Təbiətə vurğunluğun bədii
ifadəsi
Dəyərli elmi əsərlər müəllifi olan
filologiya elmləri doktoru Elçin Mehrəliyev maraqlı bədii
yaradıcılığı ilə də oxucuların diqqətini
cəlb edir. Çünki həqiqi sənət əsərləri
o zaman əbədiyaşarlıq qazanır ki, o, elmə
söykənmiş olsun.
Elçin müəllimin
yaradıcılığında bu iki önəmli cəhət
vəhdət təşkil edir. O, 40 illik fəaliyyəti boyunca
"Azərbaycan gəncləri", "Bakı", "Azərbaycan
müəllimi", "Ədəbiyyat və incəsənət",
"Ulduz", "Savalan" və bir sıra dövri mətbuat
orqanlarında maraqlı elmi məqalələrlə, ədəbi-bədii
yazılarla çıxış edib və çoxsaylı
oxucu auditoriyasının sevimlisinə çevrilib. Elçin
Mehrəliyevin çoxşaxəli və zəngin bədii
yaradıcılığı onun müxtəlif illərdə
nəşr etdirdiyi "Hekayə və nağıllar"
(1982), "Pərvin" (1989), "İttiham" (1991),
"Hər kəs öz taleyini yaşayır" (1998),
"Doxsanıncı illər" (2004), "Tale
döyüşü" (2011), "Multikultural mühit və
ədəbiyyat" (2020), "Sirli təbiət,
ağıllı canlılar" (2020) və başqa
kitablarında toplanıb.
Elçin Mehrəliyev dövrünün fəal vətəndaşı
və ziyalısıdır. O, cəmiyyətdə baş verən
mühüm ictimai-siyasi, sosial və ədəbi-mədəni
proseslərə həmişə obyektiv münasibətini
bildirir. Tədqiqatçı-alimin elə bu
günlərdə çapdan çıxan "Multikultural
mühit və ədəbiyyat" kitabında çoxəsrlik
Azərbaycan ədəbiyyatının keçdiyi zəngin
yaradıcılıq yolu multikultural baxış
bucağından araşdırılır. Dünya
alim, mütəfəkkir, şair və
yazıçılarının müdrik, ağıllı
fikirlərini təhlil süzgəcindən keçirən tədqiqatçı
əsərdə maraqlı qənaətlərə gəlir və
oxucunu bu qlobal problemin həlli istiqamətində
düşündürə bilir. Eyni
zamanda, Elçin Mehrəliyev Qafqaz evinin daimi sakinləri olan
Azərbaycan xalqının tolerantlıq nümunəsi
olduğunu tarixi faktların dili ilə oxuculara təqdim edir.
Dinc birgəyaşayışın modeli kimi Azərbaycan
dövlətinin bəşəri ideyalarını,
çoxsaylı xalqların hüquq və
azadlıqlarını qoruyan demokratik bir dövlət
olduğunu, sülhsevərlik simvoluna çevrildiyini tarixi məxəzlərə
istinad edərək aşkarlayır. Azərbaycan
ərazisində yaşayan bütün xalqların mədəniyyətinə,
ədəbiyyatına, dilinə hörmət, diqqət və
qayğı ilə yanaşıldığını göstərir.
Bununla yanaşı, Azərbaycan xalqının
öz müstəqilliyini, dövlətçilik ənənələrini
qorumaq üçün hansı problemlərlə üzləşdiyini,
Qarabağda erməni vandallarının törətdiyi
ağlasığmaz vəhşilikləri, cinayətləri və
işğalçılıq siyasətini inandırıcı
dəlillər, faktlar əsasında açıqlayaraq əsl
həqiqətləri çoxmilyonlu oxuculara
çatdırmağa müvəffəq olur. Əlbəttə, bu cür tədqiqatların
yazılması dövrün zəruri tələbatı kimi
ortaya çıxır və belə əsərlər
xalqımızın kimliyi, mədəniyyəti,
tolerantlığı, bütün xalqlara bəşəri
duyğularla yanaşdığımızı göstərən
qiymətli bir örnəkdir.
Elçin Mehrəliyev qələmini dramaturgiya sahəsində
də sınayıb. Yazıçının "Məhəbbət
qocalmır", "Yurd yeri" əsərləri əsasında
televiziya tamaşası hazırlanıb. Xüsusilə, onun "Yurd yeri" əsəri
dəfələrlə televiziya ilə yayımlanıb və
tamaşaçıların rəğbətini qazanıb. Əsərdə öz yurd-yuvasından, doğma
Qarabağından zorla köçürülmüş, didərgin
salınmış soydaşlarımızın torpaq dərdi,
yurd sevgisi, vətən həsrəti, təbiətə
bağlılığı həssas məqamlar kimi ön plana
çəkilir və ictimailəşdirilir. XX əsrin sonlarında xalqımızın zaman-zaman
üzləşdiyi bu taleyüklü problemin daha kəskin
xarakter aldığı geniş epik lövhələrlə
canlandırılır.
Yazıçı
ana təbiətin, doğma vətənin gözəlliklərindən,
əsrarəngiz və
qeyri-adi möcüzələrindən zövq alan
və onu öz əsərlərində əks etdirən sənətkarlarımızdandır.
Elçin Mehrəliyevin bədii
yaradıcılığının əsas leytmotivini də təbiət
mövzusu, onun sirlərlə dolu həyatı təşkil
edir. Məhz elə bu vurğunluğun nəticəsidir
ki, yenicə çapdan çıxmış kitabına
"Sirli təbiət, ağıllı canlılar"
adını vermişdir. Gənc tədqiqatçı
Gülnar Səmanın redaktorluğu ilə işıq
üzü görən bu kitabda on beş sənədli hekayə
"Təbiət hekayətləri" başlığı
altında oxuculara təqdim edilir. Yazıçının
tez-tez görüşünə getdiyi, mənən
rahatlandığı ana təbiətin ecazkar sirlərindən,
möcüzələrindən xəbər verən bu əsərlər
zəngin və dəqiq müşahidələr əsasında
qələmə alınıb. Elçin Mehrəliyevin
"Təbiətin qoynunda", "Möcüzəyə bənzər
həqiqət", "Arzuedilməz qonşu",
"İlan çalan it hansı otu axtarır?", "Bir kəhərin
sədaqəti", "Ananın qoç balası",
"Ağıllı çolpalar", "Qarı və
keçiləri", "Berqutla göz-gözə",
"Yaralı xoruzun imdad diləməsi",
"Bülbülün harayı", "Bozdarın
peşmanlığı", "Ayını necə
qovaladılar", "Pirat", "Bir gəzintinin təəssüratı"
hekayələrinin hər biri oxucunu ana vətənimizi sevməyə,
onu göz bəbəyi kimi qorumağa, dərindən öyrənməyə
və min bir sehrinə düşməyə səsləyən
əsl həyat hekayələridir. Öz oxucusunu təbiətlə
ünsiyyətə, onu kəşf etməyə səsləyən
yazıçı deyir: "Təbiətə diqqətli
münasibətdən yalnız təbiət deyil, insanlar və
insan cəmiyyətləri də əvəzsiz fayda
görür. Məgər, bəşəriyyət
saysız-hesabsız kəşflərinə, ixtiralarına təbiətdən
öyrənib nail olmamışdırmı? Elə bir şair, yazıçı tapılarmı
ki, təbiətdən ilham almasın, əsərləri
insan-təbiət vəhdəti, təbiətin insana dərsləri
nöqteyi-nəzərindən düşündürməsin?!
Hər birimiz ömür payımızda təbiətin
möcüzələri barəsində nə isə yeni bir
şey öyrənə bilmirikmi və biz onun sirlərinə
vaqif olduqca təəccüb, məftunluq, heyrət hisslərimizi
yaranış və yaşayış haqqında dərin mənalı
düşüncələr əvəz etmirmi?!" Doğrudan da, təbiətin sirlərinə
yaxından bələd olan Elçin Mehrəliyev hekayələrində
qoynunda gəzib-dolaşdığı, müşahidə
etdiyi məkanların coğrafiyasını sözlə rəsm
etmiş, Azərbaycan şəhərlərinin, kəndlərinin,
çaylarının, göllərinin, dağlarının xəritəsini
cızmışdır. Bu xəritədə hansı məkanlar
yer tapmayıb ki?- Bakı, Abşeron, Novxanı, Şabran,
Baş əmirxanlı, Qarabağ, Kəlbəcər, Ağcakənd,
Tərtər, Şuşa, Laçın, Böyük Qafqaz
sıra dağları, Murov, Kəpəz, Nənəş
dağı, Ballıqaya, Ceyrançöl, Kür, Qarabulaq, Xan
bulağı, Baş Qışlaq, Orta Qışlaq... Bunlar Elçin müəllimin təbiət hekayələrində
əksini tapan yerlərin bir qismidir.
Yazıçının çoxillik zəngin təcrübəsi,
gəzib-dolaşdığı ecazkar yerlərin
sıldırım dağları, zirvələrdən
durula-durula, saflaşa-saflaşa çağlayıb
süzülən dağ şəlalələri, buz
bulaqları, yamyaşıl ormanları, sıx meşələri,
qeyri-adi gözəllikləri
ona sehrkar təbiətin qoynunda yaşayan canlılar aləmini
öz oxucusuna bu qədər yaxından tanıtmasına stimul
verir və böyük əhəmiyyət kəsb edir. Xüsusilə də, məktəblilərin, tələbələrin
maariflənməsi baxımından belə əsərlərin
yaranması olduqca zəruri görünür. Görkəmli
alim, əsl təbiət bilicisi Qara Mustafayevin çoxsaylı
elmi tədqiqatları Azərbaycan təbiətini öyrənməkdə,
tanımaqda və sevməkdə necə rol
oynamışdırsa, bu gün
də Elçin Mehrəliyevin sənətkarlıqla
yaratdığı "Təbiət hekayətləri" həmin
missiyanı qədirşünaslıqla davam etdirir.
Yazıçı vurğunu olduğu ana təbiəti
qorumağı, duymağı və dərk etməyi hər
bir oxucusuna ünvanladığı fikirlərində də
açıqlayır: "...mənim şahidi olduğum, yaxud
daim torpaqla, təbiətlə ünsiyyətdə olmuş
yaşlı insanların dilindən eşitdiyim heyrətamiz əhvalatlar
da maraqlı olduğu qədər
düşündürücüdür. Qələmə
aldığım bu hekayətləri oxusanız, əmin
olacaqsınız ki, qanmaz, vəhşi
adlandırdığımız heyvanlar, yaxud
ağılsız, hissiyyatsız hesab etdiyimiz quşlar nəinki
öz həyatlarını davam etdirməyə qadirdirlər,
hətta bir çox nəcib və ağıllı hərəkətləri,
dərin duyum və bacarıqları ilə ibrətamiz
nümunə göstərməyi bacarırlar. Bitkilər
və ağaclarla necə gəldi, cansız əşya kimi
davranmaq yaramaz, onlara qayğı ilə yanaşmaq, onları
anlamaq vacibdir".
Yazıçı kitabın ikinci fəslini "Təbiətin
sirləri haqqında" adlandırır. Bu bölmədə
dahi şəxsiyyətlərin təbiət haqqında aforizmləri,
hikmətli deyimləri yer alır. Qədim Şaman hikmətlərindən
başlayaraq Spinoza, Höte, Balzak, Karl Yaspers, E.Paul Zehr, Albert
Eynşteyn, Cəvahirləl Nehru, Marsel Prusta, Nizami Gəncəvi,
Hüseyn Cavid, Səməd Vurğun və başqa korifeylərin
insan və təbiət, bu iki məfhumu bir-birinə bağlayan qeyri-adi güc haqqında dəyərli
kəlamlarına müraciət olunur: "Təbiət
eşqi insanın ümidlərini boşa çıxarmayan
yeganə eşqdir" (Balzak), "Təbiətin tacı
sevgidir. Ancaq sevgi yolu ilə ona yaxınlaşa bilərsiniz"
(Höte), "Təbiət insan olmadan da yaşayar, amma
insan təbiət yox olduqdan sonra yaşaya bilməz" (E.Paul
Zehr), "İnsan...təbiəti özünə təqdim
edilmiş bir nemət hesab edir, kainat dediyimiz bütün
içərisində özünü digər canlılardan
üstün tutur. Ətraf mühitdən istədiyi kimi istifadə
edir: yıxır, yox edir. Halbuki insan
övladı bu kainatda zəncirin yalnız kiçik bir hissəsidir"
(Albert Eynşteyn). Elçin Mehrəliyev
bu cür sərrast ifadələrlə, ətraf aləmə
sevgidən süslənmiş aforizmlərlə təbiətə
müdaxilənin yolverilməz olduğunu, onun hər
çiçəyini, ağacını, daşını belə
qorumağın böyük vətəndaşlıq
yanğısı, insani və mənəvi borc olduğunu bir
sənətkar həssaslığı ilə oxuculara təlqin
edir. Hətta o, Hüseyn Cavidin "Şeyx Sənan",
Səməd Vurğunun "Vaqif" dramlarından, Sergey
Yeseninin "Quşların yuxusu", Rəsul Rzanın "Sədaqət",
"Nərgiz", Məmməd Arazın "Əlvida
dağlar!", "Göygöl" və başqa əsərlərdən
seçmə nümunələr verməklə təbiətin
həmişə ədəbiyyatın əbədi və əzəli
mövzusuna çevrildiyini, onun ecazkar gözəlliyinin
toxunulmazlığını bir daha vurğulamaq istəmişdir.
Vətən
torpağının gözəlliklərini, bütün
varlığı ilə bağlandığı ana yurdun
möcüzələrlə dolu, insanı valeh edən bu
ecazkar, sehrkar aləmini tərənnüm edən
yazıçının vətən məhəbbəti də
elə gücünü, qüdrətini üzərində gəzdiyi
bu torpaqdan almışdır: "Ağcakənddən
yuxarı Murova, yaxud Kəpəzə doğru qalxdıqca
meşəli dağlar, dərələr daha da sərinləşir,
artıq Ballıqayaya, Buzluğa, yaxud Baş
Qışlağa çatanda üşüyürsən... Çiçəkli dağ döşləri,
yamyaşıl yamaclar gah göydə parlayan günəşin
gözqamaşdırıcı şüalarına, gah da dərədən
qalxan rütubətli çənə, dumana
bürünür. İstər-istəməz adamın qəlbində
əlvan naxışlı xalıya bənzəyən
yamacları gəzib-dolaşmaq, sayı-hesabı bilinməyən
rəngbərəng çiçəklərdən dəstə
bağlamaq, moruq, çiyələk, kəklikotu, qantəpər,
daşyarpızı yığmaq, sıx meşə
ağaclarının yamyaşıl yarpaqları arasında
köz kimi qızaran zoğal, rəngbərəng yemişan,
"iynəli" itburnu kollarından narıncı həmərsin,
tikanlı böyürtkən kolluqlarından qara
böyürtkən giləmeyvələri toplamaq həvəsi
oyanır". Bu cür real, canlı lövhələr
Elçin Mehrəliyevin hekayə
yaradıcılığında özünəməxsus yer
tutur və onu istedadlı bir qələm sahibi, dərin təfəkkürə
malik yazıçı kimi çağdaş Azərbaycan nəsrində
qərarlaşdırır.
Elçin
Mehrəliyev yaradıcılığının mövzu dairəsi,
problematikası, ideya zənginliyi, dili və üslubu həmişə
ədəbi tənqidin diqqət mərkəzində
olmuşdur. Bəkir Nəbiyev, Nizami Cəfərov, Camal
Mustafayev, Şamil Salmanlı, Vaqif Yusifli və başqa
görkəmli elm adamları Elçin Mehrəliyev
yaradıcılığını müxtəlif prizmadan tədqiqata
cəlb etmiş, onun çağdaş ədəbiyyatımızdakı
yerini, mövqeyini müəyyənləşdirmiş və sənət
aləmində orijinal qələm sahibi, alimliyi ilə
yazıçılığı bir arada birləşdirən
istedadlı yazıçı kimi dəyərləndirmişlər.
Dəyərli Elçin müəllim!
Uşaqlıq və gənclik illərinizin xatirələri
dolaşan, kövrək duyğularınıza məlhəm
olan, həsrətini çəkdiyiniz cənnət
Qarabağımız Sizin sevə-sevə vəsf etdiyiniz Vətən
torpağımızdan ayrı düşməsin!
Gülbəniz BABAYEVA
AMEA Nizami Gəncəvi adına
Ədəbiyyat
İnstitutu Mətbuat tarixi və
publisistika şöbəsinin
aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə
doktoru
525-ci qəzet.- 2020.- 14 fevral.- S.14.