"Kommersiya ilə sənət paralel
gedir - nə şiş yanır, nə də kabab"
GƏNC REJİSSOR ORXAN
ADIGÖZƏLOV: "BÜTÜN GÜCÜMÜ,
ENERJİMİ SƏNƏTƏ YÖNƏLTMƏK VƏ BU
SAHƏDƏ QALICI OLMAQ İSTƏYİRƏM"
Sosial şəbəkələrdə
parlayanlar...
Danılmaz gerçəklikdir ki, sosial şəbəkələr
artıq çoxdan öz işini qurmaq, hətta biznes və
marketinq işi təşkil etmək istəyənlər
üçün də əlverişli məkana çevrilib. İnsanlar
burada nəinki bir-biri ilə rahat şəkildə ünsiyyət
qura, fikir və baxışlarını bölüşə
bilir, sərbəst halda öz əl işlərini, sənət
nümunələrini paylaşıb izləyici və
müştərilər qazanmaq şansı da əldə edirlər.
Rubrikamızın budəfəki qonağı - gənc
rejissor Orxan Adıgözəlov da öz
yaradıcılığı ilə sosial şəbəkələrdə
məşhurlaşmış imzalardan biridir. Sosial şəbəkələr
onun fəaliyyətində hansı rol oynayıb,
yaradıcılığının ictimaiyyətə təqdim
olunmasında bu məkanın əhəmiyyəti nə dərəcədə
olub? Onunla söhbətimizdə bu və
digər məsələlərə aydınlıq gətirməyə
çalışdıq. O danışdı, biz dinlədik
və yazdıq. Buyurun, oxuyun...
- Sosial
şəbəkələr mənim üçün hər
şeydən əvvəl portfel rolunu oynayır. İstənilən
adam işim haqqında məndən məlumat
almaq əvəzinə, buradakı paylaşımlarıma
baxıb portfelimlə tanış ola bilər. Sosial şəbəkələrin
bir üstünlüyü də öz sahəmdə olan
peşəkar şəxslərin fəaliyyətimlə tanış olmalarına şərait
yaratmasıdır. O insanlarla real həyatda yolumuz kəsişməsə
belə, işlərimi bəyənib mənimlə bir yerdə
çalışmaq istəyə bilərlər. İnstaqramın foto və video xüsusiyyətlərinin
daha qabarıq olduğunu və çəkiliş qrupu axtaran
sifarişçilərin bu məkandan istifadə etdiklərini
nəzərə alıb deyə bilərəm ki, bu şəbəkə
mənə daha yaxındır.
"Fərqli sahə üzrə ali təhsil alsam da, indi sevdiyim işlə məşğul
oluram"
- Necə
oldu ki, rejissor olmağa qərar verdiniz?
-
Düzü, bu, əvvəlcədən
düşünülmüş bir şey deyildi. Rejissorluqdan
tamamilə uzaq bir sahə üzrə ali təhsil
almışam, Bakı Dövlət Universitetinin Ekologiya
fakültəsini bitirmişəm. Fərqli sahə üzrə
ali təhsil alsam da, indi sevdiyim işlə
məşğul oluram. Rejissorluğa
başlamağımın səbəbkarı olan dostumla
universitetdə bir fakültədə, bir qrupda oxuyurduq. Onun bir tanışının film çəkilişlərinə
kömək edirdik. Tədricən bizim də
bu işə marağımız yaranmağa başladı və
düşündük ki, ssenarilər yazıb, çəkilişlər
edək. İlk filmimizi 2016-cı ilin
yanvarında çəkdik, amma alınmadı. Bu, məndə
bir növ ümidsizlik yaratdı və uzun müddət ara verdim. Həmin ilin iyul
ayında dostumun təkidiylə Amerika səfirliyinin sosial
mövzularla bağlı keçirdiyi festivala qatıldım.
LGBT mövzulu "Seçim" filmimlə
festivalda birinci oldum və həmin film "Ən yaxşı
bədii film" mükafatına layiq görüldü.
Bununla da həvəsim və özümə
inamım artdı. Ancaq məni bir
düşüncə narahat edirdi ki, rejissorluq o qədər də
qazanc gətirən sahə deyil. Bu fikirlərə
qapıldığım ərəfələrdə “Asan xidmət”dən
bir təklif gəldi və gördüm ki, əslində,
işimin kommersiya tərəfi ilə də məşğul ola bilərəm. Hazırda həm
sifarişlər üzərinə işləyirəm, həm
də öz qısa filmlərimi çəkirəm. Artıq kommersiya ilə sənət paralel getdiyi
üçün nə şiş yanır, nə də kabab.
-
Başqa hansı filmləriniz mükafata layiq
görülüb?
- Təvazökarlıqdan
uzaq olmasın, tək birindən başqa qalan filmlərimin
hamısı mükafat alıb. "Tənha
çoban" Azərbaycan Gəncləri film festivalında
"Ən yaxşı sənədli film" mükafatına
layiq görülüb.
2018-ci ildə Beynəlxalq qısa film festivalında
"Bir saniyə" filmimə görə "Ən
yaxşı rejissor" mükafatını aldım. "Sənə
məktub yazıram" şeirinə çəkdiyim
buktreyler Azərbaycan Buktreyler festivalında ikinci yerə layiq
görülüb. Pianoçu haqqında olan
"Maestro" sənədli filmim "Cavan" Gənclər
Hərəkatı İctimai Birliyi və
"Düşüncə gücü" İctimai Birliyi tərəfindən
"Ən yaxşı sənədli film"
mükafatlarına layiq görülmüşdü. Keçən
il də "Salamı xilas edin"
adlı filmim DokuBaku Beynəlxalq Sənədli Film
Festivalında Münsiflər heyətinin fəxri
mükafatına layiq görülüb. Yalnız
"Səssizlik" filmim heç bir mükafat almayıb.
"Şəhərlərin təbiəti
və strukturu korlanıb, kəndlər daha poetikdir"
-
Qısametrajlı filmlərə ütünlük verirsiniz,
mövzular da daha çox kənd həyatından bəhs edir.
Bunun hansısa bir xüsusi səbəbi var?
- Bəli,
əsasən qısa filmlər çəkirəm və
düşünmürəm ki, nə vaxtsa tammetrajlı film
çəkəcəyəm. Bəzən
insanlara elə gəlir ki, qısa filmlər tammetrajlı filmlərə
hazırlıqdır. Amma bu, yanlış
təsəvvürdür. Qısa filmlər
ayrılıqda kino sənətinin bir qoludur. 90 yaşına qədər ancaq qısa film çəkmiş
rejissorlar var. Çox güman ki, mən də onlardan biri
olacağam. Hələ ki, tammetrajlı
film çəkmək kimi bir ideyam yoxdur. Ancaq çəkdiyim
filmlərin həcmi yavaş-yavaş böyüyür - "Salamı xilas edin" və
"O qadın" filmlərinin həcmi 30 dəqiqədən
artıqdır. Keçid olsa, ancaq bu cür
olacaq. Filmlərimdə kənd həyatına
üstünlük verməyim isə bu həyatın mənin
üçün daha rahat olmasından irəli gəlir. Çünki kəndlər daha poetikdir. Şəhərlərin təbiəti və strukturu
korlanıb. Kənd həyatından bəhs
edən "Tənha çoban" filmim təsadüfi
alınıb. Bir neçə günlüyə
öz kəndimizə getmişdim. Qayıdana yaxın
axşamüstü böyük bir qoyun sürüsünü
qabağına qatlb
kəndə girən Mahmud dayını görəndə
bu mənzərə məni çox cəlb elədi. Öyrəndim
ki, bu adam öz sürüsünü hər
gün Goran çayı ətrafındakı heç kəsin
olmadığı bir yerə otarmağa aparır. Ağlımda küçə musiqiçiləri
haqqında film çəkməklə bağlı bir ideya
vardı. O ideya alınmadığı üçün
bunu dəyərləndirməyə qərar verdim. Heç bir hazırlıq olmadan Mahmud dayının
yanına getdik və çəkilişə başladıq.
Həmin çəkilişdə öz qəhrəmanımı
tamaşaçı ilə bir yerdə tanıdım.
- Bu fəaliyyətinizi
ailəniz necə qarşılayır?
- İlk vaxtlar ciddi yanaşmırdılar, uşaqlıq
həvəsi hesab edirdilər. Birinci filmim uğur
qazandıqdan sonra növbəti çəkilişləri həvəslə
gözləməyə başladılar.
- Çəkiliş
xərclərini necə ödəyirdiniz?
- Kənardan
maliyyə yox idi deyə, filmlərimin həm
montajçısı, həm ssenaristi, həm operatoru, həm
də rejissoru özüm olmuşam. Mənim tələbə
təqaüdüm xüsusi işçi götürmək
imkanı vermirdi. Əgər onlara pul
ödəmək istəsəm, gərək ac qalaydım
(gülür). Amma bunun bir yaxşı cəhəti
o oldu ki, artıq bütün işləri təkbaşıma
görməyi öyrəndim və bu, mənə mailyyə
baxımdan rahatlıq yaratdı. İlk vaxtlar iş tapa
bilmədiyimdən bir qədər çətinliklər
yaşadım. Amma mükafat alan filmimə
görə gələn iş təklifləri ilə irəliləməyə
başlamışam.
-
Yaxşı film üçün hansı daha vacibdir - texniki
avadanlıq, yoxsa ideya?
- Söhbət
sənətdən və bu sənəti başa düşən
insanlara göstərməkdən gedirsə, ideya kifayətdir.
Məsələn, bir İran filmi vardı,
ideyası çox yaxşı idi, amma çəkilişdən
hiss edilirdi ki, texniki avadanlıqlar zəif olub, bəlkə də
telefonla çəkilmişdi. Film çox
böyük rəğbət qazandı. Kommersiya
baxımından götürəndə isə texniki
avadanlıq məsələsinə böyük
üstünlük verilir. Amma ən son texniki
avadanlıqlarla çəkilmiş zövqsüz filmlər də az deyil. Yəni sənət baxımından ideya, kommersiya
maraqları baxımından isə texniki avadanlıqlar
çox vacibdir.
"Özüm öz işimin
müdiriyəm"
- Orxan bəy,
elə sifarişlər olurmu ki, özünüzə uyğun
bilməyib qəbul etmirsiniz?
- Bəli,
elə olub ki, müştəriyə təklif etdiyimiz ideya
onun xoşuna gəlməyib və ya mən təklif edilən
məhsulla bağlı heç bir qənaətə gələ
bilməmişəm deyə işimiz alınmayıb. Bəzən də bərabər
çalışdığım adamların düşüncə
və mədəniyyət tərzinə görə onlardan
uzaqlaşmalı olmuşam. Mən özüm öz
işimin müdiriyəm, üzərimdə hökmranlıq
istəsəydim, maaş müqabilində
çalışardım.
"Gənclik üçün
oxu" layihəsinin materialı o qədər də ürəyimcə
olmadı"
- Bəlkə,
bir az da sosial şəbəkələrdə
ən çox maraqla qarşılanan "Gənclik
üçün oxu" layihənizin hazırlanması prosesi
barədə danışasınız.
- Bu layihə
ilə bağlı mənə "Cavan" Gənclər Hərəkatı
İctimai Birliyi müraciət etmişdi. "Gənclik
üçün oxu" layihəsinin materialı o qədər
də ürəyimcə olmadı. Çünki
işi tez yekunlaşdırmaq üçün bir sıra məqamlarda
güzəştə gedildi. Yalnız rok və
caz hissələrində səlahiyyət məndə
olduğu üçün həmin çəkilişlərdə
istədiyimi ala bilmişdim.
- Çəkilişlər
zamanı başınıza gələn hansı qəribə
hadisə olub?
- "Bir saniyə" filminin çəkilişində
qəribə bir əhvalat yaşanmışdı. Çəkilişlər
qatarda gedirdi. İlk çəkiliş
alınmadığı üçün mən baş qəhrəmandan
istədim ki, başdan başlayaq, o da biletini nəzarətçilərə
göstərdikdən sonra qayıdıb getdi. Həmin şəxs qara geyimli, obraz etibarilə də
çox zəhmli idi. Nəzarətçi
bizə tərəf gəlib, vəziyyətin necə
olması ilə maraqlandı, danışmağa
başladı ki, bir dəfə buna bənzər hadisə
yaşanıb. Bir nəfər biletini göstərib
içəri girəndən az sonra vaqonu tərk
edib. Nəzarətçilər mənzil başına
çatanda agah olublar ki, həmin adam əslində,
cinayətkar imiş, vaqonda bir nəfəri qətlə
yetirib. Eşidəndə qəribə hisslər
keçirdik. Və nəzarətçini
başa saldıq ki, heç bir narahatçılığa əsas
yoxdur, çünki biz sadəcə film çəkirik.
-
Hansı yenilikləriniz və gözləntiləriniz var?
- Bir neçə qısametrajlı film üzərində işləyirəm. Əsas istəyim uyğun şəraitin və münasib təkliflərin olmasıdır. Reklam çəkilişləri yerinə daha çox film təklifləri gəlsə, yaxşı olar. Kommersiya ilə sənət arasında sıxılıb qalmışam. Bütün gücümü, enerjimi sənətə yönəltmək və bu sahədə qalıcı olmaq istəyirəm.
Günel ABBAS
525-ci qəzet.- 2020.- 19 fevral.- S.14.