Səmərqənd Dövlət Universitetində "Türkologiya" jurnalının təqdimatı olub

 

Böyük özbək şairi Əlişir Nəvainin adını daşıyan Səmərqənd Dövlət Universitetində Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin təsisçisi olduğu beynəlxalq "Türkologiya" jurnalının təqdimat mərasimi təşkil edilib.

Tədbirdə filologiya fakültəsinin dekanı, professor Jeliboy Eltazarov jurnalın tarixindən danışıb, keçmiş SSRİ dövründə "Sovetskaya tyurkologiya" adı ilə belə nüfuzlu elmi nəşrin yalnız Azərbaycanda çap edildiyini bildirib. J.Eltazarov jurnalın bugünkü fəaliyyəti haqqında da məlumat verib, gələcəkdə bu jurnalla əməkdaşlıq edəcəklərini diqqətə çatdırıb.

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Türk dilləri şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, jurnalın məsul katibi Elçin İbrahimov "Türkologiya" jurnalı haqqında geniş məlumat verib, jurnalın Türk dünyasında populyar olduğunu bildirib. O, çıxışında qeyd edib ki, 2016-cı ildə akademik Kamal Abdulla "Türkologiya" jurnalına baş redaktor təyin olunandan sonra jurnalın nəşr həyatı canlanıb keçmiş nüfuzunu geri qaytarıb. Artıq "Türkologiya" jurnalı Dünya türkologiyasında nüfuzlu elmi məcmuəyə çevrilib, orada dörd dildə məqalələr dərc olunur. Elçin İbrahimov onu da bildirib ki, son illərdə xarici elmi mərkəzlərlə əlaqələrini daha da gücləndirən jurnal EBSCO başda olmaqla bir sıra nüfuzlu beynəlxalq indeksləşdirmə biblioqrafiyalarına (MLA, SAJI, SIS, TEI, SOBİAD, CIF) daxil edilib.

Sonda Elçin İbrahimov doktorant dissertantların suallarını cavablandırıb. Tədbirdə Səmərqənd Dövlət Universitetinin filologiya tarix fakültəsinin professor-müəllim heyəti, dissertantlar tələbələr iştirak ediblər.

 

525-ci qəzet.- 2020.- 12 fevral.- S.12.