitələrini toplayıb, onların kataloqunu hazırlayaq, gələcəkdə tədqiqatçıların günlərlə vaxt itirmələrinə ehtiyac qalmasın. Hələlik isə həm bu niyyətimizi gerçəkləşdirmək, həm də 90 illik yubiley tədbirində sizi üz-üzə təbrik etmək arzusu ilə bu yazının son nöqtəsini qoyuram.

 

 

Əflatun AMAŞOV

Azərbaycan Mətbuat Şurasının sədri

 

525-ci qəzet.- 2020.- 25 dekabr.- S.7.