Əlirza BƏXŞİ

 

1975-ci ildə Ərdəbildə anadan olub. Əvvəlcə Ərdəbilin Panizdəhi-xurdad oxulunu bitirib. Orta təhsilini isə Əbuzər oxulunda Əkabir mədrəsəsində alıb. Ancaq yoxsulluq, ailə çətinliyi əyilməz, yavaşımaz, qızğın, duyğusal ruhu onu təhsildən məktəbdən uzaq salıb. Əsgərlik xidmətinə yollanıb hərbi paltarını 1995-ci ildə  soyunub.

1996-cı ildən ömrünün sonunadək qaynaqçılıq işiylə məşğul olub. 16 avqust 2006-cı ildə Əlirzanın həyatının ən qaranlıq, acınacaqlı anı olub. Sement zavodunun tikintisində qaynaq işi görərkən 15 metr hündürlükdən yerə düşüb. Beli iki yerdən, bir qolu dirsəkdən, bir qıçı isə buddan sınıb.

2010-cu ildən ciddi surətdə öz ana dilində - Azərbaycan türkcəsində şeir yazmağa başlayıb. Əlirzanı yaşamın şərtləri, acıları ağrıları şair edib. 2015-ci il iyun 1-də 40 yaşına çatmamış ağciyərində damar tutulması ürək çatışmazlığı nəticəsində əbədiyyətə qovuşub. 

 

Yazıçı olmaq

 

Yazıçı olmaq istəyirsən?

Düşünmə

Daşın!

Heç bir qələm,

ya kağız olmayacaq

Dinmə

Ancaq

Sözünü de!

 

Tək ağac

 

Silkələmə ağacı olar

Qızıl almaların

səndən qabaq çırpışdırıblar

veribsən ala bilmirsən ondan?

Ya ona olub

Ondan savay ki adı ağacdır?

Hələ

Başına gəldiyi

Düşündüyünə güləcək

Titrədiblər onu

Ondan alçaq dostluqlar.

 

Küləklər

Gediblər duman dalıycan

uşaq

Arzıların əkəndən

Zumar daşıyır ətcələrinə

Tərlən yuduğu dəsmalın arasında.

 

Boşla onu

O, tək qalmaq istəyir

Yalqızlığıylan

Axı

O, söz verib yaşıllığa

Pulsuz kölgə sərə

Ucuz yoldaşlıqlara.

 

525-ci qəzet.- 2020.- 14 fevral.- S.15.