Bu il Prezident mükafatçısı olan
gənclər: onları yaxından tanıyaq
Gənclik cəmiyyətin əsas qüvvəsidir. Bir cəmiyyətin,
xalqın gələcəyi onun gəncliyindən
asılıdır. Sağlam gənclik
sağlam nəsil, sağlam gələcək deməkdir.
Azərbaycanın Sovet imperiyasının tərkibində
olduğu zamanlarda cəmiyyətdə müəyyən
mövqe, söz, fikir sahibi olmaq, müəyyən vəzifələrdə
yer tutmaq üçün təyin olunmuş yaş həddinə
çatmaq lazım idi. Dövlət müstəqilliyi əldə
olunandan sonra isə gənclik qarşısında yeni
üfüqlər açıldı. Ümummilli
Lider Heydər Əliyev gənclərin sağlam ruhda tərbiyəsi,
əsl vətəndaş kimi yetişməsi və ölkə
daxilində, xaricində dövləti layiqli təmsil etməsi
üçün bir sıra islahatlar həyata keçirməyə
başladı.
1996-cı
il fevralın əvvəllərində Azərbaycan
gənclərinin ilk forumu keçirildi və bununla da gəncliyin
inkişafına dəstək dövlət siyasətinin əsas
istiqamətlərindən birinə çevrildi. Ulu Öndərin 1997-ci ildə imzaladığı Fərmanla
2 fevral ölkədə Gənclər Günü oldu.
Son illərdə Azərbaycanın dövlət siyasətinin
əsas istiqamətlərindən biri gənclər siyasətidir. Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev ölkənin
daha da inkişaf edib dünyada layiqincə tanınması
üçün gənclərin gücünə,
yaradıcı imkanlarına və potensialına güvəndiyini,
müxtəlif sahələrdə çalışan
uğurlu gənclərin öz potensiallarını üzə
çıxarmaq üçün ölkədə münbit
şərait yaradılmasını, bu istiqamətdə
müxtəlif dövlət proqramları qəbul olunduğunu
qətiyyətlə bəyan edib.
Ölkə
başçısının gənclərə ən yüksək
dəyər və dəstəyinin bir parlaq nümunəsi də
"Gənclər üçün Prezident
Mükafatının təsis edilməsi haqqında" Azərbaycan
Respublikası Prezidentinin 2013-cü il 2 iyul
tarixli 934 nömrəli Fərmanıdır. Həmin ildən
etibarən hər il müxtəlif sahələrdə
fərqlənən, uğurlu gənclər Prezident
mükafatı ilə təltif edilirlər.
Hər il olduğu kimi bu il də Azərbaycan Prezidenti
İlham Əliyev müxtəlif sahələrdə fərqlənən
gənclərə Prezident Mükafatı təyin etdi. Bu
günlərdə Prezident 2020-ci il Gənclər
üçün Prezident mükafatlarının verilməsi
haqqında Sərəncam imzaladı.
Sərəncama
əsasən, elm, təhsil, mədəniyyət, gənclər
siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü
fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində
xüsusi fərqlənən şəxslərə 2020-ci ilin
Gənclər üçün Prezident mükafatları
verilib.
Hər il olduğu kimi, bu il də Prezident
mükafatçıları arasında geniş ictimaiyyətin
tanıdıqları da vardı, tanımadıqları da. Bu yazıda öz sahələrində həmin
uğurlu gənclər haqqında məlumat verəcəyik.
***
Mədəniyyət sahəsi üzrə Prezident
Mükafatına layiq görülmüş Ağayev Ziya Səbuhi
oğlu (Ziya Ağa) aktyordur. O, 1991-ci ildə Ağdamın Muradbəyli
kəndində anadan olub. 2009-2015-ci ildə Azərbaycan
Memarlıq və İnşaat Universitetində təhsil
alıb. Hazırda Azərbaycan Dövlət
Mədəniyyət və İncəsənət Universitetinin
"Dram teatr və kino aktyoru" fakültəsinin IV kurs tələbəsidir.
İlk dəfə 2013-cü ildə rejissor Pərviz
Seyidlinin quruluş verdiyi festival üçün nəzərdə
tutulmuş "Sus" qısametrajlı bədii filmdə əsas
rollardan birinə çəkilib. Daha sonra
2013-cü ildə İlqar Fəhminin ssenarisi üzrə
hazırlanan "Qurbağa" adlı qısametrajlı bədii
filmə dəvət alıb və uğurlu bir obraz
canlandırıb. "Arzuların
ardınca" adlı tammetrajlı bədii filmdə əsas
obraza çəkilib. Ziya Ağa aktyor fəaliyyətində
ilk öncə "Səda" Tədris Teatrının səhnəsində
bir çox rolları ifa edib.Daha sonra bir müddət
"Yuğ" Dövlət Teatrının nəznində
yerləşən laboratoriyada aktyor kimi fəaliyyətə
başlayıb. Daha sonra Əməkdar
artist Vidadi Həsənovun yaratdığı "M-Teatr"
da fəaliyyətini davam etdirib. 2017-ci ildə
yaranmış müstəqil "Human" Teatrında
çalışıb. Akademik Milli Dram
Teatrının bədii rəhbəri və baş rejissoru
Xalq artisti Azər Paşa Nemətovun dəvəti ilə
Akademik Milli Dram Teatrına dəvət olunub və orada bir
neçə tamaşada rol alıb. O indi tələbə
olaraq iki teatrın aktyorudur. "British Council"ın
"Unlimited" proqramının tərkib hissəsi kimi Azərbaycan
Dövlət Mədəniyyət və İncəsənət
Universiteti, Mədəniyyət Nazirliyi, Təhsil Nazirliyinin
SABAH qruplarının tərəfdaşlığı ilə
keçirilən "Bir günəş altında" layihəsinin
iştirakçısı olub.
2019-cu
ilin mart ayında Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət Universitetinin SABAH
qruplarının tərkibində qatıldığı Moskva
şəhərində keçirilən
"QİTİS-Master klass" adlı festivalda V.Şekspirin
pyesinin motivləri əsasında hazırlanmış
"Otello əfsanəsi" tamaşası ilə
çıxış edib. Tamaşada Otello ifa edən
Ziya Ağa ən yaxşı aktyor nominasiyası üzrə
birinci yerə layiq görülüb.
Həmin
ilin 11-15 noyabr tarixlərində Rusiyada keçirilən 39-cu
ÜDKİ (VQİK) Beynəlxalq Tələbə
Festivalında həmin tamaşa və həmin rolla "Ən
yaxşı kişi rolunun ifaçısı"
nominasiyası üzrə mükafata layiq görülüb.
Ağazadə Murad Firdovsi oğlu riyaziyyatçıdır. O, riyaziyyat fənni üzrə
Respublika fənn olimpiadalarında 5 qızıl və Beynəlxalq
fənn olimpiadalarında 5 gümüş və 6
bürünc medal olmaqla 16 medal qazanıb. Təhsil
Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü
liseyin XI sinif şagirdidir.
Əsgərzadə Elmar Etibar oğlu innovasiya və
sahibkarlıq kateqoriyasında mükafatlandırılıb.
Bakı Ali Neft Məktəbinin Kimya mühəndisliyi
üzrə məzunu olub, indi bu məktəbin
"ThermoNorth" startapının həmtəsisçilərindəndir.
Hacıyeva Sərvinaz Faiq qızı əczaçıdır. 2011-2015 -ci illərdə
Azərbaycan Tibb Universitetinin Əczaçılıq
fakültəsində təhsil alıb. "Farmqrup
MMC"-də əczaçı vəzifəsində işləyib.
2015-ci ilin sentyabrından indiyə qədər
isə Nanoaraşdırmalar Mərkəzində böyük
laborant vəzifəsindədir.
Müxtəlif seminar və iclaslarda iştirak edib. 31 Dekabr 2013
-cü ildə Azərbaycan Tibb Universitetinin Tələbə
Elmi Cəmiyyətinin Konfransında 1-ci yerə layiq
görülüb.
Elmi tədqiqat sahəsi nanotexnologiyalar, əczaçılıq
kimyası, nanotexnologiyanın tibbdə və əczaçılıqda
tətbiqi, yeni dərman maddələrin sintezi, mikrobiologiya (əsasən
nanodərmanların bakteriyalara qarşı effektivliyi və
bakteriyaların antibiotiklara qarşı rezistentliyinin aradan
qaldırılması), əczaçılıq
biotexnologiyasıdır.
O, iki dəfə
Erasmus+ layihəsi çərçivəsində təhsil və
elmi-tədqiqat məqsədli tələbə mübadilə
qrantlarının qalibi olub. 7 məqaləsi
"Web of Science" bazasına daxil olub. 2019-cu
ildə keçirilən "İdeya var!" startap
müsabiqəsində 3-cü yeri tutub.
Hüseynli Məhərrəm Rüfət oğlu
vokalçıdır. O, Bakı şəhər Leopold və Mstislav
Rostropoviçlər adına 21 nömrəli
Onbirillik Musiqi Məktəbində təhsil alıb. 2011-ci ildə Ukraynanın Odessa şəhərində
ənənəvi olaraq keçirilən 9-cu Beynəlxalq
"Sozvezdie - 2011" 13-16 yaş arası yeniyetmələrin
musiqi müsabiqəsində qələbə qazanıb,
qızıl medal və diplomla mükafatlandırılıb.
2012-ci ildə adı Azərbaycanın gənc
istedadlarının "Qızıl kitabı"na yazılıb və Azərbaycan
Respublikası Prezidentinin xüsusi aylıq təqaüdünə
layiq görülüb.
İbrahimov
Kənan Qabil oğlu
Şəmkir Gənclərinin İnkişaf və
Karyera Mərkəzinin direktoru, "Böyük Yol" Gənclər
İctimai Birliyinin sədridir. K.İbrahimov
2017-ci ildə Şəmkir rayonunda "İlin Gənci"
seçilib.
Kazımzadə Günay Tofiq qızı 2008-ci ildən
2012-ci ilə qədər Moskva Dövlət Universitetinin
Bakı filialında tətbiqi-riyaziyyat fakültəsində təhsil
alıb. 2012-2014-cü ildə dövlətin xarici ölkədə
təhsil siyasəti nəticəsində Almaniyada magistraturada
oxuyub. 2018-ci ildən Almaniyanın Berlin
Texniki Universitetinin Süni İntellekt üzrə
doktorantı, Alman İnternet İntitutunun tədqiqatçısıdır.
O, TEDx-də Süni İntellekt mövzusunda
çıxış edən və "Google" şirkətinin
təqaüdünü qazanan ilk azərbaycanlıdır. O,
Diaspor Gənclərinin II Yay düşərgəsinin
iştirakçısı olub. Günay
Kazımzadə Azərbaycanda "TechCentrum" Sosial
Platformasının yaradıcısıdır.
Quliyeva Mətanət Elşən qızı ictimai fəal
və şairdir. 2014-cü ildən etibarən peşə-reabilitasiya
mərkəzində öncə toxuculuq kursunu bitirib, sonra rəssamlığı
öyrənib. Elə həmin ildən
BOCCİA idman növü ilə məşğul olmağa
başlayıb. Artıq altı ildir bu
idmanla məşğuldur. Hər il
keçirilən "SENİ CUP" turnirində iştirak
edir. 2019-cu ildə keçirilən "V Seni
Cup" turnirində birinci yeri qazanıb.
M.Quliyeva 2015-ci ildə çap olunan "Kəpənəyin
saldığı yol" adlı şeirlər
kitabının müəllifidir. 2016-2018-ci illərdə Şəmkir
rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə
həyata keçirilən müxtəlif nominasiyalar üzrə
müsabiqədə iki dəfə "İlin gənci" adına layiq görülüb. 2018-ci
ilin dekabr ayında "Əngəlsiz Düşüncə"
Sosial İnkişafa yardım ictimai birliyini yaradıb.
2019-cu ilin dekabr ayında Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyi tərəfindən keçirilən
"Əlillərin və sağlamlıq imkanları məhdud
uşaqların VIII Ümumrespublika bədii
yaradıcılıq baxış-müsabiqəsi"ndə
iştirak edərək, "Bədii qiraət"
nominasiyası üzrə I yerin mükafatçısı
olub.
Məmmədov
Faiq Rəşad oğlu 2013-2017-ci illərdə Azərbaycan
Dillər Universitetinin (ADU) Beynəlxalq Münasibətlər
fakültəsinin bakalavr pilləsində təhsil alaraq "Fəxri
Məzun" adına layiq görülüb, fərqlənmə
ilə məzun olub. 2017-ci ildən "ADA" Universitetinin Beynəlxalq
Münasibətlər və Diplomatiya ixtisası üzrə
magistratura pilləsində təhsil alıb.
2013-cü ildən etibarən universitetin Tələbə
Gənclər Təşkilatında (TGT) fakültə sədri,
klub sədri, icraçı-müavin vəzifələrində
çalışıb. 2014-cü il aprel ayında ADU TGT-nin
sədri vəzifəsinə seçilib, 2017-ci ilə qədər
həmin vəzifədə fəaliyyət göstərib.
2014 oktyabr - 2015 iyun tarixlərində Bakı Avropa
Oyunları Əməliyyat Komitəsində protokol mütəxəssisi
daha sonra protokol meneceri vəzifələrində
çalışıb.
2015-ci ildə
47-ci Beynəlxalq Kimya Olimpiyadasının Təşkilat Komitəsində
Protokol xidmətinin əməkdaşı, 2017-ci il ərzində
İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsinin
Protokol Departamentinin mütəxəssisi, 2016-2017-ci illərdə
ADU üzrə Yeni Azərbaycan Partiyasının İdarə
Heyətinin üzvü olub.
2017-ci ilin iyulunda Avropa Gənclər Kartı
Assosiasiyasının Serbiyada keçirilən Baş
Assambleyasında 9 nəfərdən ibarət idarə heyətinin
ilk azərbaycanlı və ən gənc üzvü
seçilib.
2017-2018-ci illər ərzində Azərbaycan Tələbə
Gənclər Təşkilatları İttifaqının
(ATGTİ) İcraçı Direktoru vəzifəsini icra edib.
2018-ci ilin martından etibarən "EKSPO 2025
Bakı" Əməliyyat Komitəsində gənclərdən
ibarət "Qrup 25"in rəhbəri vəzifəsində
işləmişdir.
Bununla yanaşı 2017-ci ilin martından etibarən Təhsil
Nazirliyi yanında Tələbə və Gənclər üzrə
Daimi Şuranın üzvüdür.
Rüstəmov Sabir Elşad oğlu politoloqdur. O, tez-tez Azərbaycanı
müxtəlif ölkələrdə təmsil edir. Sabir Rüstəmov Rusiyanın Pyatiqorsk şəhərində
keçirilən "Maşuk-2019" beynəlxalq gənclər
forumundakı uğurlu çıxışı ilə yadda
qalıb. Belə ki, erməni
diplomatların da qatıldığı sözügedən
forumda Azərbaycan nümayəndə heyətinin rəhbəri
Sabir Rüstəmov olub. O, forumun
açılışının 9 avqustda baş tutduğunu və
növbəti gün forum iştirakçılarının
Rusiyanın ekologiya və təbii sərvətlər naziri ilə
görüşü olduğunu bildirib.
Rüstəmov görüşdə müxtəlif
ekoloji problemlərin müzakirə edildiyini və onun nazirə
Xəzər dənizindəki problemlərlə bağlı
sual verib. Məhz bu sual sonradan ən yaxşılardan biri
seçilib və o, bunun qarşılığında
mükafat alır.
Mükafata
layiq görülən hər bir gənci təbrik edir,
uğurlarının davamlı olmasını
arzulayırıq!
Şahanə
MÜŞFİQ
525-ci qəzet.- 2020.- 15 fevral.- S.16.