Təhsilin konseptual problemləri
Min illərdir ki, bəşəriyyət xoşbəxt gələcəyə
doğru yol gedir. Bu yolda təhsil müstəsna əhəmiyyət
daşıyır. Ağı qaradan,
doğrunu yalandan, yaxşını pisdən, dostu düşməndən,
xeyri şərdən ayırmaq üçün təhsil əvəzsiz
vasitədir. Təhsilin bu unikal keyfiyyəti
bir çox dövlətlər üçün dərk
olunmuş həqiqətdir. Bu səbəbdən
də bu ölkələrdə təhsilin bütün xərclərini
dövlət öz üzərinə götürür. Sadə dillə desək, belə dövlətlərdə
təhsil "pulsuzdur".
İtirdiyimiz torpaqlarda qurulmuş qonşu dövlətlər
tərəfindən ölkəmiz 100 ildir ki, təcavüzə
məruz qalır. Təhsilsizlik səbəbindən
davamlı torpaqlar itiririk, gücsüzləşirik. Bizi bu vəziyyətdən ancaq və ancaq təhsil
çıxara bilər. Təhsil nəinki
bilik öyrədir, ötürür, həm də
düşüncəni kamilləşdirir.
Müxtəlif sahələrdə gənclərimizin
qazandıqları uğurlar göstərir ki, Allah bizim də
başımıza kifayət qədər ağıl qoyubdur. Biz
ağlımızdan və təhsilin imkanlarından düz
istifadə edə bilsək, bu çətin vəziyyətdən
çıxa bilərik. Böyük Hüseyn Cavid
demişkən: təhsildə ilahi güc var. Adətən təhsildən məqsəd kimi istifadə
edirik, ancaq ondan vasitə kimi istifadə etmək olar.
Məqsədimiz gənc nəsili təhsilli etməkdir. Ancaq təhsil
subyektlərinin qüsurları keyfiyyəti artımağa
imkan vermir. Üstəlik, təhsilin
inzibati, iqtisadi və hüquqi bazasının kəsirlərinin
də təsiri var. Bu qüsurlarla mübarizə ciddi
aparılmır, sanki təhsil "yola" verilir.
Millət olaraq əgər məqsədimiz Qarabağ
daxil itirilmiş torpaqları qaytarmaqdırsa, onda biz təhsilə
baxışımızı dəyişməlik. Ona milli
problemimizi həll etmək üçün unikal potensiallı
vasitə kimi baxmalıyıq. Bu halda əsas
məqsədimizə çatmaq üçün təhsildə
keyfiyyət problemləri hökmən öz həllini
tapmalıdır. İllər öncə söyləmişdim:
"İnsanlar düzgün qərarlar qəbul etməklə
şəxsiyyətə, dövlətlər düzgün qərarlar
qəbul etməklə güclü dövlətə
çevrilirlər".
Deməli, bizim üçün təhsilin məqsədi
gənclərə düzgün qərarlar qəbul etməyi
öyrətmək olmalıdır. Belə olan halda
biz təhsilə məqsəd kimi yox, vasitə kimi
baxmalıyıq.
Düzgün
qərarın mahiyyətini başa düşmək
üçün qərarın xətası ( Q) adlı yeni anlayış qəbul
edək. Qərarın xətası deyəndə mütləq
düz qərar ilə, fərdin qəbul etdiyi qərarın fərqi
başa düşülür:
Q = Qi -
Qf (1)
Burada, Qi -mütləq düz, başqa sözlə,
ilahi qərar, Qf - isə fərdin qəbul
etdiyi cari qərarıdır. Aydındır
ki, qərarın xətası azaldıqca təhsildə
keyfiyyət artacaq. Bu səbəbdən
Allahın xoşuna gələn qərar mütləq düz qərardır. Peyğəmbərin qəbul etdiyi qərarların səhvi
azdır. Kamil insanlar cahil insanlarla
müqayisədə daha düzgün qərarlar qəbul edirlər. Deməli, qərarların xətası təhsilin
keyfiyyətindən asılıdır. Keyfiyyəti artırdıqca daha düzgün qərar
qəbul etmək mümkündür. Düzgün
kadr təyinatlarının sirri də
burdadır.
Təhsil
trayektoriyası
Təhsil trayektoriyasının əsas parçası
şəkildə göstərilmişdir. Bu
parça üzərində dəyər yaradan 5 nöqtə
ulduzlar ilə işarə edilmişdir. Bu nöqtələrdə dövlətin xərclədiyi
pul kamal attestatı, diplomlar və alimlik sənədlərində
dəyərə çevrilir. Qəbul
imtahanlarının yaratdığı dəyər tələbə
biletidir.
Ali məktəbin bakalavr pilləsinə qədər təhsil
trayektoriyası düz xətlidir. Magistr səviyyəsidə
bu düz xətt davam edə də bilər, sına da bilər. Bu yeni təhsil sisteminin üstün cəhətidir. Sınmanın fəlsəfəsini başa
düşməyə, üstünlüyünü dərk etməyə
cəhd etmək lazımdır.
Məlumdur ki, bütün təmiz elmlərin (pure
science) tədqiqat obyekləri dalana yaxınlaşır. Fizika elmi
nümünəsində deyə bilərəm ki, fiziklər təbiətin
tərkib hissəsi olan qazlarda, mayelərdə, bərk cisimlərdə
gedən prosesləri mükəmməl öyrəniblər. Beləliklə, tədqiqat obyekti tədricən
tükənir. Ancaq fənlər
arasında öyrənilməsi zəruru olan tədqiqat obyektləri
çoxdur. Belə sahələr fizika ilə
riyaziyyatın, fizika ilə kimiyanın, fizika ilə
iqtisadiyyatın, kimya ilə biologiyanın, tarix ilə
coğrafiyyanın və s. sərhədlərində
vardır.
Riyaziyatçının gələcəkdə daha
mükəmməl alim olması üçün ona şərait
yaradılmalıdır ki, magistraturada fizikanı öyrənə
bilsin. Beləliklə,
kimyaçı magistraturada biologiyanı öyrənməkə
həm yaxşı bioloq, həm də yaxşı
kimyaçı ola bilər. Beləliklə, təhsil trayektoriyasının
sınmasında böyük hikmət vardır. Biz buna maneə törətməməliyik, əksinə,
zəruri hüquqi baza yaratmalıyıq.
Təhsildə
problemlər
Təhsildə görünən və görünməz
problemlər saymaqla bitməz. Keyfiyyəti aşağı
salan əsas problemlərin bir neçəsini sadalayaq:
1. Orta məktəbin
yuxarı siniflərində demək olar ki, dərslər qənaətbəxş
deyil. Repetitorluq getdikcə genişlənir.
2. Ali məktəblərin
diplomlarının keyfiyyətindən cəmiyyət razı
deyil.
3. TEST nəticələrinə
görə məzunların orta statistik balı illərdir
ki, təqribən 300 bal ətrafındadır. İllər keçir, ancaq təhsildə irəliləmə
hərəkətı yoxdur, fırlanma hərəkəti var.
Bu problemlərin varlığı onu göstərir ki, təhsil
bizim üçün hələ dərk olunmamış həqiqətdir.
Təhsil
keçmişdə və bu gün
Sovet dönəmində ölkəmizin orta təhsil
sistemi çox güclü idi. Ali məktəblərimiz
də zəif deyidi. Ancaq bu gün belə
deyil. Səbəbini anlamaq
üçün bugünkü təhsil ilə sovet təhsilini
müqayisə etmək lazımdır.
Sovet Təhsili. Sovetlər zamanında təhsil dövlətin
monopoliyasında idi. Təhsil mükəmməl
struktura malik idi. Qanunlar dəyişməz
və stabil idi. Təhsilin bütün
ehtiyaclarını dövlət təmin edirdi. Müəllim cəmiyyətin hörmətli
üzvü idi. Dövlətin təyinat,
təqaüd və yataqxana öhdəliyi var idi. Pedaqoji və sağlamlıq normalarına dövlət
nəzarət edirdi. Gənclərin üçdə
biri ali məktəblərdə
oxuyurdular. Ali məktəblərə
seçim ciddi aparılırdı. Fənlər
ciddi tədris olunurdu, repetitorluğa ehtiyac yox idi.
Təhsil sferası iki subyektli (öyrədən və
öyrənən) sadə sistem idi. Ali məktəblərin çıxışında da
dövlət imtahanları ciddi aparılırdı. Diplomun dəyəri yüksək idi. Təhsil müqəddəs sahə
sayılırdı. Bununla bağlı bir haşiyə
çıxmaq istəyirəm:
Haşiyə. Prof. N.Qocayev söyləyir: Azərbaycan Dövlət
Universitetinin rektoru Mehdi Əliyevin yanında idim. Dövlət telefonu zəng vurdu. Danışan AKP MK katibi Cəfər Cəfərov
idi. Cəfər müəllim dostcasına Mehdi
müəllimə dedi ki, bir uşaq qəbul imtahanlarından
17 bal toplayıb, onu universitetə
qəbul et. Mehdi müəllim: Cəfər (onlar dost idilər)
stolumun üstində 18 balla konkursa düşən uşaq
var. Onu qoyub 17 balı olanı necə
qəbul edim? Cəfər müəllim: onu mən, MK-nın
katibi deyir. Mehdi müəllim dedi: Cəfər 5-10 ildən
sonra nə mən burda olacam, nə sən orda. Gələcəkdə
bu günaha görə bizi bağışlayarlarmı
?
Ancaq 1960-cı illərdən təhsil maşını
laxlamağa başladı. Keçən əsrin
80-cı illərində Moskva Aviasiya Akademiyasının
rektoru, yaxından tanıdığım akademik Y.A.Rıjov
çıxışlarının birində gileyli şəkildə
qeyd etdi ki, biz mühəndis yox, onun müqəvvasını
hazırlayırıq.
Yeni Təhsil. Hal-hazırda təhsil dövlətin
monopoliyasında deyil. Özəl məktəblər
də mövcuddur. İnkişaf etməkdə
olan ölkələrin çoxunda təhsilə biznes sahəsi
kimi baxırlar. Dövlət təhsilə
sosial sahə kimi baxır və gənclərin təhsil
almasına kömək göstərir, dəstək verir, ancaq
özünün əsas məsələsi saymır. Hesab edilir ki, övladına təhsil vermək
valideynin borcudur.
Təhsil sistemi maraqlar arasında parçalanıb və
ən azı üç (öyrədən, öyrənən
və DİM, özəl qurumlar) subyektli sistemə
çevrilib. DİM üçüncü subyekt kimi
çıxış edir və təhsl sistemini mürəkkəbləşdirir. Bu səbəbdən də çox vaxt TN və
DİM-in maraqları üst-üstə düşmür. Ali məktəblərə tələbə qəbulu
mərkəzləşmiş şəkildə TEST ilə
aparılır. Repetitorluq təhsil
sistemini iflic edib. Ali məktəbin
girişində nəzarət ciddi,
çıxışında yumşaqdır. Təyinat yoxdur. Təhsilə
qazanc yeri kimi baxan məmurlar da var. Təhsildə mənəvi
mühit pozulubdur.
İmtahan
Klassik üsul. Müqəddəs Qurani Kərimdə ayə var:
"Heç bilənlə bilməz bir olarmı?" Bu ayənin işığında təhsilə
baxsaq, bu nəticəyə gələrik ki, təhsildə
imtahan vacib prosedurdur. Klassik üsulla
100-lərlə və ya 1000-lərlə abituriyenti imtahan edib
biləni bilməzdə ayırmaq mümkündür. Ancaq
on minlərlə və daha çox gənci imtahan etmək
üçün bu üsul iki səbəbdən əl
vermir:
a) çox zaman tələb edir;
b) çox xərc tələb edir.
TEST
üsulu. TEST üsulu klassik üsulun qüsurları səbəbindən
tətbiq edilir və aşağıdakı
üstünlüklərə malikdir:
a) operativdir;
b) iqtisadi cəhətdən səmərəlidir.
Qeyd etmək lazımdır ki, 1960-cı illərdən
qabaq qəbul imtahanlarında obyektivlik çox yüksək
olub. İnsan faktoru yox idi. Ancaq
2003-cü ilin qəbul imtahanları TEST-in obyektivliyini sual
altına aldı. İnsan faktoru öz
işini TEST-də gördü.
Azərbaycanda
TEST
Qeyd edildiyi kimi, TEST mütərəqqi metoddur. Bu səbəbdən
dünyada ondan geniş istifadə edirlər. TEST
öz məqsədinə qulluq edəndə gözəldir,
ancaq çevik və iqtisadi cəhətdən sərfəli
omayanda əhəmiyyətini itirir. Məntiqlə, TN-nin sifarişi əsasında DİM gəncləri
TEST-dən keçirməli və nəticələr həmən
gün bəyan edilməlidir (Bu praktika Qazaxıstanda tətbiq
olunur). Abituriyentlər liberal dəyərlərə
uyğun olaraq TEST nəticələri əsasında
ixtisasları özləri seçməlidirlər.
Ölkəmizdə
TEST-in özünəməxsusi cəhətləri var. Belə
ki, ali məktəblərin
girişində ondan monopol istifadə edilir, ancaq
çıxışında isə istifadə edilmir. Nəticədə repetitorluq baş alıb gedir,
diplomların keyfiyyəti isə çox
aşağıdır. Amma girişdə
qəbulu yumşaq, çıxışda isə dövlət
imtahanları sərt TEST ilə aparılsa, milli əhəmiyyətli
böyük nəticələrə nail olmaq olar. Dərsliklərdə olmayan, əhəmiyyətsiz
suallardan istifadə etməkdən imtina edilməlidir. Nəticədə, əvvala, repetitorluq sıradan
çıxar, ikincisi də diplomların keyfiyyəti yüksələr. Bu xırda taktiki gedişat, böyük strateji əhəmiyyət
kəsb edir. Müşahidələr
göstərir ki, optimist ruhlu abituriyentlər çətin
TEST-dən keçib yumşaq universitet mühitinə
düşəndə pessimistləşirlər. Yaxşı ki, SABAH qrupları
ideyası tətbiq edildi, talantlı gənclər
üçün optimist mühit qorundu.
Ustadların
nəsihəti
Müsəlman dünyasından dəqiq elm sahəsində
3 nəfər Nobel mükafatı alıb. Onlar da
İslam dünyasında elmin və təhsilin geri qalma səbəbləri
haqqda daim düşünüblər.
Nobelçi Abdüs Salam hesab edirdi ki, istedadlı gənclərın
itib-batmaması üçün onların elmi və texniki təhsil
almalarını təşviq etmək lazımdır.
Digər
nobelçi Əhməd Zevayıla görə: "Ölkə
iqtisadiyyatının dirçəltmək üçün
texniki məktəblərin həm sayı, həm də
nüfuzu artırılmalıdır".
Üçüncü
nobelçimiz Əziz Sancar (2015) 2019-cu
ilin oktyabr ayında Özbəkistanda olanda Türk
dünyasının elmə çox ehtiyacı olduğunu
söylədi.
Müsəlman universitetlərinin heç birində
nobelçi alim mühazirə oxumur. Dövlət rəhbərləri
bunun fərqinə varmalıdırlar. Alimləri
məmurlardan fərqləndirməyi bacarmaq lazımdır. Fərqinə varmalıyıq ki, himayədarlıq
edib əsl alimin yerinə kvazialimi oturtmaqla geri qalmanı
stimullaşdırırıq.
Bizim gənclərə öz "nobelçilərimiz"
mühazirələr oxumalıdırlar. Gənclərimizə
stimul verməliyik. Bu yolla talantlı gənclərin
xaricə getməsinin qarşısını almaq olar. Əks halda onları öz əlimizlə Qərbə
ərmağan edirik. Bunun da fərqinə
varmaq lazımdır.
Gənclərin
biliyə görə paylanması
Gənclər
biliyə və ya İQ görə normal Qauss paylanmasına tabedir və
intellektual səviyyələri çox müxtəlifdir. İfrat talantlı, talantlı və orta səviyyəli
gənclərlə bərabər, talantsız və gerizəkalı
gənclərimiz də var.
Etiraf etməliyik
ki, talantlı və valideynləri imkanlı gənclər ali təhsil almaq üçün xaricə
üz tuturlar. Onların çoxu geri
qayıtmır, bizim üçün onlar itirilmiş gənclikdir. Gerizəkalıların
və çox zəif biliklilərin isə ali məktəblərdə
təhsil almasına ehtiyac yoxdur. Beləliklə, bizim ali təhsil verə biləcəyimiz
potensial, gəncliyimizin təqribən 70%-ni təşkil edir.
Hal-hazırda gənclərimizin 49%-i subbakalavr və
bakalavr təhsili alırlar. Çox sevindiricidir ki, bu
göstərici on il öncədəkindən
təqribən üç dəfə çoxdur. Məqsədimiz bu göstəricini 60%-ə
çatdırmaq olmalıdır. TEST balı aşağı, amma intuisiyası
güclü olan riyazi təfəkkürlü gənclər
üçün ali təhsil əl çatan
olmalıdır. Onlar universitetlərdən kənarda
qalmamalıdırlar. Bu, milli maraqlara
ziddir.
Dövlət
talantlı gənclərin universitetlərdə kənarda qalmamasına yol verməməlidir.
Repetitorluq
Orta məktəblərdə bu gün əsas problem
repetitorluqdur. Bu
fenomen təhsildə çoxlu fəsadlar törədir:
* repetitorluq fərdin təhsilidir, 1920-ci ildən
qabaqkı təhsildir, cəmiyyətin inkişafına mənfi
təsir edir;
* repetitorluq dövlətin təhsil siyasətini
aparmağa əngəldir;
* repetitorluq orta məktəblərin
yuxarı siniflərini iflic edir,
* repetitorluq tərbiyəyə və vətənpərvərliyə
imkan vermir;
* repetitorluq biliyin mənimsəməsinə
yox, əzbərçiliyə xidmət edir;
* bu imkandan istifadə edə bilməyən
valideynlər dövlətdən narazı qalırlar;
* repetitorluq şəhər nəqliyyatında
tıxac yaranmasına səbəblərdən biridir;
* repetitorluq təhsil sistemini böyük bir
rüşvət və korrupsiya şəbəkəsinə
çevirir. Kölgə
iqtisadiyyatını alovlandırır.
Bir çox mütəxəsislər hesab edirlər ki,
repetitorluğun yaranmasının əsas səbəbi
qüsurlu TEST suallarıdır. TEST imtahanlarının ruhu
dövrün tələbinə uyğun gəlmir. Gənclərimizin millətin gələcəyi
olduğunu unudulur. Nə qədər gənclərimiz
təhsilli olsa, dövlətimiz bir o qədər qüdrətli
olar. Biz gənclərin təhsil
almasına maneçilik törətməməliyik, şərait
yaratmalıyıq. Onları universitetlərdən
kənarda saxlamağa çalışmamalıyıq. Elə TEST sualları var ki, onu hətta müəllimlər
də çətinliklə cavablandıra bilirlər. Belə duyğusuz öhdəlik sovet dönəmində
olub, indi buna ehtiyac yoxdur. TEST-lər sərtləşdikcə
repetitorluq artar, sadələşdirdikcə azalar. Sualları
elə tərtib etmək olar ki, qəbul zamanı bir nəfər
də belə 700 bal toplamasın. Ancaq elə də tutmaq olar ki, "700
ballılar" yüzlərlə olsunlar. TEST balı biliyi birqiymətli əks etdirmir,
insan faktorundan asılıdır. "Açıq test",
"qapalı test", "bunker müəllimlər", qəbulun
etaplarla keçirilməsi, aylarla uzanması və bunun kimi
odioz addımlara ehtiyac yoxdur.
Təhsilin
məzmunu
Təhsilin yaşı Misir pramidalarının
yaşından çoxdur. Türk dilində
egitim (təhsil) sözü əymək mənasını
verir. İngilis dilində education (təhsil)
sözü "içəridən xaricə atmaq" mənasına
gəlir. Deməli, təhsil vasitəsi
ilə insanı dindar və ya ateist etmək olar. İnsanın daxilindəki potensialı təhsil
vasitəsi ilə çölə çıxarmaq olar. Hər şey təhsilin məzmunundan
asılıdır.
Təhsil insan oğlunu cahillikdən kamilliyə aparan
vasitədir. Düşüncəmə
görə, kamilliyin ölçü vahidi olaraq ictimai mənəfenin
şəxsi mənafeyə nisbətini götürmək
olar:
K = İctimai Mənafe : Şəxsi Mənafe (2)
Təhsil proqramları elə tutulmalı, dərsliklər
elə yazılmalıdır ki, düstur (2) - də kəsrin
sürəti məxrəcindən qat-qat çox olsun. Bu zaman
kamil gənclər yetişdirmək mümkündür. Deməli, vətənpərvərliyin açarı
təhsilin məzmununda gizlədilibdir. Onu tapmağı bacarmaq lazımdır.
Hərbçilərin
bir termini var: "distiplina". Bu anlayış: "hər
hansı bir kollektivin bütün üzvləri
üçün məcburi olan nizam-intizama tabe olmaq" - mənasına
gəlir. Bu anlayışdan təhsil
sistemində "fənn" mənasında istifadə edilir. Amma "distiplina" anlayışının daha dərin
mənası var. "Distiplina" o fəndir ki, onu
bütün şagirdlər bilməlidir. Misal üçün, xarici dil, riyaziyyat kimi fənlər
hamı üçün distiplinadır. Bu yerdə
nobelçi alim John Nashın bir fikrini yada salmaq istəyirəm:
"riyaziyyatı yaxşı bilməyən toplumlarda ədalət olmaz". Diqqət
verin, cəmiyyət üçün riyaziyyat nə qədər
böyük əhəmiyyət kəsb edir. Xarici dil
kimi riyaziyyat da gələcəkdə hər kəsə
lazım ola bilən fəndir ki,
orta məktəblərdə öyrədilməlidir.
İnsanlar kamil olarsa, daha düzgün, cahil olarsa, səhv
qərarlar qəbul edirlər. Düstur (2) - dən
görünür ki, insanın kamilliyi (düzgün qərarlar
qəbul etməsi) bu mənafelərin nisbətindən
asılıdır. Yaxın tariximizə
nəzər salaq. Təhsilin məzmunu
qüsurlu olduğundan bizim kamillik səviyyəmiz arzu olunandan
azdır. Uşaqların kiçik toylarında kirvənin
sağlığına sərxoş olana qədər
içiriksə, Novruz bayramında papağımızı
qapılara atırıqsa və ya bizi ermənilərə
satan general Qasım Süleymaniyə yas mərasimi
saxlayırıqsa, biz nə qədər
kamilik? Düşüncəmiz kütləşibdir,
kamilləşmək lazımdır. Bunun
üçün təhsilin məzmunu koordinal dəyişməli,
mükəmməl dərsliklər yazılmalıdır.
Tez-tez
eşitdiyimiz çox zərərli və qorxulu bir misalda
deyilir: "el üçün ağlayan göz kor
olar". Aydındır ki, bu misal
düşmənlər tərəfindən bizim
şüurumuza yerləşdirilib və vətənpərvərliyə
tam ziddir. Bu misal dövlətçiliyi
yox, antidövlətçiliyi təbliğ edir.
Biliyin
qiymətləndirilməsi
Təhsil sistemində çox təəssüf ki,
biliyin qiymətləndirilməsinin vahidlik prinsipi pozulub. Sistemdə 5, 9, 10, 100 və
700 ballıq şkalalardan istifadə edilir. İnanmıram ki,
hansısa digər bir dövlətdə belə pərakəndəlik ola. 5 ballı şkala dərk ediləndi və
hər balın valideyin düşüncəsində aydın yeri var. Misal üçün,
şagird 4 alıbsa, valideyin onun yaxşı oxuduğunu
aydın başa düşür. Ancaq 483
balın valideynin düşüncəsində yeri aydın
deyil. Beləliklə, valideynlərin
uşaq üzərində nəzarəti zəifləyir. Nəticədə təhsil prosesi nəzərətdən
çıxır.
Formula (2) - dən istifadə edərək
biliyi qiymətləndirmək üçün daha dəqiq,
yeni şkalası düzəltmək mümkündür. Bunun üçün fənnin mənimsənilən
hissəsini (Lb) kəsrin sürətində, mənimsənilməyən
hissəsini isə (Lm) məxrəcdə yazmaq lazımdır. Belə olan halda bildiyimizin bilmədiyimizə olan nisbətindən
yeni meyar kimi istifadə etmək olar. Bu meyarı
kamillik əmsalı
adlandıraq:
K = Lb :
Lm (2)
Ancaq min
illərdi ki, qiymətləndirmədə bildiyimizin (Lb)
bilməli olduğumuza (L0 = Lb +
Lm) nisbətindən meyar kimi istifadə edilir. Bunu
klasik
meyar
adlandıraq. Əgər klassik meyar 0 ilə 1 arasında dəyişirsə,
yeni meyar 0 ilə sonsuzluq arasında dəyişir. Bu isə onun qat-qat üstünlüyünu göstərir.
Direktorlarin
seçimi
Təhsil prosesində direktorlar müstəsna əhəmiyyət
kəsb edir. Müharibə zamanı cəbhə komandiri hansı
rol oynayırsa, dinc dövrdə də məktəb
direktorları həmin rolu oynayır. Elə
direktorlarımız var ki, özünü məktəbə
qurban verir, ancaq elə direktorlar da var ki, məktəbi
özünü qurban verir.
İdarəetmədə ancaq özünü məktəbə
qurban verənlərdən istifadə etmək lazımdır. Tədrisdə
isə məktəbi özünə qurban verənlərdən
istifadə etmək olar. Bunların yeri
səhv düşəndə müsibət başlayır. Məktəbi özünə qurban verənlərdən
direktor kimi istifadə edilərsə, təhsil düzəlməz. Keçən il 162 nömrəli məktəbdə
ölümlə nəticələnən hadisə baş
verdi. Hamı direktoru müdafiə etdi. Məktəb gözdən düşdü. Belə yanaşma yolverilməzdir. Müvəqqətini (direktoru) yox, daimini (məktəbi)
qorumaq lazım idi.
Özünü məktəbə qurban verənləri,
müəllim kütləsindən seçmək
üçün iddiaçıları psixoloji testlərdən
keçirmək kifayətdir. Məktəb
direktorlarını ictimai mənafe
daşıyıcılarının içərisindən
seçməyin hikməti böyükdür. Bu
yanaşma ali məktəb
rektorlarının seçimi üçün də
doğrudur. Məktəbdə mənəvi
mühitin təminatçısı direktordur.
Təhsilə
baxış dəyişməlidir
Pakistanın
keçmiş iqtisadiyyat naziri Məhbub ül Həqqi illər
öncə hökümət qarşısında hesabatını
belə bir cümlə ilə bitirir: "Bizim dövlətin
qarşısında üç problem durur: 1-ci problemimiz təhsildir;
2-ci problemimiz də təhsildir; bir az fasilədən
sonra deyir ki, 3-cü problemimiz də təhsildir". Bununla Məhbub
ül Həqqi hökümətin bir
nömrəli vəzifəsi təhsil olduğunu
vurğulamışdır.
30 ildən sonra bu fikri Rusiyanın sabiq İqtisadi
inkişaf və ticarət naziri, hazırda
"Sberbank"ın direktoru olan German Qrefə (15.01.20) təkrar
edir. Onun fikrincə, ölkənin birinci naziri maliyyə və
iqtisadiyyat naziri deyil, təhsil naziridir. Mənim illər öncə dediyimi G.Qrefə daha
qısa formada, daha geniş auditoriyada diqqətə
çatdırıb.
Bu yaxınlarda Finlandiyanın xanım prezidenti bəyan
etdi ki, inkişafın üç açar faktoru kimi təhsil,
təhsil və yenə də təhsil çıxış
edir.
Bizdə təhsilə sosial yox, daha ciddi təhlükəsizlik
sahəsinin tərkibi kimi baxılmasına ehtiyac
böyükdür. Təhsil həlli çətin
problemləri həll etmək missiyasını
daşımalıdır. Başqa
sözlə, biz təhsilə məqsəd yox, vasitə kimi
baxmalıyıq. Gənclərə
keyfiyyətli təhsil vermək dövlətin əsas vəzifəsi
olmalıdır. Qarabağ probleminin həllində Təhsil
nazirliyinin rolu Müdafiə nazirliyinin rolundan az deyil. Bu gəlişi
gözəl söz deyil, çətin başa
düşülən həqiqətdir. Eşitdiyimə görə, Yaponiyada təhsil nazirliyi
güc nazirliyi sayılır. Məktəbdən
yayınmaq, təqribən səngərdən yayınmaq kimi
ciddi qiymətləndirilməlidir.
Helsinki
universitetində tədqiqat aparanda Finlandiya təhsili ilə
qismən tanış oldum. Finlandiyada təhsil pulsuzdur. Yemək,
ekskursiyalar, təhsilə aid hər şey pulsuzdur. Hər şey dövlət tərəfindən
ödənilir. Bu ölkədə hesab edirlər ki,
bulka sexi özəl ola bilər,
ancaq məktəb dövlətin olmalıdır. Bu
dünyagörüş fin cəmiyyətini dünyada birinci
edib.
Bizim də
təhsilə baxışımız təqribən fin modelinə
bənzər olmalıdır. Gənclərə
keyfiyyətli təhsilin verilməsini dövlət öz
monopoliyasında saxlamalıdır. Dövlət kiminsə övladını yox,
özünün layiqli vətəndaşını
yetişdirməlidir. Belə olan halda bu
gün məişətdə müşahidə olunan
biabırçılıqlar baş verməz. Xalq yazıçısı Çingiz Abdullayevin təhsillə
bağlı fikirlərini eşitmək lazımdır. Heç kəs təhsilə gəlir gətirən
sahə kimi baxmamalıdır, hər kəs təhsilə
müqəddəs sahə kimi baxmalıdır.
YENİ
TƏHSİL KONSEPSİYASININ ƏSAS MÜDDALARI
Təhsil
sistemində gedən prosesləri təhlil edərək
aşağıdakı müddəaları
formalaşdırmaqmümkündür:
1. Təhsilin
məqsədi düzgün qərar qəbul etmək
bacarığını gənclərə öyrətmək
olmalıdır. Bu məqsədə nail olmaq üçün
təhsilə məqsəd kimi yox, vasitə kimi baxmaq
lazımdır.
2. Təhsilin
məzmunu elə mükəmməl olmalıdır ki,
özünü yox, milləti sevən gənclər yetişdirmək
mümkün olsun. Təhsil kamil vətəndaş
yetişdirməlidir. Vətənpərvərliyin
açarı təhsilin məzmunundadır. Öz tarixini bilməyən gəncdən vətənpərvər
olmaz.
3. Təhsil
subyektləri. Sovet dönəmində təhsil
iki subyektli sadə sistem olub. İndiki
dövrdə təhsil ən azı üç subyektli mürəkkəb
sistemə çevrilib. Sistemlər nəzəriyyəsinə
görə, sistemin elementlərinin sayı artdıqca idarəetmə
çətinləşir. Bütün
üçüncü subyektlər (həttda valideynlərin
belə) təhsilə müdaxiləsi yolverilməzdir.
4. Məktəblərin
forma və məzmunca eyniliyini, bərabərliyini
mümkün qədər təmin etmək
lazımdır. Belə olan halda heç kəs
evinin yanındakı məktəbi qoyub, uşağını
maşınla uzaq məktəblərə aparmaz.
5.
Direktorların təyinatı. Müharibə
zamanı cəbhə komandirləri hansı məsuliyyəti
daşıyırsa, sülh dövründə də məktəb
direktorları həmin məsuliyyəti
daşımalıdırlar. Məktəb
direktorlarını ictimai mənafe
daşıyıcıları içərisindən
seçilməlidir. Direktorlar nümunəvi
əxlaq sahibi olmalıdır ki, məktəb müqəddəs
yer sayılsın.
6.
Repetitorluq. Repetitorluğa son qoymaq niyyəti
ilə universitetlərin girişində testi yumşaldıb, gəncləri
küçələrdən akademik mühitə gətirmək
lazımdır. Universitetlərin
çıxışında isə sərt TEST imtahanları
keçirməyə ehtiyac böyükdür. Başqa sözlə, universitetlər giriş
qapılarını gen, çıxış
qapılarını dar açmalıdırlar.
7. Qəbul
imtahanlarınin əhəmiyyətini qaldırmaq (və ya
endirmək) təhsil siyasətinin məsələsidir. Sovet dönəmidə ciddi imtahana ehtiyac var idi. İndiki dönəmdə ciddi imtahanlara ehtiyac
yoxdur. Çünki indi soyuq müharibə
dövrü deyil, biz kosmonavt hazırlamırıq, işə
təyinat yoxdur.
8. Ali təhsillə əhatə. Talantlı və riyazi təfəkkürlü gənclərin heç biri ali məktəblərdən kənarda qalmamalıdır. Dövlət gənclərin təhsil almasına qucaq açmalıdır. Gənclərin ali təhsillə əhatə əmsalını 60% qaldırmaq üçün, bir tərəfdən qəbul yerlərini artırmaq, digər tərəfdən TEST-i sadələşdirmək lazımdır. Abituriyentlərə seçim azadlığı verilməlidir.
9.
İslam dünyası nobelçilərinin arzularını nəzərə
alaraq, fundamental elmi və texniki ixtisaslara qəbul yerlərini
artırmaq lazımdır. Başqa sözlə, maddi dəyər
yarada bilən ixtisaslara üstünlük verilməlidir.
Texniki təffəkkürü və icad etməni
stimullaşdırmalıyıq.
10.
Yataqxanasız universitet çolaq insana bənzəyir. Yataqxana təminatı vacibdir və gəncləri
sosiallaşdıran mühitdir. Yataqxana
şəraitində gəncləri daha asan tərbiyə və
sosiallaşdırmaq mümkündür. Milli birliyin, vətənpərvərliyin toxumları
yataqxanada əkilir. Özəl şirkətləri
üçüncü subyekt kimi yataqxana inşasına cəlb
edilməsi arzu olunan deyil.
11. Xaricdə
təhsil. Əminliklə demək olar ki, biz
bütün ixtisaslar üzrə bakalavr və çox
ixtisaslar üzrə magistr səviyyəsində keyfiyyətli
təhsil verə bilirik. Bu səbəbdən
xaricdə təhsil almağa doktorantları göndərmək
lazımdır. Doktorantlar geriyə
dönəndə özü ilə həm də yeni elmi
istiqamət gətirəcəklər.
Sonda qeyd edim ki, inkişaf etməkdə olan ölkələr
sırasıdan inkişaf etmiş ölkələr
sırasına qalxmaq üçün təhsilə
baxış dəyişməlidir. Təhsil ancaq
dövlətin monopoliyasında olmalıdır. Ölkənin birinci naziri iqtisadiyyat və ya maliyyə
naziri yox, təhsil naziri olmalıdır.
Şahlar
ƏSGƏROV,
Professor,
Əməkdar elm xadimi,
Təhsi
Nazirliyi yanında İctimai Şuranın sədri
525-ci qəzet.- 2020.- 1 fevral.- S.8-9;11.