Yuxu
Kiçik, birmərtəbəli evin pəncərəsindən göyün
bir parçası görünürdü. Pəncərənin layları açıq idi, çərçivəsinə
ağcaqanaddan qorunmaq üçün tor vurulmuşdu.
Gündüzdən evin qırla
örtülü damı
o qədər qızmışdı
ki, evə dolan bürkü bitib-tükənmirdi.
Bütün bədəni su içində idi. Arada balaca
oğlunun "bişiyəm"
kəlməsini qulağı
aldı. Çevrilib o biri uşaqların yerinə baxdı, heç birini yerində görmədi.
Böyük uşağı - qızı mətbəx qapısının qənşərində
döşəmə üstündə
uzanmışdı. Üzünü aralı qalmış qapının hava gələn yerinə çevirmişdi. Əslinə baxsan, mətbəx də elə evin içində idi. Həyətə açılan qapı
həm evin, həm də mətbəxin qapısı
idi. Yataq otağını mətbəxdən ayıran
arakəsmənin üstündəki
pəncərənin şüşələri
çıxarılmışdı. Bu, ondan ötrüydü
ki, otaq qışda istisini mətbəxdən alırdı.
Yataq otağından (həm də qonaq otağı
idi) küçəyə
çıxmaq üçün
əvvəlcə mətbəxə
keçmək lazım
gəlirdi. Hərgah qonağı
gəlmiş olsaydı,
mətbəxdən evə
keçərdilər. Ortancıl uşağı - oğlu isə kitab şkafının qabağında
quruca döşəmənin
üstündə yuxuya
getmişdi. Bu şkaf həm də körpələrin
pal-paltar dolabı idi.
Bürküdən nə özü yata bilirdi, nə
də uşaqları. Axır ki,
səhərə yaxın
hərə "öz
yerini" tapıb, istisi avazımış otaqda yuxuya getmişdi.
Üzünü pəncərəyə çevirdi. Dan ulduzu da doğan
günəşin işığında
əriməkdə idi.
Elə beləcə yuxuya getdi. Yuxunu da gözünü yuman kimi
gördü...
... Evin qapısı döyüldü.
Kiçik oğlu qapıya
sarı yüyürdü.
Özü isə oturub,
çoxdan arzusunda olduğu yazını işləyirdi. Bu yazı bəzən povest olurdu, bəzən də roman.
Amma o yazdıqca səhnə əsərinə çevrilirdi
bu yazı. İçəri ortaboy, üzügülər bir kişi girdi.
Özünü təqdim etdi.
"Mən deputatam"
deyib otağa göz gəzdirməyə
başladı. Düzü, özünü
itirmişdi. Durub, gələn
yoldaşa nə "xoş gəldin" deyə, nə də oturmağa yer göstərə bilirdi.
- Hə, mən cümə günü
"mənzil bölüşdürülməsi"
idarəsində oldum.
Məqsədim bir deputat kimi vətəndaşlardan
gələn məktub
və ərizələrlə
tanış olmaq idi. - Gələn
yoldaş sözə başladı. Ani sükutdan sonra
yenə dilləndi.
- Haqqınızda yazılan
məktubu oxuyub mat qaldım. Mənə elə gəldi
ki, bu, məktub
yox, fantastik hekayədir. Amma indi
baxıb görürəm
ki, siz məktubda
çox şeyləri
yazmamısınız. Məsələn, yorğan-döşəyi yığmaq üçün
yeriniz yoxdur. Qalaqlamısınız uşaq çarpayısının
üstünə. Televizorunuz da
elə yerdədir ki, bir tərəfdən
qab-qacaq, o biri tərəfdən də yorğan-döşək qabağını
kəsib. Deməli, siz
ancaq axşamlar, yerinizi açandan sonra televizora baxırsınız, eləmi?
Ağzını aça bilmədi. Başıyla
"hə" dedi.
- Yaxşı, yayın bu cırhacırında mətbəxdə xörək
bişirəndə bu
balalar necə dözürlər?
Nəsə demək istədi. Alınmadı. Məcbur olub çiyinlərini qısdı. Mənası
bu idi: bilmirəm.
Deputat, deyəsən, vəziyyəti
başa düşdü:
- Baxıb görürəm
ki, ev
sarıdan söhbət
düşəndə ağzınız
qıfıllanır. O qədər
ora-bura yazmısınız
ki, əsəbləriniz
pozulub. Eyb etməz. Şənbə
günü gələrsiniz,
şəxsən mən
xalq elçisi kimi sizə kömək edib, bu balalara mənzil
alacağam...
Deputat ona çox söz dedi. Birdən nəfəsi elə bil tıxandı. Öskürüb yuxudan oyandı.
Pəncərənin altından maşın səsi gəlirdi. Yanan benzinin
iyi otağa dolmuşdu. Qonşunun qarajı pəncərəsi
ilə üzbəüz
idi. Yay-qış maşının mühərriki bu pəncərənin altında
qızırdı.
Üstündə uzandığı divan pəncərənin
yanında qoyulmuşdu. Ayağa durdu.
Eləcə divanın üstündən
çölə baxdı.
Qonşusu qarajın qapısını
bağlayırdı. Geri
dönüb maşına
əyləşmək istəyirdi
ki, bədəninin yarısı pəncərədən
görünən kirəkeş
qonşusunu gördü.
Bığının altından
bic-bic gülümsədi:
- Hə, qonşu, nə tez durmusan?
Bugün ki şənbədir! Nə əcəb
yatıb dincəlmirsən?
Tutaq ki, mən ticarət işçisiyəm, gecə-gündüzüm
yoxdur, sənə nə olub ki,
saat səkkiz olmamış durub dirənmisən pəncərəyə...
Bəlkə mənə deyiləsi
sözün-zadın var?
Utanıb çəkinmə. Nə lazımdır, bax, bu yuxudan
doymayan gözlərim
üstə! Amma sən mənim sahəmdən bir yaxşı məqalə yaz, vəssalam...
Başını pəncərədən çıxarmaq
istədi. Tez fikrindən daşındı.
Pəncərəyə vurulmuş
torun bu
üzündən qonşusuna
sakit səslə:
- Qonşu, yuxu yoza bilərsən? - dedi.
Kişi
bu qəfil sualdan alındı, ancaq özünü o yerə qoymadı:
- O nə yuxudu elə? Özüm yuxu görəndə
əzbərdən bilirəm
ki, o günü işimdə yoxlama olacaq, ya yox.
Amma sənin yuxunu yozmaq... mənə elə gəlir ki, bir az çətin olar. Axı sən başqa sahənin adamısan.
İstəyirsən, Gülsüm xalanı
çağırım. O, belə işlərin ustasıdı, - deyib, qonşusu tənbəl-tənbəl
boynunun ardını qaşıdı.
- Yox! Lazım deyil. O boyda
arvadı narahat eləməyə dəyməz!
Qonşusu maşının mühərrikini
söndürüb lap yaxına
gəldi. Başını
azca dikəldib:
- Ucundan-qulağından söylə
görüm, - dedi, - görürəm ki, gecəni pis yatmısan.
- Bilirsən, qonşu, deyəsən, mənə
ev verəcəklər.
Kirəkeşliyin daşını birdəfəlik atsaydım,
o günü qurban kəsərdim. Əşi,
on beş il sənə zarafat gəlməsin. Hələ bunun aylıq kirəhaqqı gör hara gəlib
çıxır! - Qonşu
ona könülsüz
qulaq asırdı. - Yuxuda gördüm ki, evə deputat
gəlib. Söz verdi ki,
mənə mütləq
mənzil verdirəcək.
Bax, elə bundan ötrü səni yoldan eləmişəm.
- Ayə, siz qələm
əhli belə xəyalpərəst olursunuz
e... Nə deyim axı... Sənin yuxun məni
çox çətin
vəziyyətdə qoyub.
Belə görünür ki, sənin ev işin yenə düzəlməyəcək.
- Niyə? Bir halda ki, deputat
özü şəxsən yuxuma girib, deməli,
düzələcək.
- Ay
sağ olmuş, deputatı ayıqlıqda görməmisən
ha! Yuxunu gərək həmişə
tərsinə yozasan, başa
düşdün? Ona
görə bu il də
bir neçə yüz
manatın məhəbbətini ürəyindən
çıxart, ver ev
yiyəsinə, qoysun əmanət
kassasına. Di xudahafiz!
Qonşusu qayıdıb
maşına əyləşdi.
O isə
hələ də pəncərə qabağında dayanıb,
uzaqlaşan maşına baxırdı. Maşın
torpaq yolla ləngər
vura-vura, tozanaq
qaldıra-qaldıra asfalta yan
aldı. Burum-burum havaya
qalxan toz elə bil hərdən göydə ev
şəklinə düşürdü. Amma bu tozdan
hörülmüş evi
sərin külək qabağına salıb aparır, vurub dağıdırdı...
Qapının
taqqıltısı onu fikirdən ayırdı. Ev yiyəsi idi. Salam-kəlamsız
içəri girdi.
-
Bala, kiçik oğlumu evləndirmək istəyirəm. Bir aya evi boşalt...
Əkrəm QAFLANOĞLU
525-ci qəzet.- 2020.- 1 fevral.- S.23.