Azərbaycan humanitar
elminin böyük uğuru
Akademik
İsa Həbibbəylinin Moskvada gözəl bir kitabı
işıq üzü görmüşdür: "Literatura,
vremya, sovremennost" (M., "Xudojestvennaya literatura", 2019).
Gözəl,
sanballı, mükəmməl... - o qədər ki, bugün
dünyada hər cür bütöv təsəvvür və
sahmanların dağıldığı bir vaxtda Azərbaycan ədəbiyyatının
tarixi və çağdaş obrazını bundan aydın,
nizamlı, tam və dolğun təqdim etmək bəlkə də
mümkünsüz, - deyərdim. Kitabın anında və
yerindəcə Moskvada, Rusiya Elmlər Akademiyasının
Maksim Qorki adına Ədəbiyyat İnstitutunda möhtəşəm
təqdimatı da olmuş (16 dekabr 2019-cu il); bu barədə mən
kitabın məsul redaktoru və rus dilində səslənməsində
böyük zəhmətləri keçən, filologiya elmləri
doktoru, Rusiya Xarici İşlər Nazirliyi nəzdində Moskva
Humanitar Beynəlxalq Əlaqələr Universitetinin (bir zamanlar
məşhur MQİMO-nun) professoru Abuzər Bağırovun,
şöbəmizin əməkdaşı, filologiya elmləri
doktoru Salidə Şərifovanın canlı təəssüratlarından
və bir də internet aləmindən bildim; təbrik və
sevincək şərhimə onu da əlavə etdim ki: sanki
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Maksim
Qorki adına Ədəbiyyat İnstitutunu canlandırmağa gəlmiş.
Hər bir zarafatda həqiqət payı da olur; bu günlərdə
eşitdik ki, M.Qorki adına Ədəbiyyat
İnstitutunun Elmi Şurası akademik İsa Həbibbəylinin
"Azərbaycan ədəbiyyatı: dövrləşdirmə
konsepsiyası və inkişaf mərhələləri"
monoqrafiyasının (Bakı, "Elm", 2019) rus dilində
nəşrinə qərar vermiş...
"Literatura, vremya, sovremennost" ("Ədəbiyyat,
zaman, müasirlik") kitabının özəlliyi nədədir? Böyük narrativlərin
sındığı, populyarlığını itirdiyi dəmdə,
akademik İsa Həbibbəyli böyük tarixi məsələləri,
bu halda Azərbaycan ədəbiyyatının tarixi, dünəni,
bugününü və eyni zamanda, Azərbaycan ədəbiyyatının
nümunəsində "ədəbiyyata, zamana və
çağdaşlığa" akademik sorğu və
cavablarını olduqca mütəhərrik formada,
çağa, zamana uyğun, çevik strukturda rus oxucusuna, rus
elmi-ədəbi ictimaiyyətinə çatdıra bilir. Kitab
bir sıra bölmələrdən ibarətdir: "Teoriya
literaturı" ("Ədəbiyyat nəzəriyyəsi"),
"Vzqlyad na azerbaydjanskuyu literaturu" ("Azərbaycan ədəbiyyatına
bir nəzər"), "Renessans v azerbaydjanskoy literature"
("Azərbaycan ədəbiyyatında renessans"),
"Srednevekovaya azerbaydjanskaya literatura" ("Orta əsrlər
Azərbaycan ədəbiyyatı"), "Rannyaya novaya
epoxa" ("Erkən Yeni dövr"), "Kritiçeskiy
realizm" ("Tənqidi realizm"), "Romantizm"
("Romantizm"), "Azerbaydjanskaya literatura sovetskoqo
perioda" ("Sovet dövrü Azərbaycan ədəbiyyatı"),
"Klyatva nezavisimosti" ("Müstəqillik
andı"), "Fokloristika i kultura"
("Folklorşünaslıq və mədəniyyət"),
"Rossiyskaya obşestvenno-literaturnaya sreda" ("Rusiya
ictimai-ədəbi mühiti"), "Mirovaya literatura"
("Dünya ədəbiyyatı"), "Sxodnıye
literaturnıye sudbı" ("Oxşar ədəbi talelər"),
"Qorizontı nauki" ("Elmin üfüqləri").
Akademik
İsa Həbibbəylinin son illər ədəbiyyatşünaslığının
böyük uğuru, "Azərbaycan ədəbiyyatının
dövrləşdirmə konsepsiyası və inkişaf mərhələləri"ni ortaya qoyan fundamental monoqrafiyasının
adını çəkdik. İsa Həbibbəyli rus elmi-ədəbi
ictimaiyyətinin qarşısına sadəcə həmin
monoqrafiya ilə də çıxa bilərdi, amma
inanmıram, dərhal eyni effekti verəydi; daha bir "MDB ədəbiyyatı"
(hələ demirəm ki, boyat "sovet yaddaşı"yla),
"əyalət ədəbiyyatı" ilə tanış olduq deyib, üstündən ötə
də bilərdilər. Akademik İsa Həbibbəyli
"Literatura, vremya, sovremennost" ("Ədəbiyyat, zaman,
müasirlik") kitabında rus ədəbi-mədəni
ictimaiyyəti ilə yığcam oçerklərlə
danışmağı, ünsiyyət qurmağı qərar
verir; bu, oxucunun marağını, təsəvvürlərini,
xəyalatını tədricən, hissə-hissə
işğal etməyə, qazanmağa, düşündürməyə,
ən nəhayət, yaxından dialoqa imkan verir. Belə struktur həm kitabın çeşidli
mövzu-problematikasını təqdim etmək, həm də
akademikin özünün yaradıcılıq üfüqlərini,
tədqiqatının genişliyini, miqyas və əhatəsini
görükdürmək üçün əlverişlidir.
Kitabda bölmələrin rəngarəngliyi, amma eyni
zamanda, oxucunun diqqətini vahid ideya əsasından da
yayındırmır və bu, nəşrin monoqrafik
formatını təmin edir. Aydın görünür ki, əslində,
akademik İsa Həbibbəylinin bir tədqiqat predmeti var - Azərbaycan,
Azərbaycan ədəbiyyatı, Azərbaycan mədəniyyəti;
bir məramı var - Azərbaycançılıq!; bir amalı var - çağdaş Azərbaycan
varlığını dünyada tanıtmaq! Bu ali
niyyətlə müasir rus auditoriyası qarşısına
çıxan akademik İsa Həbibbəyli eyni zamanda,
müasir Azərbaycan humanitar elminin gücü və
sanbalını da nümayiş etdirə bilir.
Kitabın "Ədəbiyyat nəzəriyyəsi"
bölməsi əsasən akademik İsa Həbibbəylinin ədəbiyyat
tarixçiliyi baxışları və
araşdırmalarını təqdim edir. Belə ki, "Literatura i
vremya" ("Ədəbiyyat və zaman") adlı ədəbiyyat,
zaman və onların dialoqu barəsində düşüncələrdən
ibarət orijinal essedən sonra, bizdə son illərin ən
fundamental ədəbiyyatşünaslıq tezisləri -
"Azərbaycan ədəbiyyatının dövrləşdirmə
konsepsiyası və inkişaf mərhələləri" gəlir.Tezislərdə
akademik İsa Həbibbəyli Azərbaycan ədəbiyyatı
tarixinin iki, bir-birindən çox uzaq təsnifatını -
sovet dönəmindəki beş bənddən və
özünün təklif etdiyi on bənddən ibarət
dövrləşdirmə konsepsiyalarını yanaşı
qoyur və yeni, kökündən fərqli "Azərbaycan ədəbiyyatı
tarixçiliyi" nəzəriyyəsində hansı prinsiplərdən
çıxış etdiyini şərh edir: 1) Azərbaycançılıq
ideyası; 2) Sivilizasiya faktoru; 3) Ədəbi cərəyanlar;
4) Tarixi-ədəbi prosesin reallıqları.
Burada rus
oxucusuna tanış olmayan və güman
ki, ən çox maraq doğurası məqam "Azərbaycançılıq
ideyası"dır. Təsadüfi deyil ki, bunu
nəzərə alıb, akademik İsa Həbibbəyli kitaba
"Konsepsiya azerbaydjanstva" ("Azərbaycançılıq
konsepsiyası") məqaləsini də daxil etmiş və
məqalədə bugün ideyadan reallığa çevrilən
azərbaycançılığın nəzəri əsaslarını
yeddi başlıq və 36 bənddə şərh
etmişdir: I. Azərbaycançılıq ideologiyası; II.
Azərbaycan xalqı; III. Azərbaycan
dövlətçiliyi; IV. Azərbaycan
dili; V. Milli-mənəvi dəyərlər; VI. Azərbaycan ədəbiyyatı; VII. Azərbaycanşünaslıq. Və akademikin
bölməyə daxil etdiyi digər məqalələrin də
predmetinə varsaq: "Ranniy realizm v azerbaydjanskoy literature"
("Azərbaycan ədəbiyyatında erkən realizm"),
"Prosvetitelskoye dvijeniye i prosvetitelskiy realizm" ("Maarifçilik
hərəkatı və maarifçi realizm"), "Epoxa
kritiçeskoqo realizma" ("Tənqidi realizm
epoxası"), "Romantizm i sentimentalizm" ("Romantizm və
sentimentalizm"), "Azerbaydjanskaya literatura sovetskoqo perioda:
proçessı i tendensii" ("Sovet dövrü Azərbaycan
ədəbiyyatı: proseslər və tendensiyalar"),
"Dvijeniye şestidesyatnikov v azerbaydjanskoy literature i
modernizm" ("Azərbaycan ədəbiyyatında
altmışıncılar hərəkatı və
modernizm"), "Epoxa nezavisimosti i novıye literaturnıye
teçeniya" ("Müstəqillik epoxası və yeni ədəbi
cərəyanlar") məqalələrində yalnız
"ədəbiyyat tarixçiliyi"nin Azərbaycan ədəbiyyatı
müstəvisində nəzəri problemləri, təzahür
və inkişaf mexanizmi, tarixi-ədəbi
qanunauyğunluqları və özəllikləri şərhini,
təhlilini tapmaqla qalmır, eyni zamanda, akademik burada
bütöv bir epoxa - son beş əsr ərzində Azərbaycan
varlığının, azərbaycançılığın
gəlişmə və təntənəsini də əsaslı
şəkildə nümayiş etdirir.
Əslində, akademik İsa Həbibbəylinin məqalələrində
Azərbaycan ədəbiyyatı fonunda həmçinin,
bütünlükdə Azərbaycan mədəniyyəti, Azərbaycan
tarixi söz alıb danışır. "Danışır"
və "sivilizasiya faktoru"nu ansaq, önəmlidir ki,
çağdaş dünya mədəniyyəti kontekstində
arayıb yerini və izahını da tapır. Bu zaman biz Yeni dövrün (Azərbaycanda XVII-XVIII əsrlərdən
başlayaraq) hər yerdə tipoloji eyniyyətilə birgə,
bizdə fərqli təzahürlərinə də diqqət kəsilirik;
akademik İsa Həbibbəyli məxsusən belə məqamlarda
israrlıdır. Deyək, dünya ədəbiyyatında
"cərəyanlar tarixi" əksərən romantizm və
realizm hadisələrinin tədricən, ikincisinin birincini əvəzləməsi
ilə xarakterikdir. Çün romantik
illüziyaların bitdiyi yerlər artıq realizm əraziləridir.
Bizdə hər iki hadisə eyni vaxta, XX əsrin
əvvəllərinə təsadüf edir. Akademik bu barədə
özünəqədərki nəzəri fikirləri tənqidi
şəkildə ələyərək, bu mövqeyə gəlir
ki: "Bütövlükdə tənqidi realizm XX əsrin əvvəlləri
Azərbaycan ədəbiyyatında epoxanın aparıcı ədəbi
hərəkatını təmsil edir" (s. 57). Zaman realizmin zamanıdır. Bununla
belə, İsa Həbibbəyli zamanın mürəkkəbliyinə
də göz yummur, digər ədəbi cərəyanların
da haqqına girmir. XX əsrin əvvəllərinin digər
ölkələrdə də qarışıq, "paralel və
qarşılıqlı əlaqədə müxtəlif ədəbi
cərəyanlar" doğurduğu, "Məsələn,
XX əsrin əvvəllərində rus ədəbiyyatında
paralel tənqidi realizm, maarifçi realizm, simvolizm, akmeizm,
futurizm və s.-in" mövcudluğu, "Türkiyədə
XIX əsrin sonlarından başlayaraq, xüsusən də XX əsrin
əvvəllərində yazıçıların naturalizm,
simvolizm, romantizm kimi cərəyanlarda qruplaşması"
(s. 59) faktlarını misal gətirərək, yeni bir nəzəri
postulat irəli sürür: "XX əsrin əvvəllərində
Azərbaycanda tənqidi realizm, romantizm və sentimentalizm kimi ədəbi
cərəyanların mövcudluğu epoxanın
aparıcı ədəbi istiqamətini müəyyənləşdirmək
üçün onlar arasında təsnifat aparmağı tələb
edir. Müşahidələr göstərir ki,
bu mərhələdə tənqidi realizm aparıcı
olmuşdur. Buna görə də XX əsrin
əvvəllərinin ədəbiyyatı bütövlükdə
"Molla Nəsrəddin" və ya tənqidi realizm mərhələsi
adlanır. XX əsrin əvvəllərinin maarifçi
realizmi də, bu cərəyanın XIX əsrdən gələn
davamı olaraq, ideya-estetik keyfiyyətlərinə görə
yeni epoxanın tənqidi realizminə
yaxınlaşır..." (s. 60) Akademik eyni
"qarışıq" prosesləri digər ədəbi cərəyanlarda
da müşahidə edir: "XX əsrin əvvəlləri
Azərbaycan sentimentalizmi bir çox cəhətdən
romantizmlə bağlıdır. Burada da
dominantlıq romantizmə məxsusdur. Bu səbəblərdən
XX əsrin əvvəlləri Azərbaycan ədəbiyyatının
tənqidi realizm və romantizm epoxası olaraq təsnifatı
epoxanın ideya-estetik mənzərəsini tamlıqda əks
etdirir" (s. 60).
Başqa
bir misalı "Azərbaycan ədəbiyyatında
altmışıncılar hərəkatı və
modernizm" məqaləsindən gətirmək olar. Akademik İsa Həbibbəyliyə qədər də
"altmışıncılar"ın ayrı-ayrı
nümayəndələrində modernizm təzahürlərini
axtaran və təsbit edənlər olmuşdur. Amma altmışıncılar hərəkatını
bilavasitə modernizm hadisəsi kimi şərh etmək və
bu formatda elmi təsnifata cəlb etmək cəhdi məhz
akademik İsa Həbibbəylinin hünəridir. Akademik
yazır: "Altmışıncıların fəaliyyəti,
ideya-estetik mövqeləri sosialist realizmi metodunun sərhədlərinə
sığışmır, yaradıcılıqlarının
ümumi ideya-üslub istiqaməti daha çox müstəqil ədəbi
cərəyan formatına uyğun gəlirdi. Amma
rəsmiyyətə görə sovet dövründə
sosialist realizmindən kənarda hər hansı başqa
yaradıcılıq metodu, yaxud ədəbi cərəyanın
rəsmi qeydiyyatını təsəvvür etmək belə olmazdı"
(s.109).
Daha bir cəsarətli, "modernizm"
axtarışını izləyək. O dövrdə modernizmin mənbəyi
üzərində düşünərkən, İsa Həbibbəyli
sosialist realizminin özünün də klassik realizmdən kəskin
fərqləndiyini vurğulayır: "Bu mərhələdə
hətta modernist görüşlərə malik məşhur
sənətkarlar da üzə çıxdı. Belə ki, məsələn, Xalq şairi Rəsul
Rzanın və onun ardıcıllarının
yaradıcılığı həqiqi modern ədəbiyyat
nümunələri olub, buna qədərki klassik poeziya ənənələrindən
fərqlənir. R.Rzanın Azərbaycan poeziyasında
yeni tipli sərbəst şeir məktəbi yaratmış məşhur
"Rənglər" silsiləsi sovet poeziyasında tamamilə
yeni hadisə idi..." (s. 108) Bununla belə, akademikin fikrincə,
"sosialist realizminin siyasi səciyyəsi",
"partiyalılıq və sinfilik prinsipinə əsaslanması"
sovet dönəmində bu istiqamətin inkişafının
qarşısını almışdır; üstəlik, onu
da əlavə edək ki, 1960-cı illərin əvvəllərində,
sosialist mədəniyyəti qarşısında böyük
xidmətlərinə baxmayaraq, hətta Xalq şairinin də
(!) "Rənglər"ə görə mənəvi təqiblərə
məruz qalması həmin müddəanı təsdiqləmiş olur. Belə
ki, akademik İsa Həbibbəylinin sovet ideoloji mühiti
içərisində belə XX əsrin modern
axtarışlarına diqqət yönəltməsi
çağdaş nəzəri fikir qarşısında yeni
üfüqlər aça bilər...
"Ədəbiyyat nəzəriyyəsi" bölməsində
ədəbiyyat tarixçiliyi məsələləri ilə
birgə, həmçinin, akademiki çoxdan məşğul
edən, satiranın bir ədəbi növ olaraq epik, lirik,
dramatik növlərlə yanaşı durmasına dair
mülahizələrini əks etdirən "Satira - kak
literaturnıy rod" ("Satira - ədəbi növ
kimi") və "Slovo o satire v literature" ("Ədəbiyyatda
satiraya dair") məqalələri də yer
almışdır.
Kitabda akademik İsa Həbibbəyli Azərbaycan ədəbiyyatı
tarixçiliyinin nəzəri əsaslarını şərh
etdikdən sonra növbəti bölmələrdə rus
oxucusuna əyani olaraq milli ədəbiyyatın tarixi səhifələrini,
keçdiyi yolları, canlı praktikasını
tanıdır.
Və bu dəfə daha qədimlərdən
başlayaraq milli varlığın formalaşdığı
dövrdən tədricən çağdaşlığa
adladığı ədəbiyyatın təcrübəsindən
söz açır. "Literatura Azerbaydjana: boqatıye
xudojestvennıye tradisii i sovremennost" ("Azərbaycan ədəbiyyatı:
zəngin bədii ənənələr və
müasirlik"), "Velikiy azerbaydjanskiy poet Nizami
Qyandjevi" ("Böyük Azərbaycan şairi Nizami Gəncəvi"),
"Azerbaydjanskiy poet ne vmeşayuşiysya vo vselennuyu (İmadəddin
Nasimi)" ("Kainata sığmayan Azərbaycan şairi
(İmadəddin Nəsimi)", "Poet, dostoynıy imeni Molla
Panax" ("Molla Pənah adına layiq şair"),
"Azerbaydjanskiy pisatel-demokrat i obşestvennıy deyatel Djalil
Mamedquluzade" ("Azərbaycanın demokrat
yazıçısı və ictimai xadimi Cəlil Məmmədquluzadə"),
"Pisatel i publiçist Eynali bek Sultanov"
("Yazıçı və publisist Eynəli bəy
Sultanov"), "Quseyn Djavid i yeqo tvorçestvo"
("Hüseyn Cavid və onun
yaradıcılığı"), "Slovo o narodnom poete
Samede Vurqune" ("Xalq şairi Səməd Vurğun
haqqında söz"), "Put bolşoy literaturı"
("Böyük ədəbiyyatın yolu"), "Mir
statusov i sms Raşada Madjida, ili Vvedeniye v literaturu
soçialnıx setey" ("Statuslar dünyası və Rəşad
Məcidin sms-ləri və ya sosial şəbəkə ədəbiyyatına
giriş" məqalə və icmal-oçerklərində
Azərbaycan ədəbiyyatının bütöv mənzərələri,
məşhur simaları ilə tanışlıqdan
keçib, rus oxucusu son halda nələri hasil edir və nəyə
heyrətlənə bilər? Şəksiz ki, ədəbiyyatımızın
qədimiliyi və zənginliyinə, renessans səciyyəli
olmasına (təkcə Nizami dövründə deyil, eləcə
də orta əsrlərdə, Molla Pənah dövründə,
XX əsrin əvvəllərində), dünyaya
açıqlığı, inteqrasiya gücünə (qədim
və orta əsrlər Şərq ortaqlığı və
maarifçilik, realizm, romantizm, sosrealizm, modernizm və hətta
postmodern kimi çağdaşlıq təzahürlərində),
amma daha da çox ənənə səbatı, dərin
köklər üzərində gəlişməsinə və
s. Akademik İsa Həbibbəyli kitabdakı ədəbiyyat
tarixi oçerklərində çağdaş azərbaycançılığın
mahiyyətini, sirrini, müstəqil Azərbaycanın nədən
"belə məğrur dayanmaqda haqlı" olduğunu
açıb nümayiş etdirə bilmişdir.
Akademik İsa Həbibbəylinin "Literatura, vremya,
sovremennost" ("Ədəbiyyat, zaman, müasirlik")
kitabı olduqca informativdir. Vurğuladığımız
kimi, hər şeydən öncə, kitab akademikin elmi maraq
dairəsinin genişliyini və çağdaş mədəni
düşüncəyə son dərəcə həssaslığını
ortaya qoyur. "Folklor və mədəniyyət"dən
danışarkən: Təpəgöz motivinə məhz
dünya koordinatlarında münasibət ("Motiv Tepeqyoza
(Siklopa) v dastane "Kitabi-Dede Qorqud" i v mirovoy epiçeskoy
tradisii" - "Kitabi-Dədə Qorqud" dastanında və
dünya epik ənənəsində Təpəgöz (Siklop)
motivi"), "Gəmiqaya-Qobustan mədəniyyətindən
Orxon abidələri"nə ("Ot Qyamiqaya-Qobustanskoy
kulturı do Orxonskix pamyatnikov"), insanlığın
"daş yaddaşı"ndan Söz yaddaşına
("Naskalnaya kultura: leqendı i realnosti" -
"Qayaüstü mədəniyyət: əfsanələr və
reallıqlar") tarixi və mənəvi ekskurslar; "Rus
ictimai-ədəbi mühiti"ni konkret və aktual - Azərbaycan-Rusiya
əlaqələrinin keçdiyi nöqtələrdə
axtarması: "Mixail Şoloxov i azerbaydjanskaya literatura"
("Mixail Şoloxov və Azərbaycan ədəbiyyatı"),
"Roman-issledovaniye o smertelnıx sxvatkax (o Nariman
Narimanove)" ("Kəskin ölüm-dirim savaşı
haqqında roman-tədqiqat - Nəriman Nərimanov
haqqında"), "Drujba i sotrudniçestvo" ("Dostluq
və əməkdaşlıq"), "İntervyu s laueratom
nobelevskoy premii, akademikom Joresom İvanoviçem
Alfyorovım" ("Nobel mükafatı lauretı, akademik
Jores İvanoviç Alfyorovla müsahibə"), "Ot
Kaspiya do Rossiyskoqo Kafkazskoqo Stavropolya" ("Xəzərdən
Rusiya Qafqazı Stavropolacan"); "Azərbaycan ədəbi-ictimai
fikrində Çin tematikası və onun perspektivləri"ni
araşdırıb-müəyyənləşdirməsi
("Kitayskaya tematika v azerbaydjanskoy literaturno-obşestvennoy
mısli i yeyo perspektivı"); müasir humanitar elm və mədəniyyət
coğrafiyasının tarixən mövcud "İpək
yolu" marşrutu üzərində dirçəlməsi və
güc tapmasına diqqət ("Osnovnoy kriteriy bolşoy nauki:
dialoq i sotrudniçestvo" - "Böyük elmin əsas
meyarı: dialoq və əməkdaşlıq"; "Na
putyax multikulturalizma: istoriko-literaturnıye tradisii i sovremennaya
epoxa"- "Multikulturalizm yollarında: tarixi-ədəbi ənənələr
və müasir dövr") və s. kimi məqamlar həmin
"genişlik" və "həssaslığ"a bariz
misallardır. Bu oçerklərdə akademik
İsa Həbibbəyli qələminin cızdığı
coğrafiya çağdaş Azərbaycan maraqlarının
dünya-dərki və realizə olunduğu yerləri əhatə
edir.
Akademik İsa Həbibbəylinin elmi maraq dairəsi
yalnız tədqiqatlarda, nəzəri fikir və layihələrdə
əksini tapmır, bir çox hallarda layihələrin əməli
olaraq gerçəkləşdirilməsi yolu ilə elmin və
ədəbiyyatın intişarına xidmət edir. Bunu kitabda daha çox
türk xalqları ədəbiyyatlarının "oxşar
taleləri"ni hədəfləyən
yazılar təqdim edir, göstərir. Həmin yazılar
sanki zamanın tələbi ilə yaranır, akademikin türk
xalqları ədəbiyyatlarının dünəni,
bugünü və sabahını vəhdətdə
götürən baxışlarından nəşətlənib,
nəzəriyyədən praktikaya yol alır ("Konsepsiya
periodizasii istorii tyurkskoy literaturı i opredeleniya etapov yeyo
razvitiya" - "Türk ədəbiyyatı tarixinin
dövrləşdirmə konsepsiyası və inkişaf mərhələlərinin
müəyyənləşdirilməsi"; "Realnosti i strateqiya
nauçno-kulturnoqo yedinstva tyurkskix narodov" - "Türk
xalqları birliyinin elmi-mədəni reallıqları və
strategiyası"; "Faktor nauki i literaturı v formirovanii i
razvitii velikix vostoçnıx renessansskix sivilizasiy" -
"Böyük Şərq renessans mədəniyyətlərinin
təşəkkülü və inkişafında elm və ədəbiyyat
faktoru"). Və əksinə, təcrübədə
möhkəmlənib yeni fikirlərə meydan verir
("Azerbaydjano-tyurkmenskiye literaturnıye svyazi: obşiye
çennosti i bolşoye nauçno-kulturnoye naslediye" -
"Azərbaycan-türkmən ədəbi əlaqələri:
ümumi dəyərlər və böyük elmi-mədəni
irs"; "Veçnıy moqikan literaturı - Çinqiz
Aytmatov" - "Ədəbiyyatın əbədi mogikanı
- Çingiz Aytmatov"; "İzvestnıy kirqizskiy
uçyonıy-literaturoved (Abdıldjan Akmatalıyev)" -
"Məşhur qırğız alim və ədəbiyyatşünası
(Abdulcan Akmatalıyev)"; "Poetiçeskiye mostı
drujbı (Razil Valeyev, Tatarıstan)" - "Poetik dostluq
körpüsü- Razil Valeyev, Tatarıstan").
Eyni hərəki məqamı akademik İsa Həbibbəylinin
elmşünaslıq araşdırmalarında, humanitar elmlərlə
dəqiq və təbiət elmlərinin
qarşılıqlı münasibətlərini öyrənən
məruzə və məqalələrində də
görürük. Kitabda, qeyd olunduğu kimi, "Elmin üfüqləri"
ayrıca bölmə kimi yer almış, akademik İsa Həbibbəyli
geniş tədqiqatında "Azərbaycan Elmlər
Akademiyasının yaranması tarixi və ilk bölmələri"
barəsində rus elmi ictimaiyyətində təsəvvür
oyatmağı vacib bilmişdir ("İstoriya sozdaniya akademii
nauk Azerbaydjana i voşedşiye v neqo pervıye otdeleniya").
Bu, həm ona görə gərəkdir ki, Elmlər
Akademiyası strukturu bütün elm sahələrini
özündə cəmləşdirən Mərkəz tipi
olaraq sabiq sovet zamanlarından hər iki ölkənin mədəni
keçmişini və bugününü səciyyələndirir
və birləşdirir; demək, qarşılıqlı
münasibətlərdə elmi üfüqlərin sabahına
da şans verə bilər. Necə ki, akademik İsa Həbibbəylinin
təşəbbüsü və layihəsi əsasında
2018-ci ildə bütün MDB ölkələrini Bakıya
toplayan və daha sonra Rusiyanın elm və mədəniyyət
mərkəzi Dubnada davam tapan "Fizika və lirika: dünya təcrübəsi
və ölkə reallıqları" konfransı həmin
perspektivlərə zəmin yaratdı (Kitabda akademikin həmin
konfransdakı məruzəsi "Fiziklər və liriklər:
dünya təcrübəsi və ölkə
reallıqları" ("Fiziki i liriki: mirovoy opıt i
realnosti stranı") adı ilə məqalələşdirilmişdir).
Həm də ona görə vacibdir ki,
çağdaş Azərbaycanı rus və eləcə də
dünya ictimaiyyətinə elmlər və Elmlər
Akademiyasına malik mədəni bir toplum olaraq təqdim edir,
tanıdır.
Akademik İsa Həbibbəylinin "Literatura, vremya,
sovremennost" ("Ədəbiyyat, zaman, müasirlik")
kitabının elmi redaktoru kimi, belə bir nəşrdə
adımın getməsindən, doğrusu, şərəf
duydum. Nəşrin
materialları ilə akademikin Azərbaycan dilində
kitablarından, monoqrafiyalarından, məqalələrindən
kifayət qədər tanış olsam da, etiraf edim ki, İsa
Həbibbəylinin geniş elmi
yaradıcılığının rus dilində seçmə,
amma dolğun, hərtərəfli və səlis tərcümədə
təqdimindən bir daha ləzzət aldım. Doğrudur,
müəyyən fikir və məqamlarda akademikdən fərqli
düşünsəm də, amma İsa Həbibbəyli ilə
elmi polemikaların həmişə səmərəli
olduğunu da qabartmağı lazım bilirəm. Məsələn, kitabda yerini və yeniliyini
vurğuladığım Azərbaycan modernizmi hadisəsi, məncə,
vahid hadisədir, bütövü ilə təmsil olunur və
burada ayrı-ayrı Qərb cərəyanlarının
özünü deyil, bu və ya digər təsir və bənzəyişlərini
aramaq daha doğru olar. Akademik İsa Həbibbəyli həmçinin,
Azərbaycan modernizminin bütövündən
çıxış edir, lakin eyni zamanda, hadisəyə
diferensial yanaşma tərəfdarı olub: çağdaş
ədəbiyyatımızda: magik realizm, dekadentizm, postmodernizm,
neorealizm kimi cərəyanlara, habelə "sürrealizm,
postromantizm, sentimentalizm, simvolizm tendensiyaları"na (s. 138) diqqət edir; bəzilərinə əyani
nümunələr göstərib, bəzilərinin
formalaşma mərhələsində qaldığını
təsbit edir. Aydındır ki, akademik İsa Həbibbəyli
ədəbiyyatın canlı praktikasına həssasdır və
çox vaxt təklif etdiyi nəzəri diskursun izi ilə gedəndə
"cərəyanlaşma" üçün gərəyincə
münbit "müstəqillik dövrü çoxmetodlu Azərbaycan
ədəbiyyatı"nda (akademik İsa Həbibbəylinin təyinidir),
həqiqətən də, "izmlər"in təzahür və
reallıqlarını görə bilirk. Qalır
ki, obyektiv reallıqlarla da barışaq; akademik İsa Həbibbəyli
modernizm və postmodernizm kimi çağdaş dünya hadisələrini
Azərbaycan ədəbiyyatının elmi təsnifatına
daxil etməklə, əslində, həm də gələcək
elmi və ədəbi diskussiyalara da meydan açır.
Azərbaycan ədəbiyyatının Moskvada, rus dilində
təqdimi böyük hadisədir. Bu aktın sanbalı həm
də onunla artır ki, kitabın müəllifi Azərbaycanda
humanitar elmin lideri, AMEA-nın birinci vitse-prezidenti, Humanitar və
İctimai Elmlər bölməsinin rəhbəri akademik
İsa Həbibbəylidir. Azərbaycan ədəbiyyatı,
mədəniyyəti, tarixi haqqında kifayət qədər
bütöv təsəvvür yaratmaqla yanaşı, kitab
akademik İsa Həbibbəylini rus elmi-mədəni ictimaiyyətinə,
rusdilli geniş oxucu auditoriyalarına humanitar sferada
böyük nüfuza, çağdaş biliklərə,
analitik təfəkkürə və coşqun fəaliyyətə
malik alim kimi tanıda bilir. Bu baxımdan nəşrin
sonunda verilmiş yığcam bioqrafik informasiya da yerində və
gərəklidir. Buradaca kitabın uğurunda
böyük zəhmətləri keçmiş hər kəsi,
məxsusən nəşrin məsul redaktoru, filologiya elmləri
doktoru, Rusiya Xarici İşlər Nazirliyi nəzdində Moskva
Humanitar Beynəlxalq Əlaqələr Universitetinin professoru
Abuzər Bağırovun rolunu bir daha yada salmağa dəyər.
Akademik İsa Həbibbəylinin Moskvada çap
olunmuş "Literatura, vremya, sovremennost" ("Ədəbiyyat,
zaman, müasirlik") kitabı humanitar elmimizin böyük
uğurudur; bu münasibətlə Azərbaycan elmi-ədəbi
ictimaiyyətini təbrik etmək gərəkir.
Tehran ƏLİŞANOĞLU
AMEA-nın müxbir üzvü
525-ci qəzet.- 2020.- 1 fevral.-
S.14-15.