Vətən uğrunda
igidlik və fədakarlıq nümunəsi
Polkovnik-leytenant Mehman Qənbərovun
döyüş və şəhadət yolu qəhrəmanlıq
salnaməmizə həkk olundu
"Torpaq, uğrunda
ölən varsa, Vətəndir!" - deyib
ulu şair. Deməli, Azərbaycan hər daşıyla, hər küncü, hər bucağıyla bizə Vətən, yurd, obadır. Çünki tarix boyu bu torpaq uğrunda
keçilməyən canlar,
tökülməyən qanlar
qalmadı. Ondan ötrü qan tökməyə cümlə
qadir olduğumuz kimi, ondan ötrü
can verməyə də
cümlə qadir olduğumuzu tarixin bütün mərhələlərində
sübut etmişik.
Sentyabrın 27-də başlanan Vətən müharibəmiz işğal
altındakı torpaqlarımızın
azadlığı, xalqımızın
və dövlətimizin
böyük zəfəri
ilə nəticələndi. 44 günlük haqq savaşımızda Azərbaycanın
üç minə yaxın qəhrəman övladı ərazi bütövlüyümüz uğrunda
canını fəda etdi və şəhidlik
zirvəsinə ucaldı.
Onların arasında yüksək
rütbəli hərbçi-zabitlərin
də çox olması göstərdi ki, Azərbaycan Ordusu bu müharibədə
heç bir rütbə fərqi olmadan hamılıqla çarpışıb və
düşmənə qarşı
vahid qüvvə kimi savaşıb. Bu müharibədə çiynindəki poqonları
söküb, əsgərlərinə
"bu gün biz hamımız döyüşçüyük"
- deyən zabit də gördük, komandirini xilas etmək üçün canından keçən əsgər də.
Həmin şəhid zabitlərimizdən
biri də polkovnik-leytenant Mehman Qənbərovdur. Bir vaxtlar zorla çıxarıldığı doğma torpağı düşməndən xilas
etmək üçün
zamanında hərb sənətini seçən
Mehman vədə yetişən kimi gözünü qırpmadan
döyüşə atıldı
və bu uğurda qəhrəmanlıqla
şəhadətə yüksəldi.
Qənbərov Mehman Nərman oğlu 1981-ci il
mayın 27-də Ağdamın
Maqsudlu kəndində
anadan olub. 1987-ci ildə Maqsudlu
kənd orta məktəbində 1-ci sinifə
gedib. 5-ci sinifdə oxuyan zaman Qarabağ müharibəsində yaşadıqları
Ağdam rayonu ermənilər tərəfindən
işğal olunduğundan
ailəsi Bərdə
şəhərində salınmış
Türk Qızılay
Cəmiyyətinin yaratdığı
çadır şəhərciyində
yaşayıb və orta təhsilini orada davam etdirib.
Mehman
1996-cı ildə ailəyə
maddi dəstək olmaq üçün çalışmağa başlayıb.
Həmin
ildə ailəsi çadır şəhərciyindən
çıxaraq Bərdə
ərazisində yol kənarında özlərinin
qarğı ilə tikdikləri evdə yaşayıblar və təhsilini həmin əraziyə yaxın olan Ağdam rayon 132 saylı köçkün
tam orta məktəbində
davam etdirib.
Mehmanın hərbiyə gəlişi
isə onun qarşıya qoyduğu məqsədi ilə bağlıdır. Belə ki, 11-ci sinifdə
oxuduğu zaman bir gün Mehmana
hərbçilər yaxınlaşaraq
söhbət ediblər.
Ondan hansı rayondan olduğunu soruşublar.
Ağdamdan olduğunu söyləyən
Mehmana hərbçilər
"Niyə hərbi məktəb oxuyub, hərbçi olmursan?
Sənin
torpağın işğal
altındadır" - deyiblər.
Bu təsadüf Mehmanın bütün həyatını dəyişir
və gənc oğlan o gündən hərbçi olmaq arzusuyla yaşayır.
Məktəbi bitirdikdən sonra Ali Komandirlər məktəbinə qəbul olub. 2002-ci ildə məktəbi uğurla başa vuraraq Təlim Tədris Mərkəzində general-mayor Lənkaran Əliyev "Mən savadlı kadrları sevirəm" deyərək, Mehmanın orada işləməsi əmrini verir. 5 il Təlim Tədris Mərkəzində leytenant və baş leytenant rütbəsi ilə çalışıb. 2007-ci ildə Gədəbəyin Şınıx dağlarına təyinat alıb. 5 il müddətində sözügedən ərazidə xidmətini kapitan rütbəsi ilə bölük komandiri olaraq davam etdirib. Daha sonra Müdafiə Nazirliyinin əmri ilə Cəlilabadda yerləşən N saylı hərbi hissədə xidmət edib. Ardıcıl olaraq, Astara və Lənkəranda xidmət göstərib. 2015-ci ildə bir ay müddətində Türkiyədə Akman Mədəniyyət Mərkəzində keçirilən Kombatlıq kursunda iştirak edib. Daha sonra fəaliyyətini Ağcəbədidə davam etdirib. Qənbərov taburun qərargah rəisi vəzifəsində olub. Eyni ildə Füzulidə yerləşən N saylı hərbi hissəyə təyinat alıb. 2016-cı ildə Aprel döyüşlərində qəhrəmanlıq göstərib. Sonra N saylı hərbi hissədə Maddi-texniki təminat bölüyünün komandiri vəzifəsinə təyin edilib və polkovnik-leytenant hərbi rütbəsi verilib.
Ən böyük arzusu Qarabağın, doğulduğu Ağdamın azadlığı olan Mehman Vətən müharibəsinə böyük sevinc və qürurla qoşulub. 2020-ci il sentyabrın 27-də işğalçı Ermənistan ordusuna qarşı başlayan əks-həmlə əməliyyatında öz xahişi ilə döyüş aparmaq üçün icazə alıb. Vətən müharibəsində göstərdiyi qəhrəmanlıq və döyüş taktikası nəticəsində düşmənin 30 illik səddini keçərək bir neçə kəndini əmrində olan hərbçilərlə birgə azad edib. Yoldaşlarına "qısa zamanda sizə "Qarabağ azaddır!, Bayrağı Şuşaya sancdım" xəbərini çatdıracam" - deyən polkovnik-leytenant Qənbərov sentyabrın 30-da gərgin döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Şəhadətindən sonra o, "Qarabağ" ordeni, "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.
Ailəli olan şəhidimizdən Vətən əmanət 14 və 8 yaşlarında Nurlan və Ceyhan adlı iki oğlu qaldı.
Şəhadətin mübarək, cənab komandir! Ruhuna dua və ehtiram!
MEHRİ
525-ci qəzet.- 2020.- 29 dekabr.- S.12.