"Şair üçün nə qocalıq, nə ölüm var!"

 

UNUDULMAZ ŞAİRİMİZ ADİL BABAYEV 95 İLLİK YUBİLEYİNDƏ BÖYÜK EHTİRAMLA ANILDI

 

Biz sənin evində səndən xəbərsiz,

Sənin ad günündə - sənlə və sənsiz.

Oturub danışdıq, güldük də hələ,

Gəldin öz evinə xatirələrlə.

 

Xalq şairi Nəriman Həsənzadə mərhum şair, dramaturq, tərcüməçi Adil Babayevi vaxtilə ad günündə xatırlayarkən yazıb bu misraları. Onda Adil Babayev çoxdan dünyasını dəyişmişdi. Ailəsinin, dostlarının onun xatirəsinə sadiqliyi "Səndən sonra" şeirində çox gözəl poetik dillə ifadə edilib. Yanvarın 27-də - 95 illik yubileyində onunla bağlı mətbuatda çıxan yazılara, sosial şəbəkədə onu yad edərək paylaşılan misralara baxanda düşündüm ki, Adil Babayev kimi şəxsiyyətləri təkcə ailəsi, dostları deyil, bütün xalq, şeir, sənət, söz vurğunları da eyni ehtiramla yad edir, eyni sevgiylə anırlar.

 

"Ömür var ki, yetər ancaq bircə sətrə: oldu, öldü..." - deyirdi Adil Babayev. Amma özünün belə bir qorxusu yox idi. Çünki onun 52 illik (1925-1977) ömrü çox-çox sətirlərə, cild-cild kitablara sığacaq qədər zəngin idi, faydalı idi. Niyəsini isə ən doğru şəkildə özü deyir:

 

Mən könlümü şeirə verdim,

dincliyimi etdim haram.

 

Hələ 14 yaşındaykən başlamışdı yaradıcılığa Adil Babayev. Yeniyetmə ikən, tay-tuşları eşqdən, məhəbbətdən yazıb xoşlandığı qızların qəlbinə yol tapmağa çalışanda o, Moskvadan Amerikaya ilk dəfə birbaşa uçuş həyata keçirən qəhrəman təyyarəçiyə həsr olunmuş "Qanadlanmış şahin" adlı şeiri ilə ədəbiyyata "salam" dedi. Bu salamını isə onun ilk oxucuları "Sovet Gürcüstanı" qəzetindən aldılar. İlk addımının uğuru özüylə bərabər növbəti addımları və zəngin bir şair ömrünü gətirdi. Poçt vasitəsilə Bakıya "ayaq açan" şeirlər redaktorların, redaksiya heyətinin, ümumiyyətlə Bakıda kimsənin görmədiyi, tanımadığı müəllifini sətirlərində gizlətdi, pünhan saxladı. 1945-ci ildə Adilin ədəbi mühitdə rezonansa səbəb olan "Çinar" şeiri dövrün böyük şairi Səməd Vurğunu ona "Şair!" deməyə məcbur etdi. O, kimsənin tanımadığı bu gənc şairə arzusunu, məsləhətini yenə də mətbuatdan çatdırmalı oldu:

 

Şair, nə incədir rübabın sənin!

Uçurdu qəlbimi çaldığın bu saz!

Vətən torpağında bitən gülşənin

Yarpağı saralıb, çiçəyi solmaz.

 

Sonralar şairin oğlu, tanınmış ziyalı Etibar Babayev bu poetik məktubu S.Vurğunun Adil Babayevə xeyir-duasının leytmotivi adlandıracaqdı.

Sonra Adil Babayevin qarşısında geniş üfüqlər açıldı. O, bir-birinin ardınca maraqlı, orijinal şeirləri, sonetləri, dramları, tərcümələri ilə oxucuların görüşünə gəldi. Bu illər ərzində otuza yaxın kitab, Babək, Əcəmi, Sabir, Ərəblinski kimi parlaq tarixi simalar haqqında tarixi poemalar, müxtəlif teatların səhnəsində oynanılan dram əsərləri, yüzlərlə elmi-publisistik məqalə müəllifinin adını XX əsr Azərbaycan ədəbiyyatına yazdırmağı bacardı.

Onun sənət dostları belə bu istedada, zəhmətkeşliyə və vüqarlı şəxsiyyətə heç zaman biganə qalmayıblar. Mirzə İbrahimov, Məmməd Rahim, Mehdi Hüseyn, Məmməd Cəfər Cəfərov, Abbas Zamanov, Cəlal Məmmədov, Kamal Talıbzadə, Yaşar Qarayev, Bəxtiyar Vahabzadə və başqaları onun haqqında mətbuat səhifələrində çox maraqlı fikirlər paylaşıb, onun yaradıcılığının yüksək keyfiyyətlərindən söz ediblər. Mərhum Xalq şairi Osman Sarıvəlli isə ona həsr etdiyi şeirində yazırdı:

 

Görünür, xeyirxah olub təbiət -

Qıymayıb sözlərin şeiriyyətinə.

Gör necə xoşbəxtsən, Adil, doğrudan,

Adın müvafiqdir təbiətinə.

 

Şairin son yaradıcılıq nümunəsi vəfat etdiyi gün - 1977-ci il avqust ayının 20-də, uzun illər şöbə müdiri, məsul katib, baş redaktor müavini vəzifələrində çalışdığı "Ədəbiyyat və incəsənət" qəzetində oxuculara təqdim olunub. Əlbəttə, onun ədəbi yaradıcılığı ömrünün 52-ci ilində tamamlanmadı. Əksinə, ölümündən sonra da şərəfli şəkildə davam etdi. Çünki o, özündən sonra kifayət qədər çap olunmamış əsərlər qoyub getmişdi. O əsərlər sonralar "Ümid sərvləri" ("Azərnəşr", 1977), "Mənim abidəm" ("Gənclik ", 1979), "Təzədən doğulur şair ölən gün" ("Gənclik", 1981), "Pyeslər" ("Yazıçı", 1984), "Ata sorağında" ("Gənclik", 1985), "Anamın bayramı" ("Gənclik", 1987), "Fəsillər dəyişəndə" ("Yazıçı", 1991), "Yaşamağı bacarmıram" ("Mütərcim", 2010), Seçilmiş şeirlər (Təbriz, 2018) kitabları şəklində oxuculara təqdim olundu. Onun Musiqili Komediya Teatrında "Qız görüşə tələsir", Sumqayıt Dram Teatrında "Ən xoşbəxt adam" tamaşaları hazırlanıb. Sözlərinə yazılan populyar mahnılardan ibarət "Ayrılıq olmasaydı" musiqi albomu Türkiyədə istehsal edilib. Dövri mətbuatda şeirləri, yaradıcılığı haqqında məqalələr, xatirələr dərc olunub, müxtəlif teleradio verilişləri hazırlanıb, efirdə sözlərinə bəstələnən nəğmələr səslənib. Adil Babayevin həyat və yaradıcılığına həsr olunmuş çoxsaylı elmi məqalələr, o cümlədən, dörd monoqrafiya yazılıb. "Azərbaycantelefilm" Yaradıcılıq Birliyində "Ata olsam belə, ata istərəm" adlı tammetrajlı sənədli film çəkilib. Onun şəxsi arxivində hələ də çap olunmamış əlyazmaları var. Xatirəsini əbədiləşdirmək məqsədilə Bakıda və Gəncədə iki küçəyə, Naxçıvanda kitabxanaya Adil Babayevin adı verilib.

Mərhum şairin oğlu Etibar Babayev hələ on il öncə atasının 85 illik yubileyi münasibətilə yazdığı yazıda onun ən çox müraciət etdiyi sonnet janrı və ömrünün son günləri haqqında bunları qeyd edib: "Ömrünün son illərində bu janrda ardıcıl olaraq üç yüzə yaxın gözəl nümunələr bizə miras qoydu. Axırıncı yazdığı sonet "Nağıllar heç zaman kədərli olmur" misrası ilə başlayır. Qəribədir ki, onun ruhu bədənini tərk edən gecə "Ədəbiyyat və incəsənət" qəzetində sonuncu şeir çələngi oxuculara təqdim olunmuşdu. Redaksiyanın əməkdaşı şair İsa İsmayılzadə axşam işdən evə dönəndə qəzetin ilk nömrəsini özəl hörmət bəslədiyi Adil Babayevə gətirdi. Çünki o bilirdi ki, Adil müəllim ədəbiyyat aləmində otuz beş illik yolçuluqdan sonra da hər dərc olunan şerinə ilk şeri qədər sevinir. "Övladın birincisi, ya beşincisi olmur, hamısı ilkimdir", - deyərdi şair. Hamısına ürəyinin yağını yedirdib, doğmalaşdırardı, əzizlərdi, böyüdüb boya-başa çatdırmasa, oxucuya təqdim etməyə tələsməzdi. Bu səbəbdən onun şəxsi arxivində ərsəyə yetməmiş xeyli əsəri qaldı. Təkcə şeirlər, poemaları demirəm, "Molla Nəsrəddin" dramı, "Burulğan", "Səhnə işıqları" povestləri də yetim qaldı...

1977-ci ildə onun yazdığı sonuncu sonetinin son misraları belə tamamlanır:

 

Mən ömür istəmirəm riya,

xəyanət üçün,

Yurduma gərək olan söz üçün,

sənət üçün

Ömürdən doymamışam,

həyatdan doymamışam".

 

Adil Babayev poeziyası xalq yaradıcılığından qidalanır, folklora söykənir. Onun əsərləri üçün mövzu qıtlığı olmayıb. Ətrafda gördüyü hər nəsnə, hər detal onun şair qələminin xammalı idi. O, eşqdən, məhəbbətdən yazanda da səmimi idi, cəmiyyətdəki çatışmazlıqları dilə gətirəndə də. Amma bütün hallarda hər zaman nikbin, xoş auralı, gələcəyə inamlı idi. Bəzən qarşılaşdığı naqis, xəbis, paxıl, yalançı, riyakar insanlar onu sarsıtsa da, o, ümidini itirmir, dünyada yaxşıların pislərdən daha çox olduğuna bütün qəlbiylə inanırdı.

Görünür ki, ölüm, yoxluq hər zaman şairi düşündürüb. Ona görə yox ki, o, ölümdən qorxub, ona görə yazılmamış şeirləri, deyilməmiş sözləri vardı. O, özündən sonra elə bir iz qoymaq istəyirdi ki, əbədiyyətəcən xalqının yaddaşında yaşasın. Elə şairin ən böyük arzusu da bu idi:

 

Bircə kəlməm, bircə sözüm

Ürəklərdə qalaydı kaş

Mən dünyada olmayanda...

 

Amma o yenə də rahat idi, ürəyi dinc idi. Çünki yazdıqlarına, yaradıcılığına güvənirdi. O bilirdi ki, onun misraları, şeirləri, əsərləri onu hər zaman yaşadacaq. Əsrlər boyu belə olmayıbmı? Yaradıcılar özlərindən sonra yaratdıqlarında yaşamayıblarmı? Bizdən illər, ərslər öncə yaşayan şairləri misralarından, sözlərindən tanıyıb, ən doğmamız, məhrəmimiz kimi qəlbimizin ən gözəl, ən rahat, ən təhlükəsiz yerində - başda otuzdurmamışıqmı? Axı onlar insan duyğularının ən gözəl tərcümanları, ən bənzərsiz ifadəçiləridir:

 

Ürəyimdə sözlər yatıb

alay-alay, yığın-yığın.

Mən feyzindən doğmamışam

Sənət adlı bu könüllü dustaqlığın.

Qoy heç kəsi qorxutmasın

saçlarıma səpilən toz,

alnımdakı bu qırışlar.

Mən şairəm!

Şair üçün

nə qocalıq,

nə ölüm var!

 

Bəli, şair üçün nə qocalıq var, nə də ölüm. Bunu bu gün Adil Babayevin ölümündən 43 il sonra belə onun 95 illik yubileyinə yazılan yazılar, haqqındakı xoş söhbətlər bir daha sübut edir. Hələ neçə onilliklər ötsə belə, əsl sənətkarın qəlbi sözlərində, şeirlərində döyünəcək, döyündükcə oxucularını ilk gündəki kimi isidəcək. Həmkarı Həmid Abbasın "Mən dünyada olmayanda" deyən Adil Babayevə cavabında qeyd etdiyi kimi:

 

Sevindin də, qəm də yedin,

Nə dedinsə,

şirin dedin,

Unudulmaz sözün, adın,

Alovludur yenə odun,

Sən dünyada olmasan da.

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.- 2020.- 1 fevral.- S.16.