Mədəniyyətimizin və ədəbiyyatımızın yorulmaz tədqiqatçısı

 

DƏYƏRLİ ALİM, ŞAİR VƏ PUBLİSİST GÜLHÜSEYN KAZIMLININ 70 YAŞINA

 

Gülhüseyn Kazımlı ilə 1973-cü ildən 1981-ci ilə kimi Azərbaycan Dövlət Televiziya Radio Verilişləri Komitəsinin "Elm təhsil" baş redaksiyasında redaktor işlədiyi vaxtlarda tanış olmuşam. Mən həmin redaksiyada "Ədəbiyyatşünaslıq zaman", "Ədəbiyyat" verilişlərinin müəllif-aparıcısıydım...

Böyük azman şairimiz Məmməd Arazın xeyir-duası ilə ədəbiyyatda ilk addımlarını atan Gülhüseyn Kazımlı (Kazımov) dörd ali təhsilə yiyələnib. Muzey işçisi olub, redaktor da işləyib, dövlət qulluğunda da çalışıb. Üstəlik, dövri mətbuatda xeyli elmi-publisistik yazısı çap olunub. Filologiya elmləri namizədidir... Amma mənə görə gözəl təbə malik, incə qəlbli şairdir... Alim-şairdir... Bir ki, onun diqqətimi cəlb edən cəhəti sevgiylə sadə, anlaşıqlı səmimi bir tərzdə yazmaq bacarığıdır.

Bu isə təbliğat sahəsində çalışan insan üçün olduqca vacib cəhətdir. Təsadüfi deyil ki, uzun zamandan bəri bu istiqamətdə ardıcıl fəaliyyət göstərmiş G.Kazımlı hazırda zəngin muğam irsimizin, mədəni xəzinəmizin yorulmaz təbliğatçısıdır. O, bu işi Beynəlxalq Muğam Mərkəzinin "Unudulmayanlar" layihəsi çərçivəsində böyük ürəklə, xüsusi həvəslə həyata keçirir. İndiyədək Bülbülcanın, Seyid Şuşinskinin, Hacıbaba Hüseynovun, Şövkət Ələkbərovanın, Həqiqət Rzayevanın, məşhur qarmon ifaçıları Kor Əhədin, Teyyub Dəmirovun digər sənətkarların həyat yaradıcılığına həsr olunmuş musiqili gecələr təşkil edib. Görkəmli sənətkarlarımızdan Kor Əhəd Bülbülcan haqqında iki kitab ərsəyə gətirib... Burada da o, adi təşkilatçı, adi aparıcı deyil, şairdir, filoloq alimdir...

1978-ci ildən üzü bəri onun iyirmiyə yaxın həm poetik, həm elmi-kütləvi məzmunda kitabları işıq üzü görüb. Şeirlərinə Şəfiqə Axundova, Oqtay Rəcəbov, Tofiq Babayev, Əfsər Cavanşirov, Nəriman Məmmədov, Azər Rzayev kimi bəstəkarlar 30-dan çox mahnı bəstələyib. "Vətən sevgisi", "Qadın əlləri", "Məhəbbət", "Əsgər yuxuları" kimi mahnılar bu qəbildəndir. Onun sözlərinə yazılmış mahnıları İlhamə Quliyeva, Təranə Vəlizadə, Baba Mahmudoğlu, Flora Kərimova, Eldar Axundov, Oqtay Ağayev, Eyvaz Həsənov, Səkinə İsmayılova başqa tanınmış müğənnilər ifa ediblər.

Onillər bundan öncə Şuşaya həsr elədiyi bu şeir müqəddəs yurdumuzun panoramını sözlə yaradan unudulmaz bir lövhədir:

 

Təzə açılırdı düzlərdə səhər,

Duman asılmışdı yolların üstə.

Qalaya atılmış qədim bir şəhər,

Yatırdı dağların qolları üstə.

 

Zirvələr alışır, qara od düşüb,

Çaylar necə yanır dərə dibində.

Bu səhər günəşdən hara od düşüb?

Ovçu da yuxlayır bərə dibində.

 

Bu səhər dağ yolu elə hamar ki,

Hər qaya gözümdə kəhərə döndü.

Bu yollar, cığırlar dolanıb axır,

Bir qaya ovcunda şəhərə döndü.

 

Qəfil günəş doğdu, gözüm qamaşdı,

Yolları yoxuşdu, enişdi Şuşa.

Şuşaya o qədər yağış yağmışdı,

Yuyulub şüşəyə dönmüşdü Şuşa.

 

İndi Şuşanın, dağların həsrətində qalmışıq. Ancaq Qarabağın əsrarəngiz gözəlliyinin göz qamaşdıran, ürək sızıldadan lövhəsini Gülhüseynin "Dağlar yatır" şeirində dahi Şəhriyar demiş, "bir sinema pərdəsi" tək müşahidə edirik:

 

Bulaqlar - dağların büllur nəğməsi,

Kəkliklər, əliklər yatışmır burda.

Elə bil dərindən heyrət etməyə,

Adamın heyrəti çatışmır burda.

 

Bürünüb dumana, itib zirvələr,

Sərkərdə qayalar yenə sal durub.

Elə bil dumanda bitib zirvələr,

Ya da zirvələri duman qaldırıb.

 

Maraqlı adamdır, həyatsevərdir, səyahət etməyi xoşlayır. İndiyədək otuza yaxın Avropa, Amerika, Asiya ölkələrində səfərdə olub bu səfərlərdə müşahidə etdiklərini şeirə, sözə çevirib G.Kazımlı. Klassiklərin əsərlərini mütaliə etməkdən zövq alır. Muğamın vurğunudur. Dinlədikcə vəcdə gəlir, gözləri yaşarır.

Onun yaradıcılıq yolu, fəaliyyətinin müxtəlif mərhələləri parlaq uğurlarla zəngindir. Azərbaycan Yazıçılar Jurnalistlər birliklərinin üzvüdür, "Vətən sevgisi" (1978), "Yollarda ömür" (1981), "Mənə inan" (1983), "İnsanın dərki" (1995), "Ümid yeri" (2003), "Heydər Əliyevin yadigarları" (2004), "Seçilmiş əsərləri" (2010) digər kitabların müəllifidir. "Gürcüstan Teatr Cəmiyyəti" Yaradıcılıq Birliyi mədəni əlaqələrin inkişafında səmərəli fəaliyyətinə görə 70 illiyi münasibətilə "Gürcü teatrının dostu" seçdiyi G.Kazımlını lap bu yaxınlarda fəxri diplomla təltif etdi.

İctimai fikir tariximizin görkəmli nümayəndələrindən biri olan Əsgər ağa Adıgözəlov-Goraniyə həsr olunmuş "Qaranlıqdan işığa. Əsgər ağa Gorani" (Bakı, "Şuşa" nəşriyyatı, 2016, - 224 səh.) kitabı G.Kazımlının yaradıcılığında eləcə müasir ədəbiyyatşünaslığımızda əlahiddə yer tutur. O, bu monoqrafik tədqiqatı tamamilə yeni metodoloji əsasda, fərqli rakursda, maraqlı üslubda qələmə alıb. Bu kitab Əsgər ağa Goraninin 2017-ci ildə keçirilmiş 160 illik yubileyinə layiqli bir töhfə oldu.

Bir məqamı da xatırladaq ki, G.Kazımlı vaxtilə Moskva İctimai Elmlər Akademiyasının mədəniyyət tarixi   nəzəriyyəsi kafedrasında təhsil almış, orada namizədlik dissertasiyası müdafiə edərək filologiya elmləri namizədi olmuşdu. Onun "İnsanın dərki" ("Postijeniye çeloveka"- 1992) monoqrafiyası da dissertasiyası əsasında nəşrə hazırlanıb. Bu əsər ədəbiyyatda İnsan konsepsiyasının elmi-nəzəri həllini açıqlayır. Sənət elm arasında əlaqələri tapmaq dünya ədəbiyyatı kontekstində Azərbaycan bədii nəsrində psixologizm üslubunun funksiyasını üzə çıxarmaq bu tədqiqatın əsas məqsəd vəzifəsi, başlıca problematikasıdır. Alimin fikrincə, ədəbi janrlarda, xüsusən nəsrdə insan şüurunun müxtəlif qatlarında baş verən proseslərə nüfuz etmək cəhdi yeni məzmunlu bədii nəsri yaradıb. Monoqrafiyada "Qəhrəmanın mənəvi ziddiyyətlərinin açılmasında əxlaqi baxımdan kamilləşməsində daxili konfliktlərin xüsusiyyətləri", "Müasir əxlaqi toqquşmaların (kolliziyaların) dərinləşməsi vasitəsi kimi əsərlərin struktrunda zaman əlaqəsi" fəsillərinin adlarından da göründüyü kimi, tədqiqatçı ədəbi-nəzəri fikrimizdə olduqca vacib məsələlərə toxunub. Yusif Səmədoğlunun "Qətl günü", Mövlud Süleymanlının "Dəyirmanan", Q.Pançikidzenin "Spiral", A.Bitovun "Puşkin evi" əsərləri 1980-ci illər Azərbaycan, rus gürcü nəsrinin çox maraqlı nümunələri kimi müəllifin diqqətini çəkib onları böyük dəqiqliklə elmi tədqiqata cəlb edib. Alim sübuta yetirib ki, öz zamanını qabaqlayan əsərlərin təməlində yalnız sənət üçün məlum olan, bizə hətta sənətçiyə naməlum qalan detallar var ki, bu detalların mahiyyəti zaman keçdikcə aydınlaşır həmin cəhət sənətin müasirliyini, zaman içində zamana nüfuzunu, əslində, zamansızlığını yaradır.

Kitabda əvvəllər psixologizm nöqteyi-nəzərindən baxılmamış, yaxud ədəbiyyatın tədqiqat obyektinə cəlb edilməmiş əsərlər ətraflı təhlil tədqiq olunur, dəyərli müqayisələr aparılır, mühüm nəticələr çıxarılır. Monoqrafiyanın təqdir ediləsi cəhətlərindən biri budur ki, parlaq sözügedən ədəbi-bədii nümunələri psixologizm pozitivizm problemi müstəvisində tədqiqata cəlb edərək, haqlı bir nəticəyə gəlir: Azərbaycan bədii nəsri dövrün ədəbi prosesində müstəqil, özünəməxsus şəkildə inkişaf edib, dünya keçmiş sovet ədəbiyyatında kifayət qədər layiqli yer tutub. Tədqiqatda A.Platonov, İ.Bunin, Y.Zamyatin, A.Soljenitsın, Ç.Aytmatov, V.Nabokov, Ümmülbanu, Y.Səmədoğlu, Anar, Elçin, A.Bitov, Q.Pançikidze, D.Qeorqadze, Ç.Hüseynov, V.Şukşin, V.Rasputin başqalarının əsərləri əsasında psixoloji nəsrin ən xarakterik xüsusiyyətlərinin aşkar edilməsinə uğurla cəhd göstərilir bu tipli ədəbiyyatın inkişaf tendensiyaları elmi-nəzəri əsasda proqnozlaşdırılır.

Bu monoqrafiya sonralar Azərbaycan dilinə tərcümə olunaraq G.Kazımlının "Seçilmiş əsərləri"nə (2010) daxil edildi.

Onun həmmüəllif olduğu "Bülbülcan" "Qarmonun əfsanəsi" kitabları mədəniyyət tariximizin araşdırılması baxımından olduqca maraqlı nümunələrdir. Tarixin arxivlərində qalmış mədəniyyət layını aşkarlayarkan G.Kazımlı ondan milli ədəbi sərvət kimi söz açır bu səviyyədə qiymətləndirir.

Daima həyata ümidlə baxan, sarsılmaz inamla yaşayan G.Kazımlı özünün "Ümid" adlı şeirində yazır:

 

Ümid mənim yolum üstə,

İşıq olub, mayak olub.

O, ən ağır günlərimdə,

O, ən xoşbəxt günlərimdə

Hayan olub, dayaq olub...

 

Bu misralar onun həyat kredosunu, dünyaya, sabaha baxışını aydın ifadə edir.

Əziz dostum və dəyərli həmkarım Gülhüseyn Kazımlını 70 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, mənalı ömrünün bundan sonrakı onilliklərində ona möhkəm sağlamlıq, yeni uğurlar diləyirəm.

 

Qurban BAYRAMOV

Tənqidçi-ədəbiyyatşünas

 

525-ci qəzet.- 2020.- 1 fevral.- S.20.