Üfüqdə qaralan dağlar

 

Tələbə dostum, general-polkovnik Namiq Abbasova ömrün 80-ci qışında sayğı və cansağlığı arzusu ilə

Adəti üzrə səhər erkən durmuşdu. Birdən telefon zəng çaldı. Yaxın dostu, həmyaşıdı idi. Vaxtilə eyni hərbi  hissədə əsgər olmuşdular. Sonra hərbi  təhsil almışdılar. İllər keçdikcə  paqonlarındakı ulduzların sayı artmış, sonra Hərbi Akademiyada dərs demiş, nəhayət, ahıl yaşlarında təqaüdə çıxmışdılar. Vaxtaşırı zəngləşir, hal-əhval tutur, imkanları olanda, ara-sıra görüşürdülər.

Dostu nikbin, zarafatcıl idi.  Ən adi əhvalatları  elə danışırdı, sözü elə deyirdi ki, hamı qəhqəhə çəkib gülür, özünün isə heç dodağı da qaçmırdı. Lətifəsi əskik olmazdı, hər dəfə zəng eləyəndə özünün dediyi kimi "xoruz səsi eşitməyən lətifəyəbənzər" məzəli əhvalat danışardı. Ancaq bu dəfə Eldar kişi dostunun səsində hiss etdi ki, nəsə xoşagəlməz hadisə baş verib.  Dözməyib səbri tükənmiş halda soruşdu:

- Nə olub, ay Elman, səndən çıxmayan iş, dilin söz tutmur.

- Eh, ay Eldar, dil neyləsin, demək olur ki... Dünən keyfi kök, damağı çağ idi. Mənə dedi ki, nəvəsinin toyuna hazırlaşır... Axı, o bizdən 7-8 yaş cavan idi, azar-bezar bilməzdi, hələ Akademiyada dərsini deyirdi...

- Nooldu ki?

- Nə olacaq, yatdı durmadı. Nəvəsi mənə zəng eləyib  xəbər verdi.

- Nə danışırsan?..

- Nə eşidirsən onu, bilirsən də bəd xəbər verməkdən zəndi-zəhləm gedir. Ancaq çarəm nədir, sənə deməliydim bunu. Yığış gedək bir yerdə dəfnə. Bilirəm, deyəcəksən ayaqların sözünə baxmır. Eşitməmisən, özünü yorulmuş bilsən, dostunu ölmüş bil. Mən səndən də betərəm. Ancaq mütləq getməliyik. Oğluma demişəm, maşınıyla aparıb gətirəcək bizi.

Dostu dediyi kimi də elədi. Oğlunun maşınında yasa getdilər.

Hüzr məclisinin yuxarı başında ağsaqqallar, vaxtilə mərhumla birlikdə xidmət edən yaşlı hərbçilər əyləşmişdilər. Cavan zabitlər aşağıda bir cərgədə oturmuşdular. Gözaltı onlara baxan Eldar kişi yanaşı oturduğu dostuna pıçıldadı:

- Onların çoxu keçmiş kursantlarımızdır. Maşallah, kişiləşiblər, rütbələri də artıb.

Eldar kişi kövrəlib susdu. Dostu özünəməxsus nikbinliklə:

- İndi Allaha şükür, komandir olublar hərəsi bir hissədə. Rütbələri də mayor, polkovnik-leytenant. Sabah-biri gün daha da artacaq, sonra da bizi ötüb keçəcəklər.

- Elə də olmalıdır. Oğul atanı, kursant ona dərs deyən zabiti-müəllimini ötüb keçməsə, inkişaf ola bilməz.

- Elədir...

... Dəfn mərasimindən evə yorğun-arğın gəldi. Keçib yan otaqdakı divanda uzandı. Bir qədər çimir eləmişdi ki, kiçik nəvəsinin səsini eşitdi:

- Baba...

Gözlərini açanda nəvəsini görüb arıq, dərin qırışlı üzünə xoş təbəssüm qondu.

- ... bir əmi səni soruşur.

- Hansı əmidir o? - deyə nəvəsinin ona ləzzət verən şirin danışıq tərzini yamsılayaraq soruşdu.

Uşaq çiyinlərini çəkib gözlərini qıydı.  Baba narın, kövrək  addımlarla yarıaçıq qapıya yaxınlaşdı. Astanada dayanan şıq geyimli, saçları vaxtsız ağaran xoşsifət cavan kişinin salamını alıb onu başdan ayağa süzdü.

- Deyən, tanımadız məni, Eldar  əmi. Rəhmətlik Atanın oğluyam...

Ahıl kişinin çuxura düşən sönük gözləri közərdi. Qollarını qaldırıb ehmalca qonağın çiyinlərinə qoydu:

- Sən bir işə bax... Bizim Atanın...

- Bəli, böyük oğluyam, Atanur...

- Hə... yadıma düşdü. Keç içəri.

Qonaqla üzbəüz oturub, alnının qırışını ovuşdurdu:

- Görünür səksənnəndir, anışdıra bilmədim, - dərindən köksünü  ötürdü, - sənin atan, mənim doğmaca əmim oğlu sapsağlam kişi idi. Ancaq qəflətən rəhmətə getdi. Aləm qarışmışdı bir-birinə o vaxtlar...

- Moskvada oxuyurdum onda. Tez gəldim Bakıya, sonra sizin hərbi hissəyə. Özümü itirmişdim yaman, rayonda - evdə də çaşbaş qalmışdılar. Yaxşı ki, özünüzü yetirdiniz vaxtında, dayaq oldunuz bizə...

Eldar kişinin gözləri yol çəkdi:

- Hə, onda təpərli idim. Uzun illər sovetin zamanında  şimalda hərbi hissədə xidmət etmişdim. Azərbaycanda vəziyyət dəyişəndə  özümü yetirdim. - Başını aşağı salıb ehmalca buladı. - Yaman qarışıqlıq idi, hərə bir tərəfə çəkirdi. Komandan da ki, ömründə heç sıravi əsgər olmayan buxara papaqlı naşının biri, - köksünü ötürdü. - Hayıf, çox hayıf... Ancaq köhnə hərbçi kimi təsəlli tapıram ki, yaşlı vaxtımda Akademiyada dərs demişəm, təcrübəmi öyrətmişəm cavanlara. İndi müasir, nizami ordumuz var. Biz düşməndən çox-çox güclüyük, hər cəhətdən qüvvətliyik.

- Mənim kiçik qardaşlarım da belə deyirlər. İkisi də zabitdir. Ön cəbhədə xidmət edirlər. Lap düşmənlə üzbəüzdürlər.

- Halal olsun, - yaşı ötmüş istefada olan general Eldar kişi razılıq elədi, - sonra çoxdan görmədiyi əmisi nəvəsinə qeyri-adi diqqətlə baxıb soruşdu. - Bəs sən nə işlə məşğulsan? Özün də elə dəyişib yaşlaşmısan ki, əvvəl tanıya bilmədim.

O, günahkar kimi başını aşağı salıb dərindən köksünü ötürdü:

- Düz buyurursunuz, necə deyərlər, başım daşdan-daşa dəyib vaxtsız ağardı. Rəhmətlikdən  sonra evin böyük oğlu kimi yüküm ağır oldu. Çaşbaş qaldım. Moskvada institutu qurtarıb qayıtmışdım, ancaq iş tapa bilmirdim. Məcbur olub geri döndüm, işlədim, evə kömək elədim...

- Yaxşı eləmisən.

- Sonra da bir müddət xaricdə oldum.

Eldar kişinin təəccüblə ona baxdığını görüb izah etdi:

- Mən iş adamıyam, Rusiyada, Avropada özəl müəssisələrim var, xaricdə yaşayan azərbaycanlılarla  xeyriyyə cəmiyyəti yaratmışıq.

- Bəs Vətənə, Azərbaycana bir xeyrin dəyir?

- Əlbəttə! Vaxtilə rayonda oxuduğum köhnə məktəbin yerində təzəsini tikdirmişəm, kəndimizə yol çəkdirib, körpü saldırmışam, ani olaraq susub əlavə etdi, - xeyriyyə cəmiyyətindəki həmyerlilərimlə birlikdə xaricdə oxuyan azərbaycanlı tələbələrə xüsusi təqaüd veririk.

- Ay bərəkallah, - deyə eşitdiklərindən məmnun olan  Eldar kişi ürəkdən səsləndi, dərin qırışlarla naxışlanan çöhrəsinə elə bil nur çiləndi.

Bəyaz saçlı, ağbəniz, dolu bədənli yaşlı qadın qonaq otağının yarıaçıq qapısında görünəndə Atanur dərhal ayağa qalxıb ədəblə salam verdi.

- Əleyküməssalam, oğlum. Xoş gəlmisən.

- Xoş gününüz olsun.

Eldar kişi təəccüblə xanımına baxdı:

- Nə yaxşı tanıdın.

- Niyə tanımıram, gözümüzün qabağında böyüməyib? Hər yay rəhmətlik atasının qonağı olardıq, dincələrdik o meşəli, bulaqlı dağlarda, - Dildar xanım köksünü ötürdü, sonra ərinə ərk elədi, sənin kimi qocalıb gündə bir gözlük taxmıram ki!

Eldar kişi xanımının zarafatına ürəkdən qəşş elədi. Qonağın dodağı qaçdı, Dildar xanım diqqətlə ona nəzər saldı:

- Başını yaman ağartmısan, gözlərindən tanıdım.

- Başına gələnləri mənə danışdı, yaman çətinliklərə tuş olub.

- Səsinizi eşidirdim mətbəxdə. Allah saxlamış zirək oğuldur.

- Hə, torpağı sanı yaşasın, atasına çəkib. Rəhmətlik yaman təsərrüfatçı idi.

- Görünür, oğul balanın da başı kənd-kəsəyə qarışıb, şəhəri yaddan çıxarıb, - Dildar xanım eyham vurdu.

- Elədir, çoxdandır şəhərə ayağım dəymir. Yaman dəyişib, heç tanıya bilmədim, çaşıb qaldım, evinizi güclə tapdım.

- Qonaqdan soruşmazlar səbəbini, - Dildar xanım zənnlə Atanura nəzər saldı, - ancaq sən özümüzküsən, deyirəm xeyir ola.

- Lənət şərə. Elə xeyir işə gəlmişəm. Bağışlayın, böyük oğlumun toyu olacaq.

- Allah mübarək eləsin, - Eldar kişi ürəkdən sevindi, de görüm kiminlə qohum olursan?

- Öz kəndimizdəndir qudamız, bir yerdə oxuyub oğlanla qız, indi də bir yerdə işləyirlər şəhərdə. Əl-ələ verib ev-eşik düzəldiblər özlərinə. Oğlum xəbər göndərib mənə ki, kimi istəyirsən çağır, ancaq başda Eldar baba olsun, xeyir-duamızı versin. Gəldim ki, dəvət eləməyə Dildar xalayla birlikdə.

Eldar kişi məhrəm nəzərlərlə ömür-gün yoldaşına baxıb gülümsündü:

- Dildar xalan neçə vaxtdır ki, evdən bayıra çıxa bilmir ayaqlarının  ağrısından. Birtəhər  mətbəxdə dolanır, biş-düş  eləyir. O ki qaldı mənə, deyiblər atı at yanında bağlayarsan, həmrəng olmasa da, həmxasiyyət olar. Axır vaxtlar mənim də ayaqlarım sözümə baxmır. Lap məəttəl qalmışam, hərbçi addımlarımın səsindən elə bil yer titrəyirdi, indi isə...

Fikrə getdi. Köksünü ötürüb araya çökən sükutu pozdu:

- Oğul, vəzifədə olanda adamı hamı yada sala bilər, pensiyaya çıxıb evdə oturanda isə ahılı əsl kişilər yada salır. İndi məni də əsl kişilər yada salır sənin kimi. Evə gəlirlər, hal-əhval tuturlar, dəvət eləyirlər. Ancaq gedə bilmirəm, elə burada xeyir-duamı verirəm. Allah razı olsun səndən, zəhmət çəkib gəlmisən. Sən danışdıqca, elə bil bizim o doğma yerləri gəzdim, dağlara çıxdım, bulaqlarının suyundan içdim, - ani olaraq susub alqış elədi, - Allah zabit qardaşlarına dayaq olsun, kişi kimi ön cəbhədə duruş gətirirlər.

O, başını qaldırıb qətiyyətli  baxışlarını Atanurun gözlərinə zillədi:

- Belə mərd oğullarımız öndə olmasa biz burada toy eləyib, xeyir-dua verə bilmərik. Və mən hər dəfə xeyir-dua verəndə, əllərimi Tanrının dərgahına qaldırıram ki, cavanlar xoşbəxt olsunlar, mərd övladlar böyütsünlər. Sənin oğluna, gəlininə də xeyir-duam, arzum budur.

- Çox sağ olun, Eldar əmi, - deyə Atanur razılıq elədi, - mən sizi başa düşürəm, xeyir-duanızı da mütləq çatdıraram.

O, Dildar xanımın dəmlədiyi məxməri çayı içib ayağa qalxdı.

Eldar kişi qonağını yola salıb eyvana çıxanda sərin meh onun dümağ seyrək saçına sığal çəkdi.

Qürub edən günəş üfüqdə qaralan dağların arxasına çəkiləndə onun uzaqlara zillənən gözləri yaşardı. Zirvəsində buludlar sürünən uzaq dağların ətəyində qıjhaqıjla axan çayın dövrəyə aldığı kəndləri yadına düşdü...

Uşaqlıq  çağlarını, yeniyetmə, ilk gənclik illərini xatırladı. Sonra tələbəlik həyatı. Hər il tətilini kəndlərində, dağlar qoynunda keçirərdi. Hərbçi  kimi lap uzaqlarda xidmət edəndə də bu adətinə xilaf çıxmadı. Məzuniyyət vaxtını  ailəsi ilə doğma, səfalı yerlərdə dincəldi. Zahirdə üzə irişib saxta dost cildinə bürünən düşmən açıq-aşkar xəyanət edəndə özünü dərhal yetirib torpağını qorudu. Komandiri olduğu  hərbi hissə düşməni qovdu, sovet dönəmində "qardaş payı" kimi "peşkəş verilən" qonşu kəndi, meşəni, örüş-otlaq yeri olan  talanı geri aldı. Sovet ordusundan  istefaya çıxan polkovnik Eldar Azəroğlu general rütbəsində hərbi Akademiyada çalışdı, təcrübəsini cavan zabitlərə öyrətdi...

Üfüqdə qaralan dağlara eyvandan baxanda ömrünün ötən çağlarının nisgilini çəkib kövrəlsə də, təsəlli tapırdı ki, indi həmin yerləri, torpaqlarımızı qoruyanlar arasında onun dərs verdiyi, hərbin sirlərini öyrətdiyi zabitlər də var. Onlar ön cəbhədə ayıq-sayıqdılar, hər an Ali Baş Komandanın əmrinə hazırdılar...

- Ay babası, gəl gör, nəvən nə deyir.

O, kövrək, narın  addımlarla eyvana açılan qapıdan böyük otağa keçdi. Nənə nəvəsi ilə divanın üstündə  üzbəüz oturmuşdu. İkisi də ortaya qoyulmuş açıq  albomdakı babanın vaxtilə çəkdirdiyi hərbi geyimli şəkillərinə baxırdı.

- Ay nənəsi, nə deyir nəvəmiz?

Uşaq balaca barmaqlarını babasının şəkilləri üstündə gəzdirdi:

- Baba, mən böyüyüb sən olacam, general!

Eldar baba sevincək nəvəsini qucağına alıb eyvana çıxanda məəttəl qaldı. Həmişə qürub çağı üfüqdə qaralan dağlara elə bil göyün ənginliyindən nur çilənirdi...

 

Əlövsət BƏŞİRLİ

 

525-ci qəzet.- 2020.- 15 fevral.- S.17.