Sözləri ən əziz yadigarıdır

 

UNUDULMAZ ALİM, MÜƏLLİM VƏ YAZIÇI ŞAHLAR HƏSƏNOĞLUNUN VƏFATINDAN 40 GÜN KEÇDİ

 

7 yanvar 2020-ci il. Həmin gün ruhunu təslim edib Haqqa qovuşdu əzizimiz, əvəzsiz müəllimimiz Şahlar Həsənoğlu. Bundan 10 gün əvvəl isə sonuncu insult nəticəsində ayaqları tamam tutulmuşdu. Yataqdan qalxa bilmirdi. Elə həmin gündən "Mən Cek London kimi ölmək istəyirəm" - deyirdi nədənsə.

Sonbeşik oğlu Tural:

- Lala (biz hamımız Şahlar müəllimi uşaqlıqdan belə çağırırdıq, səbəbini bir qədər sonra açıqlayacam), sənin orqanizmin möhkəmdir, sağlamdır, hələ yaşaya bilərsən. qədər lazımdır, sənin əziyyətini çəkəcəm. Sən mənə elə bir uşaqlıq yaşatmısan ki, elə bilirəm, dünyanın ən xoşbəxt uşağı mən olmuşam. Şuşanın buz kimi bulaqlarından su içirdib, səfalı meşələrində gəzdirmisən. İndi səni qalan ömrün boyu qucağımda daşısam, "uf" demərəm.

- Yox, ay bala, mənim bədənimdə Valproat turşusu artıb. Bədənim çökür, çox vaxtım qalmayıb.

- Lala, bax burda, belə uzanaqlı vəziyyətdə bilirsən ki, bədənində o turşu artıb? Bəlkə heç...

Müəllim gülümsündü:

- Çox əziyyət çəkmək istəmirəm, yaşamışamsa, bəsdi.

- Lala, Allahın qoyduğu bir vaxt var. O istəyəndə hər şey tamam olacaq, sən özünü darıxdırma.

Səhəri gün artıq sərbəst danışa bilmirdi. Birtəhər özünü toplayıb: "Məni kresloya qoy, şkafdakı əlyazmanı gətir" - dedi. Tural onun dediyi kimi elədi. Lala sonuncu dəfə "Müəllim" romanını əlinə aldı. Sanki bir övladının başını sığallayırmış kimi əlyazmanın üzərinə əl gəzdirdi. Eynəyini taxıb, qələmi götürdü. Əlləri əsirdi, amma romanın hansı səhifəsində nələri ləğv edəcəyi çox gözəl yadında idi. Titrəyən əlləri ilə həmin hissələrin üstündən xətt çəkib üzünü mənə tutdu:

- Bunları ləğv edin, bu dəftərdə isə kitabın özəyi yazılıb. Redaktə işini sən edərsən. Kitabı Hüseyn müəllimə aparın. Kompüterdən çıxarın, ön sözü müəllif haqqında sən yazarsan. Başararsan, bilirəm. Kitabın bir neçəsini Axundov kitabxanasına, bir neçəsini Elmlər Akademiyasının kitabxanasına təqdim edin.

Son tapşırıqlarını verəndən sonra: ", di məni yerimə uzadın" - dedi.

Bir neçə gün keçdi. Artıq vəziyyəti tamam pisləşmişdi. Artıq neçənci dəfə həkim gətirdilər. Bu dəfə gələn həkim son müayinənin nəticələrinə baxaraq: "Bədənində Valproat turşusu artıb, qaraciyər sıradan çıxıb, uzun müddət müalicə üçün içdiyi dərmanların nəticəsidir, çox incitməyin" - dedi.

Heyrətlə bir-birimizin üzünə baxdıq. Lala həkim qədər dəqiq demişdi öz vəziyyətini! Bədənində nələr baş verdiyini, hətta turşunun adına qədər əvvəlcədən bilmişdi...

Mən körpə yaşlarımdan tanıyırdım Şahlar Həsənoğlunu. Bizə tez-tez gələrdi. Çox maraqlı insandı. Tut ağacının dibində oturmağı xoşlayardı. Hərdən böyüklərimizdən qalma ən gözəl xalçalardan birini yerə sərdirib üzərinə uzanar, gözlərini göyə zilləyər, əsərindəkinə bənzər ala buludlara saatlarla baxardı. Onunla görüşəndə məni "Paşa qızı" deyə çağırardı. Çox sonralar bildim ki, adımı da Xalq yazıçısı Anarın məşhur əsərindən götürərək Günel qoyubmuş. Əvvəldən yaxın qohum idik, sonra daha da doğmalaşdıq, onun kiçik gəlini oldum. Mənimlə görüşəndə hər dəfə alnımdan öpərdi. Bir dəfə "başına dönüm"süz çağırıb-buyurmazdı. Özünəməxsus şirinliklə, damaq "n"sı ilə: "Başına dönüm, bir ayran düzəlt" - deyərdi.

İndi ona Lala deməyimizin səbəbindən söz açım. Uşaqlıqdan məni həmişə maraqlandırırdı ki, görəsən, el-obada hamı "ata", "dədə", "qağa" dediyi halda, niyə övladları, yaxınlarının balaları Şahlar müəllimə "Lala" deyiblər? Sonralar öyrəndim ki, türk sultanları öz şahzadələrinə Lala (Lələ) tutarlarmış. Bu "lala" "müəllim", "öyrədən" deməkmiş. Həmin lalalar şahzadələri sultanlığa hazırlarmış. Müəllimliyə, öyrətmək peşəsinə çox böyük dəyər verdiyindən övladlarının da onu "Lala" çağırmasını istəyibmiş Şahlar müəllim. Belə olmuşdu. Mərzili kəndində, zənnimcə, ikinci bir ailə yoxdu ki, ataya "Lala" deyə müraciət olunsun. Onun bir fərqli, maraqlı tərəfi bu idi.

Tarix fənnini o qədər gözəl tədris edirdi ki, onun ətrafında olub türkün tarixinə heyran qalmamaq mümkün deyildi. Mən nəsə bir ev işi görməyə başlayanda, məsələn, elə tozsoranı götürən kimi: "Başına dönüm, onu qoy qırağa, gəl otur, söhbətim var" - deyərdi. Türk tarixindən, böyük türk sərkərdə hökmdarlarından, onların zəkasından, hərbi ustalıqlarından, zəfərlərindən elə söz açar, o qədər maraqlı danışardı ki! Həm bilik verərdi, həm vətən, millət sevgisi, türkçülük aşılayardı!

O gözəl, əziz insan haqqında xatirələrim bitib-tükənməz... Övladlarının hamısı alitəhsilli olduğu halda, "Müəllim" romanının taleyini mənə həvalə etməsi məni çox qürurlandırdı. Çünki əsərlərini qədər çox sevdiyini, onları hər kəsə etibar etmədiyini bilirdim. Lalamıza verdiyim sözə əməl etmək, onun son romanının da layiqincə işıq üzü görməsi indi ən böyük arzularımdandır.

Onun ruhu indi sonsuz göylərdən bizi izləyir, özünəxas həssaslıqla hamımız üçün yenə narahatdır bəlkə . Ancaq yəqin ki, doğma Mərzili kəndinin yaxınlığındakı Ergi qəsəbəsində, Axund Hacı Ramazanın rəhbərliyilə keçirilən dəfn mərasimini, həmyerlilərinin, bir çoxuna dərs dediyi insanların onu necə sevgi ilə son mənzilə yola saldıqlarını da sakit bir qürurla izləmiş sevinmişdi Lalamızın işıqlı ruhu. Dəfni , məzarı da onun öz vəsiyyəti üzrə oldu. Unudulmaz lalamızın son mənzili öz el-obasına lap yaxın yerdə, bir vaxt iftixarla "Beşyüzevli" dediyi Mərzilinin ətəyində, ala buludların yayıldığı səmanın altındadır. Sağlığında sözüylə, əsərlərilə tərənnüm edib oxşadığı ana torpaq indi doğma övladı Şahlar Həsənoğlunu öz qoynunda əzizləyir.

 

Ruhu şad olsun!

 

Günel ELBRUSQIZI (KƏRİMOVA)

Ağdam rayon 149 nömrəli köçkün tam orta

məktəbin müəllimi                

 

525-ci qəzet.- 2020.- 19 fevral.- S.19.