Musiqili Teatrda Çingiz Aytmatovun "Cəmilə"si
səhnələşdirilir
Azərbaycan Dövlət Akademik Musiqili Teatrında dünya şöhrətli
qırğız yazıçısı
Çingiz Aytmatovun
"Cəmilə" povesti
əsasında hazırlanan
eyniadlı tamaşanın
məşqlərinə başlanılıb.
Rejissor Anar Babalının quruluşunda
gənc yazar Cavid Zeynallının səhnələşdirdiyi bu
əsərin ideya müəllifi və bədii rəhbəri sənət ocağının
direktoru, Əməkdar
incəsənət xadimi
Əliqismət Lalayevdir.
Yeni səhnə əsəri ilə bağlı
AZƏRTAC-ın əməkdaşının
suallarını cavablandıran
Ə.Lalayev bildirib ki, o, hələ ötən il Qırğızıstanın Oş
şəhərində keçirilən
VII Beynəlxalq "ART - ORDO-2019" Teatr Festivalı çərçivəsində TÜRKSOY-a üzv ölkələrin
teatr direktorları şurasının toplantısında
iştirak edərkən
"Cəmilə" tamaşasının
bəzi məqamları
ilə bağlı qırğızıstanlı həmkarları
ilə müzakirələr
aparıb və bu əsərin Azərbaycan Dövlət Akademik Musiqili Teatrında uğurlu səhnə həlli tapacağı qənaətinə
gəlib.
"Realizm və
romantizm elementlərinin
birləşdiyi səhnə
əsərinin süjet
xəttində sadə
insanın gözü
ilə ümumbəşəri
problemlərə zərgər
dəqiqliyi ilə yanaşılır. Cəmilə adlı bir gənc
qadının yaşantıları
fonunda, əslində,
İkinci Dünya müharibəsi illərində
arxa cəbhədə
cərəyan edən
hadisələrdən doğan
bir çox həqiqətlər, çətinliklər
tam çılpaqlığı və mürəkkəbliyi
ilə göstərilir",
- deyə Ə.Lalayev tamaşanın ideya istiqaməti barədə fikirlərini belə ifadə edib.
Quruluşçu rəssamı Vüsal
Rəhim, quruluşçu
baletmeysterləri - Əməkdar
artistlər Zakir və Yelena Ağayevlər,
musiqi tərtibatçısı
Atabəy İsmayılov,
geyim üzrə rəssamı Yelena Almazova,
rejissor assistenti Elməddin Dadaşov olan tamaşada rolları Əməkdar artistlər - Əzizağa
Əzizov, İqrar Salamov, Almaz Ələsgərova, aktyorlar
- Gülnarə Abdullayeva,
Mehriban Zaliyeva, Türkel Tariqpeyma, Səmədzadə Xasiyev,
Əmrah Dadaşov, Nicat Əli, Emin Zeynallı, Şaban Cəfərov, Hidayət Əliyev, Ruslan Mürsəlov, Zaur Əliyev və İbrahim Əlizadə ifa edəcəklər.
Balet və xor artistlərinin də iştirak edəcəyi səhnə
əsərində qırğızların
milli musiqi aləti - qomuz vasitəsilə həmin xalqa məxsus etnik musiqilər səsləndiriləcək.
525-ci qəzet.- 2020.- 15 fevral.- S.13.