"Unutduğum göy üzü"ndəki qərib ruhlu şair
Meyxoş ABDULLAH
Yazıçı
Nazim Əhmədlini
çoxdan tanıyıram. İlk tanışlığımızdan onun daxili aləmində
gizlənən və adama sirr kimi
görünən bir qəriblik hiss etdim.
Uzun illər
keçməsinə baxmayaraq,
bu qəriblik hissi hələ də onun canını
tərk etməyib. Nazimin içi,
onun mənəvi dünyası zahirindəki
çəkisindən - yəni
maddi aləmindəki bütün varidatından
çox-çox böyük
və zəngindir.
O, təmənnasızdır. Ummağı,
kiməsə yarınmağı
özünə dərd
bilən insanlardandır.
Xeyirxahlıq, saflıq bu
insanın qanında, canında daima axan dağ çayı
kimi çağlayır.
Onun içi də, zahiri görkəmi də ulu şamanlarda
olduğu kimi, ruh aləminin ənginliklərindən süzülüb
gələn bir dua yağışına bənzəyir.
Yaxşı insanlar bu dünyanın
bütün pislikləri
üçün həmişə
özlərini günahkar
bilirlər. Pis adamlar bircə
şeyi anlamaq istəmirlər ki, onların dərdini, yükünü çəkən
bu dünyada yaxşı insanlar yaşayır və o yaxşı insanlar onlara görə çox əzab çəkirlər.
Nazim Əhmədli
də belə insanlardan biridir. Dünyada baş
verən bütün haqsızlıqların əzabını
çəkən, edilən
haqsızlıqlarda özünü
günahkar bilən bir Tanrı bəndəsidir.
tonqalı çat
üstümə,
dərdi oyat üstümə;
günahı at üstümə,
mənə günah
adı qoy.
Nazim Əhmədli
sanki şeir yazmır, duyğu və istəklərinin, gördüklərinin şəklini
çəkir. Onun şeirləri pıçıltıyla
oxunan dualar kimidir, adamı öz sehrində saxlamağı bacarır.
Şeirləri yığcam və
axıcıdır, oxucunun
gözünü, könlünü
yormur. Şerlərinin məna yükü
çox güclüdür,
oxucunu bir müddət cazibə dairəsində saxlamağı
bacarır.
nə var ki, alın yazımda,
fələklər kimin yasında;
boz dağların arasında,
küləklər məni
sürüyür.
Nazim Əhmədli
təvazökar şairlərdəndir. Təmkinini, ağırlığını
qoruyan ruh adamdır. İstedadına güvəndiyi üçün
daxilən sakitdir.
Onun özü
yox, şeirləri qapı açır. Əsl yaradıcı
insan belə olmalıdır. Hər gün
tədbirlərdə, televiziya
ekranlarında, redaksiyalarda
görünməklə şan-şöhrət
qazanmaq olmur. Əksinə,
bəlkə də belə hallar yaradıcı adamın nüfuzuna təsir edir, onu xırdalayır.
Nazim Əhmədli
əsl ədəbiyyat
adamıdır, onun üçün söz, düşüncə, yaradıcılıq
hər şeydən üstündür. O, sözün ağrısını çəkməyi
bacarır.
ürəyinə qəm düşəndə,
bircə misra kəm düşəndə;
əlindən qələm
düşəndə,
şair şeirdən yıxılır.
Nazim Əhmədlinin
poeziyası kimi sevgisi də özünəməxsusdur. Onun vətən,
torpaq sevgisi ilahi sevgidir. Nazim az
sözlə böyük
sevgisini və poetik düşüncələrini
aydın, sərrast ifadə edən bir şairdir.
ruhum əsir oldu, harda
babam diksindi məzarda;
ürcah oldum uzaq yurda,
sevdim uzaq bir dənizi.
Nazim Əhmədli
sevgisində çox səmimidir. Onun səmimi etirafları
düşündürücüdür.
onsuz da bilirəm, səni,
tanrı mənə
yar eləməz:
bir də onu bilirəm ki,
səni mənsiz var eləməz.
Ağrılı insanı anlamaq üçün onun çəkdiklərini yaşamaq
lazımdır. Ümumiyyətlə, həyat belədir,
kimisə başa salmaq üçün onunla öz dilində danışmaq lazımdır. Yoxsa özgə
ölüsü adama yatmış göründüyü
kimi, özgə ağrısı da başqasına adi görünəcək.
Nazim Əhmədli
sözü boşa xərcləmir, əksinə,
dediyi sözlə həm əxlaqi, həm də dünyəvilik baxımından
nə qədər yüksəkdə dayandığını
göstərir.
gəl səni ürəyimin,
köynəyindən keçirim;
bir az ürəyimdə qal
gör mən nələr çəkirəm.
Nazim Əhmədlinin
yaradıcılığı və şəxsiyyəti
haqqında çox yazmaq, çox danışmaq olar. Təbii
ki, mənim yazdıqlarım, onun yaradıcılığına bir
dost baxışı, şəxsiyyətinə
hörmətin yığcam
ifadəsidir.
Həm də Nazim Əhmədlinin mənə
hədiyyə etdiyi
"Unutduğum göy
üzü" kitabını
oxuduqdan sonra içimdə yaranan oxucu məhəbbətinin
təzahürüdür bu
yazı. Əslində isə Nazim Əhmədlinin yaradıcılığı
geniş təhlil və təbliğ olunmalıdır. Bu gün gənc nəslin Nazim Əhmədli yaradıcılığına
çox böyük ehtiyacı vardır.
Qələm dostum, dəyərli şairimiz Nazim Əhmədliyə yeni yaradıcılıq uğurları
və bol-bol sevincli günlər arzulayıram.
525-ci qəzet.- 2020.- 15 fevral.- S.18.