"Qəti qərar vermişdim ki, teatra
qayıtmaq yoxdur..."
HƏMSÖHBƏTİMİZ
SƏNƏTŞÜNASLIQ ÜZRƏ FƏLSƏFƏ
DOKTORU, KİNOŞÜNAS VƏ AKTRİSA ZÜLFİYYƏ
ELDARQIZIDIR
-
Aktrisa, kinoşünas, müəllim, qiraətçi,
aparıcı... Bəs, sizcə, əslində kim?..
-
Əslində, elə Zülfiyyə. Hərdən hisslərimi
kağıza köçürürəm. Demirəm ki,
şairəm, amma bəzi şeirlərim, poetik miniatürlərim
var. Bunları üzə çıxartmıram. Çox
yaxın insanlara oxuyanda deyirlər niyə çap etdirmirsən?
Deyirəm, ehtiyac yoxdur. İncəsənət insanları həssas
olur. Bəlkə də bu sahədən olan
çoxlarının bu cür yazıları var. Bəzən
bu qədər çox sahəylə məşğul
olmağımdan sıxılıram. Fikirləşirəm, niyə
bu cür pərakəndəyəm, fəaliyyətim
çoxşaxəlidir? Amma sonra görürəm,
narahatlığa əsas yoxdur, heç də pis
alınmır. Bilsəm ki, hardasa alınmır, ordan kənara
çəkilərəm. Bütün bunlardan qabaq isə sadəcə
Zülfiyyə Eldarqızı.
- Ailəniz
aktrisa olmaq istəyinizi necə qarşılamışdı?
- Müsbət
qarşılamamışdı. İncəsənət sahəsinə
getməyimi heç kəs istəmirdi. Uşaqlıqdan incəsənətə
meyilli idim. Ən çox şeir deməyi sevirdim, bədii
qiraətə üstünlük verirdim. Sumqayıtda Nəriman
Nərimanov adına Mədəniyyət evində dərnəklərə,
xalq teatrlarına gedirdim. Əvvəllər bunu uşaq həvəsi
kimi qəbul edirdilər. Amma sonradan gördülər ki, mən
istəyimdə ciddiləşmişəm, mane olmağa
çalışdılar. Anam, atam çox deyil,
dayılarım, qohum-əqrəba istəmirdi. Onların da ailəmizə
təsiri olurdu. Orta məktəbin son illərində ailəmizdə
gərgin anlar yaşandı. Atam xəstələndi, Moskvaya
apardılar və sair. Mən də bu
qarışıqlıqdan istifadə edib sənədlərimi
İncəsənət İnstitutuna verdim və qəbul oldum.
Qəbul olandan sonra əlacsız qalıb
razılaşmalı oldular. Amma indi hamısı mənimlə
fəxr edirlər.
-
Zülfiyyə xanım, teatr sevginizi bilirik. Nə zaman
qayıdacaqsınız teatra?
- Teatra
böyük sevgim var. Hazırda incəsənətin müxtəlif
sahələrində çalışıram: serial,
veriliş, qiraət. Amma teatr başqa bir dünyadır,
möcüzədir. Neçə illər bəzi problemlərə
görə streslər yaşadım. Nə qədər
içimdə bu sevgi olsa belə, qəti qərar vermişdim
ki, teatra qayıtmaq yoxdur. Amma görürəm ki, hər
şey biz deyən kimi olmur, ürək öz
sözünü deyir. Bu yaxında bir teatrdan dəvət
almışam. Dövlət sifarişli tamaşada rol da təklif
ediblər. Hələ bunun üzərində
düşünürəm. Güman ki, müsbət dəyərləndirəcəm.
İnşallah, gələn müsahibələrimizdə bu
barədə daha geniş danışa biləcəyik.
- 20 ilə
yaxın universitetdə işləmisiniz. Müəllim kimi tələbələrinizdə
nəyə önəm verir və ilk nəyi öyrədirdiniz?
-
İnanın ki, indi incəsənətlə bağlı
hansı quruma, televiziyaya gedirəmsə, orada müəllimliyimdən
bir iz görürəm. Xeylisi mənim tələbələrimdir.
Hətta elə tələbələrlə rastlaşıram
ki, təhsil zamanı ya dərsə gəlməyib, ya
yaxşı çalışmayıb ki, qiymətini
aşağı salmışam, hətta imtahandan kəsmişəm.
Yəni dərsimdə tələbkar olmuşam. Həmin tələbələr
belə məni indi o qədər sayğıyla, hörmətlə,
sevgiylə qarşılayırlar ki. Çünki mən
onlara həmişə dürüstlüyü, əsl vətəndaş
olmağı öyrətmişəm. Mən onlara deyirdim ki,
siz bu sahənin mütəxəssisi olacaqsınızsa gözəl
danışmağı bacarmalısınız. Ona görə
də dərsə gəlin, öyrənin. Elə tələbəm
olub ki, vaxtında dərsə gəlməyib, bitirib gedəndən
sonra hansısa mədəniyyət qurumlarından birinə
işə qəbul olub, ona deyiblər ki,
danışığında qüsur var, onu düzəlt gəl.
O da gəlib ki, müəllimə, əlavə ödəniş
edim, mənim danışığımla məşğul
olun. Demişəm, sən niyə zamanında dərsə gəlmirdin
ki, indi belə problemlə qarşılaşmayasan? Hər
zaman çalışmışam ki, tələbələrim
yaxşı mütəxəssis olmaqdan əlavə
xalqının tarixini bilən, vətənini sevən əsl
vətəndaş olsunlar.
- Son illər
Azərbaycanda serial sektoru inkişaf etməkdədir. Çəkildiyiniz
seriallardan razısınız?
- Bu mənim
yaralı yerimdir. Həmişə bu haqda danışıram,
deyirəm. Amma sevindirici hal odur ki, işlər
görülür, serial sektoru inkişafa doğru gedir.
Baxırlar digər ölkələrə, nələrisə
öyrənirlər, götürməyə
çalışırlar. Bu, yaxşı təşəbbüsdür,
mən bunu alqışlayıram.
Əsas
olan dramaturgiyadır. Hər şeyin bünövrəsi
möhkəm olmalıdır. Bu işin də bünövrəsində
dramaturgiya dayanır. Yaxşı tamaşanın da, filmin də,
serialın da əsası bundan başlayır. Əgər
ssenari cəmiyyətə hər hansı sosial mesaj
ötürürsə, o xalqın təfəkkürünə,
düşüncəsinə, məfkurəsinə
uyğundursa, əlbəttə ki, o iş alınacaq. Bizdə
yaxşı rejissorlar da, aktyorlar da var. Dramaturgiya olsa,
yaxşı olacaq. Bir də peşəkarlıq
lazımdır. İstərdim ki, hər adam seriala gətirilməsin.
Çəkildiyim seriallarda da bəzən bunun üstündə
mübahisəm düşür. Hər kəsin öz işi
var. Bu, aktyor deyilsə, bundan aktyor düzəltmək nəyə
lazımdır? Biz dişimizlə-dırnağımızla bu
yerə gəlib çıxmışıq. Kimsə kiminsə
tanışıdı, gözəl fakturası var deyə
seriala gətirilə bilməz. Gətirilirsə, mütləq
müəyyən qədər aktyorluq dərsləri
keçirilməli, hazırlanmalıdır. Türkiyədə
də var bu tendensiya, yeni sima axtarışındadırlar.
Amma tapdıqlarına psixologiyadan belə dərs verib,
hazırlayıb kamera önünə çıxarırlar.
- Sizcə,
yaxşı aktyor necə olmalıdır?
- Birinci
növbədə təhsil olmalıdır. Əgər o, təhsil
görsə, rejissoru baxışından oxuyacaq ki, təklif
olunan vəziyyət nədir, obrazı necə
oynamalıdır. Mən birdən-birə institutdan teatra gəldim.
Amma onu oxumuşdum, nəzəriyyəsini bilirdim, özüm
bunu tələbələrə öyrədirdim. Biz bilirdik səhnə,
söz, sözə münasibət nədir. Az-çox təcrübəmiz
də vardı. Tələbə vaxtı Əməkdar artist
Gürşad Baxşıyeva tamaşalar qoyurdu, biz də orda
çıxış edirdik. Amma teatrda daha da püxtələşdim
və sevdim. Ona görə də yaxşı akyor təhsildən
başlayır. O, peşəkar olmalı, tərəf
müqabilini görməli və eşitməlidir. Məsələn,
mən heç vaxt sözləri əzbərləmirəm,
onu mənimsəyirəm. Bəzən görürsən ki,
aktyor əzbərləyib və hansı replikadan sonra nə
deyəcəyini gözləyir. Bu da onu həm əsərdən
uzaqlaşdırır, həm də tərəf müqabilindən.
Onda da yaşantı olmur və tamaşaçını roluna
inandıra bilmirsən. Tamaşaçı aktyora
inanmalıdır.
- Aktyor
dramaturji materiala nə qədər müdaxilə edə və
mətndən nə qədər kənara çıxa bilər?
- Bu,
rejissora görə dəyişir. Elə rejissor var ki, aktyora
icazə vermir bircə addım belə kənara
çıxsın. Deyir, mən necə qurmuşam, elə də
oynamalısan. Elə rejissor da var, aktyora azadlıq verir. Mən
də bunu tərəfdarıyam. Çünki aktyor azad olmasa,
yaradıcı ola bilməz. O qəlibə salınmamalıdır
ki, axtarışlarını eləsin. Qəlibə
salınsa, məncə, tamaşaçını da o dərəcədə
inandıra bilməyəcək. Amma özü
axtarışlar aparsa, obrazını daha yaxşı mənimsəyəcək.
Mən hər obrazımın öncə xarakterini tapmalı,
cizgilərini müəyyənləşdirməliyəm.
Axı biz başqa bir insanı yaradırıq.Ona görə
də müşahidə edirəm. Məsələn,
"Uçurum" serialındakı obrazımın həyatda
prototipini tapmışdım və onunla çoxlu söhbətlər
edirdim ki, onu özümə yansıdım. Bunu da
alındıra bilmişdim. O barədə insanları çox
müşahidə edirəm, öyrənməyə
çalışıram.
- Sizcə,
aktyorluq təhsili ən az nə qədər olmalıdır?
-
Universitetdə çalışdığım dövrdə
tələbə qəbulunda da iştirak etmişəm.
İstedad elə bir şeydir ki, bu, insana Allahdan verilir. Pulla
almaq, satmaq, yaratmaq mümkün deyil. Akyor anadan aktyor
doğulmalıdır, məncə. Həmin qəbul
zamanlarında elə uşaqlar olurdu, deyirdim, bu ki hazır
aktyordur. Sonralar isə test çıxdı, az bal
yığanlar gəldi aktyorluğa, rejissorluğa, həmin
vaxtlarda çox əziyyət çəkirdik. Bal azdır deyə,
gedim aktyor, rejissor olum düzgün deyil. Vaxtı isə dəqiq
demək olmur. İstedadlı insan üçün beş il təhsil
kifayət edər. Elə adam isə var ki, beş il yox, on
beş il də oxusa, ondan aktyor olmaz. Bu, fərdə görə
dəyişən bir şeydir.
-
Hansı obrazı canlandırmağı daha çox istərdiniz?
- Konkret
demək istəmirəm. Vaxtilə beynimdə, ürəyimdə
olan obrazlar vardı ki, yaş dəyişdi, onları
canlandırmaq mənə qismət olmadı. Amma istərdim
ki, xarakterik obrazlar yaradım. Çox əziyyətlər
çəkmiş, həyatın müxtəlif əzablarını
görmüş qadınların taleyini canlandırmaq istərdim.
Çətin və maraqlı obrazlar, eləcə də
yaxşı rejissor istəyirəm ki, bunu yarada bilək.
-
Müsahibələrdən birində rejissor Rövşən
İsaqla işləmək istədiyinizi demisiz.
- Bəli,
demişəm. Bu, mənim arzumdur. Bir dəfə təklif
almışdım, amma obraza uyğun olmadım. Hazırda onun
"Yuxu kimi" serialını imkan daxilində izləyirəm.
Onun aktyorla işi xoşuma gəlir.
- Bir ana
olaraq şəxsi həyatınızı və sənətinizi
birgə idarə edərkən çətinlikləriniz
olubmu?
- Olub, əlbəttə.
Uşaqlar balaca olanda əziyyət çəkirdim.
Düzdü, anam həmişə bu məsələdə mənə
kömək edib, dəstək olub. Amma özüm çox məsuliyyətli
insanam. Vaxtında hər yerə getmək, hər şeyə
çatmaq, işlərimin öhdəsindən gəlmək,
institut, çəkilişlər... Çətin idi mənə.
İndi isə bir balaca azadlığım var, çünki uşaqlar
böyüyüblər, işləyirlər. Səhər
hamı birdən evdən çıxır, axşam da
hamı birgə gəlir (gülür).
- Məşhurluğu
necə qiymətləndirirsiniz? Tanınmış xanım
olmaq çətindir?
-
Doğrudur, sənət adamı əlçatmaz
olmalıdır. Amma mən rahatlıqla insanların arasına
çıxıram, ictimai nəqliyyatdan istifadə edirəm.
Tanıyırlar, hörmət edirlər, yolda da
yaxınlaşırlar. Bu, məni narahat eləmir,
sıxmır. Sənətçiyəm deyə
özümü qəlibə salmıram. Hamıyla eyni cürəm.
İnsan olaraq heç vaxt dəyişmirəm.
- Ədəbiyyatla,
kitablarla aranız necədir? Şeirləri necə
seçirsiniz?
- Əgər
siz bizim evimizi görsəniz, anlayarsınız ki, biz ailəvi
olaraq kitabla necə sıx bağlıyıq. Həyat
yoldaşım kitab çapıyla məşğuldur. Ona
görə evimizin hər tərəfi kitabdır. Həmçinin,
audiokitab layihəsində çalışıram. Orda da
kitabların, kitabsevər insanların içərisindəyəm.
Bu da onun göstəricisidir ki, mən kitabı sevməyə
bilmərəm. Şeirləri seçməyə gələndə,
məni bəzən qınayırlar ki, əvvəlki şairləri
seçirsən, indikiləri oxumursan. Elə deyil. Sadəcə
yaddaşımdan problem olduğuna görə, keçmişdən
əzbərlədiyim şeirlər yadımdadır. Məsələn,
Mikayıl Müşfiq, Bəxtiyar Vahabzadə, Nəbi Xəzri,
Ramiz Rövşən, Baba Vəziroğlu, Vahid Əziz və
başqalarını tez-tez söyləyirəm, bugünki
şairlərin şeirlərini isə kitabdan oxumağa məcbur
oluram. Qulu Ağsəs, Rafael Tağızadə, İlqar Fəhmi,
İlham Qəhrəman, İlqar Rəsul, Şəhriyar del
Gerani və başqalarından oxuyuram. Ruhuma yaxın olanlara
üstünlük verirəm.
- Sizin
"Məhəbbət nəğmə"nizin ünvanı
kimdir?
- Bu
veriliş təsadüf nəticəsində alındı. Gözləmədiyim
zamanda təklif gəldi. Elə bir vaxta düşdü ki,
işsiz idim. Və mən o təkliflə bağlı
çox fikirləşdim. Səbəb də bölgə
televiziyası olması, televiziyalara marağın
azlığı idi. Amma işsizlik çox çətindir.
Ona görə də qərar verib getdim, peşman da deyiləm.
Mən orada özümə sayğı, hörmət
gördüm. Verilişimiz də maraqlı idi. Baxanlar deyirlər
ki, biz sənin simanda 1980-90-cı illərin Azərbaycan
Televiziyasındakı diktorlarını görürük. Əsas odur ki, ora mənim
tribunamdır. Mənim tribunam institut idi, auditoriya idi. İndi
ora yoxdur, bura tribunadır.
- Gələcək
planlarınız nələrdir?
-
Hazırda üç təklif almışam. Onları dəyərləndirəcəm.
Bayaq dediyim kimi, teatrdan təklif var. Digərlərini demirəm.
Şükür ki, artıq işsizliyimə son qoyulur. Mənə
gözəl bir qapı açıldı. Bu yaxınlarda
işimə başlayacam. Sadəcə onu deyim ki, həm
yaradıcılıq, həm də elmi fəaliyyətimi davam
etdirəcəm. Bu yaxınlarda gözəl şair Nəzakət
Məmmədlinin şeirlərindən ibarət "Payız
ömrü" adlı diskimiz işıq üzü görəcək.
Şahanə
MÜŞFİQ
525-ci qəzet.- 2020.- 15 fevral.- S.15.