Əbədiyyət nəğməsi
Əsl qəhrəmanlar
haqqında ölməz
nəğmələr adətən
onlar əbədiyyətə
qovuşandan sonra yaranır. Əslində, bunlar yaşarılıq,
igidlik və cəsurluq haqqında bənzərsiz nəğmələrdir.
Bu günlərdə şəhərimizin
böyük tamaşa
salonlarından birində
qəlbimizi riqqətə
gətirən, ruhumuzu
yerindən oynadan əbədiyyət nəğməsini
dinlədik. Dinlədik və bu möhtəşəm nəğmə
varlığımızda bir
təlatüm, titrəyiş
yaratdı, vətənpərvərlik
duyğularımızı coşdurdu.
Söhbət Dövlət Təhlükəsizliyi
Xidmətinin Mədəniyyət
Mərkəzində sənətsevərlərə
təqdim edilən
"Mübariz" adlı
musiqili tamaşadan gedir. Adından göründüyü kimi, bu opera əsəri xalqımızın
hünərvər oğlu,
qəhrəmanlığı dillər əzbəri olan gizir Mübariz
İbrahimova və ümumən, şəhidlərimizin
əziz xatirəsinə
ithaf olunub. Ölkə başçısının "20 Yanvar faciəsinin otuzuncu ildönümü haqqında" sərəncamı
ilə bağlı tədbirlər planı üzrə düzənlənmiş
yeni səhnə əsərinin librettosu çox sevilən hərbi mahnıların müəllifi, həkim, şair, bəstəkar Şahin Musaoğlu, bəstəkarı Nərminə
Nağıyevadır. Tamaşaya rejissor, əməkdar artist
İnarə Babayeva quruluş verib. Musiqili tamaşanın quruluşçu
baletmeysteri əməkdar
artist Ceyhun Qubadov, quruluşçu rəssamı
Fərid Nəcəfovdur.
Qarabağ müharibəsinin tüğyan
etdiyi illərdə, Müdafiə Nazirliyinin Baş Tibb İdarəsində
çalışarkən tez-tez
cəbhəyə yollanan,
əsgər və zabitlərlə görüşən,
bir sözlə, səngər həyatına
bələd olan Ş.Musaoğlu hələ
həmin dövrdə
"İgid əsgər,
möhkəm dayan!",
"Cənab leytenant",
"Vətən əmanəti",
"Ölümsaçan yolçular",
"Birinci batalyon"
kimi hərbi mahnılar, marşlar yazaraq tanınırdı.
O dövrün gəncləri
belə çağırış
ruhlu Vətən mahnılarından təsirlənərək
hərbi xidmətə
yollanır, dara düşən yurdun harayına qalxırdılar.
Savaş ədəbiyyatımızın tanınmış nümayəndəsi
Ş.Musaoğlu "Mübariz"
operasının librettosunu
yazmaqla yaradıcılığında
daha bir ilkə imza atıb. Özü bu barədə
deyir ki, "Azərbaycanın Milli Qəhrəmanı Mübariz
İbrahimovun şərəfli
döyüş yolu barədə əhatəli
bir əsər yazmaq ideyası Akademik Opera və Balet Teatrının solisti, vokal sənətimizin tanınmış
nümayəndəsi Ramil
Qasımovdan gəldi.
Bu gözəl təklif ürəyimcə
oldu. Hələ bir neçə
ay öncə yaradıcılıq
işinə başladım.
İgid Mübarizin qısa, lakin ləyaqətlə yaşanan həyatını,
döyüş yolunu
müfəssəl öyrəndim,
barəsində yazılmış
materialları araşdırdım,
əsgər və zabit yoldaşları ilə görüşdüm.
Yazdığım birpərdəli, dörd şəkilli mənzum pyes librettonun əsasını
təşkil edir.
Tamaşa hazırlanarkən yaradıcı qrupumuz, aktyor ansamblı səylə çalışır,
ürəklə işləyirdi.
Ən xırda nüansı belə gözdən qaçırmaq istəmirdik.
Mübarizin gündəliyini mənə
vermişdilər, maraq
və həyəcanla
vərəqləmişdim. Karandaşla çəkdiyi
zabit rəsmləri, habelə Vətəni sevmək çağırışları,
düşmən əsirliyindəki
yurd yerlərimizi azad görmək arzusu, dostlarına münasibəti, ailəsinə,
valideynlərinə sonsuz
məhəbbəti, şəhadət
barədə düşüncələri
ayrı-ayrı xatirələrdə
əks olunmuşdu.
Bütün bunlar mənə
əsərin qəhrəmanı
ilə bağlı yeni fikirlər təlqin edir, onun mətin xarakterini daha dolğun çatdırmağa
yardımçı olurdu".
Anşlaqla keçən tamaşanı
izlədikcə, adı
dillər əzbəri
olan, hünəri ilə artıq əfsanəyə çevrilmiş
Mübarizin səhnə
obrazının mükəmməl
yaradıldığının fərqindəydim. Azərbaycan vokal məktəbinin
layiqli davamçısı,
beynəlxalq müsabiqələr
laureatı Ramil Qasımov opera səhnəsində
Mübariz obrazını
canlandırmaqla fitri istedada malik olduğunu bir daha təsdiqlədi.
Musiqi tariximizə dahi Ü.Hacıbəylinin cəngavər,
döyüşkən qəhrəmanı
- Şərqin ən gənc Koroğlusu kimi düşən R.Qasımovun ifasında Mübariz obrazı da canlıdır, diridir, həyatidir.
İncəsənətin mühüm qolu olan teatr sənəti
də bütöv bir elmdir. Bu elmə vaqif olmaq üçün dramaturq da, rejissor
da və əlbəttə, aktyor da adı çəkilən
ecazkar sənətin incəliklərinə yiyələnməli,
elə də asan olmayan cığırları,
rizləri keçməyi
bacarmalı, öz bənzərsiz yolunu, necə deyərlər, kəşf etməlidir.
Ən əsası isə öz "mən"ini tapmaqdır. Tamaşaçıların
sevimlisi, vokalçı
R.Qasımov səhnə
həyatı verdiyi Mübariz obrazı ilə öz "mən"ini bir daha parlaq şəkildə
təsdiq etmişdir.
Onun canlandırdığı yurd
qəhrəmanı Mübariz
İbrahimov kimdir?
Bütün dünyanın göz
yumduğu haqsızlığa
dözməyib minalanmış
ərazidən keçərək,
Ermənistan Silahlı
Qüvvələrinin çoxsaylı
əsgər və zabitini gözlənilmədən,
elə ilk həmlədə
məhv edən, düşməni ağır
itkiyə məruz qoyan yurd müdafiəçimiz.
Cəsur gizir gəbərtdiyi erməni hərbçilərinin silahlarından
yararlanaraq dəli bir qan coşğunluğu
ilə irəliləyib
onlara qarşı beş saat
döyüşmüş və
qeyri-bərabər savaşda
qəhrəmancasına şəhid
olmuşdu. Bu, igid Mübarizin qəhrəmanlıq gecəsi
idi. O, şərəfli
ölümü ilə
Azərbaycan əsgərinin
nəyə qadir olduğunu, gücünü,
qüdrətini, Vətən
sevgisini nümayiş
etdirmişdi.
Səhnədə döyüş yolunu
izlədiyimiz, həm də iman, əqidə
adamı olan Mübarizin hər çıxışı, atdığı
addımlar, silah yoldaşlarına çağırışları,
anası, atası, qardaşları ilə söhbəti onun nəhayətsiz, dopdolu yurd sevgisinin tərcümanı kimi qavranılır. O, çox
sevdiyi doğma Vətəni naminə canından keçməyə
hazır idi. Tamaşanın dördüncü şəklindəki həyəcan
doğuran şəhadət
səhnəsi fikrimizə
sübutdur. Elin igid oğlu son nəfəsinədək:
Mübarizəm, axır sözüm
Şərafət - Vətən naminə!
Şirin
candan keçib gələm,
Şəhidliyi seçib gələm,
Şəhadət - Vətən naminə!
- deyir.
Yaxud:
Yağış olub dağlarına
yağacağam,
Ulduz olub göylərində doğacağam,
Şimşək olub çaxacağam,
Dəniz
kimi coşacağam,
Qisasını alacağam.
Ekran əsərlərindən
fərqli olaraq, teatrda od-alov saçan səhnələri
canlandırmaq elə də asan deyil. Tamaşada sonuncu
döyüş səhnəsi
tükürpədən, amansız
atəş səsləri
altında, dinamik rəqslərin köməyi
ilə yaradılmışdır.
Bu baxımdan quruluşçu rejissorun
(İ.Babayeva) və quruluşçu baletmeysterin
(C.Qubadov) fərqli interpretasiyası, fərqli
baxışı və
səhnə yozumu diqqəti cəlb edir. Dəmiryolu vağzalının perronunda yeniyetmə oğlanın gitarada səsləndirdiyi "Cənab
leytenant" mahnısının
sədaları altında
gənclərin hərbi
xidmətə yola salınması, Mübarizin
ata-anasına məktub
yazdığı səhnələr
də maraqlı qurulmuşdur.
Əməkdar artist Cahangir Qurbanov hər obrazda yeni keyfiyyətləri üzə çıxaran
aktyorlardandır. O, baş qəhrəmanın atası
Ağakərim kişinin
obrazını məharətlə
yaradır, təsirli ifası ilə yadda qalır. Qeyd edək ki, aktyor
oğlu ilə dialoq səhnəsindəki
ifalarında qeyri-adi sənətkarlıq göstərir.
Ana obrazı da xüsusilə xoş təsir bağışlayır.
İstedadlı aktrisa Səbinə Ərəbli
Mübariz kimi mərd
oğullar, ərənlər yetişdirən
anaların daxili aləmini, saf duyğularını, el-obaya
bağlılığını öz oyununda ön plana çəkir, incə boyalarla
açır.
Əməkdar
artist T.Ağasıyev və T.Yəhyayev (qardaşları),
Ş.Cəfərov (komandir), E.Əhədzadə (əsgər)
və A.Həsənovanın (Xəyal) ifaları da
alqışlarla qarşılanmışdır. F.Əmirov
adına Azərbaycan Dövlət Mahnı və Rəqs
Ansamblının, C.Cahangirov adına xorun ifaları səhnə əsərinin uğurlu alınmasına, dramaturji
baxımdan bitkin və mənalı formada tamaşaçıya
çatdırılmasına xidmət edir.
Ramil
Qasımovun ifasında savaş yolçusunun coşqunluq və
əzəmətlə səslənən monoloqu - son
ariyası isə unudulmur, qəhrəmanlıq və ölməzlik
rəmzi kimi hayqıraraq milli qürur hissini oyatmağa, bizi
daha həmrəy və iradəli olmağa, düşmən
üstünə yeriməyə, intiqam almağa səsləyir.
Haqqında fikirlərimi bölüşdüyüm,
daim cəlbedici və aktual
olan müharibə mövzusuna
həsr edilmiş bu opera yurd sevgisi,
vətənpərvərlik duyğusu güclü olanların ərsəyə gətirdiyi
milli ruhlu əsərdir.
Zemfira MƏHƏRRƏMLİ
Yazıçı-publisist
525-ci qəzet.- 2020.- 1 fevral.- S.21.