Şairin vətən məhəbbəti və
torpaq sevgisi
Zakir
Bayramlı Şimal bölgəsinin poetik salnaməsini yaradan
şairlərdən biridir. O, qədim Şabranın
Xaqanidən başlayan fəlsəfi şeir ənənələrinin
müasirlik donunda təqdim etməyi bacarır. Onun şeirlərinin
ümumi ahəngində tarixilik və müasirlik
vəhdət təşkil edir.
Şimal
regionuna xas olan iki qüvvətli amil: ulu Şahdağın təmizliyi,
müqəddəs Babadağdan əsən küləklərin
həzin ahəngi bu şeirlərin ritmini müəyyənləşdirir.
Zakir
Bayramlı Azərbaycan Yazıçılar və Jurnalistlər
Birliyinin üzvü, "Qızıl qələm"
mükafatı laureatı, Prezident təqaüdçüsüdür.
Müəllif özünün yeni, sayca
dördüncü şeir kitabını təsadüfən
"Mənim şeir dünyam" adlandırmayıb.
Çünki şair-publisist hazırda ömrünün
müdriklik dövrünü yaşamasına baxmayaraq, bu
gün də gənclik həvəsilə yazıb-yaradır.
Onun şeir dünyası suyu tükənməyən bir
çeşməyə bənzəyir. Azərbaycanın
bugünkü vüsətli tərəqqisindən ruhlanan vətəndaş
şairin istək və arzuları gündən-günə
aşıb-daşır. Yeni əsərlər yazıb-yaratmaq
eşqi ilə çalışır və hələ qələmi
yerə qoymaq istəyi də yoxdur.
Təqdim olunan kitab poetik çələngə bənzəyir. Bu topluya Zakirin son vaxtlar qələmə aldığı şeir, qəzəl, rübai, bayatı, alleqorik hekayə və təmsilləri daxil edilmişdir.
Şair-publisist 50 il bundan öncə ədəbi yaradıcılığına Vətən məhəbbəti, yurd sevgisi, ana təbiətə vurğunluq hisslərinin tərənnümü ilə başlayıb. Və bu gün də həmin yolu uğurla davam etdirir. "Yolumuz Vətəndən keçir" şeirində oxuyuruq:
Nə lazım yaşamaq iblis rolunda,
Cığırlar nə səndən, nə məndən keçir.
Görüşək, barışaq elin yolunda,
Yol bizim olsa da, Vətəndən keçir.
Zakir Bayramlı yaradıcılığa
başladığı gündən sənət
dünyasında öz yolunu tapmağa çalışır.
Bu toplu göstərir ki, o, buna nail olan şairdir.
Vətənə
məhəbət mövzusunda yazdığı qəzəldə
müəllif Vətənə qırılmaz tellərlə
bağlı olduğunu, Vətənin sevincini öz sevinci, kədərini
isə öz kədəri kimi qəbul etdiyini poeziyanın dili
ilə sübut edir:
Mən bilirəm ki, dərdlisən,
bağrı daralısan, Vətən!
Yetən sinənə dağ çəkib,
qəlbi yaralısan, Vətən!
Pən-pərəndi ellərin,
o tay-bu tayda qalmısan,
Qalıb yadlarda torpağın,
param-paralısan, Vətən!
Çəkib Arazı ortaya,
cənub-şimala böldülər,
Yaran şimalda qan verir,
rəngi saralısan, Vətən!
"Gedək Şabrana" şeirindən nümunə gətirdiyimiz bu parçada isə Z.Bayramlı el-oba sevgisindən ilhamlanaraq yaşadığı ulu Şabranı poeziyanın dili ilə belə vəsf edir:
Şabranın tarixi yazılıb erkən,
Böyük "Şivanşahlar" dövlət olarkən,
Bu gün də bu torpaq, bu yer var ikən,
Nədən keçməyəsən burdan Nabrana?
Gəl gedək mənimlə qədim Şabrana.
Lüzum yox tərifə tutum kəndlərin,
Nə lazım mədh edim bir-bir fərdlərin.
Gəlsən görəcəksən özün mərdlərin,
Can deyib, can verir Azərbaycana.
Gəl gedək səninlə qədim Şabrana.
Şair "Gəl, gör Xəzəri" şeirində isə incə söz düzümü ilə yanaşı, bir rəssam kimi əlvan bədii boyalarla Xəzərin hüsnünü tərənnüm edir. Sanki öz şeirində onun əfsanəvi rolunu, ecazkar portretini yaradır. Xəzərə olan coşqun məhəbbətini ürəkdən süzülüb gələn ülvi hisslərlə qələmə alır:
Gah Kaspi adlanıb, gah da ki Quzğun,
Coşub kükrəyəndə olur çox azğın.
Qəzəbli dalğalar açanda ağzın,
Udur sahilləri, silir izləri.
Yolundan azdırır külək Xəzəri.
Bir sözlə, ana təbiətə vurğunluq, torpağa bağlılıq Zakirin poeziyasının vətəndaşlıq qayəsini təşkil edir. Bu vətəndaşlığın məzmununu müəllifin "Təbiət etüdləri" şeirində də duyuruq:
O dağ sənin, bu dağ mənim, gəl gəzək,
Yamaclardan yovşan yığaq, gül üzək.
Qayalarda dırnaq tökək, diz əzək,
Dolam-dolam dağ belinə haylanaq.
Dolaylardan zirvələrə boylanaq.
Ana südü, dağ çiçəyi məlhəmdir,
Buz bulaqlar "zəm-zəm" suyla ba həmdir,
Əzəl gündən dağla insan məhrəmdir,
Qorxutmasın səni yalçın qayalar.
Hamarlanıb bizə pillə olarlar.
Elə bir şair tapılmaz ki, poeziyanın əbədi mövzusu olan məhəbbətdən yazmasın. Bu cəhət Z.Bayramlı şeiri üçün də səciyyəvidir. Məhəbbət mövzusu Zakir Bayramlı yaradıcılığının ən çox müraciət edilən sahəsidir. Müəllif sevgi və məhəbbət haqqında öz səmimi duyğularını oxucuya çatdırmağı bacarır. Onun "Oxu məni" şeirində bunu görmək mümkündür:
Ötüb məndən gəzmə qıraq,
Gəl səninlə ülfət quraq.
Aç qəlbimi varaq-varaq,
Kəlmə-kəlmə oxu məni,
İlmə-ilmə toxu məni.
Keç könlümün oylağından,
Su iç eşqim bulağından.
Gül dər gətir gül bağından,
Bürüsün xoş qoxun məni,
Qoy aparsın "yuxu" məni.
Sən nə gülsən, nə çiçəksən,
Həyatımda bir gerçəksən.
İnan, mənə çox gərəksən,
Çək özünə yaxın məni,
Tərk eləsin qorxu məni.
Zakirin şeirlərində bir çox hallarda publisistik təfəkkürlə poetik düşüncə birləşir. Bu isə onun yaradıcılığına müəyyən sənədlilik və canlı həyatilik gətirir. Onun şeirlərində aydın bir həyat ətri və həyat həvəsi vardır.
Şairin qəzəl janrında yazılmış əsərləri də bu kitabda yer alıb. O, qəzəllərini sadə dildə qələmə alır, ərəb və fars sözlərindən təsadüfü hallarda istifadə edir. Zakir Bayramlı məhəbbət haqqında yazdığı qəzəldə məhəbbət anlayışını özünəməxsus tərzdə izah etməyə, onu bütün incəliyi ilə oxucuya çatdırmağa çalışır:
İnsanlara hər yerdə şərafətdi məhəbbət.
İnsanlığı təsdiqdə şəhadətdi məhəbbət.
Məhrəm sayılır cümlə bəşər nəslinə hər an,
Qəlbdən yol alıb, qəlbə səyahətdi məhəbbət.
Sonda müəllif insanlıq olan yerdə həmişə sevgi və məhəbbətin yurd-yuva salacağına, onun axıradək yaşayacağına əmin olduğunu bəyan edir:
Zakir, eşit, insanlıq olan yerdədi sevgi,
Hər canlı həyatında səadətdi məhəbbət.
Müəllifin qələmə aldığı və kitaba daxil etdiyi bayatılar başdan-başa Vətənə, torpağa bağlılıq, insanlara məhəbbət motivləri əsasında yazılıb:
Ən gözəl yar Vətəndir,
Vətən ruhdur, bədəndir.
Üzmə ruhu bədəndən,
O, səni var edəndir.
***
Getdi qora bağımdan,
Çıxdım Qarabağımdan.
Bilsən, nə qara qanlar,
Axdı qara bağrımdan.
***
Tərifləmə yad eli,
Doğma olmaz yadelli.
Öz elini sevməyən,
Ya nadandır, ya dəli.
Kitabda Z.Bayramlının son illərdə qələmə aldığı alleqorik hekayə və təmsillər də yer alıb. "Bülbülün yanğısı" təmsilində bülbülün oxuduğu nəğmələrin məlahətli səslənməsi ilə yanaşı, kədər hissi də öz ifadəsini tapıb:
Bir gün tərifləyib bülbülü quşlar,
Dedilər, yanğılı nəğmələrin var.
Bülbül qulaq asdı, kövrəldi birdən,
Dərindən ah çəkib, ağladı zar-zar.
Dedi, qulaq asın, deyim düzünü,
Sizin tərifiniz məni ağladır.
Mənə bu yanğıyla nəğmə oxudan,
Sinəmi dağlayan gülün xarıdır.
"İnsan və dünya", "Dünya və dağlar", "Dünya və mən", "Dünya", "Könlümün dünya səyahəti", "Dünyanı görmək istəyirəm" və digər poetik nümunələrdə şair dünyanın yaxşı və pis üzünü, dünyanın görünüşünü, dünyaya fəlsəfi yanaşma, qloballaşan müasir dünya haqqında düşüncələrini təqdim edir. "İnsan və dünya şeirində oxuyuruq:
Ey Adəm övladı, sonsuz illərdir,
Bu fani dünyaya gəlib-gedirsən.
Ağlını azdıran hansı yellərdir,
Gəldiyin dünyadan giley edirsən?
Kainat sonsuzdur, dünyalar saysız,
Qoru qismətinə düşən dünyanı.
Yaşaya bilməzsən günəşsiz, aysız,
Onlarsız yaşanmaz ömrün bir anı.
Zakir Bayramlı bu kitabında bir müəllif kimi özünü də yaddan çıxarmayıb. Onun şeirləri avtobioqrafik cizgilərlə zəngindir. "Şairin qocalığı", "Mən bir şair doğulmuşam", "Qocalığımla söhbət", "Ahıllıq dövrüm", "Könlümlə söhbət", "Narazı deyiləm qocalığımdan", "Dünyanı görmək istəyirəm" və digər şeirlər bu qəbildəndir. Bu tipli şeirləri "özümnamə" də adlandırmaq olar. "Mən bir şair doğulmuşam" şeirini nəzərdən keçirək:
Məni sözlə bələyiblər,
Ruhuma söz çiləyiblər.
Bir az narın ələyiblər,
Zərrə-zərə yoğrulmuşam,
Mən bir şair doğulmuşam.
Sinəm sözlər diyarıdır,
Söz ömrümün meyarıdır.
Hələ ömrüm tən yarıdır,
Zənn eləmə yorulmuşam,
Mən bir şair doğulmuşam.
Söz çəkibdir başa məni,
Sözlə gətir cuşa məni.
Salma dağa, daşa məni,
O yerlərdə çox olmuşam,
Mən bir şair doğulmuşam.
Bu şeir əslində, bəstələnməmiş
bir nəğmədir. Şeirin mahiyyətində
müdrikliyin, coşğunluğun, yenicə cücərmiş
məhəbbət çiçəyinin ətri var.
"Narazı deyiləm qocalığımdan" şeirinin məzmunu isə müdriklik zirvəsini fəth etməyə çalışan bir şairin öz qocalığı ilə söhbətidir. Müəllif "qocalıq buzu"nu qırmağa çalışır. Və öz səbri, ağılı, biliyi, bacarığı və psixoloji hazırlığı ilə buna nail olmaq istəyir:
Mənim can sirdaşım, narahat olma,
Yaşımın çoxluğu üzməsin səni.
Həyat davam edir, yolundan qalma,
Qaytara bilməzsən ötüb keçəni.
Dağın əzəməti ucalığında,
Buludlar oynaşan zirvəsindədir.
İnsanın hörməti qocalığında,
Həyatda yerini bilməsindədir.
Zövq al bu hörmətli, müdrik çağımdan,
Bədbinlik, küskünlük ömrü gödəldir.
Narazı deyiləm qocalığımdan,
Bu dövrü yaşamaq özü gözəldir.
Beləliklə, dağlarla və bulaqlarla əhatə
olunmuş ulu Şabranda öz yerini fəth etmiş müdrik
bir ozan yaşayır və öz qəlbini açıb
müstəqil Azərbaycanın tarixi keçmişinə və
müasir nailiyyətlərinə güzgü tutur. Bu
güzgüdə hər şeydən öncə onun vətəndaş
və şair kimi dəyərli şəxsiyyəti
görünür.
Nizaməddin
ŞƏMSİZADƏ
Professor
525-ci qəzet.- 2020.- 1 fevral.- S.18.