Bilal Alarlı və onun
Rəsul Rza haqqında araşdırması
ADPU Cəlilabad
filialının müəllimi, filologiya üzrə fəlsəfə
doktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü
Bilal Alarlının "Rəsul Rza
yaradıcılığında novatorluğun folklor qaynaqları"
adlı araşdırması indiyədək öyrənilməmiş
bir mövzuya - semantik poeziyada şifahi xalq ədəbiyyatı
motivlərinə həsr olunub. Kitabda, həmçinin,
Bilal Alarlının Rəsul Rzaya həsr etdiyi iki şeiri də
verilib.
Beynəlxalq Nobel İnformasiya Mərkəzinin Azərbaycan
üzrə təmsilçiliyi tərəfindən "Elm və
təhsil" nəşriyyatında çap olunmuş
kitabın ön sözünü oxuculara təqdim edirik.
Müstəqilliyimizin ilk onilliyində yaranan Azərbaycan
ədəbiyyatında layiqli yeri olan Bilal Alarlı çoxsahəli
ədəbi-bədii fəaliyyəti ilə diqqəti çəkir. Onun şeir,
poema, mənzum oçerk və hekayələri ilə
yanaşı, xeyli publisistik yazısı, folklor
araşdırması, həmçinin, müasirləri
haqqında ədəbi-tənqidi yazısı vardır.
Azərbaycan
dili və ədəbiyyat müəllimi işləyən,
eyni zamanda, ADPU Cəlilabad filialında ixtisasına uyğun fənləri
tədris edən Bilal Alarlı ötən yüzilliyin
90-cı illərindən başlayaraq fəal ədəbi fəaliyyət
göstərir. "Qaraçuxamın
yuxuları" adlı poema yazır, "Çeçen
etüdləri" mənzum gündəliyi üzərində
işləyir. Şəhidlərə həsr
olunmuş "Qarabağ şahini" (Rauf Quliyev haqqında),
"Mətanət" (Cəmaləddin Əliyev haqqında)
və "Şəhid anası" (Şamil Nəzərov
haqqında) mənzum oçerkləri çap olunur.
Ədəbi orqanlarda 37-ci il hadisələrindən söhbət
açan "Balakişinin qızılları" povesti
(1992), "Üç yanğın" (1989), "Qobu əhvalatı"
(1989) və "Ölüm" (1992) hekayələri
işıq üzü görür. Ədəbi
axtarışlarını davam etdirən Bilal Alarlı 1997-ci
ilin mart ayında yaşadığı kənddə
"Nöqtələr" ədəbi qrupunu yaratmaqla
sonrakı fəaliyyətini ədəbiyyatla bağlayır.
Ədəbi qrupda birləşən Böyükxan
Bağırlı, Misir Alarlı, Hacıbala Əmir, Əlizadə
Sərdaroğlu, Ələddin Əzimov, Yusif Cəfər,
Faiq Hüseynbəyli, Dövlət Quliyev, Mehman Quliyev,
Şakir Xanhüseynli, Misir Rəsulov, Veysəl Seyfullayev, Afiq
Hüseynbəyli və başqaları "Nöqtələr"
toplusunun səhifələrində oxucuların
görüşünə gəlirlər. Səkkiz
kitabı çap edilən "Nöqtələr" ədəbi
toplusu Seyid Miryusif ağanın ədəbi irsinə
işıq tutur, istedadlı gəncləri himayə edir, hətta
dünya ədəbiyyatından tərcümələr
çap edir.
Bilal Alarlı əsasən 1997-ci ildən sonra
yazdığı şeir və hekayələri kitab
halında çap etdirir. İlk kitabı
"Quş dili" (1998) adlanır. Onun söz mətbəxi
mürəkkəb psixoloji yaşantılarla zəngindir:
Sözə
enmir kədərim,
Çiynim girir altına.
Yerin
ahı bəs edər
Göyün yeddi qatına.
İçim
çölümdən betər,
Astarımdan üz çıxar?
Ciblərimi
axtarsan
Pul yerinə söz çıxar.
Şairin "Nənnim tavansız evdən
asılıb" adlı ikinci poetik toplusu 2000-ci ildə
çap olunub.
Kitabda şeirlər "Quş dili" (1997),
"Sözü ağıl əkib, ürək becərir"
(1998), "Nənnim tavansız evdən asılıb"
(1999) və "İsti dərdimin soyuq üzü" (2000)
başlıqları altında toplanmışdır. Buradakı şeirlər, həmçinin, "Qara
günün ağ yazısı, yaxud şəklim asılan
yaxalıqlar" (1999) və "Yuxuların qar
uçqunu" (1999) poemaları ədəbi tənqidin diqqətindən
kənarda qalmadı. Bilal Alarlının
şeirlərindən lövhə, peyzaj təəssüratına
diqqət çəkən Vaqif Yusifli burada "Sözün
yaratdığı məcazi çalarlara, poetik rənglərə
qüvvətli bir meyl olduğunu" bildirir.
Tehran
Əlişanoğlu adı çəkilən kitabda diqqəti
"İthaflar" yazısına cəlb edir, "incə
portret müşahidəlirinin iç ağrı və sevinclərinə
qatmaqla əməlində ədəbi-mədəni hava
yaradan" Bilal Alarlı qələminin epizmə meyl etdiyini
yazır. T.Əlişanoğluya görə,
"adından prozaizm boylanan" bu kitabda nəsr deyimi ilə
sərrast müşahidə və rakurslar çoxdur".
Nazif Ələkbərli də Bilal Alarlının
"intensiv poetika axtarışlarında olduğunu"
yazır və tənqidin diqqətini onun rəhbərlik etdiyi
"Nöqtələr" ədəbi qrupuna cəlb edir.
B.Alarlı poeziyası intellektual poeziyadır. Bilalın qələmində
kağız deyil, söz xışıldayır, külək
yelkəni deyil, yelkən küləyi yelləndirir.
Şairin
bədii axtarışları ziddiyyətli məqamlardan
keçir:
Çərçivəsi
dardı kirpiklərimin,
Ağlım görənləri gözlərim
görmür.
Onun üçüncü poetik toplusu
"Qaraçuxamın yuxuları" (2001) adlanır. Toplunun "Quş urəyitək
ovcumda çırpınan istəklərim" (2000) və
"Özümü gətirmişəm bir dəstə
gül kimi" (2001) adlanan bölmələrində kövrək
hissləri ifadə edən şeirləri və beş poeması verilmişdir. Hələ
2000-ci ildə bir və iki misralıq şeirlər yazan Bilal
Alarlı müasirlərinə bu janrın imkanlarını
genişləndirməkdə körpü rolunu oynadı.
Bir-birinin dalınca qısa poetik deyimlər
çap etdirən gənc şairlər sonralar bu səpgili
şeirləri yapon hoqqularına bənzətdilər.
B.Alarlının şeirlərinin mayasında isə milli
kolorit var. Cəmi bir cümlədən ibarət şeirə
nəzər salaq:
Yenə
göz vurur işığım,
ölür... qaranlıqdan ötrü.
İlk iki topludan fərqli olaraq, "Qaraçuxamın
yuxuları"nda yalnız məhəbbət şeirləri
toplanıb. "Qırxıncı otağın Qız
bürcü" abstrakt poeması şairin öz həyatından
bəhs edir. Günümüzün
ağrılı problemlərindən söhbət açan
"Saçlarını göz yaşıyla yuyub
ehtiyacın caynaqları ilə darayanların nəğməsi"
poeması isə 2000-ci ildə qələmə
alınmışdır. Poemadakı
pessimizm məzmunla bağlıdır.
B.Alarlının 2002-ci ildə işıq üzü
görən "Yuxularımın qar uçqunu" adlı
kitabı tərtibcə əvvəlki toplulardan seçilir. Kitabda
üç topludakı şeirlərlə yanaşı, son
dövrün poetik nümunələri və hekayələri
yer almışdır.
Ötən
yüzilliyin doxsanıncı illərində "Nöqtələr"
ədəbi qrupunu yaradan, ədəbi qrupun səkkiz toplusunu,
qrup üzvlərinin otuzadək kitabını işığa
çıxaran Bilal Alarlı 2010-2011-ci illərdə "Cənub
bölgəsinin ədəbi inciləri" seriyası ilə
də xeyli poetik toplu nəşr etdirmişdir. 2016-cı
ildə isə Bilal Alarlının "Qırx ilin
tanışlığı" adlı poetik toplusu
işıq üzü görmüşdür.
B.Alarlı
nəsrini tənqidçi T.Əlişanoğlu daha yüksək
qiymətləndirir, onu Xorxe Luis Borxeslə müqayisə edir:
"Mənə burda xoş gələn Bilalın öz
materialında Borxes manerası, modellərinə cəhd etməsidir,
yığcam mündəricə bundan ibarətdir ki, o,
süjetdən, əhvalatdan məna almır, əksinə, mənanı
situasiyaya oturdur, öz növbəsində məna vurğusu
süjet-situasiyanı yaradır". T.Əlişanoğlu
"Nöqtələr - proses rəmzidir" məqaləsində
("Ədəbiyyat" qəzeti, 2001, 24 avqust) Bilal
Alarlının "Ulduz" jurnalında çap olunmuş
hekayələrinin xarakteristikasını verir: "Gəlin"
hekayəsində (2003, 3) hələ keçilmiş yolla
getdiyindən qələm bir qədər ağır işləyir;
hərəsi bir mövzuda, lakin ideya sırası və ritminə
görə üçlük yaradan "İnam",
"Ümid", "Dəfn" (sənət, insan, cəmiyyət
həqiqətləri) kimi yığcam hekayələrdə isə
(2000, 9) qələm məharətlə oynayır, mövzuya
uyğun stillər təklif edir, özgə stilləri
uğurla imitasiyadan çəkinmir".
Bilal Alarlının son hekayələri üslubi
baxımdan əvvəlki nəsr əsərlərindən fərqlənir. "Xalturaçı"
("Ulduz", 2007, 4 say) hekayəsində dilin folklor
qatına daha çox nüfuz etmişdir. "Zülmə
şərik olanlar" (2007) hekayəsinin mövzusu da
müasir həyatdan alınmışdır.
Yaşadığı
bölgənin gənclərinə münbit ədəbi şərait
yaradan Bilal Alarlı 2010-cu ildə Respublikada ilk dəfə
olaraq "Yaradıcı uşaqlar" layihəsi çərçivəsində
poetik toplu nəşr etdirmişdir. 2016 və 2017-ci illərdə
işlədiyi ADPU Cəlilabad filialında təhsil alan tələbələrin
yaradıcılıq nümunələrindən ibarət
"Sənə uçmağı öyrədəcəyəm"
adlı iki elmi-ədəbi toplu çap etdirən Bilal
Alarlı istedadlı gənclərin ayrıca
kitablarının nəşrinə də yardımçı
olmuşdur. Onu da qeyd etməyi vacib bilirəm ki,
Bilal Alarlı nəşrinə yardımçı olduğu
kitabların hamısını, hətta folklor
toplularını, şagirdlərinin və tələbələrinin
kitablarını şəxsi vəsaiti ilə çap
etdirmişdir.
Bilal Alarlının folklor araşdırmaları içərisində
yazılı ədəbiyyat və folklor mövzusu da diqqət
çəkir.
Belə araşdırmalardan biri "Abbasağa
Azərtürk poeziyasında folklor motivləri" adlanır.
Bilal Alarlının ikinci belə yazısı Rəsul Rza yaradıcılığına həsr olunmuşdur. "Rəsul Rza yaradıcılığında novatorluğun folklor qaynaqları" adlanan bu araşdırma mübahisəli bir mövzuda, sərbəst şeirlər yazan yenilikçi şairin yaradıcılığında folklor motivləri haqqındadır. Müəllif mövzunun öhdəsindən məharətlə gəlmiş, Rəsul Rzanın təkcə şeirlərini deyil, onun əməli fəaliyyətində foklorla bağlı işləri tədqiqata cəlb edə bilmişdir. Əslində, bu mövzu fəlsəfə doktorluğu üçün yararlı bir mövzudur. Bilal Alarlı novator şairin milli kökdən uzaq düşməsi haqqında olan mifi öz araşdırması ilə alt-üst edir.
Bilal
Alarlı haqlı olaraq yazır ki, Rəsul Rza Azərbaycan
xalqının milli söz sərvətinə, o cümlədən,
folklora milli şüurun inkişafının nəticəsi
kimi baxırdı: "Onun yaradıcılığında
folklor önəmli yer tutur. O, folklora formal münasibət
bəsləmir, həm folklor sərvətinin qoruyucusu kimi
çıxış edir, həm də ondan yaradıcı
şəkildə bəhrələnirdi". Bilal Alarlı
R.Rza yaradıcılığının folklor
qaynaqlarını iki qrupa bölür və bu prinsiplə
araşdırma aparır. O, ilkin olaraq xalqın folklor sərvəti
haqqında olan əsərləri təhlilə cəlb edir,
sonra mövzusunu şifahi xalq ədəbiyyatından alan əsərlərə
diqqət çəkir.
Bilal Alarlı yazır ki, şairin mübarizliyi ictimai və ədəbi fəaliyyətinin bütün sahələrini, xüsusən Azərbaycan dilinin və dilçiliyinin inkişafı ilə bağlı məsələləri, şifahi xalq ədəbiyyatının öyrənilməsi problemlərini əhatə edir. Rəsul Rza haqqında olan bu araşdırmanın dəyəri onun yaradıcılıq fəaliyyətinin istiqamətlərinin müəyyənləşdirilməsi və həmin istiqamətlər üzərində qruplaşdırılması ilə bağlıdır. Milli şüurun formalaşması, milli mənliyin dərki uğrunda mübarizə öndə gəlir, sonra dilin aydınlığı və təmizliyi uğrunda mübarizə aparılır. Şair belə hesab edirdi ki, folklor nümunələrimizin toplanılması və araşdırılması vacib şərtlərdən biridir. Rəsul Rza özü isə yeniliyin ənənə üzərində inkişafı uğrunda mübarizəyə qoşulur.
Bədii əsər üçün forma yeni olsa da, mövzu milli köklərə bağlanmalıdır. Rəsul Rza poeziyası məhz belə bir zəmin üzərində dayanır. Təsadüfi deyil ki, Bilal Alarlının Rəsul Rzaya həsr etdiyi və bu kitabda oxuculara təqdim olunan şeirlərindən birində şairin Azərbaycan poeziyasındakı yeri yüksək dəyərləndirilir:
Ya şaha çevrilmiş piyadasan,
ya da piyada qalanların şahısan
şeirdə şahlıq edənləri
mat qoyandan bəri.
Bilal Alarlının qaldırdığı mövzu Azərbaycan ədəbiyyatşünaslığı üçün yenidir.
Bəybala
ƏLƏSGƏROV
Beynəlxalq Nobel
İnformasiya Mərkəzinin
vitse-prezidenti, tarix üzrə elmlər doktoru
525-ci qəzet.-
2020.- 19 fevral.- S.18.