"Kaş ayrı bir dünya ola..."

 

Şairə Gilə Əliqızının imzası oxucularına yaxın illərdən tanışdır. O, əslən Laçın rayonundandır. Beş şeirlər kitabının müəllifidir.

Hələlik sonuncu kitabı 2019-cu ildə "Qanun" nəşriyyatında işıq üzü görüb. Qarabağ münaqişəsi onun da taleyindən yan keçməyib. Amansız müharibənin minlərlə ailəyə vurduğu mənəvi yaradan Giləyə pay düşüb. Özü ən çox onun şair taleyinə yapışan dərd şəklində, ağrı görkəmində. Ayrılıqların məngənəsində, haqsızlıqların girdabında qalan zərif  duyğulu şairənin erkən gəncliyinə ürcah olan qanlı-qadalı hadisələr Gilənin şeirlərindən yan keçməyib.

Gilənin şeirlərini oxuduqca elə bil, göz yaşlarını ürəyinin içində saxlayan, dərdi ilə dost olan şairənin ürək çırpıntılarının səsini dinləyirsən, sakit, iztirablı, ağrılı bir melodiyanın əsiri olursan. Gilənin şeirlərindəki sevgi notları üzərində qurulmuş poetik sətirlər onun daxili dünyasından gələn lirik hisslərin  mesajını əks etdirir. Bu mesajlar insanı saf sevgiyə, dürüst olmağa, cəmiyyətdə öz layiqli yerini tutmağa, sevgiyə, etibara çağırır. İnsanın fani dünyada əmanət olduğunu, könlünün, ruhunun bu dünyaya sığmadığını etiraf edən şairə yazır:

Ümidvaram ki, Gilə Əliqızını qarşıda böyük yaradıcılıq uğurları gözləyir. O, ədəbiyyatın, poeziyanın çətin yollarında inamla inadla irəliləyəcək yeni poetik nümunələri ilə oxucularını sevindirəcək.

Bu ümidlə onun bir neçə şeirini "525-ci qəzet"in oxucularına təqdim edirəm!

Nazim Əhmədli,

şair

 

 

Gilə ƏLİQIZI

 

Könül

 

Məni tərki-dünya etmə,

O zalımı anma, könül.

Yenə salıb məni oda,

Sinəmdə odlanma, könül.

 

Dili sözdən eyləyəcək,

Dərdi dizdən eyləyəcək.

Bizi bizdən eyləyəcək,

Xəyala oyanma, könül.

 

Dünya qəriblər ölkəsi,

Yalan düzlüyün kölgəsi.

Hər sevirəm deyən kəsi

Eşqə kölə sanma, könül.

Gələcəksə, o yar gəlsin

 

təbib loğman gərək,

Dərdimə dərman var, gəlsin.

Gedib çiləli başıma,

Edən dünyanı dar, gəlsin.

 

Qurumur, axan göz yaşım,

Açılmır, dumandan başım.

Gəlməsin dostum, sirdaşım,

Gələcəksə, o yar gəlsin.

 

Kim su qatılıbdır, aşıma,

Duman çöküb dağ daşıma.

Mənim şaxtalı qışıma,

Yar adında bahar gəlsin.

 

Dünya

 

Alacağım çoxdur səndən,

Ver borcumu mənə, dünya.

Qırdığın qəlblərin ahı,

Qalmayacaq sənə, dünya.

 

Çəkilər haqqın şəkili, 

Könlümə ümid əkilib.

Qoymaz məzlumun vəkili

Çarxın belə dönə, dünya.

 

Sənə , qəm-qübar gələr,

Könlümə xoş nübar gələr.

Qışdan sonra bahar gələr,

Dövran dönər yenə, dünya.

 

Bir köçkün elin qızıyam

 

Bir köçkün elin qızıyam,

Yurduma əlim yetməyir.

Qırğın düşüb dağlarıma,

Çiçəyim, gülüm bitməyir.

 

Zirvəli dağ, çənli dərə,

Batıb qana, düşüb şərə.

Xəyalım getdiyi yerə,

Daha ayağım getməyir.

 

Ötüb  atlanır,  zamanım,

Yoxdur ömürdən amanım.

Yüz xəyalım, yüz gümanım,

Heç nəyi gerçək etməyir.

 

Kaş ayrı bir dünya ola

 

Kaş ayrı bir dünya ola,

Buralardan çıxıb gedəm.

Ya da qoşulub sellərə,

Selə-suya axıb gedəm.

 

Gözdə qalan həvəs kimi,

Tutuluram, nəfəs kimi.

Bu dünyanın qəfəs kimi,

Divarını yıxıb, gedəm.

 

Həsrətin, qəmin izində,

Məni yandıran közündə.

Bulud olam, göy üzündə,

Şimşək kimi çaxıb gedəm...

 

Sən yaşayasan deyə...

 

Sənə olan sevdamı,

Şeirlərlə bildirdim.

Könlündəki dərdləri,

Sevgim ilə sildirdim.

 

Yalan etdin düzümü,

Yaşlı qoydun gözümü.

Səni sevib özümü,

Dost, düşmənə güldürdüm.

 

Ucaltdım səni, göyə,

Qoymadım, kimsə əyə.

Sən yaşayasan deyə,

Mən özümü öldürdüm...

 

525-ci qəzet.- 2020.- 14 fevral.- S.15.