"Şuşa mənim
həsrətimdir"
Müsahibimiz
gənc xanəndə, Azərbaycan Dövlət
Televiziyasının solisti Günay İmamverdiyevadır. Onunla muğamdan, müasir musiqidən, pedaqoji fəaliyyətindən və
Şuşadan danışdıq.
"Şuşada
elə gözəl səslər eşitmişik
ki..."
“Ta uşaqlığımdan bu
sənətə həvəsim
var idi. Kiçik yaşlarımda televizora baxanda görürdüm ki, Zeynəb xanım fərqli, gözəl paltarlarda ifa edir. Mən də çalışırdım
ki, bəzənib ona oxşayım, darağı mikrofon kimi tutub oxuyurdum.
O vaxt düşünmürdüm
ki, tanınıb məşhur olaram. Amma evdən oxumağımı
istəmirdilər. Biz qarabağlı olduğumuz
üçün deyirdilər,
Şuşada elə gözəl səslər eşitmişik ki, onların yanında sənin səsin yox kimidir.
Sonralar bu həvəsi və sevgini içimdə boğa bilmədim. Bunu görən bibim məni Aybəniz Haşımovanın "Bülbüllər" qrupuna apardı. 2-3 il orada təhsil aldım. Bildiyiniz kimi, Aybəniz xanım daha çox vokal, bəstəkar mahnılarıyla məşğul olur. Mənim həvəsim mahnıdan çox muğama idi. Ona görə evdən məsləhət bildilər ki, muğama yönəlməliyəm. 2005-ci ildə Xalq artisti Mənsum İbrahimovun yanına getdim. Mənsum müəllim Bakı Humanitar Kollecində (əvvəlki Bakı Mədəni Maarif Kolleci) çalışırdı. Mən də orda təhsil almağa başladım. Kollecdə oxuya-oxuya 2008-ci ildə eşitdim ki, "Xalq ulduzu" adlı yarışma var. Böyük həvəslə oraya getdim və seçildim. Beləcə professional səhnəyə ilk dəfə ATV kanalının həmin müsabiqəsindən addım atdım. Orada üçüncü yerə çıxdım. Sonra başladım sənətimlə ardıcıl məşğul olmağa. Azərbaycan Milli Konservatoriyasına daxil oldum. Burda da müəllimim Mənsum İbrahimov idi. Mən onun vasitəsilə muğamı və müəllimliyi sevmişəm. 2011-ci ildə Muğam Müsabiqəsində iştirak etdim. 2013-cü ildə Konservatoriyada magistraturaya qəbul oldum. Ondan sonra da elə gətirdi ki, kafedrada müşayiətçi-konsertmeystr müəllim olaraq qaldım. Müəllim kimi daha çox musiqi məktəbində şagirdlərlə işləyirəm. Mənsum müəllim həqiqətən də gözəl insandır və əsl ustaddır. İndinin özündə də səhnədə ifa edərkən o, tamaşaçı kimi zaldadırsa, üzünə baxıram, razı qalıb-qalmadığını üzündən oxumağa çalışıram. O da simasında göstərir bunu. Bunu da deyim ki, eyni zamanda Azərbaycan Dövlət Televiziyasının solisti kimi çalışıram.
Uşaqlıqdan
bəri bir çox müsabiqələrdə iştirak
etmişəm. Əsas olan dediyim ikisidir. Müsabiqələr
bizim kimi gənclərin
həyatında çox mühüm
rola malikdir. Məncə,
müsabiqələr olmasaydı indi biz sizinlə bu cür söhbət etməzdik (gülürük).
Muğam müsabiqəsi vaxtında Əlibaba müəllim, Ağaxan müəllim, Arif müəllim, Səkinə xanım var idi ki, bunların hər birini özümüzə ustad bilirdik. Mənsum müəllim həmişə deyir ki, professional xanəndə olmaq üçün tək bir insanla kifayətlənmək mümkün deyil, çoxlarını dinləməlisən. Hazırda özümə yaxın bildiyim, sevdiyim, dinlədiyim Xalq artisti Aygün Bayramovadır. Eləcə də Gülyanaq Məmmədova, Nəzakət Teymurova, Almaz Orucova və başqalarını dinləyib, bəhrələnirəm. Yaxşı xanəndə olmaq üçün çox yaxşı səs diapazonu, ürək və təhsil olmalıdır. Təhsil çox böyük önəm daşıyır. Hətta təhsilsiz olmaz. Çünki bu, elə bir sahədir ki, əsrlərdən bəri ustadlar tərəfindən belə gəlib. Və sən bilməlisən ki, nəylə başlayıb, nəylə bitirəcəksən. Bunu isə təhsilsiz bilmək olmaz.
"Musiqi mənimçün ruhumun
təcəssümüdür"
Həm özümü
sınamaq, həm də tələbata görə başqa janrlara da müraciət edirəm, bəstəkar
mahnıları da ifa
edirəm. Mahnı seçimində daha çox sevdiyim musiqiyə
və səviyyəli sözlərə üstünlük
verirəm. Həm də belə bir şey var ki,
sevmədiyim mahnını ifa edə bilmirəm.
Bəzən olur kiminsə
yaradıcılıq gecəsində, ya da hansısa tədbirdə deyirlər filan mahnını oxumalısan, oxuyuram, amma görürəm
ki, istədiyim kimi
alınmır. Bir mahnını
ifaçı sevmirsə, onu yaşaya bilmir.
Özümün
bəstəkar mahnıları yazdırdığım olur,
amma təəssüf ki, indi uğurlu mahnı görmürəm.
Baxırsan ki, mahnının əvvəliylə
sonu yoxdur. Deyirlər e, 2-3 notdan
ibarət mahnı, onları bəlkə kimsə
oxumağı bacarır, amma mən
bacarmıram. İnsanlar da
niyəsə məhz o cür
mahnılara meyil edirlər. İstəmişəm
ki, nəyinsə xatirinə mən də oxuyum, amma
görmüşəm alınmır. Alınsaydı
reklamım daha yaxşı olardı, daha çox
tanınardım yəqin (gülür).
Sözə çox önəm
verirəm. Söz məni tutdusa,
ifa edirəm. Biz daha çox qəzəllərə
müraciət edirik. Tələbə
vaxtı Vahidin, Füzulinin,
Seyid Əzmin qəzəllərinə
müraciət edirdik. İndi
isə çalışıram ki, daha çox şeirlərdən
oxuyum. Çünki qəzəli
hər kəs anlaya bilmir,
şeir isə aydındır. Buna görə Nüsrət Kəsəmənlinin,
Bəxtiyarın və başqalarının şeirlərinə
müraciət edirəm.
Toylara,
el şənliklərinə də müəyyən qisim var
ki, onlar dəvət edirlər, iştirak edirəm. Çünki öz
repertuarımdan kənara çıxmıram. Tələbat az olsa da
var, qane edir.
Musiqi mənimçün ruhumun təcəssümüdür, ürəyimi açıb göstərməkdir, hisslərim, duyğularımdır. Ruhumun rahatlığı, dincliyim üçün daha çox fortepianoda olan musiqiləri, Şopenin, Motsartın, Vaqif Mustafazadənin bəstələrini dinləyirəm. Həyatımız musiqinin içərisində keçdiyindən beynimizin təzələnməyi üçün bu musiqilərə də ehtiyacımız olur.
"Şuşa haqqında danışanda həmişə
kövrəlirəm"
Şuşalı olaraq mənə
muğam daha doğma gəlir. Səsimin imkanları da məncə, muğama daha uyğundur.
Şuşadan bir yaşımda çıxmışam. Mənə
elə gəlir ki, bu
səsin, musiqi, xüsusən muğam sevgisinin elə birbaşa Şuşayla əlaqəsi
var. Səs gendən, havadan,
sudan gələn bir şeydir. Təəssüf ki,
mən oraların havasını, suyunu çox görmədiyim, udmadığım üçün demək ki,
bu, mənə gendən gəlib.
Atamın, əmilərimin çox gözəl
səsi var. Hətta vaxtilə
Şuşadakı mədəniyyət evlərinə də gedib, öz üzərlərində
çalışıblar. Amma o vaxtı indiki kimi dövlət qayğısı yox idi, şərait
yaradılmamışdı. Ona görə
də onlar qazanc əldə
etmək üçün məcburən başqa sahəylə məşğul
olmalı olublar. Səsləri isə həqiqətən
çox gözəldir.
Şuşa
haqqında danışanda həmişə kövrəlirəm.
O, mənim həsrətimdir. Əlbəttə, oradan bir yaşımda
çıxdığım üçün
nə baş verdiyini
dərk etmirdim. Ordakı evimizi xatırlamıram. İndi
isə Şuşa mənim üçün atamın, anamın göz yaşlarıdır, həsrətində
olduğu məkandır, qovuşmağı
hər şeydən çox
arzuladığım yerdir.
Şuşanı görməsəm də o
həsrət məni o qədər
yandırır, o qədər incidir ki, tez-tez
yuxularımda görürəm. İnsan da olmadığı, görmədiyi bir yeri yuxuda
görərmi? Mən görürəm. Şuşa
olduğunu isə atamın, anamın
dediklərindən bilirəm. Görürəm deyirlər ki, biz Şuşadayıq,
filan yerə gedirik və
sair. Şuşa mənim
üçün ən böyük
arzudur (gözləri dolur).
Şuşayla bağlı dinlədiyim o qədər xatirələr var ki, özümü oralarda olmuş, orada yaşamış kimi hiss edirəm. Az müddət sonra Şuşanın işğalının 30 ili olacaq. Amma 30 ildir ki, ailəm, qohumlarım usanmadan, bezmədən Şuşadan danışırlar. 30 il öncə orada yaşadıqları həyatın hər gününü, hər dəqiqəsini xatırlayırlar. Hərdən özüm də təəccüb edirəm ki, axı, düz 30 ildir ki, siz oraya getmirsiz, oranı görmürsüz, necə bu qədər dəqiqliklə hər şeyi xatırlayırsız? Bizim evimizdə Şuşanın adının çəkilmədiyi, ordakı hansısa xatirənin danışılmadığı gün yoxdur.
Mənim
üçün isə Şuşa və bu işğal daha
acı bir olayla yaddaşıma həkk olub. Bilirik ki, uşaqlar dil açanda daha çox ana, ata deyir. Mən isə
dil açanda ilk kəlməm "atdılar,
düşdü" olub.
O dövrdə vəziyyət
o qədər pis idi ki, atışma,
bomba səsləri insanların adi yaşantısına çevrilmişdi.
Mənim də hələ körpə vaxtımda ən çox eşitdiyim sözlər bunlar olub: "atdılar, düşdü". Ona görə
də dil açanda məhz bu sözləri demişəm. Bu faktın özü mənim üçün çox ağırdır.
Bilirsiniz
ki, Şuşa
musiqi məktəbi hər zaman öndə olub. Məncə,
keçmiş sənətkarların
əsas fərqi o idi ki, onların
səsinin indi də bənzəri yoxdur. İfaçılar çox, xanəndələr
də kifayət qədərdir. Amma Allahın
onlara verdiyi səsdən indi yoxdur.
Çox zaman özüm haqqında eşidirəm ki, Şuşanın nəfəsini ifamda hiss etdirə bilirəm. Deyirlər ki,
səsindəki yanğı
Şuşadan, Şuşanın
həsrətindən gəlir.
Bu cür sözləri
çox eşidirəm,
nə qədər belədir, deyə bilmərəm. Amma əgər
belədirsə, mən
bununla fəxr edirəm. Çünki o həsrət, o nisgil o qədər çoxdur ki, onu ifamda hiss etdirməyim bir növ təsəllimdir.
Deyə bilmərəm ki, yalnız vətənpərvərlik,
Qarabağ barəsində
mahnılarda bu hiss olunur. O, elə bir şeydir ki, hər mahnıda
özünü göstərəcək.
Amma əlbəttə, öz yaralı yerin haqqında ifa edirsənsə, mütləq
ki, daha çox özünü büruzə verəcək.
Qarabağlılar daha çox "Segah"ı sevir və ifa edirlər. Mən də
düşünürəm ki, ruhuma daha
çox yaxın olan "Segah" və "Bayatı-Şiraz"dır.
"Bayatı-Şiraz"da
ürəyimdən gələn
bütün xalları
ifa edə bilirəm, bütün hisslərimi göstərirəm.
"Bayatı-Şiraz"ı
muğamlarımızın gəlini adlandırırlar.
Çox
zərifdir, incədir.
Muğamda da belə bir xarakter var. "Çahargah" müharibə,
döyüş hisslərini
özündə əks
etdirir. "Bayatı-Şiraz" isə
insanın ən incə hisslərinə toxunur. Beləcə, qarabağlı, şuşalı olaraq
"Segah"ı və
"Bayatı-Şiraz"ı sevirəm.
Nə yazıq
ki, insanlar indi bayağılığı
daha xoş qarşılayırlar. Əvvəl yenə
bayağı musiqini sevənlər gizlədərdi,
dilə gətirməzdi,
bundan utanardı.
İndi isə sanki hamı bir-birinin bəhsinə bu musiqiləri təbliğ edir, sanki bunları
dinləməkdən qürur
duyurlar. Bunun da əsas səbəbini televiziyalarda görürəm.
Cəmi
2-3 veriliş var ki, oraya sevinə-sevinə,
qorxmadan gedirəm.
Çünki bilirəm ki,
bizdən sənət
göstərmək istənir.
Başqa
verilişlərdə isə
tərəddüd edirəm.
Çünki orda məni
nə gözlədiyini
bilmirəm. Fikirləşirəm ki, bu illərdə
zəhmətlə yığdığım
az-çox hörmətim
var, orda elə situasiyaya salarlar ki, bir
anda onu da itirərəm.
"Dövlətimizi
təmsil etmək qürurvericidir"
Muğam Müsabiqəsindən sonra Heydər
Əliyev Fondunun, Dövlət
Televiziyasının və Mədəniyyət Nazirliyinin
bir çox layihələri
olur ki, istər Azərbaycanda,
istərsə də Azərbaycandan kənarda xüsusən əlamətdar
günlərdə dəvət olunur.
Mən də bir çox
ölkələrdə dövlətimizi təmsil etmişəm.
Həm dünya azərbaycanlılarının,
həm xarici ölkə vətəndaşlarının
olduğu bir çox konsertlərdə
çıxış etmişəm. Yaddaqalan
səfərlərdən deyə bilərəm. 2015-ci ildə
İtaliyanın Milan şəhərində
Expo Center-in
açılışında 60 ölkənin pavilyonu
vardı. Eləcə də bizim ölkənin.
Bir ay davam
elədi. Dövlət başçısı və
xanımı da gəlmişdi
açılışa. O, çox
maraqlı idi.
2013-cü ildə Fransada bir küçəyə Azərbaycan şəhərciyi adı verildi. Onda da Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyimizin xətti ilə 10 gün orda iştirak elədik. Hər gün Azərbaycanın ən tanınmış xanəndələri, müğənniləri çıxış edirdi ki, belə bir tədbirdə yer almaq həqiqətən böyük şərəfdi.
Görürəm ki, xarici ölkələrdə muğamımız çox sevilir, böyük həvəslə dinlənilir. Hətta insanlar gözlərini yumub böyük zövqlə dinləyirlər. Bu, təkcə bizim işimiz deyil. Dövlət təbliğatı böyük rol oynayır. Dünyəvi musiqidir muğam. Ona görə də hər zaman seviləcək”.
Şahanə
MÜŞFİQ
525-ci qəzet.- 2020.- 15 fevral.- S.14.