Özünə və sözünə sadiq
"Torpağa su
qarışanda palçıq
olur, qan qarışanda Vətən"
- sözlərini yaralı
döyüşçülərimizin, qazilərimizin dilindən çox eşitdim bu günlərdə. Bu günlərdə əsgərlərimizin
sosial şəbəkədə
paylaşılan üzümüzdə
təbəssüm doğuran
müxtəlif görüntülərini
də izlədim.
Boş vaxtları olanda yelləncəkdə
yellənir, oxuyur, yemək bişirir, qartopu oynayırlar... Bildiyimiz, gördüyümüz, yaşadığımızdır
hamısı. Amma
elə fərqli, xoş duyğular oyadır ki... Kövrəlmədən baxmaq olmur.
Və düşünməsən
də olmur: uşaqdılar. Hərdən
lap hönkürmək istəyirsən
bu böyüklüyə
sığmayan uşaqlığa,
uşaqlığa sığmayan
böyüklüyə.
Ölümün üstünə gedən,
gözünə baxan
ərənlərimiz gizlənqaç
oynayırlar. Ölümün gözü qarşısında
gizlənqaç oynayan
uşaqlıq içini
titrədir adamın.
Nə varsa, sökür ilmə-ilmə.
Bəlkə elə Sadiq də gizlənqaç oynayıb? Hardasa gizlənib? Elə gizlənib ki, ən yaxın dostları da tapmayıb onu?
Mən də onu tapmaq istədim,
axtardım, Sadiqi axtardım. Şəhid olandan sonra axtardım. Ailənin yeganə oğlu
Sadiq Şahin oğlu Bağırzadəni
Şəhid olandan sonra tapdım, tanıdım.
Sadiq Bağırzadə
Astaranın Ərçivan
qəsəbəsində 15 aprel 2002-ci ildə dünyaya gəlib. 2008-ci ildə Ərçivandakı
Şəhid Natiq Kərimovun adını daşıyan 3 saylı
tam orta məktəbin
birinci sinfinə gedib, 2019-cu ildə həmin məktəbin məzunu olub. Sadə, zəhmətkeş ailədə
böyüyüb.
Bu, sadəcə qısa
xronologiyadır. O isə hamının sevimlisi idi: şagirdlərin, müəllimlərin, onu tanıyanların... Həmişə fərqlənib. Dostları deyir
ki, təbiətən
çox şən olan gülərüzlü
Sadiqi sevməmək mümkün deyildi.
Uşaq vaxtları hamımız xəyallar qururuq, arzularımız olur. Kimi aşpaz,
kimi təyyarəçi,
kimi polis, kimi sürücü olmaq istəyir. Sadiq uşaqlıqdan idmançı
olmaq istəyir. Arzusuna sadiq qalıb. 8 yaşından idmanla
məşğul olub.
8 yaşından arzusu, məqsədi olub.
İdmanla məşğul olsa da, tarix elminə
xüsusi marağı
vardı. Tarixi fənnini, tariximizi
sevə-sevə öyrənirdi.
Bəlkə buna görə
də özü ilə birgə torpaqlarımızı azad
etmək arzusu da böyüyürdü.
O, işğal günlərini
tariximizdən silmək
istəyirdi.
Atası Şahin bəy deyir ki, Qarabağ
hadisələri, işğal
olunan ərazilərimiz
onu həmişə narahat edirdi. Kiçik yaşlarından
bu hadisələrlə
bağlı suallar verirdi. Bu, onun
üçün ağrılı
mövzu idi.
"Bir gün Xocalı faciəsinin qisasını alacağam"
deyirdi...
Çox gənc idi Sadiq
Şahin oğlu. Arzuları çox
idi. Yaşının kiçik olmasına
baxmayaraq, arzuları böyük idi özü kimi. Məktəbinə, ailəsinə, doğma
el-obasına başucalığı
gətirmək üçün
yaşayırdı. Ömrünə tarix yazırdı. Sadiq Heydər Əliyevin xatirəsinə
keçirilmiş boks üzrə yarışlarda qızıl
medala layiq görülüb. İştirak etdiyi turnirlərdə aldığı medallar, diplomlar, fəxri fərmanlar yaşadığı
illərə sığmayacaq
qədərdir.
Hələ 2016-cı ildə 14 yaşında
Boks üzrə
Açıq Bakı birinciliyində yalnız finalda uduzaraq gümüş medalla dönüb doğmalarına.
Yarış seçim xarakteri
daşıdığından milli komandaya dəvət alıb. O, Azərbaycan milli komandasının üzvü idi.
Çox arzuları vardı. Beynəlxalq yarışlarda
iştirak etmək, Vətənini dünyada tanıtmaq, Bayrağını
ucalarda görmək istəyirdi. Avropa və
Dünya çempionu adını qazanmağı
məqsəd qoymuşdu.
Yorulmadan
məşq edirdi.
Məşqçiləri ona inanırdı.
Dünyanın istənilən ölkəsində
keçirilən yarışların
qalibi olmaq istəsə də, bir müqəddəs arzusu da vardı:
bir gün Şuşada, Xankəndidə
keçiriləcək yarışların
qalibi olmaq istəyirdi. Hərdən də zarafatla deyirdi: "Eybi yoxdur, təki axırıncı yeri tutum, amma torpaqlarımızı
işğaldan azad edək, Şuşada idman yarışları olsun". Ona görə də
ilk olaraq Vətənə
borcunu vermək istədi.
Beləcə, bu ilin may ayında hərbi xidmətə yollandı Sadiq. Çox çevik, idmançı
olduğundan onu Xüsusi Təyinatlı Qüvvələrə qəbul
etdilər. Kəşfiyyatçı kimi təlim keçdi. Ona "qızıl əsgər" dedilər.
İkinci Qarabağ savaşı başlayanda öndə gedən zabit heyətində tək əsgər oldu. İlk gündən
igidliyi ilə də fərqləndi.
Murov yüksəkliyi uğrunda
savaşda "Murov aslanı" dedilər ona.
İllərin dostu kimi sevdiyi, qardaş bildiyi ağstafalı balası Xaləddin Cəlilovla birlikdə 16 erməni postunun dağıdılmasında, Murovdağ
yüksəkliyinin düşmənlərdən
təmizlənməsində aslanlar kimi vuruşub
döyüşçü yoldaşlarının bizim
"Murov aslanımız"
dedikləri Sadiq Bağırzadə.
Murovdağa bayraq qaldıranda üzündəki Qələbə sevinci ilə qalıb dostlarının yadında igidimiz.
Sadiq döyüşdə olduğunu ailəsinə deməmişdi. Ata-ana bundan xəbərsiz
idi. Hər gün bir xəbər gözləyirdilər.
Ürəkləri bir
xəbər ümidinə
sarılmışdı...
"Ayın 30-da səhər
Ərçivana şəhid
gəlmişdi. Orda idim. Çox ağır
idi. Günorta evə yenicə
qayıtmışdım. Xəbər gəldi... Xaləddinlə bir yerdə
olub" - deyir atası. Susur. Arada səsi qırılır.
Nə deyəcəyimi bilmirəm...
Nələr desək də, ana-ata ürəyi yaralı qalır...
Cəmi iki gün fərqləri
vardı ailənin tək oğullarının. Xaləddin aprelin
13-də, Sadiq isə
15-də dünyaya gəlib.
İkisi də 18 yaşında... İkisi də idmançı.
İstənilən savaşda itki olur. O ki qala Vətən savaşı.
Düşmən əlində olan
torpaq yükündən
ağır heç nə yoxdur. Səni əyən, əzən yükü daşımaqdan çətin
nə ola
bilər ki?!
Bizi bu yükdən qurtardı Sadiqlər.
Onu böyük
izdihamla qarşılayıb,
ölməzliyinə izdihamla
yola saldılar el-obasında. İndi müqəddəs arzusuyla qolboyundur Sadiq.
"Vətən uğrunda",
"Cəsurluğa görə"
medalları ilə təltif olunub Sadiq. Sadiqin, sadiqlərin
cəsurluğudur Vətən.
Onun qələbə sevincli təbəssümü
var Vətənin üzündə - hamımızın
illərlə həsrət
qaldığımız təbəssümün...
Kamalə ABİYEVA
525-ci qəzet.- 2020.- 29 dekabr.- S.16.