Parlaq uğurlarla zəngin alim ömrü

 

AMEA-nın MÜXBİR ÜZVÜ, PROFESSOR ƏBÜLFƏZ QULİYEVİN 70 İLLİK YUBİLEYİNƏ

 

Azərbaycan dilçilik elminin dünya türkologiyasının inkişafında müstəsna xidmətləri olan dilçi, türkoloq alim, görkəmli pedaqoq, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, filologiya elmləri doktoru, professor, Azərbaycan Respublikasının Əməkdar müəllimi, Azərbaycan Yazıçılar Birliyinin Türk Dünyası Yazarlar Birliyinin üzvü Əbülfəz Aman oğlu Quliyevin elmi-pedaqoji fəaliyyətinin 50, ömür yolunun 70 ili tamam olur.

İndiyəqədərki geniş tədqiqat işlərinin nəticəsi olaraq o, 50-yə yaxın kitab monoqrafiyanın müəllifi, tərtibçisi tərcüməçisi, 350-yə yaxın müxtəlif nüfuzlu elmi jurnallarda nəşr olunan məqalənin müəllifi olub.

Əbülfəz Quliyev 1950-ci ildə fəsillərin ən gözəli təravətlisi olan bahar fəslinin ilk ayında Naxçıvan şəhərində dünyaya göz açıb. Elə orta təhsilini həmin şəhərdə alıb. Onun kəskin duyum tərzi, müstəqil mühakiməsi, iti yaddaşı hələ o illərdə müəllimlərinin diqqətini özünə cəlb etmişdi. Elmə olan böyük həvəsi onu Bakı Dövlət Universitetinə gətirmişdi. 1971-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirib, təyinat üzrə Naxçıvan şəhərinə gəlmiş, bir il şəhər 1 saylı orta məktəbdə işləyib.

Əbülfəz müəllimin əmək kitabçasında iki böyük ali ünvan var: Naxçıvan Dövlət Universiteti AMEA Naxçıvan Bölməsi.

Həyatda çəkilmiş heç bir zəhmət bəhrəsiz qalmır. Əbülfəz müəllim də elm yolunda çəkdiyi zəhmətlərin qarşılığını Naxçıvan Dövlət Universiteti ilə bağlanan müəllimlik vəzifəsində alıb. Əbülfəz Quliyev 1979-cu ildə "Orxon-Yenisey abidələrində feilin təsriflənməyən formaları (Azərbaycan dili ilə müqayisədə)" mövzusunda namizədlik dissertasiyasına görə filologiya elmləri namizədi, 1989-cu ildə dosent elmi adını alıb. Görkəmli türkoloq alimlərin dərsliklərini öz tələbələrinə tədris etməklə yanaşı, özüali məktəblər üçün bir neçə diqqətçəkən əsər yazmışdır: "Qədim türk yazılı abidələrinə aid seminar məşğələləri" (1988), "Əski türk yazılı abidələrinin müntəxəbatı" (1993), "Qədim türk abidələrinin sözlüyü" (1992), "Əski türk onomastik sözlüyü" (1999) və başqaları. Gərgin əməyin bəhrəsi olan bu kitablar tələbələrin əsas dərs vəsaitinə çevrilib. Qədim uyğur yazılı abidələri materiallarının ali məktəblərdə öyrənilməsi və tədrisi Əbülfəz Quliyevin şəxsi xidməti sayıla bilər. 1993-cü ildən 2003-cü ilədək rəhbərlik etdiyi Naxçıvan Dövlət Universiteti Tarix-filologiya fakültəsinin "Azərbaycan dilçiliyi" kafedrasının həmin illərdəki elmi uğurları bilavasitə Əbülfəz Quliyevin adı ilə bağlıdır.

AMEA Naxçıvan Bölməsində İncəsənət, Dil və Ədəbiyyat İnstitutu yarandığı gündən buraya professor Əbülfəz Quliyev rəhbərlik edir.

Naxçıvan Dövlət Universitetini bitirən kimi elmi yaradıcılığa olan böyük marağım məni Naxçıvan Regional Elm Mərkəzində kiçik elmi işçi kimi əmək fəaliyyətinə başlamağa sövq etdi. 1997-ci ildən çulğalaşdığım və məbəd kimi baxdığım bu ocaq bir gün dedilər ki, ləğv edilir. Hər kəs nigaran və pəjmürdə idi. Təbii bir narahatlıq vardı. Bilmirdik ki, müəssisəmizin taleyi necə olacaq. Hər şey biz gözlədiyimizdən və düşündüyümüzdən də möhtəşəm oldu. Regional Elm Mərkəzi AMEA-nın Naxçıvan Bölməsinə çevrildi. Elə ilk gündən tələbəlik illərindən yaxşı tanıdığımız Əbülfəz müəllim bizim instituta rəhbərliyə başladı. Rəhbər və işçi münasibəti çətin və mürəkkəb olmadı. Əbülfəz müəllim yaşının da verdiyi fürsətlə bizim mühitdə çoxlarının müəllimi olmuşdu. Demək olar ki, hər birimizin elmi qabiliyyətinə bələd idi. Kimə nə tapşırıq verəcəyini və hansı işin öhdəsindən kimin hansı səviyyədə gələcəyini yaxşı bilirdi. İllərin pedaqoji təcrübəsi Əbülfəz müəllimi müdrikləşdirmişdi. Bu müdrik insan şüurlu ömrünün 50 ilini elmi-pedaqoji fəaliyyətə həsr etmişdi. Və 70 ilə ən gözəl dəyərləri sığdırmışdı.

Görkəmli alim, akademik İsa Həbibbəylinin təşəbbüsü ilə ərsəyə gələn, Naxçıvanın görkəmli şəxsiyyətlərinin taleyi və sənəti seriyasından olan bir neçə toplunun elmi  redaktoruya tərtibçisi olması və bu sahədə böyük səylə çalışması Əbülfəz Quliyevin formalaşmaqda olan naxçıvanşünaslığa xidmətin ən bariz ifadələridir. Həmçinin, sarsılmaz özülə malik olan milli-mənəvi dəyərlər sistemimizə, milli keçmişimizə, ümumxalq yaddaşına, el yaradıcılığına dərin köklərlə bağlılığın, böyük sevginin sayəsində ərsəyə gələn "Azerbaycan düğün türküleri"  (Ankara: 2008), "Məişət-mərasim nəğmələri" (Naxçıvan: 2010), "Azərbaycan mərasim (toy) nəğmələri" (Bakı: 2010)  adlı kitabları folkloretnoqrafik mədəniyyətimizə Əbülfəz müəllimin çox dəyərli hədiyyələridir.

Alimin "Orxon-Yenisey abidələrində toponim və etnonimlər" (2004), "Qədim uyğur türklərinin onomastikası" (2014), "Neliçnıe formı qlaqola v əzıke orxono-eniseyskix pamətnikov" (2018) adlı monoqrafiyaları  mühüm mənbə olmaqla yanaşı, dilçilik elminə, türkologiyaya layiqli töhfələrdir.

Əbülfəz Quliyev Dövlət Dil Komissiyasının üzvü, Naxçıvan Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Dissertasiya şurasının sədri (2015) kimi səmərəli fəaliyyət göstərmiş, AMEA-nın "Azərbaycan dili" və "Türkologiya" ixtisasları üzrə koordinasiya şuralarına, "Mətnşünaslıq" üzrə dissertasiya şurasına üzv seçilmişdir. İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun təsis etdiyi "Axtarışlar" elmi jurnalının baş redaktoru, AMEA Naxçıvan Bölməsinin "Elmi əsərlər" jurnalınının baş redaktor müavini, neçə-neçə nüfuzlu elmi jurnalının redaksiya heyətinin üzvüdür.

O, ictimai fəallığı ilə də həmişə diqqət mərkəzində olub. Ölkəmizin ictimai və siyası həyatında baş verən hadisələrə münasibətdə vətəndaş mövqeyi, ziyalı sözü ilə seçilib.

Professor Əbülfəz Quliyevin elmi əsərlərinin nəşr coğrafiyası Azərbaycanla məhdudlaşmır. Alimin mövzu aktuallığı, elmi tutumuxüsusi məziyyətlərilə seçilən onlarla elmi əsərləri respublikamızın hüdudlarından kənarda - Türkiyədə, İranda, İraqda, Rusiyada, Orta AsiyaAvropa ölkələrində çap olunmuşgeniş oxucu kütləsinə çatdırılmışdır. 1993-cü ildən bu günədək 100-ə yaxın çox nüfuzlu qurultay, simpozium, konfrans kimi beynəlxalq tədbirlərin yüksək kürsülərində, tanınmış dünya dilçilərinin qarşısında Azərbaycan elmini qürurla və layiqincə təmsil edib.

Hələ 2005-ci ildə Türkiyə Cümhuriyyəti Ankara şəhərində İLESAM təşkilatına üzv qəbul edilən Əbülfəz Quliyevin bu sahədəki xidmətləri əvəzsizdir. Orijinal kitabları və tərcümə əsərləri Əbülfəz Amanoğlu imzasını elmi mühitdə tanıtmaqdan başqa, ona geniş oxucu auditoriyası da qazandırıb. Geniş mütaliə, zəngin təcrübə, dolğun, bol həyat müşahidələri, elmi üslubun aydınlığı və şirinliyi ona bədii üslubda da qələmini uğurla sınamağa imkan verib. Beləliklə, Azərbaycan və Türkiyə oxucularının könlünü fəth edib.

Türk dünyasını bütöv görən, çox geniş tədqiqatçılıq imkanlarına malik türkoloq alim kimi o, özbək şairi Məhəmməd Salihin "Şeybaninamə" poemasını (XVI əsr) Azərbaycan dilində transkripsiya və tərcümə  etmiş, həmçinin, ədəbi-bədii fikir tariximizdə olduğu kimi, dil və ədəbiyyatımızın inkişafında böyük yeri olan ədib Əhməd Yügnəkin "Atabətül-həqaiq" (2018) adlı nəsihətamiz, əxlaqi-didaktik, fəlsəfi əsəri nəşr etdirmiş, əsərdə işlənən sözlərin lüğətini hazırlamış, ona şərh və izah yazmışdır. Türkiyə Cümhuriyyəti Türk Dil Qurumunun qəbul etdiyi layihədən sonra professor Əbülfəz Quliyev, professor Tuncər Gülənsoy, Paki Küçükər tərəfindən Naxçıvan Muxtar Respublikasından toplanmış dialekt materiallarının transkripsiyası yazıya alınıb, fonetik-morfoloji cəhətdən araşdırılıb və nəticədə 2009-cu ildə Ankarada "Naxçıvan ağzı" adlı 733 səhifəlik bir əsər çapdan çıxıb. Bu dialektoloji lüğət Naxçıvan dialektologiyasının söz varlığını tamamilə əhatə etmədiyindən, həmçinin, bu görülən işlərin də məntiqi davamı kimi Əbülfəz Quliyevin 2010-cu ildə Ankarada işıq üzü görmüş "Naxçıvan ağızları söz varlığı" adlı əsəri xüsusi maraq doğurur. Alim bu günə qədərki araşdırmalarını və toplanmış dil faktlarını incələmiş, geniş, əhatəli sözlük hazırlamışdır.

Əbülfəz Quliyevin 17 oktyabr 2019-cu ildə Şimali Makedoniya Üsküp şəhərindəki "Vizion" universitetində həmin ali təhsil müəssisəsilə AMEA NB İncəsənət, Dil və Ədəbiyyat İnstitutu arasında əməkdaşlıq protokolu imzalaması da türk dünyası ilə əməkdaşlığa xidmətin bir ifadəsidir.

Həyat və yaradıcılıq yolu sübut edir ki, Əbülfəz müəllim öz sahəsinin fədakar qəhrəmanıdır. Gələcəyə inam hissi, məqsədinin böyüklüyüona çatmaq üçün heçasanhamar olmayan, enişli-yoxuşlu  yollar ona elmin ali zirvəsini fəth etməkdə yardımçı olub. Əzm, iradə və elmə olan dərin sevgi - bu üçünün vəhdəti əyalətdə yazıb-yaratmaqla Azərbaycan elminə öz sanbalı ilə seçilən əsərlər bəxş edib. Əbülfəz Quliyev - Amanoğlu öz imzasını müraciət etdiyi bütün mövzuların elmi çəkisinə, konseptual mündəricəsinə məharətlə yazdırıb və bu imzanı ümumtürk elm mühitində fəxarətlə tanıtmağa nail olub.

Mənim Əbülfəz müəllimin qızları Səidə və Aliyə ilə uzun illərdir tanışlığım var. Onlar analarını vaxtsız itirsələr də, atalarının onlara göstərdiyi həm ata, həm də ana qayğısından həmişə ürəkdolusu danışırlar. Bir dəfə Səidə atasının keşməkeşli həyatından danışanda göz yaşlarına hakim ola bilmədi. Dedi ki: "Mən uşaqlığımı xatırlayanda, arxaya dönəndə qalaq-qalaq olmuş kitabların arasında, çıraq işığında, köhnə makinanın arxasında sabahlayan insanı görürəm. Uşaqlıq xatirəmdən atamın barmaqlarının ucunda səhərə qədər çıqqıldayan makinanın səsi gəlir".

Həqiqətən də, o makinada neçə-neçə əsərlər yazılıb...

Əzmkar elm adamının sol əli ilə yazdığı saysız-hesabsız əsərlər Azərbaycan elminə, dünya türkologiyasına qiymətli töhfələrdir. Bu faktı əbəs yerə xatırlatmadım... Əbülfəz müəllim acı fəlakətə, taleyin mərhəmətsizliyinə mərdi-mərdanə sinə gərən, yorulmadan, fədakarcasına çalışan və gəncliyə nümunə olan bir elm fədaisidir. Səmimi söhbətlərimizin birində dedi ki, uşaq olanda bir uğursuz hadisə məni sağ əlimdən etdi. Amma bu, mənim oxumaq, yazmaq həvəsimə mane ola bilmədi və elmə olan böyük sevgimin qarşısında əngəl olmadı. Mən daha böyük səylə çalışdım. Düşündüm ki, mənim oxumaqdan, yazmaqdan, daha çox çalışmaqdan başqa yolum yoxdur. Şükür ki, Azərbaycan dövləti, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin rəhbərliyi mənim xidmətlərimi həmişə yüksək səviyyədə dəyərləndirib. Mən taleyimdən yerdən göyə qədər razıyam!

Əbülfəz müəllim yenə də gənclik enerjisi ilə qalaq-qalaq yığılmış kitabların arasında yorulmadan çalışır və barmaqlarının təmasından yaranan ahəngdar səslər iş rejimi boyu eşidilir. Fərq ondadır ki, çıraq işığında və köhnə makinanın arxasında deyil, geniş və işıqlı, tam təmirli, müasir kompyuter texnologiyası ilə təmin olunmuş otağından gəlir bu səs. Onun yetirməsi olaraq bizdüşünürük ki, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev ömür yolu bizim hər birimiz üçün nümunədir.

70 yaşın ucalığından, bir ömrün ən dəyərli zirvəsindən arxada qalan illər və böyük bir ömür yolu çiskin və dumanlı deyil, gecədən yağan qar kimi apaydın və işıqlı görünür. Əziz və unudulmaz müəllimimizi, AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor Əbülfəz Quliyevi 70 illik yubileyielmi-pedaqoji fəaliyyətinin 50 illiyi münasibətilə təbrik edir, ona möhkəm sağlamlıq, yeni yaradıcılıq uğurları arzulayırıq.

 

Zülfiyyə İSMAYIL

AMEA Naxçıvan Bölməsinin əməkdaşı,

filologiya üzrə fəlsəfə doktoru, dosent

 

525-ci qəzet.- 2020.- 19 fevral.- S.16.