Səssiz alqışlar

 

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 8-ci ildönümü ilə əlaqədar gənclər arasında keçirilən vətənpərvərlik mövzulu hekayə müsabiqəsi böyük maraqla qarşılandı. Təsadüfi deyil ki, müsabiqəyə ümumilikdə 137 müəllif qatılmış, ilkin seçimdən sonrakı əsas mərhələyə isə 73 hekayə buraxılmışdı.

"525-ci qəzet" olaraq hərbi vətənpərvərlik mövzusunun xüsusi önəmini nəzərə almaqla, müsabiqə qaliblərinin hekayələrini dərc etmək qərarına gəldik. Bu hekayələr, aydındır ki, peşəkarlıqdan, ciddi ədəbi-bədii meyarlardan uzaq təsiri bağışlayır. Ancaq onlar müəlliflərin mövzuya həssas yanaşmaları, hərarətli duyğuları, səmimi düşüncə tərzi ilə diqqəti çəkir məhz bu yönlərinə görə qiymətləndirilib.

Digər tərəfdən, bu hekayələr yeniyetmə gənclərin vətənə, doğma torpağa bağlılıq hisslərinin ifadəsi baxımından diqqətəlayiqdir.

Müsabiqədə 1-ci yeri tutmuş Dilşad Fərzilinin hekayəsini təqdim edirik.  

 

Dilşad FƏRZİLİ

Biləsuvar rayonu Çinarlı kənd tam orta məktəbinin 9-cu sinif şagirdi

 

1991-ci ilin payızı idi. Teatrın qarşısındakı insan axınının ucu-bucağı görünmürdü. Onlar Moskvadan yenicə qayıdan aktyor Əli Məmmədovun baş rolda oynadığı "Cavanşir" tamaşasına baxmağa gəlmişdilər. Bu insanların içində Nicat Qafarov adında bir senariçi vardı. O, Əlinin uşaqlıqdan tanıdığı ən yaxın dostu idi. Əlinin ondan gizli heç bir sirri yox idi. Onu qardaşı qədər sevirdi. Nicatın üzü gülürdü, axı o, Əlinin uğurlarına çox sevinirdi.

Tamaşa başlandı. Nicat birinci sırada oturmuşdu. Salon tamamilə səssiz idi. Hamı Əlini səbirsizliklə gözləyirdi. budur, o, Cavanşir rolunda səhnəyə çıxdı. Hamı çox həyəcanla tamaşanı izləyirdi. O, vətən, xalq yolunda savaşır, yorulmaq bilmirdi. Tamaşaçılar qarşılarında əsl qəhrəman görürdülər. Nicat sevincindən çığırmaq istəyirdi. Əlinin gözləri onu axtarırdı. Tamaşa sona çatdı. Salonu alqış sədaları bürüdü. Hamı Əli Məmmədovun əlini sıxmaq, onunla danışmaq istəyirdi. Nicat da Əliyə yaxınlaşdı:

- Salam, dostum. Deyəsən, çox yorulubsan.

- Yox, Nicat, əksinə, çox sevinirəm. De görüm, tamaşa necə idi?

- Çox yaxşı. Sən çox məharətli aktyorsan.

- Bəsdir, bəsdir, məni tərifləmə. Əslində, tamaşa yaxşıdır, adamı ruhlandırır.

- Sən çox təvazökarsan, Əli. Elə uşaqlıqdan belə idin. Məktəbdə səni kimsə tərifləsə, sıxılardın, dinməzdin. Məni isə müəllim tərifləyəndə yerə-göyə sığmazdım, bütün uşaqları bir yerə yığıb onlara əmr verərdim. var, var, müəllim məni tərifləyib.

İki dost teatrdan çıxıb evə getdilər. Bir müddətdən sonra Əli Nicat yenidən Moskvaya yollandılar orada tamaşalar göstərməyə başladılar. 1992-ci ilin fevralında isə onlar yenidən vətənə qayıtdılar. Burada Əli dostu Nicatın şah əsərində - "Səssiz alqışlar" tamaşasında baş rolda oynayacaqdı. Tamaşa fevralın 28-də olacaqdı Əli bu tamaşaya çox yaxşı hazırlaşmışdı. Artıq ayın 21-i idi. Tamaşanın nümayişinə bir həftə qalmışdı. Bu gün tamaşanın son məşqi olacaqdı. Nicat salonda oturub məşqi izləyirdi. Məşq çox uğurlu alındı. Amma Əli çox narahat idi. Son vaxtlar gecə rahat yata bilmirdi. Bir fikir onu çox düşündürürdü: Vətən dardadır! Düşmən cəbhədə hücuma keçmiş, günahsız soydaşlarımızı, dinc əhalini gülləbaran etmişdi. 20 Yanvar faciəsinin ağrıları hələ lap təzə idi yenə şəhidlər verirdik.

Əlinin qəlbi hər damla qan üçün qisas tələb edirdi. O, döyüşə can atırdı. Amma Nicat ona getməyə qoymur, burda da vətənə lazım olduqlarını deyirdi. Müharibə qorxusu artıq hər yerə yayılmışdı. Nicat Əliyə tezliklə Moskvaya getməyin lazım olduğunu deyirdi. Əli isə razı olmurdu. Uşaqlıqdan belə idilər. Nicat həmişə problemlərdən qaçırdı. Əli isə onlarla üzləşməyi sevirdi. İndi isə vətənin çətin günləri idi Əli kənardan baxa bilməzdi. Hələ Moskvada ikən Bakı üçün darıxar, tez-tez vətəni ilə bağlı şirin xatirələri yad edərdi. O, vətənini sevirdi vətən sevgisi onu odlu cəbhəyə - Qarabağa səsləyirdi. Əli Xocalıda doğulub boya-başa çatmışdı. Nicat da əslən Xocalıdan idi. İndi onların hər ikisinin 25 yaşı vardı. Həyatlarını bir yerdə keçirmiş, sevinclərini bölüşüb, dərdlərini paylaşmışdılar. Nicat Əlinin Xocalıya gedib döyüşmək fikrini duymuşdu. O bilirdi ki, Əli çox inadkardır, fikrindən dönən deyil. Ona görə Əli ilə cəbhəyə getməyə razı oldu. Onlar 22 fevral 1992-ci ildə Bakıdan Xocalıya yola düşdülər.

Yolda Nicat Əlidən soruşdu:

- Əli, bəs tamaşa necə olacaq? Bu tamaşa axı ilk dəfə Azərbaycanda göstəriləcəkdi.

- Narahat olma, Nicat. İnşallah, Xocalını qoruyaq, sakitlik yarananda qayıdarıq, o zaman tamaşanı uğurla göstərərik.

Nicatın içində nəsə qəribə bir hiss var idi. Sanki heç geriyə dönə bilməyəcəkdilər. Yolları böyük bir uçurumdan ibarət idi elə bil.

Onlar Xocaliya çatanda hava qaralmışdı. Hərbi hissədə yerləşəndən sonra onlara paltar, yemək sonra da imkan qədər silah verdilər. Yerli şərait, mövqelər başa salındıqdan sonra yatmağa getdilər. Yəqin ki, səhər onlar ilk dəfə düşmənlə üz-üzə gələrək vuruşmalı olacaqdılar.

Nicatın gözünə yuxu getmirdi. Əliyə baxdı. O isə şirin-şirin yatırdı, sanki səhər düşmən qarşısına yox, teatra gedəcəkdilər. Əli isə bəlkə tamam başqa yuxular görürdü. Bəlkə yuxusunda anası ona "Uğurlar, oğul, uğurlar! Tezliklə görüşərik..." deyirdi.

Səhər komandirin səsi onları oyatdı. Toparlanan kimi əmr aldılar birağızdan "Oldu, komandir" - dedilər. Hər kəsin yeri aydınlaşdırılandan sonra hazırlıq başlandı. Onlar silahlarını yoxlayıb, mümkün qədər çox patron götürdülər. Əli yaxşı atıcı olduğundan onu ən önə - düşmənlə üzbəüz səngərə göndərdilər. Nicat da onun yanında olacaqdı.

Bir saatdan sonra artıq onlar düşmənlə üz-üzə mövqe tutmuşdular. Düşmənlər sanki bunu gözləyirdilər. Az sonra öz yerlərindən çıxıb döyüşçülərimizə tərəf hücuma keçdilər. Əli qorxu bilmədən döyüşür, aslan kimi çarpışırdı. Heç bir təhlükə, üstünə yağan güllələr onu qorxutmurdu. Bu anlarda onu düşündürən yalnız vətənin, torpaqlarımızın taleyi idi. Nicat da dostuna baxaraq ruhlanırdı.

Beləcə xeyli döyüşdülər. Əli yaralı idi. Ayağından qolundan dəyib keçmişdi güllələr. Amma yaralarının ağrısını hiss etmirdi, var qüvvəsilə düşmənə müqavimət göstərirdi. Nicat da ayağından yaralandı. Güllələri azalırdı.

Birdən Əli səngərdən sıçrayıb, düşmənin üzərinə yüyürməyə başladı. Nicat qədər çağırsa da, Əli onu eşidib ayaq saxlamadı. O, indi qarşıdakı düşməndən başqa heç görmür, yağlara atdığı güllələrin səsindən başqa heç eşitmirdi.

Nicat da onun ardınca səngərdən irəli atıldı. Düşmən onların bu cəsarətini görüb artıq geri çəkilməyə başlamışdı. Birdən Nicat dostunun yıxıldığını gördü. Dayanmadan yüyürüb özünü ona çatdırdı. Əlinin vəziyyəti ağır idi. Nicat onu geriyə çəkərək səngərə gətirdi. Düşmən yerində oturdulmuş, indi araya hüznlü bir sakitlik çökmüşdü.

Nicat Əlinin başını dizinin üstünə aldı. Əli yavaş-yavaş gözlərini açdı:

- Nicat... Mən... deyəsən... mən...

- Yox, Əli, narahat olma. Biz düşməni geri oturtduq. Yaran ağır deyil. Sən sağalacaqsan. Eşidirsənmi, dostum Əli...

Qanı qaçmış dodaqlarına xəfif təbəssüm qondu Əlinin:

- Bilirəm... Yox, Nicat... Təsəlli vermə... Gecdi artıq...

Nicatın gözləri doldu. Əli isə işığı get-gedə azalan gözlərini onun üzünə dikmişdi:

- Nicat... Mən görürəm... Sənin "Səssiz alqışlar"ın səhnədədir... Baş rolda mənəm... Bizi... alqışlayırlar. Sən eşidirsən?

Nicat göz yaşlarını saxlaya bilməyib üzünü yana çevirdi, güclə: - Hə, Əli, eşidirəm - dedi.

- Mənsə eşitmirəm... Amma görürəm. Alqışlayırlar bizi... Belə də olmalıdır. Axı.. bu, sənin tamaşandır.. "Səssiz alqışlar"dır... ona görə...

Nicat dostunun başını sinəsinə sıxıb hönkürdü.

... Sonralar Nicatın öz qəhrəman dostunun xatirəsinə həsr etdiyi "Səssiz alqışlar" tamaşası vətənin neçə-neçə bölgəsində göstərildi. Ancaq bir vacib fərq vardı: tamaşa səssiz yox, gur alqışlarla qarşılanırdı.

 

525-ci qəzet.- 2020.- 19 fevral.- S.22.