Mingəçevir Teatrının
"Caninin etirafı" ilə Bakıya ilk qastrolu
QƏNBƏR
ŞƏMŞİROĞLUNUN ƏSƏRİ ƏSASINDA
HAZIRLANMIŞ TAMAŞA MARAQLI VƏ BAXIMLI YARADICILIQ
İŞİ KİMİ UĞURLU SƏHNƏ HƏYATI
YAŞAYIR
Qənbər
Şəmşiroğlunun adı və soyadı Azərbaycan
oxucularına çox yaxşı tanışdır. Şeirlərindən, qəzəllərindən,
poemalarından, nəsr əsərlərindən və
publisist yazılarından ibarət 30-da artıq kitabı
çap olunan, el ağsaqqalı, şair, yazıçı,
ictimai xadim Qənbər Şəmşiroğlu 16 noyabr
1933-cü ildə Kəlbəcər rayonunun Ağdaban kəndində
məşhur el aşığı, ozan sənətinin klassiklərindən
biri, Əməkdar incəsənət xadimi Dədə Şəmşirin
ailəsində dünyaya göz açıb.
Elə ilk gündən mayası sözlə, sazla
yoğrulub. Çünki Qənbər müəllimin babası
da məşhur şair, şeirləri, qəzəlləri,
qoşmaları dədə Ələsgər başda olmaqla
bütün aşıqların böyük həvəslə
oxuduğu Ağdabanlı Qurban olub.
Qənbər Şəmşiroğlu iki illik Ağdam
Müəllimlər İnstitutunu, Azərbaycan Dövlət
Pedaqoji İnstitutunu (indiki Pedaqoji Universistet) və Ali Partiya Məktəbini
bitirib. O, 30
ildən çox Kəlbəcər və Gədəbəy
rayonlarında bir sıra mühüm dövlət vəzifələrində
böyük uğurla çalışıb.
Qənbər Şəmşiroğlu "Aşıq
Şəmşir" Mədəniyyət Ocağı
İctimai Birliyinin sədri, Respublika Ağsaqqallar Məclisi
İdarə Heyətinin və Azərbaycan
Yazıçılar Birliyinin üzvüdür. Uşaq
yaşlarından atası Dədə Şəmşirdən
sazın, sözün sirrini mükəmməl öyrənib və
elə özü də gənc yaşlarından gözəl
şeirlər, qəzəllər, qoşmalar, publisist
yazılar, hekayələr, povestlər, roman yazıb. "Caninin etirafı" onun roman janrında qələmə
aldığı ilk ən böyük uğurudur. Onu da
vurğulamaq istəyirik ki, Qənbər Şəmşiroğlu
müstəqil həyata qədəm basan gündən onun
taleyində və həyatında XX əsr Azərbaycan ədəbiyyatında
böyük izlər buraxmış bu insanlarla - Süleyman Rəhimov,
Osman Sarıvəlli, Əli Vəliyev, Bəxtiyar Vahabzadə,
Nəbi Xəzri, Məmməd Araz, Nəriman Həsənzadə,
Hüseyn Arif, Qabil, Məmməd Aslan, Dəmir Gədəbəyli,
Hü-seyn Kürdoğlu, İlyas Tapdıq, Yusif və Vaqif Səmədoğlu
qardaşları, Zəlimxan Yaqub, Səyavuş Sərxanlı
və başqa ədəbiyyat korifeylərilə yaxın
dostluq əlaqələrində olub. Belə
insanlarla onun hər görüşü ədəbi fikrinin
formalaşmasında, dünyagörüşünün
bütövləşməsində, bir yazıçı,
şair, ictimai xadim və publisist kimi yetişməsində
böyük rol oynayıb. Qənbər Şəmşiroğlunu
sənət dünyamızın solmaz inciləri və
yu-xarıda adlarını çəkdiyimiz qüdrətli sənətkarlarla
başlayan qırılmaz, ülvi dostluq telləri möhkəmləndikcə,
bu böyük şəxsiyyətin, maraqlı
yazıçının, şairin, publisistin
yaradıcılığında böyük dönüş
yaratmış və həm nəsr, həm poeziya sahəsində
gözəl töhfələr verməklə, ədəbiyyat
tariximizdə qalan sanballı nümunələr
yaratmışdır.
Bütün
bu yaradıcılığı ilə birlikdə Qənbər
Şəmşiroğlunun gündəliklərindən ibarət
yazıb ərsəyə gətirdiyi və çap etdirdiyi
iki cildlik "Kəlbəcər: ömrüm, həyatım"
kitabı da Azəbaycan ictimai mühitinin, ədəbiyyatının
XX əsr və XXI əsrin əvvəllərilə
bağlı böyük tədqiqat işidir. Həm
də çox oxunaqlıdır. Çünki
Qənbər Şəmşiroğlu bu iki cidlik kitabında hər
bir faktı, hadisəni gözəl ədəbi dillə
oxuculara çatdırır.
Qənbər
Şəmşiroğlunun "Caninin etirafı" romanı
kimi, "Bir gözəlin taleyi", "Bütövləşmək
istədim", "Adam kimi ölməyib",
"Qızlardan muğayat olun" povestləri də
maraqlı dialoqlar, yüksək dramatik epizodlarla
yazıldığına və buradakı
iştirakçıların çoxu obrazlar səviyyəsinə
yüksəldiyinə görə onların hamısını
səhnələşdirib teatrda tamaşaya qoymaq olar. Bu əsərlər əsasında ssenarilər
yazıb, kinofilmlər və seriallar da çəkmək olar.
Hər biri də tamaşaçılar tərəfindən
maraqla qarşılanar.
Hamımız bilirik ki, Kəlbəcərdə tarixlər
boyu maraqlı şairlər, yazıçılar çox
olub. Amma peşəkar dramaturq olmayıb. Yaşadığı mənalı həyatında
da Qənbər Şəmşiroğlu həmişə
çalışıb ki, birinci olsun. O, ilk pyesi olan
"Caninin etirafı" ilə də Kəlbəcər
rayonunun ilk peşəkar dramaturqu kimi tarixə
düşdü.
Qənbər
Şəmşiroğlunun Əməkdar incəsənət
xadimi, yazıçı və rejissor Ağalar
İdrisoğlunun Mingəçevir Dövlət Dram
Teatrında quruluş verdiyi "Caninin etirafı" iki hissəli
faciə-məhəbbət odası Mingəçevir və
qonşu rayonların tamaşaçıları tə-rəfindən
maraqla baxılan tamaşalardan biridir. "Caninin
etirafı" romanını müəlliflə birlikdə,
şair-jurnalist Nəriman Ocaqlı və
yazıçı-dramaturq Ağalar İdrisoğlu səhnələşdiriblər.
Bu pyes
1988-1993-cü illərdə respublikamızda baş verən
xaos, vətəndaş qırğınına hazırlıq,
torpaqlarımızın erməni gavurları tərəfindən
işğal olunması, kreslo uğrunda gedən dava,
savadsız, səriştəsiz, özündən müştəbeh
adamların hakimiyyətə gəlməsi, o vaxtlar
rüşvətin tuğyan etməsi və buna görə bəzi
rəhbər vəzifəli adamların hətta cinayətə
belə əl atması kimi ağrılı mövzulara
həsr olunub. Çox kəskin, dramatik
süjetli bu pyesdə, qırmızı xətlə nakam məhəbbət
motivləri də maraqlı böyalarla göstərilir.
Qızlarımızın səbirsiz olması,
öz məhəbbəti uğrunda vuruşmaması və kənar
fitvalara uyub özlərini məhv etməsi də pyesdə
dramaturq tərəfindən ustalqla işlənilib.
Pyesdə hadisələr Çıraqlı rayonunda yeni,
dördmərtəbəli xəstəxananın tikintisinin
yekunlaşması ilə başlayır. Bu rayonda ilk dəfədir
ki, belə böyük sosial obyekt tikilir. Həm də
işsizliyin tuğyan etdiyi rayonda 280 nəfərlik iş
yerinin açılması da böyük hadisədir. Rayon rəhbərliyi və bu rayonun kuratoru olan
yüksək rütbəli adamların da məqsədi həmin
280 nəfərin hər birindən pul alıb işə
götürməkdir. Bunu da xəstəxananın
baş həkimi Nadirin vasitəsilə reallaşdırmaq istəyirlər.
Amma bu xəstəxana dövlətin büdcəsi
hesabına tikildiyinə görə Səhiyyə Nazirliyindən
də Nadir həkimə qəti tapşırılıb ki,
bütün işçilər təmənnasız işə
qəbul olunmalı və burada yalnız öz işinin
mütəxəssisi olan həkimlər və tibb
bacıları işləməlidir. Çünki
bu xəstəxana təkcə Çıraqlı camaatına
yox, qonşuluqda olan bütün rayonlara da tibbi xidmət
göstərməklə, bir növ Regional Diaqnostika Mərkəzi
olacaq. Nadir həkim də Səhiyyə
Nazirliyinin qorxusundan adamları işə götürəndə
pul ala bilmədiyinə görə ona hücumlar çox olur.
Bu hücumları həmin binanın memarı və
binanı tikən inşaat dəstəsinin rəhbəri Aqil
Əlizadə Bakıdakı yaxın qohumlarının vasitəsilə
dəf etməyə çalışır. Bunu görən
Qəmişli, Tarixzadə, İba və başqa çirkin əməlli
adamlar cinayətə əl atıb, Nadiri qətlə yetirirlər
və bu cinayəti də Aqil Əlizadənin boynuna qoyub, onu
14 il azadlıqdan məhrum etdirirlər.
Bu vaxt xalqın istəyi və təkidilə Ulu öndər
Heydər Əliyev hakimiyyətə gəlir və belə
çirkin əməllərlə rayonlara rəhbərlik edənləri
vəzifələrindən uzaqlaşdırır. Çıraqlı
rayonuna rəhbərlik edənlər və bu rayonun güc
strukturları haqqında da cinayət işi
qaldırılır. Bu vaxt Nadiri qətlə
yetirənlərdən biri, arvadını, onun məşuqunu
öldürərək ömürlük həbs olunan Əngəl
Əvəzin vicdanı dilə gəlir. O başa
düşür ki, heç bir cinayəti olmayan Aqil Əlizadənin
həbs olunmasının əsl günahkarlarından biri o
özüdür. Məhz buna görə məktub
yazıb Baş prokurora və Respublika Cinayət Axtarış
İdarəsinə göndərir. Bundan
sonra həmin dəhşətli hadisə bir də
yoxlanılır. Məlum olur ki, Aqil
Əlizadənin heç bir günahı yoxdur. Nadiri Əngəl Əvəz, İbo və onun
yaxın qohumu qətlə yetiriblər. Beləliklə,
Aqil Əlizadə iki il altı aydan sonra
azad olunur və əsl cinayətkarlar cəzalanır. Aqil
Əlizadə həbs olunan vaxtı onu sevən Gülcan kənar
qüvvələrin felinə, fitvasına uyaraq Aqilin həbsxanadan
çıxmasını gözləmədən
anasının uzaq qohumu Şərbət adlı dilli-dilavər,
yaxşı gitara çalıb, mahnılar oxuyan, amma əyyaş
bir oğlanla nişalanıb. Gülcan elə ilk günlərdən
səhv etdiyini başa düşür və Şərbətin
qısqanclığı, təhqirlərilə
qarşılaşanda özünə qəsd edir, zəhər
içərək özünü öldürür...
Tamaşa faciəli notlarla bitsə də, yüksək
dramatik epizodlar onu daha maraqlı və baxımlı edir. Pyes yüksək
tərbiyəvi əhəmiyyətə malik olmaqla, cəmiyyətimizdə
baş verən neqativ halları göstərməsilə də,
inanırıq ki, böyük tamaşaçı
marağına səbəb olacaq. Həm də
onu vurğulamaq istəyirik ki, bu pyes respublikamızda həmin
xaos, anarxiya illərinə həsr olunan ilk pyesdir. Bu
maraqlı səhnə əsərinin quruluşçu rejissoru
Əməkdar incəsənət xadimi Ağalar
İdrisoğlu, quruluşçu rəssamı Kəmalə
Əsgərova, bəstəkarı Eldar Babayev, musiqi tərtibatçısı
Elnur Rəsulov, plastik hərəkətlərin
quruluşçusu Eyvaz Əliyev, rejissor assistenti Məlahət
Ağayevadır. Tamaşada Xalq artisti Ella Yaqubova, Əməkdar
artistlər Şıxı Yaqubov, Akif Mirabov, aktyorlar Təvəkkül
Əhmədov, Nəsibxan Əliyev, Elmira İbrahimova, Afət
Əliyeva, Qabil İbrahimli, Aydın Quliyev, Ruhəngiz
Abdullayeva, Asim Məmmədov, Firuz Hacıyev, Məlahət
Ağayeva, Könül Hacıyeva, Fəridə Məmmədova,
İlqar Rəhimov, Hüseyn Mustafayev, Nargilə Abdullayeva,
Paşa Salmanov, Turqut Məsimli, Vəfa İsmayılova,
Vüsalə Qulyeva, Eyvaz Əliyev, Ceyhun Əhmədov, Elvin
Əkbərli, Amil Fərzəlyev və başqaları
oynadıqları obrazları tamaşaçılara yüksək
səviyyədə təqdim edirlər.
Mingəçevir Dövlət Dram Teatrının
kollektivi Qənbər Şəmşiroğlunun "Caninin
etirafı" tamaşası ilə Bakı şəhərinə
qastrol səfərinə gəlib. Kollektiv bu
tamaşanı fevralın 17-18-də Milli Akademik Dram
Teatrının səhnəsində teatrsevərlərə təqdim
edib. Paytaxt tamaşaçıları da bu
səhnə əsərinə maraqla, rəğbətlə
baxıblar.
Biz də öz növbəmizdə belə maraqlı
tamaşa hazırladıqlarına görə teatr kollektivini təbrik
edir, yeni yaradıcılıq uğurları arzulayırıq.
Gülnar TACLI
Şairə,
publisist
525-ci qəzet.- 2020.- 19 fevral.- S.12.