Yeseninin ölümünə
"Human" baxışı
Dünya ədəbiyyatında bu günə kimi sirrini, əsrarəngizliyini
qoruyan hadisələrdən
biri dahi rus şairi Sergey Yeseninin ölümüdür.
Bu ölüm hadisəsi
artıq bir əsrə yaxındır
ki, rəvayətə,
əfsanəyə çevrilib
bütün dünyanı
dolaşmaqdadır. Bir otel otağında asılmış vəziyyətdə
tapılan şairin
1925-ci il 28 dekabrda uzun müddət
əziyyət çəkdiyi
ruhi sarsıntı və həddindən artıq spirtli içki qəbulu nəticəsində bunu etdiyi güman olunur. Başqa bir versiya isə şairin düşmənləri tərəfindən
öldürülməsidir. Bu fikrin tərəfdarları
da kifayət qədər məntiqli arqumentlər ortaya qoyurlar. Buna görə
də bu hadisənin üzərindən
sirr pərdəsi hələ də götürülməyib.
Şeirləri, poeziyası ilə
təkcə Rusiyanın
deyil, bütün dünya ədəbiyyatında
önəmli yerlərdən
birini tutan şairin ölüm hadisəsini xatırlamağımıza
səbəb isə fevralın 17-də müstəqil
"Human" teatrının "Anqleter 1925" tamaşası
oldu.
Mədəniyyət Nazirliyinin bütün dövlət teatrlarının
ayda bir dəfə müstəqil
teatrlara öz əsərlərini nümayiş
etdirmək üçün
şərait yaratmaqları
barədəki sərəncamından
sonra bu sahədə əsaslı
canlanma müşahidə
olunur.
Onlardan biri olan müstəqil
"Human" teatrı Pantomima
ustası, keçmiş
"Simsar" teatr-studiyasının
yaradıcısı, Azərbaycan
Dövlət Mədəniyyət
və İncəsənət
Univeristetinin baş müəllimi, teatr və kino aktyoru,
Xalq artisti Pərviz Məmmədrzayev
və teatr və kino aktyoru
Şamil İbrahimov tərəfindən 2017-ci ildə
yaradılıb.
Teatrın ilk tamaşası Slovomir Mrojekin "Karol" tragikomediyası
əsasında hazırlanan
"Üçüncü" 29 mart
2017-ci ildə oynanılıb. Teatrın
ikinci tamaşası iyulun 14-də Sergey Yeseninin
"Qara adam"
poemasının motivləri
əsasında hazırlanan
"Anqleter 1925" tamaşası
olub. "Human" teatrı
7-11 avqust 2017-ci il tarixində Türkiyənin Bartın şəhərində keçirilən
"11-ci Türkiyə teatrlar
görüşməsi İnkumu
2017" teatr festivalında
iştirak edib.
"Human"ın budəfəki
ünvanı Rəşid
Behbudov adına
Dövlət Mahnı
teatrı idi.
Mono-tamaşa məşhur
Rus şairi Sergey
Yesenin otel otağında
sirli ölümündən
bəhs edir. 1925-ci ildə
otel otağında son
məktubunu yazaraq intihar edən şairin ölümündən
94 il keçməsinə
baxmayaraq, bu gün dünyanın ən böyük şairləri sırasındadır.
Rəsmi
sənədlərdə intihar
olaraq qeyd olunsa da, ölüm
səbəbi hələ
də şayiələr
yaradan, ölümü
haqqında müxtəlif
fikirlərin bəyan edildiyi böyük rus şairi Sergey Yeseninin nəfəs aldığı son yer Angleterre oteli oldu.
Tamaşanın mətni Sergey Yesenin "Qara adam"
poemasından, Yeseninin
və Yesenin rolunun ifaçısı Şamil
İbrahimovun özünün
şeirlərindən ibarətdir.
Səhnə əsərinin quruluşçu
rejissoru Xalq artisti Pərviz Məmmədrzayev ("Human" teatrının həmtəsisçisi
və bədii rəhbəri), səs rejissoru Rəfiqə Məmmədovadır.
Bu qəhrəman ekzistensial
konflikt yaşayan bir adamdı. Ölümünə bir gün qalmış
özü ilə üzləşən qəhrəman
özündən arınmaq,
qurtulmaq istəyir.
Onun keçirtdiyi ruhi sarsıntı pərakəndə
danışığında, sözlərində, qəribə
hərəkətlərində özünü göstərir.
O, elə hey hansısa
qara adama müraciət edir. Həqiqətən də Yeseninin
ömrünün son zamanlarında
qara kabusdan əziyyət çəkdiyi
bəllidir. "Qara
adam" povesti də bunun bir nəticəsidir.
Burada aktyor Şamil İbrahimov Yeseninin diliylə onun kabusuna çevrilmiş qara adamı da canlandırır (sol əlinə qara əlcək taxaraq). Bu sayədə şairin
ölümüylə bağlı
hər iki versiyanı səhnədə
görmüş oluruq.
Cəmi yarım saat müddətində tamaşa
böyük bir şairin illərlə içində gəzdirdiyi
qorxunu, narahatlığı,
əzabı, ağrını,
onu dəlilik həddinə çatdıran
ruhi sarsıntılarını
əks etdirməyi bacardı. Sadə dekoru,
yarıqaranlıq işıqlandırması, həzin, bəzən
vahiməli musiqisi və təknəfərlik
oyunu ilə "Anqleter
1925" tamaşaçını sevimli
şairlərinin əzablarına ortaq etməyi
bacardı.
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2020.- 19 fevral.- S.13.