Yeni tipli ədəbiyyatşünaslıq
nümunəsi
Azərbaycan elmi fikrinin son iki əsrdəki
inkişafı tarixində görkəmli simalarından biri də
Əziz Mirəhmədovdur. Çoxcəhətli,
ardıcıl, səmərəli və fədakar elmi fəaliyyəti,
böyük zəhmətinin nəticəsi olan sanballı əsərləri
ilə o, milli ədəbiyyatşünaslıq elminə nadir
töhfələr vermişdir.
Əməkdar
elm xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının
müxbir üzvü, filologiya elmləri doktoru, professor
Əziz Mirəhmədov (1920-2002) geniş elmi
dünyagörüşə, qeyri-adi dərəcədə
işgüzarlığa, bənzərsiz çətin xarakterə
malik olan görkəmli alim idi. Onun həyatının və
elmi fəaliyyətinin 60 ilə yaxın bir dövrü Azərbaycan
Milli Elmlər Akademiyasının Nizami adına
Ədəbiyyat İnstitutu ilə bağlıdır. Əziz
müəllim 1942-ci ildə
Ədəbiyyat İnstitutunun ilk özəyi olan SSRİ EA Azərbaycan
Filialı Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutunda laborant kimi işə başlamış,
müxtəlif illərdə Ədəbiyyat İnstitutunda
kiçik elmi işçi, baş elmi işçi,
şöbə müdiri, direktor müavini və nəhayət
direktor (1981-1985) vəzifələrində
çalışmış, İxtisaslaşmış
Müdafiə Şurasına sədrlik etmişdir. Bu
günün zirvəsindən baxanda Nizami Gəncəvi
adına Ədəbiyyat İnstitutunun bütün inkişaf
dövrlərində Əziz Mirəhmədovun mühüm xidmətlərinin olduğu
aşkar və qabarıq şəkildə görünür. Əslində Əziz Mirəhmədovun
özünün genişmiqyaslı elmi fəaliyyəti və
uzun illər rəhbərlik etdiyi Mətnşünaslıq
şöbəsinin məhsuldar işi Ədəbiyyat
İnstitutunun içərisində özünəməxsus
müstəqil bir elmi-tədqiqat institutu təsiri
bağışlayır. Böyük elm məbədi
olan Ədəbiyyat İnstitutu çərçivəsində
çalışan, lakin ölkə miqyaslı elmi fəaliyyət
missiyası yerinə yetirmiş görkəmli akademiklər Məmməd
Arif, Məmməd Cəfər Cəfərov, Kamal Talıbzadə,
müxbir üzv Yaşar Qarayev, professor Məmmədhüseyn
Təhmasib kimi qüdrətli alimlərin sırasında
Əziz Mirəhmədovun da adı vardır.
Bu görkəmli ədəbiyyatşünas alimlərdən
hər biri özünəməxsus fərqli xidmətləri
və hətta üslubları ilə səciyyələnmişlər. Akademik Məmməd Arif
Dadaşzadə üçün ədəbi tənqidi, Məmməd
Cəfər Cəfərovun elmi fəaliyyətində ədəbiyyat
nəzəriyyəçiliyi, Kamal Talıbzadənin tədqiqatlarında
tənqid tarixi, Yaşar Qarayevin əsərlərində tənqidçiliklə
nəzəriyyənin sintezi, Məhəmmədhüseyn Təhmasibdə
folklorşünaslıq aparıcılıq təşkil
etmişdir. Əziz Mirəhmədovun elmi fəaliyyəti
isə ədəbiyyat tarixçiliyi ilə nəzəriyyəçiliyin
sintezi əsasında formalaşıb inkişaf etmişdir.
Fikrimizcə, Əziz Mirəhmədovun ədəbiyyatşünaslıq
fəaliyyətinin özünəməxsusluğu onun ədəbiyyat
tarixçiliyi ilə ədəbiyyat nəzəriyyəsini
böyük məharətlə vahid məcrada sintez edə
bilmək kimi mühüm elmi vəzifəni uğurla həyata
keçirməsindən ibarətdir. Müşahidəmizə
görə bu işin iki mühüm qaynağı var idi.
Əziz Mirəhmədov şəxsi əlaqələri və
elmi fəaliyyəti ilə yaxından bağlı olduğu
görkəmli elm xadimləri Feyzulla Qasımzadənin ədəbiyyat
tarixçiliyi ilə Məmməd Cəfər Cəfərovun
ədəbiyyat nəzəriyyəsi məktəblərindən
bəhrələnmiş, onları təkrar etməmək şərti
ilə yeni elmi istiqamət yaratmağa nail olmuşdur. Bu mənada Əziz Mirəhmədov Azərbaycan ədəbiyyatşünaslığında
ədəbiyyatın nəzəriyyəsi ilə tarixini
uzlaşdıran yeni tipli elmi istiqamətin əsas
yaradıcılarından biridir. Buna görədir ki,
Əziz müəllimin ədəbiyyat tarixinə həsr
olunmuş əsərlərində - "Mirzə Ələkbər
Sabirin həyatı və yaradıcılığı"
mövzusundakı namizədlik, "Cəlil Məmmədquluzadə
və XX əsrin əvvəlləri Azərbaycan dövrü
mətbuatı məsələləri"nə həsr etdiyi
doktorluq dissertasiyalarında, monoqrafik əsərlərində
və məqalələrində mövzu ilə əlaqədar
olan tənqidi realizm, satira, ədəbiyyatda tipiklik və xəlqilik,
satirik şerin və bədii nəsrin janrları, sənətkarlıq
məsələləri və sair kimi ədəbiyyat nəzəriyyəsinə
aid olan elmi məsələlərə obyektiv cavablar tapmaq
mümkündür. Yaxud əksinə, Əziz
Mirəhmədovun ədəbiyyat nəzəriyyəsi istiqamətində
meydana çıxmış əsərlərində, məsələn,
"Ədəbiyyatşünaslıq terminləri lüğəti"ndə
ədəbiyyat tarixinə aid olan informasiyalar nəzəri
terminlərin aydınlaşdırılmasına uğurla xidmət
edir.
Fikrimizcə, tədqiqat üsulunun bu tipdə elmi ifadəsi,
yəni ədəbiyyat tarixçiliyi ilə ədəbiyyat nəzəriyyəsinin
sintezi əsərin elmi dəyərini artırır, onun
uzunömürlülüyünü təmin edə bilir. Əziz Mirəhmədovun
bu gün də əhəmiyyətini qoruyub saxlayan sanballı
elmi əsərləri bunu bir daha təsdiq edir.
Azərbaycan Milli Elmlər Akademiyasının müxbir
üzvü Əziz Mirəhmədov çoxcəhətli elmi
fəaliyyətə malik olan geniş
dünyagörüşlü ədəbiyyatşünas alim
idi. Məşğul
olduğu elm sahələri və istiqamətlərin
hamısında o, yüksək professionallıq nümayiş
etdirmişdir. Hansı səmtdən baxsan
Əziz müəllim elmdə professionallığa, kamilliyə
əsl klassik nümunədir. Görkəmli alim ədəbiyyatşünaslıq
elmi ilə yanaşı mətnşünaslıq, mətbuat
tarixi, teatr, kitabşünaslıq, lüğətçilik
işi istiqamətlərin hər
biri ilə yüksək professionallıq səviyyəsində
məşğul olmuş, mühüm elmi nəticələr
əldə etmişdir. Geniş elmi
dünyagörüşün və böyük zəhmətin
məhsulu olan "Ədəbiyyatşünaslıq terminləri
lüğəti" kitabı Əziz Mirəhmədovu həm
də bacarıqlı bir lüğətçi kimi
tanıtmışdır.
Əziz
Mirəhmədovun "Ədəbiyyatşünaslıq terminləri
lüğəti"ni (1978), daha da zənginləşdirərək
"Ədəbiyyatşünaslıq ensiklopediyası"na
çevirməsi (1998), görkəmli alimin lüğətçilikdən
başlanan işini universal ədəbiyyatşünaslıq səviyyəsinə
çatdırdığını əyani surətdə
nümayiş etdirir. Beləliklə, Əziz Mirəhmədov
Azərbaycanda ilk "Ədəbiyyatşünaslıq
ensiklopediyası"nın
yaradıcısı olmuşdur. Doğrudur, həmin ədəbiyyatşünaslıq
ensiklopediyasında ədəbiyyatşünaslıq terminlərinin
izahı çox, ədəbi-elmi şəxsiyyətlərə
aid məlumatlar az idi. Bununla belə,
Əziz Mirəhmədov Azərbaycan elmində "Ədəbiyyatşünaslıq
ensiklopediyası"nın əsaslarını
yaratmış, ilkin modelini müəyyən etmişdir.
Yaxud
Əziz müəllimin Azərbaycan kitabının inkişaf
yoluna həsr olunmuş araşdırmaları onun mükəmməl
bir
kitabşünas olduğunu təsdiqləyir. "Sovet Azərbaycanının kitab mədəniyyəti"
adlı tədqiqatı (1975) böyük ədəbiyyatşünasın
mətnşünaslıq sahəsindəki fəaliyyətinin
mühüm bir göstəricisidir. Əsərin
adında sovet dövrünün nəzərə
çarpdırılması, heç şübhəsiz,
zamanın nəfəsi ilə əlaqədar idi.
Reallıqda isə Əziz Mirəhmədov tədqiqat işində Azərbaycan
kitabının çoxəsrlik tarixindən geniş bəhs
etmiş, ilk dəfə olaraq ölkəmizin kitab mədəniyyətinə
həsr olunmuş sistemli bir tədqiqatı meydana qoymuşdur.
Kitab mədəniyyətinə dair tədqiqatları
Əziz Mirəhmədovun elmi fəaliyyətində ədəbiyyat
tarixindən mətnşünaslığa keçid
funksiyasını yerinə yetirmişdir. Elmi fəaliyyəti
boyu Əziz Mirəhmədov üçün mətnşünaslıq
həmişə doğma elm sahəsi olmuşdur. Mətnşünaslıq
sahəsində yazdığı əsərlər, tərtib etdiyi
klassik ədəbiyyat nümunələri, nəşr etdirdiyi
kitablar, təqdim etdiyi müqəddimələr, şərhlər
və izahlar Əziz Mirəhmədovun fədakar mətnşünas
olduğunu qabarıq surətdə
nəzərə çarpdırır. Onun rəhbərliyi
və iştirakı ilə "Əkinçi" qəzeti
və "Molla Nəsrəddin" jurnalının əski əlifbadan
müasir əlifbaya çevrilmiş transliterasiya nəşrləri
hazırlanıb nəşr olunmuşdur. Bundan başqa o, mətnşünaslığı
praktik fəaliyyətdən, tərtibçilikdən
xüsusi elmi fəaliyyət sahəsinə
çevirməyi bacarmışdır. Bu mənada
Azərbaycanda Əziz Mirəhmədovla müqayisə edilə
biləcək ikinci bir tanınmış mətnşünas
alim göstərmək çətindir. Mətnşünaslıq
sahəsindəki sanballı xidmətlərinə görə
Əziz Mirəhmədovu rus ədəbiyyatşünaslığındakı
akademik Dmitri Lixaçovla müqayisə etmək mümkündür.
Çoxcəhətli elmi fəaliyyətə malik olan
Əziz Mirəhmədov görkəmli Məmmədquluzadəşünas
alim kimi şöhrət qazanmışdır. Alimin "Azərbaycan
Molla Nəsrəddini" adlı sanballı monoqrafiyası
mirzəcəlilşünaslıq elmi istiqamətinin şah əsərlərindən
biridir. Böyük demokrat ədib və ictimai xadim Cəlil
Məmmədquluzadənin həyatı və mühitinə, ədəbi-publisist
fəaliyyətinə, habelə müasirlərinə dair
çoxsaylı faktları və məlumatları, əlyazmalarını,
bir çox bədii nümunələri
ilk dəfə Əziz Mirəhmədov tapıb aşkara
çıxarmış, tədqiqata cəlb etmiş, geniş
elmi təhlillərdən keçirərək ictimaiyyətin
diqqətinə çatdırmışdır. Müxtəlif
illərdə Cəlil Məmmədquluzadənin əsərlərinin
ikicildliyini (1951-1954), üçcildliyini (1966-1967) və
altıcildliyini (1981-1985) çapa hazırlayıb nəşr
etdirmək kimi ağır və şərəfli zəhmətin
nəticəsi olan mühüm işləri həyata
keçirmək, bu nəşrlərə müqəddimə,
qeyd, izah və şərhlər yazmaq Əziz Mirəhmədova
nəsib olmuşdur. Nəhayət, möhtərəm
Əziz müəllim Cəlil Məmmədquluzadənin və
Həmidə xanımın məktublarını da ilk dəfə
olaraq ayrıca kitab halında nəşr etdirməklə Azərbaycanda
yazıçı məktublarının nəşri
işinin də əsasını
qoymuşdur. Ən nəhayət, yuxarıda qeyd etdiyimiz kimi,
"Molla Nəsrəddin" jurnalının 25 illik
saylarının
transliterasiyasını çoxcildlik nəsr kimi
çapa hazırlanması və birinci cildin öz
sağlığında nəşr edilib geniş ictimaiyyətə
çatdırılması vəzifələrini də
Əziz Mirəhmədov məsuliyyətlə yerinə
yetirmişdir. Əziz Mirəhmədovun davamçıları
"Molla Nəsrəddin" jurnalını əvvəlcə
səkkiz cilddə, hazırda isə on cilddə latın qrafikası ilə nəşr etdirərək
bu böyük işi geniş ictimaiyyətə
çatdırmaq vəzifəsini başa
çatdırmışdır. Bütövlükdə
bu gün "Molla Nəsrəddin" jurnalının tam
halda çoxcildlik şəklində nəşr edilib elmi
dövriyyəyə daxil edilməsi həm də Əziz Mirəhmədovun
və vaxtilə onun rəhbərlik etdiyi "Mətnşünaslıq"
şöbəsi əməkdaşlarının xatirəsinə
böyük ehtiramın ifadəsidir.
Ömrünün
sonlarında Əziz Mirəhmədov "Cəlil Məmmədquluzadə
ensiklopediyası"nı çapa
hazırlamaq işinə rəhbərlik etməklə demək
olar ki, bütün həyatı boyu məşğul
olduğu mirzəcəlilşünaslıq elminə
axırıncı böyük töhfəsini, borcunu
vermişdir. Vəfatından sonra 2008-ci ildə
çap edilmiş bu dəyərli nəşrlə Əziz
Mirəhmədovun elmi fəaliyyəti bir növ tamamlanır.
Ailə üzvlərinin görkəmli alimin arxivindən
üzə çıxarıb nəşr etdirdikləri
"Əhmədbəy Ağayev", "Azərbaycan
jurnalistləri və mühərrirləri" kitabları ilə
Əziz Mirəhmədovun elmi irsi tam halda oxuculara
çatdırılmışdır. Bu əsərlər
Əziz Mirəhmədovun elmi irsində ideoloji yanaşmalardan ədəbi-tarixi
proseslərin reallıqlarının təqdim edilməsinə
doğru nə qədər ciddi dönüşün baş
verdiyini aydın surətdə əks etdirir. Əziz Mirəhmədovun sovet dövründə
yazılmış elmi əsərlərində də
gerçəkliyin payı, əlahəzrət faktın yeri həmişə
üstün olmuşdur. Əziz Mirəhmədov
Əhməd bəy Ağaoğlu haqqında ilk təqdimatı
hələ sovet hakimiyyəti illərində ictimaiyyətə
çatdırmışdı. Müstəqillik
illərində çap olunmuş "Əhməd bəy
Ağaoğlu" monoqrafiyası əslində onun müəllifinin
sovet hakimiyyəti illərində topladığı
materiallar, əldə etdiyi sənədlər,
apardığı araşdırmalar əsasında
yazılmışdır. "Fikrin
karvanı" toplusundakı "Əhməd bəy
Ağayev" portret-oçerki sovet dövrünün ideoloji
sədlərini aşa bilən tədqiqat nümunəsi kimi
böyük maraqla qarşılanmışdı.
Əlbəttə, Əziz Mirəhmədov ilk növbədə
sanballı ədəbiyyat tarixçisidir. "Mirzə Fətəli
Axundov" (1953), "Abdulla Şaiq" (1956), "Sabir"
(1958), "Məhəmməd Hadi" (1962) kitabları Azərbaycan
ədəbiyyatının görkəmli şəxsiyyətlərinin həyatı
və yaradıcılığına həsr edilmiş mükəmməl
monoqrafik tədqiqatlardır. Əziz Mirəhmədov bu əsərlərində
də üzə çıxardığı çoxsaylı
arxiv sənədlərini
və dövrü mətbuat materiallarını elmi ictimaiyyətə
və oxuculara çatdırmaq üçün onları sadəcə
təqdim etməmiş, mahiyyətini açaraq, elmi əhəmiyyətini
aydınlaşdırmaqla həm də nəzəri cəhətdən
şərh etmişdir. Ədəbiyyat tarixçiliyi ilə nəzəri
təfəkkürünün ortaq nəticəsi kimi
formalaşdırılan elmi əsərləri ilə görkəmli alimin tədqiqatlarının
özünəməxsusluğu meydana
çıxmışdır. Doğrudur,
Əziz Mirəhmədovun elmi fəaliyyətində ədəbiyyat
tarixçiliyi ağırlıq təşkil edir, nəzəri
yanaşmalar isə onun tədqiqatlarının mahiyyətini
açmağa, dəyərini, əhəmiyyətini müəyyən
etməyə xidmət göstərir. Bu cəhətdən
yanaşdıqda ədəbiyyat tarixi örnəkləri kimi
yaranmış "Sabir" monoqrafiyasını "Sabir və
Azərbaycan realizmi", "Məhəmməd Hadi"
monoqrafik tədqiqatını, "Hadi və Azərbaycan
romantizmi"də adlandırmaq olar. "Azərbaycan
Molla Nəsrəddin"i monoqrafiyası isə Azərbaycan
mirzəcəlilşünaslığının klassik
nümunəsi olmaqla yanaşı, həm də ədəbiyyatşünaslıq
elmində maarifçi realizmdən tənqidi realizmə
keçid proseslərinin və tənqidi realizm
estetikasının elmi dərkinə həsr edilmiş nəzəri-tarixi
tədqiqat kimi də xüsusi çəkiyə malikdir.
"Azərbaycan Molla Nəsrəddini"
monoqrafiyası Azərbaycan ədəbiyyatında "Molla Nəsrəddin"
epoxasının ədəbi-tarixi oçerkləri"
adlandırılmağa layiq olan sanballı tədqiqat əsəridir.
Dövrün xarakterindən, Əziz Mirəhmədovun
bir müddət Mərkəzi komitədə işləməsindən
gələn ideoloji yanaşmaların olmasına baxmayaraq,
"Azərbaycan "Molla Nəsrəddini" monoqrafiyası
mirzəcəlilşünaslığın sütunlarından
biri olaraq yaşamaqda davam edir.
Əziz
müəllimi mən 1974-cü ildən, yəni Nizami adına Ədəbiyyat İnstitutunun
aspiranturasında təhsil almağa başladığım
vaxtdan tanımışam. Münasibətlərimizin
yaxınlığına üç amil səbəb olmuşdur:
akademik Məmməd Cəfər Cəfərovla, elmi rəhbərim
professor Kamran Məmmədovla Əziz Mirəhmədovun
yaxınlığı və Cəlil
Məmmədquluzadə ilə bağlı tədqiqatlar.
İş elə gətirmişdi ki, mən aspirant ikən möhtərəm və
unudulmaz ustadım Məmməd Cəfər müəllimin
yaxın əhatəsinə daxil olmuş, bu çox görkəmli
alimin dostları və
müasirləri ilə tanış olmaq, ünsiyyət
yaratmaq imkanı qazanmışdım. Bu
sanballı və sabit elmi dairədə Əziz Mirəhmədovun
xüsusi yeri var idi. Məmməd Cəfər
müəllimlə Əziz müəllim demək olar ki, hər
gün görüşür, bir-birlərinin kitablarına
redaktorluq edir, ədəbiyyatımızın və ədəbiyyatşünaslıq
elmimizin inkişafı yollarında bərabər
çalışırdılar. Məmməd Cəfər
Cəfərov - Əziz Mirəhmədov dostluğu elmimizin və
ictimai fikrimizin ən azı 40 illik inkişafına xidmət
edən elmi
münasibətlərin və şəxsi əlaqələrin
əhəmiyyətini bir daha göz önünə gətirir.
Əziz müəllim məni də Məmməd
Cəfər müəllimin yaxın əhatəsinin
üzvü kimi qəbul etmişdi. Bizim münasibətlərimiz Məmməd Cəfər müəllimin
anadan olmasının 70 illik yubileyi ilə əlaqədar bir
çox görkəmli alimlərlə birlikdə Əziz Mirəhmədovun
da iştirakı ilə 1979-cu ilin
iyun ayında Naxçıvanda keçirilən tədbirlərdə
daha da yaxınlaşmışdı. "XX əsrin əvvəlləri
Azərbaycan romantik lirikası" mövzusunda müdafiə
etdiyim namizədlik dissertasiyasına 14 mart 1980-ci il tarixdə rəsmi opponentlik etməsi müəllim-aspirant
münasibətlərinə unudulmaz məqamlar əlavə
etdi. Namizədlik işimə yazdığı rəyi həmin
ərəfədə, bir qədər nasazlamış Əziz
müəllimdən müdafiədən cəmi bir gün
qabaq ala bilməyim, müdafiə şurasının
iclasında təcrübəsizlikdən birinci rəsmi
opponentimin - özünü "cavan opponent" adlandıran
Əziz müəllimin tənqidi qeydlərinin hamısına
təkzibedici cavablar verməyim, Əziz müəllimin sərt
reaksiyası, mənim və opponentimin ikinci dəfə
"cavab nitqi" ilə çıxış etməsi nə
qədər arzuolunmaz olsa da münasibətlərimizi dərinləşdirmişdi.
Hazırda Azərbaycan Respublikasının Macarıstanda
fövqəladə və səlahiyyətli səfiri olan
tanınmış ədəbiyyatşünas, professor Vilayət
Quliyevin "dissertasiya müdafiəsi tarixində qeyri-adi hadisə"
kimi mənalandırdığı bu əhvalatı Əziz
müəllim özünəməxsus tərzdə, məxsusi
yumorla "ifşa" adlandıraraq bir müddət məni
öz həndəvərinə yaxın buraxmamışdı.
Mən "Cəlil Məmmədquluzadə: mühiti və
müasirləri" mövzusunda doktorluq dissertasiyası
üzərində çalışarkən arxivlərdə
araşdırmalar aparmağa
"qızışdığım", aludə olduğum
dövrdə müdafiəni gecikdirdiyimi görən Əziz
müəllim günlərin birində bir münasib məqamda
məndən niyə müdafiə etmədiyimi soruşduqda mən
"hələ yazıb oxumalı, öyrənməli çox işlər var" - deyə
cavab vermişdim. Böyük müəllimimiz mətbuatda
çap olunan məqalələrimi, nəşr edilmiş
kitablarımı nəzərə alaraq "indiyə qədər
yazdıqların doktorluq işi üçün kifayətdir,
müdafiə et, sonra bütün ömrün boyu oxuyub öyrənərsən"
- demişdi. O, yenə də özünəməxsus qeyri-adi
tələbkarlıq və məsuliyyətlə bir neçə
il sonra baş vermiş doktorluq
dissertasiyası müdafiəmdə rəsmi opponent kimi
çıxış etmişdi. Əziz müəllim
rəsmi opponentlik işinin tələblərinə uyğun
olaraq dissertasiyadakı çatışmazlıqları
göstərmiş, hətta makina xətalarını,
orfoqrafik qeyri-rəsmi səhvləri də bir-bir ayrıca vərəqdə
qeyd edib mənə vermişdi. Lakin sonra müdafiə
onun mənə aid etdiyi "elmimizə bizi əvəz edən
yeni nəsil gəlir" sözlərindən dissertasiyamdan razı
qaldığını elmi ictimaiyyətə
çatdırmışdı. Və yalnız
bundan sonra (1996) məni, necə deyərlər sınaqdan
çıxmış hesab edən Əziz müəllimlə
münasibətlərimiz bərpa olundu, dostluğa
çevrildi. Haqqımda yazdığı
"Ağsaqqal nəsillərin davamçısı" məqaləsində
də o, üzərinə böyük məsuliyyət qoyan
etimadını ifadə etmişdi.
XX əsrin
səksəninci illərinin axırlarında Məmməd Cəfər
müəllimlə münasibətlərində arzuolunmaz
anlaşılmazlıqların meydana çıxmasının otuz
ildən çox əsl dostluq etmiş hər iki görkəmli
alimi sarsıtdığını mən
ayrı-ayrılıqda yaxından müşahidə etmişəm.
Arada olan arzuolunmaz incikliyə baxmayaraq, Məmməd
Cəfər müəllim həmişə Əziz Mirəhmədovun
alimliyinə yüksək qiymət verirdi. Eyni zamanda,
Əziz Mirəhmədov da ömrünün axırınadək
Məmməd Cəfər müəllimdən söz
düşəndə onu "mürşidimiz" - deyə böyük
ehtiramla yad edirdi. Hətta 2001-ci ildə Əziz müəllim
evlərində mənə iri bir qovluq göstərib dedi: - Cəfər
müəllimlə (dostları Məmməd Cəfər
müəllimi belə adlandırırdı - İ.H.) əlaqədar
materialları toplamışam. Ömür vəfa
etsə, yazıb borcumuzdan çıxarıq. Bu, həm də Məmməd Cəfər Cəfərovla
aralarında yaranmış arzuolunmaz münasibətlərdə
özünü müəyyən dərəcədə
günahkar hesab etməyin də səmimi etirafı idi.
Məmməd
Cəfər müəllimin vəfatından sonra Əziz Mirəhmədovun ədəbi-elmi
mühitdə təkləndiyi aşkar hiss olunurdu. Məmməd Cəfər müəllim kimi
böyük şəxsiyyətdən, unudulmaz məsləkdaşdan
sonra Əziz müəllim üçün heç kəs
onun yerini verə, həmin boşluğu doldura bilmədi.
Nəhayət,
mənim üçün təsirli olan bir məqamı
da böyük minnətdarlıq hissi ilə qeyd etməyi özümə borc bilirəm. Azərbaycan
Milli Elmlər
Akademiyasına 2001-ci ildə keçirilən seçkilərdə
Əziz Mirəhmədov "həqiqi üzvlük"
üçün sənəd təqdim etmişdi. Səksən bir yaşlı Əziz müəllimə
artıq qocalıq əl vermişdi. Yaddaşında
da, yerişində də müəyyən "çətinliklər"
müşahidə olunmağa başlamışdı. Buna baxmayaraq, o, seçki günü Akademiyaya
getmişdi. Orada özünə yaxın adamlardan birinə
dediyi "gəlmişəm İsa Həbibbəyliyə səs
verib gedəm" sözlərini ifadə etdiyi böyük etimadı
unutmağa heç cür ixtiyarım yoxdur. Əziz
Mirəhmədov kimi güzəştsiz bir alimin
iddiaçıların siyahısından mənim adımı
tapıb səs verməsi, qalan adların üzərindən xətt
çəkib getməsi unudulacaq hadisə deyildir. Və
yəqin ki, "Ustadi-Əzizimiz"in həmin etimad və ümidlərini
gerçəkləşdirmək üçün
vaxtilə böyük müəllimimizə dediyim kimi, hələ
çox çalışmaq,
"yazıb oxumaq" lazımdır.
Əziz Mirəhmədov çox zəhmətkeş alim
idi. Mən
bir neçə dəfə onun Buzovnadakı bağ evində,
yaxud Bakının Üzeyir Hacıbəyov prospektindəki binanın
onuncu mərtəbəsindəki
mənzilində əlyazmalarını, kitabları dairəvi
şəkildə döşəməyə sərib
özü də ortada yerə uzanaraq saatlarla böyük
şövqlə yazıb-yaratdığının şahidi
olmuşam. Hətta ömrünün lap son illərində
Əziz müəllimin gündə 10-12 saat fasiləsiz işlədiyi
üçün hədsiz yorulduğunu,
yaranmış vəziyyəti bərpa etmək
üçün təcili həkim çağırmaq
lazım gəldiyini də görənlər az olmayıb.
Görkəmli
alim, bənzərsiz şəxsiyyət Əziz Mirəhmədovun
xatirəsi onun yaxınları ilə yanaşı,
davamçılarının da
qəlbində daim yaşayacaqdır. Hər
bir ədəbiyyatşünas üçün qarşıda
duran əsas vəzifələrdən biri də elmimizi
Əziz müəllimin nümunəsində təmsil etməyə
layiq olmağı bacarmaqdan ibarətdir.
İsa HƏBİBBƏYLİ,
Azərbaycan Milli Elmlər
Akademiyasının
vitse-prezidenti, Milli Məclisin Elm və Təhsil
Komitəsinin sədri, akademik
525-ci qəzet.- 2020.- 15 fevral.- S.10.