Mən bu qələbəyə
inanırdım...
"Bunu həm də ona görə
xatırladıram ki, gəlin özümüz-özümüzü
çox da suçlamayaq - qoydular, qaçdılar, ölməyib
qaldılar, yerimizi dar elədilər-filan.
Torpaqlarımızın işğalında hamımız
günahkarıq; əlahəzrət
fakt budur ki, biz xalq, dövlət,
millət, ordu olaraq torpaqlarımızı
qoruya bilmədik, qalan məsələlər,
səbəblər bundan
törəmədir. Ermənidən də qorxmayaq, xoflanmayaq, erməni qorxusundan cəsarətlənir,
2016-nın aprel hücumundan
sonra bu qorxu daha da
böyüyüb. Biz Qarabağ savaşını
qabaq-qənşər döyüşdə,
müharibədə uduzmadıq,
siyasətdə, xəyanətlərdə
uduzduq, dünyanı idarə edən xristian güclərin, böyük dövlətlərin
geosiyasi planları ilə uduzduq, böyük oyunların kiçik qurbanları olduq. Təbii ki, belə də
qalmayacaq, dəyişməliyik,
dəyişikliklərə, böyük qayıdışa
hazır olmalıyıq!
Bir neçə gün əvvəl Müdafiə
naziri Zakir Həsənovun 4 il
sonra ilk dəfə rusiyalı həmkarı
Sergey Şoyqu ilə aprel döyüşləri
vaxtı telefon danışıqlarının detallarını
açıqlaması bütün
bəlaların hardan gəldiyini aydın işarət etdi. İnanıram ki, həm siyasilərimiz, həm hərbçilərimiz
öz plan və hərəkətlərində bu
amili indi daha ölçülü-biçili
şəkildə nəzərə
alırlar..."
Bu cümlələr "525-ci qəzet"in
10 iyul 2020-ci il
tarixli sayında dərc olunmuş "Biz döyüşdə uduzmadıq..."
sərlövhəli yazımdandır.
O vaxt bu yazını qəzetdə,
saytda, Feysbuk səhifəmdə oxuyan bir qisim tanış,
qeyri-tanış inam və nikbinliyimi
bölüşmədiyini bildirmiş,
"artıq gecdir, torpaqlar satılıb"
demişdi.
Yazımdan AzərTAc-ın cəbhə
bölgələri üzrə
xüsusi müxbiri olaraq şahidi olduğum, xəbərlərini
ilk dəfə ön cəbhədən yaydığım
müharibə xəbərlərini
28 il sonra oxucularla bölüşüb
ermənilərin qabaq-qənşər
döyüşlərdə necə miskin, qorxaq olduğunu çoxlu faktlarla yazmışdım, əminliklə
qurtuluşun yalnız
savaşla mümkünlüyünü
demişdim. Təbii, bu inamıma,
gözləntimə güc
verən amillərin ən birincisi Prezident İlham Əliyevin şəxsi keyfiyyətləri - təbiətən
məğrur, mərdanə,
müstəqilliyi, qarşıya
qoyduğu məqsədə
çatmaq əzmi, iradəsi idi. Gəlin razılaşaq ki, başçısı olduğu
dövlətin ərazisinin
beşdə birinin işğal altında qalmasının ən böyük mənəvi ağrısını Prezident
İlham Əliyev çəkirdi və bu vəziyyətdən çıxış yolunu
son çıxışlarında daha açıq şəkildə ifadə
edir, xalqı böyük dəyişikliyə
hazırlayırdı. 2020-ci il mayın 28-də Prezident İlham Əliyev Bakıda məcburi köçkünlər
üçün salınmış
"Qobu Park-3" yaşayış
kompleksinin açılışında
deyirdi: "Danışıqlar
öz yerində, ancaq indi dünyada
siz də yaxşı görürsünüz
ki, güc amili ön plana
çıxır, bəzi
ölkələr, hətta
böyük demokratik ənənələri olan
ölkələr də
bəzi hallarda beynəlxalq hüquqa məhəl qoymadan öz maraqlarını təmin edirlər. Nəyin hesabına? Gücün hesabına. Ona görə ordu quruculuğu mənim Prezident kimi fəaliyyətimdə həmişə
ön plandadır.
Bu gün biz elə
bir qüdrətli ordu yaratmışıq ki, istənilən vəzifəni icra edə bilərik. Dağlıq
Qarabağ probleminin həlli tarixi məsələdir və
biz bu məsələni
birdəfəlik və
tam həll etməliyik.
Azərbaycanın ərazi bütövlüyü
tam bərpa olunmalıdır.
Bir daha demək istəyirəm ki, Dağlıq Qarabağ Azərbaycandır və nida işarəsi".
Prezident
İlham Əliyevin siyasi iradəsi, qətiyyəti, mövcud beynəlxalq, regional vəziyyəti
düzgün qiymətləndirib
vaxtında dəqiq qərar vermək, gerçəkliyə çevirmək
bacarığı Azərbaycanın
yeni imiclə doğuluşunu təmin etdi, həm də öz adına ən şərəfli sözü,
titulu yazdırdı: Müzəffər Ali Baş
Komandan!
Doğum gününüz
mübarək, cənab Ali Baş
Komandan!
Hacı
NƏRİMANOĞLU
Zəngəzur
Cəmiyyətləri Birliyinin sədri, tarix üzrə fəlsəfə
doktoru
525-ci qəzet.- 2020.- 25 dekabr.- S.6.