yaralı yurdum...

 

Azərbaycanın ürəyinin

Qarabağ yerindən vurdular...

əliyalın insanların üstünə yeridi

diplomatlar, ordular...

 

qan gördükcə, göz yaşı gördükcə

nəşələndilər, qudurdular.

 

Qarabağı Azərbaycanın

canından ayıranlar,

bu candan axan qanları

            çaqqal tək yalayanlar

yerin-göyün, nizamın

qəzəbini unutdular!

Allahı unutdular...

 

hələ yaralısan, yurdum...

hələ qan qarışıq göz yaşların

qəlbimizi yandırır

                            udum-udum...

hələ ömrüm, hələ qəlbim

didim-didim...

 

vətənim!

məsud günlərinin uğrunda

ömrümü qurban dedim!

 

Naxçıvan

 

Yaradanın bir ilahi şöləsi,

Tarixlərə şahiddir hər guşəsi,

Türk elinin qədim, ulu ölkəsi,

Yerlə göyün ilqarıdı Naxçıvan.

 

Yaşıl, yalçın dağlar durub yan-yana,

Müqəddəs yerləri bəlli cahana.

Dahi insanları gəlməz ki sana

Bu dünyanın vüqarıdı Naxçıvan.

 

Övladları layiqdi öz yurduna,

Uğurları sığmaz şeir, dastana.

Düşməni məhv edər, kəc baxsa ona,

Vətənimin qürurudur Naxçıvan.

 

Xəyal tez-tez o yerlərdə dolanar,

Hərdən həsrət tonqal kimi qalanar,

Qəşəmoğlu ondan qüdrət, nur alar,

Qəlbə doğma bir yarıdı Naxçıvan.

 

Şirvan şikəstəsi

 

Ey Şirvandan söhbət açan sübh üzü,

Heç nəyi unutma, el inciməsin.

Kimsədə qüdrət yox vəsf eyləməyə,

Özün vəsf eylə ki, dil inciməsin.

 

Tarixdə, ən ulu qədim çağlarda,

Başı buludlara dəyən dağlarda,

Ülgüsün behiştdən alan bağlarda

Qəlblər inciməsin, gül inciməsin.

 

Müqəddəs ruhların məskəni bu yer,

Dahi müdriklərin ölkəsi bu yer,

Muğamın da doğma nəfəsi bu yer,

Elə dindir tarı, tel inciməsin.

 

İgidləri, gözəlləri şahanə,

Bir gözəli etdi məni divanə,

Dünyada yox ona tay, nişanə,

Qəşəmoğlu, dövran, il inciməsin.

 

Təbrizin qönçələri

 

Yağış yağır qızılgülün üstünə,

Torpaq ətri qəmli tarix danışır...

Damlalar içində yaşıl yarpaqlar

Sirlə dolu qönçələrə qarışır...

 

Təbəssümü Təbrizimə bənzəyən,

Ərklə baxan o qönçələr doğmadı,

Şirin-şirin nəğmə dediyi yerdə,

Kövrələn qönçələr qəfil ağladı...

 

... sular sellənər gedər,

sevdalar olmaz hədər,

üzün gülsün, Təbrizim,

daha bəsdi qəm, kədər.

 

bu yağan hansı qardı?

sədası gələn yardı...

gah yaxın, gah uzaqsan,

qəlbim qubar-qubardı.

 

Çox qarışıb bu yer üzü, Təbrizim,

Dar günümdə sən arxam ol, əhdim ol.

Mən sənsiz sınığam, param-parçayam,

Müqəddəs bir yoldu, sənə gələn yol.

 

Daşkəsən dağlarında

 

Yallar açıb allı-güllü yaxasın,

Tanımadım çiçəklərin çoxusun...

Bu halıma ildırımlar şaxısın,

Bağışla sən, bu vəfasız oğlunu.

 

Yaşım gəlib qocalığı haxlayıb,

Ömür məni səndən uzaq saxlayıb.

Sinəmdən doyunca ruhun axmayıb...

Dindir indi, bu vəfasız oğlunu.

 

Çən - dumandı Söyünxanın yaylağı,

Doğma babaların doğma oylağı.

Giley etdi Qaşqaçayın çaylağı

Gəzdir eldə bu vəfasız oğlunu.

 

Əlimdə saz, dilləndirir var-yoxu,

Aşkar olur tarix olanın çoxu.

Saz kiminsə, dağlar onundu axı,

Oyat, anlat bu vəfasız oğlunu.

 

Həsənnənə, Həsənbaba, Xoşbulaq

Sizdən Ələsgərin sədasın alaq

Qədim cığırlardan gəlir min soraq

Ağlat, güldür bu vəfasız oğlunu.

 

Bu duruşa, bu çiçəyə, bu gülə

Neynəyim, qarışım mən gilə-gilə...

Qəşəmoğlu getsə, çətindi gələ,

Qoyma getsin bu vəfasız oğlunu.

 

qürur içində kədər

 

... amansız dolu yağır,

sındı pəncərəmin şüşələri...

 

gəlir qışqırıq səsləri,

soyuyur otağım...

 

eşikdə parça-parça oldu

çiçəklərin ləçəyi, yarpağı...

 

heyvanlar yuvalarından

baxırlar fağır-fağır.

 

amansız dolu yağır,

göy gurlayır, şimşək çaxır...

kövrək şəfəqlər içində qəlblər

təbəssüm dolu aləmə həsrət...

 

yaxşı ki, günəşli günləri

itirməyib hələ təbiət...

 

günəşli günlərə inamın

qüruruyla baxır insanlar...

 

amma hər kəsin qəlbi

qırılan, sınan çiçəkləri ağlar...

 

Məni inlətmə, kaman

 

Qorxdum zəmanənin adamlarından

Sən məni inlətmə kaman...

Sular dalğalanır, ləpələrindən

Boy verib, dillənən nələrdi? aman!

 

Qadağan olunmuş ağacın indi

Barı bazarlarda mataha dönüb.

Bağlar salınıbdı o ağaclardan,

Bəlkə günəşin bir yanı sönüb...

 

Yer üzü yadından çıxıb dünyanın?

Niyə belə nizam yaranıb burda?

Kainatın hökmü yox olub sanki,

Həyat ögeyləşir bu vurhavurda.

Tamah əsir alıb dövranı, çapır,

Bəlalar dəryadı, dibi dərindi,

Vəba tək yayılır yalan, yaltaqlıq,

Hər yandan hiylələr boy verir indi.

 

Qorxdum zəmanənin adamlarından

Sən məni inlətmə, kaman...

 

doğma ellər

 

göy üzü pərdə-pərdə

hər tül pərdə sirr dolu...

hər pərdənin o üzü

yeni aləmin yolu...

 

aləm aləm içində,

hər aləmin aləmi

özünün yetirdiyi

bir qızıl gül biçimdə...

 

... sən dəmi darıxırsan, doğma adam?

səndəmi kövrəlirsən tez-tez?..

bəlkə

yad aləmdəyik biz...

 

... çiskin bir havada

dərin bir dərənin dibində

bulağın başında

suya təşnəyəm...

 

elə tənhayam ki...

səndəmi tənhasan doğma adam?

 

...ey... tarzən.. əlində tarın.

tellərinəmi kökləyirsən telləri?

bəs qəlbindəki aləmin

                            qızıl gülləri?

 

köklə o telləri, köklə, çal

bəlkə bitə tənhalıq...

bəlkə kimsə deyə mənə

hardadı qəlbimin

                         doğma elləri?..

 

kövrək suallar

 

mərhaba, Yer üzü!

qarşındakı günahım

səni sevməyimmi bu qədər?

bu, sənsənmi, yoxsa cildində

ayrı varlıq, ayrı bəşər?

uğrunda qurban gedənlər,

alışıb məşəl olanlar

məğlubmu oldu?

səni məşuqə bilənlər, sayəndə

şana-şöhrətə sahib oldu...

 

gülə gül deyənlərin

üstünə kül tökülür,

min fitnə, fel tökülür,

fitnəyə gül deyənlər

                      başa çəkilir...

 

dövran! kim işğal etdi səni?

hara dartırsan mənim

ruhumu, canımı, ölkəmi?

 

Məhkəmə

 

Mühakimə edilir bir cani məhkəmədə,

suallar dolu tənbeh, suallar dolu hədə.

hakim qəzəblə baxır bu müqəssir insana

müqəssirsə kədərli, gözləri batıb qana.

Hər sözü təlaş dolu, danışır, səsi çıxmır,

gözlərin yerə dikib bir kəsə tərəf baxmır...

prokuror bir tərəfdə, vəkillər bir tərəfdə,

zalda qohumlar, dostlar, insanlar dəstə-dəstə,

sanki, qan yağışı yağır bu zala,

hər insan dözə bilməz bu hala...

 

Çağırın, məhkəməyə gəlsin onun anası,

görək, hansı ülgüyə, harda o olmuş asi?

Bu cani bətnindəykən əməlləri olmuş?

Nədən onun balası indi bu günə qalmış?

Doğru yoldan azaraq hansı səhvləri etmiş?

Bu cani körpə ikən ona nələr öyrətmiş?

 

Çağırın, məhkəməyə gəlsin qohumlar,

qonşular...

sözsüzdür bu, hər birinin məhkəməyə sözü var.

Kim harda yadlıq etdi, kim nəyi əsirgədi?

Kim ona hansı vədə yaxşılıq, pislik etdi?

Kim vaxtında nədəsə ona əl uzatmadı?

Onu doğması bilib, qayğısına qalmadı?

 

Çağırın, məhkəməyə gəlsin

birinci sinif müəllimi...

özüylə gətirsin

o vaxtki jurnalı,

dəftəri, kitabı, qələmi...

 

... axı bu müqəssiri o vədə

bir nurlu körpə kimi

geyindirib-keçindirib, üzündən öpüb

əlinə gül dəstəsi vermişdilər...

böyük-böyük arzularla

birinci sinfə göndərmişdilər...

cani ol, deməmişdilər!

 

Harda, zaman sındı o körpə?

Kim sındırdı körpəni?

Lənət olsun qəni-qəni!

 

Onu yaxşı-yaxşı danışdırıb, oxşayıb

axtaran oldumu heç, qəlbindəki işığı?

bilən oldumu nədi onun

ömrünün yaraşığı?

düşünən oldumu ki, bu körpə

vətənin bir balasıdı?

Düşmənlərin önündə

adıyla, varlığıyla

bir həsəd qalasıdır.

 

Baxan oldumu damarından axan qana?

Hansı soyun övladıdı, babalardan bu yana?

Bəlkə, o körpənin qəlbində bir dahi vardı?

Doğmaları görmədi, iblis alıb apardı?

 

Çağırın, məhkəməyə onun bütün məktəbini,

axtaraq bu caniliyin əvvəlini, himini...

 

çağırın, cəmiyyəti, o yetişən mühiti,

oyadaq yuxusundan neçə qara qəfləti...

 

vətənin hər övladı vətənindən nur alsın,

insanların qayğısı, bir-birinə yar olsun!

qoruyaq hər körpəni dövranda bəlalardan,

onlara nur verək ki, nur gözləyək onlardan!

 

Əhməd QƏŞƏMOĞLU

 

525-ci qəzet.- 2020.- 15 fevral.- S.23.