Mikayıl Müşfiq
doğulduğu ünvanda
anılıb
Yanvarın
26-da Azərbaycan ədəbiyyatının görkəmli
nümayəndəsi, repressiyaya məqruz qalmış nakam
şair Mikayıl Müşfiqin doğulub boya-başa
çatdığı ünvanda tədbir keçirilib.
Cabir Novruz adına
Fondun təşkil etdiyi tədbirdə fondun prezidenti Cavanşir Qurbanov, Xalq artistləri Nurəddin Mehdixanlı və Şəfiqə Eyvazova, professor Fuad Məmmədov iştirak ediblər.
Çıxışçılar görkəmli ədibin yaradıcılığından söz açıb, onun xatirəsini ehtiramla anıblar. Qeyd edilib ki, M.Müşfiq
yaradıcılıqla qısa
müddət ərzində
məşğul olsa da, zəngin ədəbi irs
yaratmağa müvəffəq
olub. Ədəbi yaradıcılığının
ən məhsuldar dövründə repressiyaya
məruz qalan şair özündən sonra xeyli sayda
əsər, dillər
əzbəri poeziya nümunələri qoyub.
Keçmiş vəkil və Penitensiar Xidmətin əməkdaşı, hazırda
təaqüddə olan
73 yaşlı Səfər
Hüseynov M.Müşfiqin
doğulub yaşadığı
ünvan barədə
müxtəlif fikirlər
söylənildiyini qeyd
edib. Nəzərə çatdırıb ki, şairin Bakının Çadrovı
(indiki Mirzağa Əliyev) küçəsində,
Xızıda anadan olduğu söylənilsə
də, bunların heç biri həqiqətə uyğun
deyil. M.Müşfiq bir vaxtlar indi dayandığımız
yerdə tikilmiş evdə, keçmiş
2-ci Sovet küçəsindəki
6 nömrəli mənzildə
doğulub.
S.Hüseynov deyib ki, bu barədə ilk dəfə Mikayıl Müşfiqin Bakıdakı
büstünün sökülməsi
haqda xəbərlərin
gündəmi tutduğu,
ölkə rəhbərindən
sıravi vətəndaşa
qədər hər kəsdə narahatlıq doğurduğu bir vaxtda məsələ qaldırıb. Onun səsinə
ilk səs verən
media qurumu da
"525-ci qəzet" olub".
S.Hüseynovun sözlərinə görə,
o, 1947-ci ildə Bakıda,
o vaxtkı 2-ci Sovet (indiki 2-ci Nərimanov) küçəsi, 6 ünvanında
doğulub. Şair Mikayıl Müşfiqin anadan olduğu və bir müddət
yaşadığı evdə:
"Onun həyat yoldaşı Dilbərin
"Müşfiqli günlər"
əsərində də
həmin binanın şəkli var. Atam danışırdı ki,
Müşfiq repressiya
olunandan sonra oranı bizə veriblər. Həyətdə üç otaq
vardı. İki qonşu
idik. Qonşumuz yaşlı bir kişi idi,
tək otaq ona düşüb. Ailəmiz böyük imiş deyə, iki otağı bizə veriblər. 9 nəfərlik ailəmiz uzun müddət o ikiotaqlı kiçik evdə yaşadı".
Keçmiş vəkil maraqlı
təkliflə də çıxış edib:
"Yaxşı olardı
ki, şairin vaxtilə yaşadığı
yerdə, təpənin
başında, üzü
Xəzərə ev-muzeyi,
Mikayıl Müşfiq
adına Poeziya evi yaradılsın,
qarşısında heykəli,
ya da büstü
qoyulsun. Onda həqiqət öz
yerini tapar. Əgər istəyimiz baş tutarsa, şairin ruhu da şad
olar".
Onu da qeyd edək
ki, bir neçə
il əvvəl
sökülmüş evin
yerində Cabir Novruz adına Fond tərəfindən xatirə
lövhəsi qoyulub.
Cavid QƏDİR
525-ci qəzet.- 2020.- 1 fevral.- S.23.