Səhnəmizin yeni
Əsgəri
"ARŞIN MAL ALAN"
TAMAŞASINDAN TƏƏSSÜRATLAR
Üzeyir
bəy Hacıbəylinin
"Arşın mal alan" operettası
ilk dəfə 1913-cü il
oktyabr ayının
25-də Bakıda Tağıyev
Teatrının binasında
tamaşaya qoyulub.
"Nicat" truppasının
hazırladığı tamaşanın
quruluşçu rejissoru
və Əsgər rolunun ifaçısı Hüseynqulu Sarabski idi. Qısa müddətdə operetta Qafqazda, Orta Asiyada, İranda, Türkiyədə və digər xarici ölkələrdə də
populyarlıq qazanıb.
Sarabskidən əlavə,
müxtəlif illərdə
Əsgər rolunda
Opera və Balet Teatrında Bülbül, Hüseynağa Hacıbababəyov,
Məmmədtağı Bağırov,
Lütfiyar İmanov, Rauf Atatkişiyev, Azər Zeynalov, Fərid Əliyev, Həsən Enami, Musiqili Teatrda Kamal Kərimov, Lütfiyar İmanov, Mobil Əhmədov, Pərviz Bağırov, Fərid Əliyev, Anar Şuşalı, Səməd
Xasiyev və Atəş Qarayev çıxış ediblər.
1945-ci ildə ekranlara
çıxan "Arşın
mal alan" filmində Əsgər roluna dünya şöhrətli müğənni
Rəşid Behbudov çəkilib və misiqi nömrələrini
də özü ifa edib.
Azərbaycan Dövlət Opera və
Balet Teatrının
"Arşın mal alan" operettasına
verdiyi son quruluşun premyerası 1997-ci il sentyabr ayının 18-də
göstərilib. Tamaşanın bədii tərtibatını
Əyyub Fətəliyev
verib. Rejissor
Hafiz Quliyevin hazırladığı
"Arşın mal alan" bu günə kimi repertuardadır. İyirmi üç il
ərzində tamaşada
Gülçöhrənin altı,
Soltan bəyin altı, Asiyanın dörd, Əsgərin üç, Cahan xalanın üç, Süleymanın üç,
Vəlinin bir ifaçısı olub. Telli rolunda Gülyaz Məmmədovanın əvəzedici
roldaşı yoxdur.
Bu günlərdə tamaşaçılara
təqdim olunan səhnə əsərində
üç yeni vokalçı-aktyor çıxış
edib: Sadiq Məlikov (Vəli), Aysel İbrahimova (Asya) və Ramil
Qasımov (Əsgər).
Tamaşanın dirijoru istedadlı
musiqiçi Eyyub Quliyev idi.
Məlahətli, ürəyəyatımlı, şaqraq
lirik tenor səsə malik olan Ramil
Qasımov romans və mahnılar ifa etməklə yanaşı, bir neçə ildir opera tamaşalarında da çıxış edir. İndiyədək o, Opera və Balet Teatrının
səhnəsində Koroğlunun
("Koroğlu", Üzeyir
bəy Hacıbəyli),
Balaşın ("Sevil",
Fikrət Əmirov), Vaqifin ("Vaqif", Ramiz Mustafayev) partiyalarını uğurla
ifa edib. Hər üç rolda aktyor-vokalçının ifaları
özündən əvvəlkilərindən
fərqli və orijinal təsir bağışlayan uğurlu
səhnə surətləridir.
Onun Əsgər obrazı da cazibəli və yaddaqalandır, səsinin həzinliyi, emosional lirizmi, həssas musiqi duyumu ilə Üzeyir bəyin partiturasının professional tələblərinə
tamamilə cavab verir. Ramil ariya və ariozaları son dərəcə
yükəsək peşəkarlıqla,
emosional coşqunluqla oxumaqla bərabər, yüksək aktyorluq istedadı da nümayiş etdirir.
Onun aydın və ifadəli danışığı,
mətnin psixoloji və yumorlu mahiyyətini dərindən
duyması Əsgər
obrazının cazibəsini
təravətlə artırır,
təsir gücünü
daha da şiddətləndirir.
Əsgər obrazının ifasında
aktyorun uğurunu daha ifadəli edən cəhətlərdən
biri də Ramil Qasımovun yöndaşları ilə
emosional ünsiyyət
yaratmaq qabiliyyətindən
bacarıqla istifadə
edə bilməsindədir. Əsgər
- Ramil Qasımov Cahan xala (Gülüstan),
Vəli (Sadiq Məlikov), Süleyman (Tural Ağasıyev), Soltan bəy (Cahangir Qurbanov), xüsusən Gülçöhrə
(İnarə Babayeva) ilə dialoqlarında fərqli ifadə vasitələrindən, müxtəlif
səs ahənglərindən,
zərif və lirik yumor elementlərindən
məharətlə bəhrələnir.
Ramil Qasımov
səhnədə sərbəst
olduğu qədər
də diqqətli və cazibəli, həssas və emosional, təbii və real təsir bağışlayır. İnanırıq
ki, Ramil Qasımov yaxın illərdə dünya klassiklərindən Cakomo Puççininin "Toska"
(Kavaradossi), "Bohema"
(Rudolf), Cüzeppe Verdinin
"Aida" (Radames), "Traviata"
(Alfred), "Otello" (Otello),
"Riqoletto" (Hersoq),
Rucero Leonkovallonun
"Məzhəkəçilər" (Kanyo), Dmitri Şostakoviçin
"Yevgeni Onegin"
(Onegin), Sergey Raxmaninovun
"Aleko" (Gənc
qaraçı), Coakkino
Rossininin "Sevilya bərbəri" (Almaviva),
Jorj Bizenin "Karmen" (Xoze) və digər dünya şöhrətli
bəstəkarların ölməz
operalarında da bir-birindən maraqlı partiyalar ifa edəcək. Bunun üçün gənc sənətkarda coşqun ehtiras, inamlı cəsarət, yüksək
peşəkarlıq, tükənməz
yaradıcılıq eşqi,
səngiməyən axtarış
qətiyyəti və
özünə qüvvətli,
əzmkar inam gücü var. Bütün
bu yaradıcılıq
keyfiyyətlərinə güvənərək
Ramil Qasımova yeni-yeni və bir-birindən parlaq yaradıcılıq uğurları
arzulayırıq.
İlham ƏZİZOĞLU
525-ci qəzet.- 2020.- 19 fevral.- S.13.