AzTV: Azərbaycan teleməkanının 64
yaşlı avanqardı
1956-cı
il, 14 fevral, aktrisa Nəcibə Məlikovanın gülümsər siması ilə söylədiyi "Göstərir Bakı" sözləri ilə Azərbaycanda televiziya fəaliyyətə başladı.
İlk dəfə "Bəxtiyar" filmi geniş
auditoriyaya nümayiş olundu. Ölkənin həyatında
baş verən bu mədəni inqilab möcüzə kimi
qarşılandı. Bakının ən hündür
yerində yerli inşaatçıların leninqradlı həmkarları
ilə birgə inşa etdikləri telemərkəzin işə
düşməsi ilə televiziya insanların ayrılmaz
parçasına, ailə dostuna çevrildi...
64 il uzaq
bir tarix hesab edilməsə də, elmi-texniki tərəqqinin
sürətli inkişafı nəticəsində milli
televiziyamız ötən dövr ərzində geniş təşəkkül
tapıb, böyük salnamə yaradıb. Tədqiqatçılar
Azərbaycan Televiziyasının fəaliyyətini iki mərhələyə
bölür. Müstəqilliyə qədərki
və sonrakı dövrlər.
Tarixinə qısa nəzər salaq. 1957-ci ildən
Azərbaycan Televiziyası efirə həftədə 5 dəfə
çıxmağa başladı və verilişlərin
gündəlik həcmi 2 saat 20 dəqiqəyə
çatdırıldı. 1962-ci ildə
gündəlik efirə çıxan proqramların həcmi 7
saatadək artdı. 70-ci illərdən
etibarən gündəlik veriliş və proqramların
yayım həcmi 10 saat, 80-ci illərdə 18 saat oldu.
2005-ci ilin yanvarından isə televiziyamız 24 saatlıq fasiləsiz
yayıma keçdi...
Sovet dövründə televiziyamız xalqın maariflənməsində,
ictimai-siyasi fikrin dərinləşməsində, ədəbi
mühitin genişlənməsində, yaradıcı
simaların yaxından tanıdılmasında, mədəniyyətin,
incəsənətin təbliğində böyük rol
oynadı. 15 xalqın bir bayraq altında birləşən
vaxtında böyük bir imperiyanın təbliğatçısı
rolunda çıxış etdi. Sovet Azərbaycanında
televiziya ölkə həyatında baş verən
bütün yeniliklərin aydın təcəssümünə
çevrildi. Bu gün o illəri aydınlatmaq istəyənlər,
tədqiqatçılar üçün Ana Televiziyanın zəngin
filmotekasında qiymətli görüntülər, tarixi sənədli
çəkilişlər saxlanılır...
Müstəqillik
dövründə isə televiziya sırf ölkəmizin
maraqlarına uyğun nizamlandı, dövlətimizin
uğurlarına kökləndi, milli siyasətin, maddi və mənəvi
dəyərlərin təbliğində üzərinə
düşən böyük missiyanı ləyaqətlə
daşımağa çalışdı...
Müasir
dövrdə Ana Televiziyamızın texniki imkanları daha da
genişləndirildi, rəqəmsal dünyada bütün
üstünlükləri ilə öndə gedən, teleməkanlar
arasında analoqu olmayan
böyük bir quruma çevrildi. Ana
Televiziyanın inkişafında, professional kadrlarla təmin
olunmasında, onun maddi texniki bazasının möhkəmlənməsində
dövlət başçısı tərəfindən
imzalanan sənədlərin, fərman və sərəncamların
böyük əhəmiyyəti var. Teleradio siyasətinin
gerçəkləşdirilməsi, milyonlarla ayrılan vəsait
hesabına televiziyamız öz fəaliyyətini günün
tələbləri səviyyəsində qurmağa müvəffəq
oldu.
Bu gün Azərbaycan Televiziyasında (AzTV) həyat
qaynayır. Son dövr redaksiyalarda müşahidə olunan
canlanma yaradıcılıq mühitinə yeni abu-hava gətirib.
Sanki əməkdaşlar yeni ideyalar, özəl
layihələr uğrunda yarışa giriblər, əllərinə
düşən fürsətdən yararlanmaq istəyi ilə ən
baxımlı proqramların müəllifi olmaq uğrunda
mübarizə aparırlar.
Milli Televiziyanın yeni loqosu da ictimaiyyətdə maraqla
qarşılandı. Azərbaycan Televiziya və
Radio verilişləri QSC-nin sədri Rövşən Məmmədov
üçbucaq şəklində olan loqonun izahını
verdi.
1-ci bucaq:
Azərbaycan Televiziyası 64 illik zəngin tarixi
keçmişə və özünəməxsus ənənələrə,
inkişaf yoluna malikdir. Zaman dəyişsə,
yeni zövqlər və tələblər meydana gəlsə
də, biz tariximizə bağlıyıq və
atdığımız hər bir addım məhz həmin ənənələrə,
kökə söykənməlidir.
2-ci bucaq:
Auditoriya uğrunda sözün əsl mənasında gərgin
mübarizənin getdiyi müasir günümüzdə biz
zamanla ayaqlaşmalı və tamaşaçı
zövqünə cavab verməliyik. Deməli,
tarixiliklə yanaşı, müasir tələblər də əsas
götürülməli, müasirliklə ayaqlaşmalı, hətta
bəzi prinsiplər dəyişməlidir.
3-cü
bucaq: Biz gələcəyə baxırıq və əsas hədəfimiz
doğma kanalımızı yalnız Azərbaycanda deyil, MDB məkanında,
regionda və bir qədər də qabağa gedərək
dünyada aparıcı informasiya vasitələrindən birinə
çevirməkdir. Bu yolda dəstəyimiz -
müstəqil Azərbaycan dövləti və yorulmadan
çalışan böyük yaradıcı kollektivimizdir.
Beləliklə, yeni loqo özlüyündə
keçmiş dəyərlərə hörmət,
müasirlik və yeniliklə ayaqlaşma və gələcək
hədəflərə doğru inamla addımlamaq mənalarını
təcəssüm etdirir. Vətənimiz, millətimiz
üçün xeyirli olsun...
Yeni fikirlərin təlqini ilə televiziyada dərin
islahatlar başlandı. "Azərbaycantelefilm"
Yaradıcılıq Birliyi və "Sabah"
studiyasının fəaliyyəti bərpa olundu. 17 yeni studiya tikildi, daha 3 studiya üzərində
işlər sürətləndi. Televiziyada
canlı yayımlara üstünlük verildi.
Tamaşaçı ilə birbaşa əlaqə
yaratmaq, verilişlərin reytinqini öyrənmək,
baxımlı olması haqqında geniş informasiya əldə
etmək məqsədi ilə sosial şəbəkələrdə
AZTV səhifəsi yaradıldı. Proqramlar haqqında məlumatlar,
canlı verilişlər barədə qabaqcadan verilən
anonslar birbaşa efirlərdə tamaşçıların da
suallarına meydan açdı.
Ekranda
nümayiş olunan ədəbi-bədii və musiqili
verilişlərin səviyyəsini yüksəltmək, proqram və layihələrdə
aparıcıların danışıq, davranış və
geyim tərzinə diqqət yetirmək, tərtibatla
bağlı məsələləri həll etmək məqsədi
ilə bir il əvvəl, fevralın 6-da "Azərbaycan
Televiziya və Radio Verilişləri" QSC-nin nəzdində
bir qrup tanınmış mədəniyyət və incəsənət
xadiminin iştirakı ilə "Bədii Şura"
yaradıldı. Ayda iki dəfə toplaşan
şura üzvlərinə televiziya sənətkarlığının
inkişafı istiqamətində mühüm
tapşırıqlar verildi. Yeni telelayihələrin
efir məkanına buraxılmasına məsuliyyət kollegial
şəkildə bir qrup insana həvalə olundu.
Nümayiş olunan müxtəlif mövzulu proqramların
keyfiyyəti ilə bağlı "Bədii Şura"nın toplantılarında fikir mübadiləsi
aparılır, təklif və iradlar bildirilir, görüləcək
işlərdən, perspektivdə duran məsələlərdən
söhbət gedir.
Peşəkar yaradıcı heyətin
çalışdığı Ana Televiziyada müxtəlif
mövzuda zəngin proqramlar hazırlanır.
AzTV-nin
"Xəbərlər" informasiya proqramında
tamaşaçının dolğun informasiya əldə etməsi
üçün Şimali Amerika, Şimali Afrika və Ərəb
ölkələri, Türkiyənin Ankara və İstanbul
şəhərləri, həmçinin, Rusiya, Ukrayna,
Gürcüstan, Çin və Şərqi Asiya, Qərbi Avropa
ölkələri üzrə müxbir məntəqələri
fəaliyyət göstərir.
Bu gün Azərbaycan Televiziyasında ölkənin
ictimai siyasi həyatında baş verən ən mühüm
yeniliklər barədə müxtəlif diskussiyalı
verilişlər gedir. "Günün nəbzi", "Həftə",
"Planet", "Rakurs", "Parlament vaxtı"
informasiya-analitik proqramları, "Əsas məsələ"
ictimai-siyasi tok-şousu və "Milli istehsal" proqramı
"İctimai-siyasi proqramlar və xarici xəbərlər"
studiyası tərəfindən yayımlanır. Bu proqramlarda siyasi
sferada müşahidə olunan son hadisələrə münasibət
ifadə olunur. Vətəndaşların sosal
rifahının yaxşılaşdıırlması istiqamətində
dövlət tərəfindən atılan addımlardan, verilən
fərman və sərəncamlardan, günün aktual
mövzularından geniş söhbət açılır və
aydın dillə izahı verilir.
Həftə
içi hər səhər saat 07.00-dan 10:00-a kimi canlı
yayımlanan "Telesəhər" musiqi-informasiya
proqramında isə hal-hazırda "Paralel xəbər",
"Qalstuk", "Əks-təsir", "SMG" (sosial
media gündəmi), "Avto-info", "Telesportzal",
"Vitamin", "Təlimat", "Təqvim" kimi rəngarəng
rubrikalar işlənir.
Müəllif
Proqramları və Xüsusi Layihələr Departamentinin
müxtəlif sahələrə həsr olunmuş
"Gün başladı", "Kitab evi",
"Gün-ellə səyahət", "Ağ-qara",
"Sözüm var", "45 dəqiqə bizimlə",
"Tarixin izi ilə", "Balacam", "Turan",
"Ziyalı", "Təbiətlə üz-üzə",
"Texno-xəbər", "Gənclik stansiyası",
"Kulis", "Tele-afişa", "Zəmanə"
kimi verilişlərinin də xüsusi auditoriyası var.
"Maarifçilik"
redaksiyasında cəmiyyətimizdə
bilik, savad və mədəniyyəti sistemli şəkildə
təbliğ edən, estetik, etik, ictimai və bədii
ideyaları formalaşdıran verilişlər
hazırlanır. "Bağçılıq"
kütləvi proqramında 30 dəqiqə ərzində
mövsümi bağçılığın vacib problemləri
barədə maraqlı məlumatlar verilir, ayrı-ayrı
bağ və bostan bitkilərinin becərilməsi öyrədilir,
istixanaların işlədilmə texnologiyası
aydınlaşdırılır. "Azərbaycan
tarixi" verilişində tamaşaçılara Azərbaycanın
tarixinə aid müxtəlif bilgilər verilir.
"Rənglərin nəğməsi"ndə
rassamların emalatxanalarından süjetlər, "Sərbəst
söhbət"də görkəmli sənət adamları
ilə görüşlər təşkil olunur. "Kinosalnamə"də
filmlərimizin yaranma tarixi barədə məlumat verilir, sənətkarlıq
xüsusiyyətləri barədə danışılır.
"Təhsil üçbucağı"
tok-şousunda təhsillə bağlı başlıca problemlər,
əldə edilən nailiyyətlər və perspektivlər
müzakirəyə çıxarılır. "Təmas nöqtəsi"ndə gənclərin
cəmiyyətdəki yeri və rolu haqqında söhbət
açılır, onların müxtəlif yerli və beynəlxalq
tədbirlərdə iştirakı
işıqlandırılır.
"Nəsillərin
debatı" tok-şousu, "Müasir Azərbaycan gənci"
gənclər üçün əyləncəli, publisistik
proqram, "Mən azərbaycanlıyam" gənclərin
intellektual yarışması, "Sənət
ocağı" verilişi, uşaqlar üçün nəzərdə
tutulan "Uğur düsturu", "Yay
tapşırığı", "Şirin yuxular"
"Uşaq və gənclik proqramları" baş
redaksiyasının məhsullarıdır.
"Döyüşçü" proqramı və
"Vətənə xidmət" tok-şousu isə
televiziyamızın "Hərbi vətənpərvərlik"
baş redaksiyasından ekrana vəsiqə alır.
"Məclisi-üns",
"Yada düşər xatirələr", "Musiqi xəzinəsi",
"Musiqili ekran", "İrfan səması",
"Bakı gecələri" adlı verilişlərlə
yanaşı, "Azərbaycan, yurdum mənim", "Azərbaycan
Muğamı", "Musiqi dəqiqələri",
"İnstrumental musiqi" adlı konsert proqramları
"Musiqi və əyləncəli proqramlar" baş
redaksiyası tərəfindən təşkil olunur. İctimaiyyət arasında böyük nüfuz
qazanmış muğam müsabiqələri ölkə teleməkanında
ən uğurlu layihə hesab edilir.
Ədəbiyyatın,
incəsənətin, klassik və müasir
yazarlarımızın ədəbi irsinin təbliğinə
xidmət edən "Yaddaş", "Sənət cərəyanları",
"Sənətkar ömrü", "Yada düşər
xatirələr", "Sivilizasiya pillələri" kimi
daimi verilişlər "Ədəbi-dram verilişləri"
baş redaksiyasında çalışan əməkdaşlara
məxsusdur. "Hamlet tənhalığı", "Qədim
yurdun baharı", "Əbədi zirvə"
"Danışır və göstərir Bakı!",
"Tarixin yollarında", "Mətbuat fədaisi",
"Ağ işığın möcüzəsi",
"Doymadım bu dünyadan", "Bir ömrün xatirəsi"
sənədli filmləri, "Əbədiyyət silsiləsindən"
"Heydər Əliyev və Azərbaycan ədəbiyyatı",
"Heydər Əliyev və Azərbaycan mədəniyyəti",
"Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz",
M.C.Paşayevə həsr olunmuş "Böyük fikrin
karvanları" verilişləri,
"Ədəbi düşüncələr" telepritçasının
M.Kazımbəy, S.Ə.Şirvani, Ş.İ.Xətai,
M.Ş.Vazeh, X.B.Natəvan, Q.B.Zakir, Heyran
xanım, N.Hikmət, A.İldırım, Ə.Kərim və
digər görkəmli şəxsiyyətlərə həsr
olunan xüsusi buraxılışları isə gərgin əməyin
nəticəsi, özəl yaradıcılıq nümunələridir.
"Məmləkətim",
"Kinoklub", "Film haqqında film", "Sənət
haqqında düşüncələr", "Dünya kino
ulduzları", "Oskar"a gedən yol",
"Retro" və digər layihələr "Kinoproqramlar və
dublyaj" redaksiyasından təqdim olunur. "Azərbaycantelefilm"
Yaradıcılıq Birliyində isə sənədli filmlər
istehsal olunur. Burada 2019-cu ilə kimi 1500
saat həcmindən çox sənədli televiziya filmləri
işlənib. Müxtəlif janrlarda olan
bu televiziya filmlərinin əksəriyyəti kinolentə
çəkilmiş, qalan hissəsi isə videolentə
alınıb.
Azərbaycan Televiziyasının beynəlxalq əlaqələri
də genişlənir. EBU və digər nüfuzlu yayım təşkilatlarının
üzvü olmaq və CNN, “Euronews”, “Eurosport”, “Al Jazira” və
digər bir çox nüfuzlu teleyayım institutları ilə
əməkdaşlıq münasibətlərinin qurulması
istiqamətində əhəmiyətli addımlar
atılır.
Ali təhsil
bazası əsasında peşəkar teleradio mütəxəssislərinin
hazırlanması, əməkdaşların
ixtisaslarının təkmilləşdirilməsi məqsədi
ilə yaradılan
Televiziya və Radio Akademiyasında gənclərə sənətin
sirləri, televiziya sənətkarlığı geniş tədris
edilir.
İstehsal olunan bütün audiovizual məhsulların
arxivləşdirilməsi, çeşidlənərək
saxlanması və fondlaşdırılması isə proqram
direktorluğunun üzərinə düşür. Direktorluğun
videotekasında ölkənin ictimai, siyasi, mədəni və
sosial həyatını əhatə edən 40 min saatdan
artıq material var.
Dördnövbəli iş rejimində işləyən
mütəxəssislərin hesabına Proqram Direktorluğu
televiziyanın 24 saatlıq efirini verilişlərlə təmin
edir. . Azərbaycan Televiziyasının proqram
şəbəkəsində 80-dən artıq müxtəlif
janrlı orijinal proqramlar mövcuddur. Bu isə
həftə ərzində təxminən 50 saata yaxın yeni
veriliş deməkdir.
Azərbaycan Televiziyası xalqın döyünən
ürəyi, görən gözü, düşünən
beynidir. Televiziya əməkdaşları milli əqidənin
formalaşmasında, müstəqil dövlətçilik ideyalarının
genişlənməsində öz üzərinə
düşən missiyanı bundan sonra da uğurla yerinə
yetirmək, xalqa şərəflə xidmət etmək niyyətindədir.
Ana Televiziyamız ölkədə fəaliyyət
göstərən digər telekanallara fərqli
yaradıcılıq ampulası ilə örnəkdir. Düzgün danışığına, elit səviyyəsinə
və professional peşə vərdişlərinə və əsl
sənətkarlıq xüsusiyyətlərinə görə
xüsusi seçilən televiziyadır.
Bayramınız
mübarək əziz həmkarlarım, televiziya məkanlarında
çalışan yaxın dostlarım! Əqidəmizin
saflaşması naminə elə əsərlər yaradın
ki, sonda milli mənəvi dəyərlərin təbliği ilə
millətimiz qazansın, mənəviyyatımız qorunsun!..
Şəlalə
MƏHYƏDDİNQIZI
525-ci qəzet.- 2020.- 14 fevral.- S.12.