Yol
Səhranın tən ortasında idi. Hansı tərəfə gedəcəkdi, hansı səmtə yönələcəkdi,
qətiyyən bilmirdi.
Hər tərəf qumluq, hər tərəf qızmar günəşin yandırıcı
şüalarıyla zəngin
və hər tərəf yaşıllıqdan
yoxsul...
Gerimi dönsün,
irəlimi getsin, bəlkə elə yerində qalıb sadəcə ucu-bucağı
görünməyən nəhayətsiz
görünən bu səhraya öz ömür gözüylə
tamaşa etsin. Yox! Geriyə dönə bilməzdi, geridə qoyduğu ancaq acıları idi. Oradan irəliyə min bir ümidlə qaçıb gəlmişdi,
min bir arzuyla tələsmişdi. Axı arxada
isti və susuzluqdan yetərincə yorulmuş, usanmışdı.
Çiynindən asdığı ağır yol tədarükü ilə beli yolun hələ
əvvəllərindən artıq
bükülmüşdü. İrəlidə yaşıl bir
ağacın yanında
oturub yaxınlıqda
axan çayın şirin suyundan doyunca içib, sərinlənib dincələcəkdi.
Axı ta bu yolun
əvvəlində ətrafındakılar
hamısı ona bu nağılları danışmışdı. Hər kəs ona: "Get, get, irəlidə
arzuların səni gözləyir; axan çaylar, daşan bulaqlar, coşan dənizlər, yamyaşıl
meşəliklər səni
gözləyir", - deyirdi.
Lakin o, həddindən artıq yorulmuşdu, çiynindəki
şələsi də
onu rahat yeriməyə qoymurdu.
Nə vaxt ki, bir
su görürdü qaçmağa, qanad açıb uçmağa
belə qüvvət tapırdı - çiynindəki
ağır yükünə
rağmən. Amma
yaxınlaşıb sudan bir ovuc götürüb, susuzluqdan qabar olmuş dodaqlarını ovcuna yaxınlaşdırmaq
istəyəndə yalnız
bir ovuc qupquru qum görürdü.
Sən demə, su deyə
gördüyü bu şey - nəhayətsiz, yanar səhranın aldadıcı ilğımı
idi. Bütün yolu gah yıxılır, gah durur, gah da
ilğımı görcək
quş kimi qanad açıb uçurdu. O, bu ilğımın aldadıcı
görünüşünə dəfələrlə aldandı,
dəfələrlə qaçdı,
qanad açıb uçdu - bütün yorğunluğuna baxmayaraq.
Bəlkə də ona irəliyə getməyə
bir stimul idi o ilğımlar.
O, yükünün ağırlığına
da, günəşin amansız istisinə də, səhranın susuzluğuna da alışmışdı. Artıq nağıllardan
eşitdiyi yamyaşıl
meşəni də, axan çayı da axtarmırdı. Sadəcə
bir şey
arzulayırdı - bu yolu
tez başa vurmaq.
Elə
bu ömür yoluna tamaşa edərkən birdən
qarşıda boylanan hündür bir ağacı
gördü. O, vüqarlı, dik duruşuyla və geniş budaqlarıyla adama
bu kimsəsiz səhrada güvənc verən
və qızmar günəşin insanın bədənini dəlib-deşən,
ürəyini belə yandıran zalım
şüalarından qoruyan bir sığınacaq kimi
göründürdü. Daha
ona tələsmədi, yolun
əvvəlindəki hər gördüyü
ilğıma qaçaraq getdiyi
kimi getmədi. Çünki
bu vüqarlı və qamətli
ağacın da ilğım olmasından çox qorxurdu. Yenidən bir ümidinin
də yıxılıb əlləri arasında can verməyini seyr etməyə
taqəti qalmamışdı. Yolun bərk
yorğunluğu, susuzluq
və aclığı, belindəki şələsinin
ağırlığı, sarılmamış
yaralarının da çoxluğu
onun bütün
hissiyatını keyləşdirmiş, küləyin sovurucu gücü qumları onun
gözünə səpərkən ondan
görmə qabiliyyətini də yavaş-yavaş
almışdı. Ona görə artıq
uzaqdan güclə gördüyü
ağaca çatmamış
yıxılıb taqətsiz qalmışdı. O ağac onun artıq bir addımlığında idi,
amma sanki ona heç çatmayacaq qədər uzaq görünürdü. Bütün
gücü tükənmişdi, yeriməyə
dizlərində tab, sürünməyə
qollarında güc qalmamışdı. Onu o ağaca
tərəf aparıb çatdıran yalnız ürəyində
hələ də sönməyən bir ümid qığılcımı idi. Nəhayət, iradə
göstərərək özünü həmin
ağaca - ümidinə, arzusuna,
xəyallarına çatdırdı. Amma
görə bilməməsi və ümumiyyətlə, keyləşmiş
hissiyyat üzvlərinin heç
bir şey hiss etməməsi onu
çatdığı arzulardan bir uçurum kimi ayırırdı. O, nə edəcəyini,
nə düşünəcəyini bilmirdi.
Məhz bunun arzusuyla o qədər yolu qət
etməyə özündə güc
tapmışdı. Məhz bu dincliyi, bu sərinliyi, bu yaşıllığı istəyirdi bütün yol boyunca. Heç ağlına belə gəlməzdi ki,
bu ağacın kölgəsi onu sərinlətməyəcək, bu ağacın vüqarlı duruşuna
söykənib qorxularını dəf edə bilməyəcək,
yarpaqlarının həzin xışıltısı onun ağrılarının hayqıran səsini
durdura bilməyəcək. O,
axtardığı ağacı tapmışdı, amma bütün
hissiyyatını, bütün
duyğularını itirdikdən sonra...
İndi
onu nə ağrıları incidirdi, nə də
tapdıqları sevindirirdi. Onun bütün ruhu donmuşdu bu qızmar
günəşin altında. Səmaya baxırdı, artıq orada parlayan ulduzlar da onun
gözlərindəki sönmüş həyat
eşqini dirildə bilmirdi.
Ağacın yamyaşıl yarpaqlarına baxırdı, onlar da onun
solmuş ümidlərini cücərdə
bilmirdi. O, bütün
ruhuyla xəzan yaşayırdı, xəzan
yarpağı kimi can
aldığı ağacdan yavaş-yavaş bütün
həyat bağlarını qoparıb yerə düşməyə,
torpağa qarışmağa
hazırlaşırdı - bəşərin mütləq
anası olan torpağa;
o da anasının isti ağuşunda yatmağa tələsirdi.
Pərvin NƏSİRSOY
525-ci qəzet.- 2020.- 19 fevral.- S.22.