Həyat həqiqətləri romanı  

 

Yazııçı Aqil Abbasın "Dolu" romanı haqqında təəssüratlarım

 

"Dolu" romanını ilk dəfə illər öncə oxumuşdum müəllifinə rəğbətim birə-beş artmışdı - torpaq qədri bilən söz adamının Qarabağ dərdimizi ürəyinin odu, yanğısıyla nəql etməsinə görə.

Cəmisi 44 gün çəkən Vətən müharibəmizdə şanlı Ordumuzun işğal altında olan torpaqlarımızı azad etdiyi, Zəfər müjdəsini yaşadığımız günlərdə bu əsəri yenidən vərəqlədim təkrar oxudum. Yaddaşımız yaşadıqlarımız bir daha təzələndi, göz önündə canlandı.

 

Uzun illər üz-üzə, göz-gözə qaldığımız bu dərd, doğrudan, dözülməz idi, xain düşmənin fitnəsiylə sinəmizə çalın-çarpaz dağ çəkilmişdi. İtirilmiş yurd yerlərimizin həsrəti, qaçqın-köçkünlərin iztirabları göynədirdi qəlbimizi. Qüssə-kədərimiz təbiətən yanımcıl insan olan Aqil Abbasdan da yan keçməmişdi. Məlum münaqişə başlayandan, torpaqlarımız işğal ediləndən üzübəri yol gəlmişdi bu əsər. Üzüntü, xiffət ağrı-acıyla dolmuşdu "Dolu". Nahamar, enişli-yoxuşlu yollarda, başımız üstündəki rəngi çoxdan itmiş səmada nələr yoxuydu o çağlar? Qara buludlar göy üzünə sanki qamçı çalır, bir an içində alışıb-yanan əyri-üyrü, od saçan oxlar gecənin qaranlığında səmanın bağrını sökürdü. Qorxunc şimşək bir parlayıb çaxır, az qala göyü çatladıb dağıdırdı. Şıdırğı leysan yağır, dolu tökürdü.

 

Əslən qarabağlı olan, doğma yurd itkisini iliyinəcən hiss edən yazıçı üstümüzə dolutək yağan fəlakətlərdən, qətl-qarətlərdən yazmaq üçün qələminə sarılmış, necə deyərlər, ayağına dəmir çarıq geyib uzun bir yola çıxmışdı. Yazıçı bizi qarabaqara izləyən dəhşətli Dolu kabusunun mahiyyətini açır, öz-özünə yağmayan, böyük güclərin barmağında fırlatdığı təhlükəli doludan bəhs edirdi. Baş verən, kələfi dolaşıq düşən olaylar müəllifin sərt realizmi, ötkəm yanaşması ilə, dinamik, çevik tərzdə nəql olunurdu. Hadisələrin məğzi daha çox müəllif təhkiyəsi ilə çatdırılırdı. Ermənilərin torpaq iddiaları, yurdumuzun başına gətirilən oyunlar, iti dağ çayı kimi sürətlə axıb ötən, bir-birini qovan gözlənilməz, fövqəladə hadisələr, xəyanətin paslı xəncərini kürəyimizə saplayan namərd qonşunun yaramaz xisləti, yazıçının qisas çağırışları ədəbi yaddaşa köçürülmüşdü.

 

Aqil Abbas əsərin bir yerində "Biz Allahın yadından çoxdan çıxmışıq" deyir. Unutmayaq ki, vahid komandanlığı olmayan, silah-sursatla lazımınca təmin edilməyən könüllü dəstələri düşmənlə mübarizə aparırdı. Bu müharibənin özü elə düşmənin yurdumuzu yağmalamasına qarşı bir xalq müharibəsi, xalq etirazı idi. Çünki o illərdə hələ Milli Ordumuz formalaşmamışdı. Dünyanın Ən Varlı Şəhərindəki qeyri-sağlam mühit, yuxarılarda gedən çəkişmələr, vəzifə, maddiyyat davası, üstəlik, erməni quldurların qoluzorlu havadarlarının cidd-cəhdləri məğlubiyyətimizi yaxınlaşdırırdı. "O boyda müharibə meydanında cəmi iki tank varıydı ki, Dünyanın Ən Varlı Şəhərini qorusun".

 

Bu əsərin uğuru barədə ədəbi tənqid öz sözünü deyib, "Dolu"nun dəyərini, qiymətini verib, müxtəlif yanaşmalar, fərqli düşüncələr sərgilənib. Mənim şəxsi qənaətim isə belədir: "Dolu" həyat həqiqətləri romanıdır, ürəyi dərdlə çırpınan bir yazarın əsəri kimi ərsəyə gəlib. Yazıçının doğma Azərbaycan sevgisindən qaynaqlanan, iyirmi il müddətində yazılmış bu əsəri Qarabağ savaşından, düçar olduğumuz bu qanlı qovğanın müsibətlərindən, erməni silahlı qüvvələrinə qarşı ölüm-dirim mübarizəsinə qalxan oğullarımızın uğurlu-uğursuz döyüşlərindən bəhs edən gözəl nəsr nümunəsidir. Akademik Nizami Cəfərov ədəbi-ictimai mühitdə böyük rezonans doğuran bu romanı "Qarabağın yeni tarixi barədə yazılmış ən dəyərli əsərlərdən biri, bəlkə birincisi" kimi qiymətləndirərək, "müasir ədəbiyyatımızın Qarabağnaməsi" adlandırıb.

 

Aqil Abbas son illərdə üzərinə düşən məsul vəzifələri həyata keçirməklə yanaşı, yaradıclıq sahəsində məhsuldar işləyib söyləsəm, yanılmaram. Maraqlı cəhət odur ki, müraciət etdiyi mövzuların hər birini qələminin gücü ilə ədəbi hadisəyə çevirə bilib. Necə deyərlər, daim öz işinin başında olan yazıçının qələmə aldığı "Ən xoşbəxt adam", "Günah", "Evləri köndələn yar", "Çadırda Üzeyir Hacıbəyov doğula bilməz", "Qarda açan qan çiçəyi", "Qapqara uzun saçlar", "Allahı qatil edənlər", "Batmanqılınc", "Qiyamət gecəsi" kimi sanballı əsərləri fikrimizə sübutdur. Nasir həmin əsərləri bu qədər gərgin fəaliyyətin, zorluqların içindən sıyrılaraq ərsəyə gətirib.

 

Gərək elə kitab yazasan ki, oxucu onu yarıda qoymasın. Onsuz darıxsın, mütaliə etdiyi əsərin oxunub bitməsinə heyifsilənsin. Aqil Abbasın istedadı onu möcüzəli bir məcraya - ədəbiyyat dünyasına yönəltmişdi. O, yaradıcılıq yolunda ilk qədəmlərini atan bəzi gənc yazarlardan fərqli olaraq, yenilik adına əllaməlik etmirdi, sadəlikdə mürəkkəblik axtarışına çıxırdı. Əsərlərinin dil qatları, işlətdiyi leksik ifadələr tədqiqatçıların marağına səbəb olurdu. Aydın, sadə rəvan dillə yazırdı. Yazıçı bu missiyasına indi sadiqdir.

 

 

 

Səmimiyyəti, milli-mənəvi dəyərlərimizə ehtiramı ilə fərqlənən, yurdumuzun hər yerini qarış-qarış gəzən, qorxu-hürkü bilmədən yağı düşmənin təmas xəttinəcən gedib-çıxan, döyüşçülərlə görüşən, ən əsası isə dünyasında, köksündə yaşatdığı Qarabağ dərdini ədəbiyyatımıza gətirməyi haqq edən A.Abbasın "Dolu" romanının belə həyati real gerçəkliyə söykənən əsər olacağı gözlənilən idi. Başqa sözlə, "Vətən torpağının hər daşına baş qoyan" (Məmməd Araz) sənət adamı el-oba dərdindən yazdı, Qarabağ hadisələrini bədii ədəbiyyata gətirməyi, ustalıqla təsvir etməyi bacardı.

 

Baş verən qanlı hadisələr romanda real inandırıcı əks etdirilib. Həm bir oxucu, həm I Qarabağ savaşı başlayandan - 90-cı illərin əvvəllərindən atəşkəs əldə olunanadək "qaynar" nöqtələrə səfərlər edən, cəbhədən yazan bir jurnalist, publisistik kitablar müəllifi kimi bu qənaətdəyəm. O günlərin ağrısından bəhs edən çox əsərlər yazılıb. "Dolu" isə fərqlidir, hisslərə, duyğulara təsir edən əsərdir.

 

Əsərdə bitkin obrazlar qalereyası, müharibə dövrü insanlarının məziyyətləri ilə qarşılaşırıq. Komandir, Drakon Pələng obrazları oxucuda dərin rəğbət oyadır. Bunlar həmin savaşda qanı, canıyla döyüşmüş yurd sevdalı oğulların nəsrimizdə ən mübariz surətləri kimi yadda qalır, sevilir. Düşmənin anasını ağladan oğullardan olan Drakonla Pələng haqsızlığa qarşı barışmazlığı ilə bir-birinə daha yaxın insanlardır. Erməni qulduru Drakonu hədəf seçəndə Pələng onun qarşısına keçir. Əsərin bu yerində oxuyuruq: "Pələng Şuşadaydı, arzusu orada ölmək idi. Drakon dünyanın ən gözəl ölüsünü qucaqlayıb elə hönkürdü ki, sanki göz yaşlarından heyfini aldı. Drakon ölümsüzlüyün onu qoruyacağına əmin oldu... Ermənilər Drakonu avtomat atəşinə tutdular. O, qızıl qanın içində şirin yuxu tapmışdı".

 

Əsərin ən yaddaqalan obrazları sırasında Katibin Müəllimin adları ehtiramla çəkilir. Yazıçının təsvir etdiyi qadın surətləri (Pələngin anası Musanın ağır qaçqınlıq həyatı yaşayan anası) cəfakeşliyi, yurd məhəbbəti ilə seçilir. Bu qadınlar oğul itirsələr , "Vətən sağ olsun!" deyən Azərbaycan analarının ümumiləşdirilmiş obrazlarıdır.

 

Vətəndaşlıq yanğısı ilə yazılmış bu əsərlə bağlı digər mülahizələrimi də bildirmək istərdim. "Dolu"nun eyniadlı filmin ssenarisinə daxil edilməyən fəslində də dəhşətli müharibə səhnələri ilə qarşılaşırıq. Yazıçının şahidlik etdiyi hadisələr, döyüş əhvalatları, xalq mübarizəsinin ağır günlərinin təsviri o qədər təbii alınıb ki... Çünki bunlar müəllifin doğulduğu ev-eşik, oxuduğu kənd məktəbindəki sinif otağı, əzizlərinin məzarları, yağı əsarətində qalan soydaşlarımızın acı yaşantıları ilə bağlı köksünə darılıq edən duyğularının izharıdır. Bu fəsildə də yazıçının tarixi hadisələri, gerçək Azərbaycan mühitini əks etdirmək üçün bədii tapıntıları, cəsarətli fikirləri, yaratdığı epik lövhələr diqqəti cəlb edir. Təbii ki, atəş düşdüyü yeri yandırıb-yaxırdı. O zaman Qarabağ köylərinin başı üstündə kəllələşən, ölüm saçan düşmən Qradları hələ ki, söz sahibiydi. Amma müəllifin qarşıdakı xoş günlərimizə, qələbə çalacağımıza, torpaqlarımıza dönəcəyimizə də ümidləri itməmişdi. Deyirlər, hər şeyin başlanğıcında bir həvəs, istək yaşayır. Bu baxımdan əsərdəki ruhi hallar da düşündürücüdür. Yazıçı şəhərə iti sürətlə yayılan xəbəri belə təsvir edir.

 

"- Türklər uşaqlara pul göndəriblər...

 

- Deyirlər özləri də gəlir.

 

- Di gedin, erməni köpəyuşağı! Elə bilirdiniz qardaşlarımız bizi tək qoyacaqlar?..

 

Sonra isə səs yayıldı ki... Batalyonun həyətində Türkiyənin bayrağını qaldırıblar!"

 

Çağdaş Azərbaycan realist nəsrinin nümayəndəsi Aqil Abbas özünün, həmçinin, bu qanlı savaşı öz taleyində yaşamış soydaşlarımızın əksəriyyətinin arzusunu əsərdə belə ifadə edirdi. Bu, həm də birliyin, həmrəyliyin gücünə, ədalətin təntənəsinə inamın təzahürü idi. Nəhayət, bu gözlənti həqiqətə çevrildi. Azərbaycanın rəşadətli əsgər və zabitləri Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə erməni işğalına son qoydu, torpaqlarımız işğaldan azad edildi. Bu gün Vətən müharibəsində qələbə qazanmağımızda, tarixi ədalətin bərpa olunmasında Türkiyənin mənəvi dəstəyi danılmazdır.

 

Bəli, dəyişən təkcə zamanıydı, unudulmaz 44 gün ərzində bizim silahlarımız alov saçırdı. Qüdrətli ordumuz özgə torpaqlarında 30 il qızınan erməni gavurların başına od ələyir, mərmiləri, qurşunları dolutək yağdırırdı. Bu dolunun zərbəsindən göz aça bilməyən düşmən dabanına tüpürüb qaçırdı. Axı, "Vaxt gələr, hesab dönər" deyib atalarımız!

 

Zemfira MƏHƏRRƏMLİ

Yazıçı-publisist

 

525-ci qəzet.- 2020.- 29 dekabr.- S.11.