Millətin iftixarı
O gün
müasir Azərbaycan tarixinin ən həlledici günlərindən
biri kimi yadda saxlanılmalıdır. 2020-ci il fevralın
15-də Münxen Təhlükəsizlik Konfransında Prezident
İlham Əliyevin çaldığı zəfər sonun
başlanğıcı sayıla bilər.
Bu,
hamıya - Ermənistana və bütün dünyaya bir
göstəri, bir xəbərdarlıq idi ki, lap yaxın
zamanlarda məhz belə olacaq - təcavüzkar Ermənistan elə
bu cür diz çökdürüləcək, terrorizmi
dövlət siyasətinə çevirmiş
işğalçı ölkə elə bu şəkildə
rəzil duruma salınacaq, elə bu təhər
amansızlıqla erməniçiliyin yalanlar üzərində
qurulmuş bütün puç illüziyaları
darmadağın ediləcək!
O gün
Prezident İlham Əliyevin dilə gətirdiyi sərt və
danılmaz həqiqətlərin qarşısında
büzüşərək, kiçilərək olduğundan
da aciz və cılız vəziyyətə
düşmüş Ermənistan dövlət
başçısının timsalında həmin duruma əslində
artıq üç onilə yaxın müddətdə Azərbaycana
qarşı məkrli qəsbkarlıq siyasətini
yürüdən Ermənistan salınmışdı.
Həmin
gün yalnız qarşı-qarşıya dayanan bir tərəfdə
yüksək zəkası, dərin biliyi, ali diplomatik məharəti
və qətiyyəti ilə Prezident İlham Əliyev və
digər tərəfdə dayaz təfəkkürü və
saxta iddiaları, dolaşıq nitqi, inamsız və ürkək
davranışları ilə baş nazir Nikol Paşinyan
deyildi.
O gün
üz-üzə dayanan Həqiqət və Yalan idi.
O gün
qarşı-qarşıya gələn həqiqətin
özü və həqiqətin əyri güzgüdəki
qatmaqarışıq əksi idi.
O gün
üz-üzə dayanan (hərçənd, bu deyiliş sən
deyən dəqiq səslənmir. Çünki nə həmin
görüşdə, nə də Münxendəki digər
qarşılaşmalarının heç birində Nikol
Paşinyan vüqarla dayanan Azərbaycan rəhbərinin
gözlərinə dik baxa bilmir, baxışlarını kənara
qaçırırdı) Prezident İlham Əliyev və Ermənistan
idi.
Əslində
isə, daha geniş götürməli olduğumuz kimi, bir
yanda Prezident İlham Əliyev və o biri yanda erməniçilik,
bu tayda Prezident İlham Əliyev və o tayda erməni diasporu,
bu cəbhədə Prezident İlham Əliyev və əks cəbhədə
təhrif, iftira, saxtakarlıq saçmaqda pərgar olan, kirli
dırnaqları və qara əlləri çox uzun erməni
təbliğat maşını idi.
Və məğlubiyyət
tək Paşinyanınkı deyil, onların
hamısınınkı idi!
"Cəbhə"
kəlməsini bu yerdə təsadüfən işlətmirəm.
Siyasət
meydanı atəşlərin
yağdırıldığı döyüş
meydanlarından qətiyyən geri qalan məkan deyil.
Son
20 il müddətində Avropa Şurasında mütəmadi
olaraq erməni yalanları və həmin yalanları həyasızcasına
ən bariz gerçəklər kimi dünyaya sırımaq
istəyən erməniçiliklə
qarşı-qarşıya dayanaraq mübarizə aparan insan
kimi mən bilirəm belə qarşıdurma nə qədər
çətindir, bu sayaq çarpışmalarada uğura yetmək
necə müşküldür.
Beynəlxalq
arenada bu qəbil kəskin diskussiyalarda hər şeyi anlar həll
edir və dəqiqələr ərzində qazanılan müvəffəqiyyət,
yaxud düçar olunan məğlubiyyət çox zaman həlledici
olur.
Elə
Münxen döyüşündəki kimi!
Bu
qarşıdurma öz iş otağının sakitliyində əyləşib
qarşına cild-cild kitabları, sənədləri
yığaraq yerli-yataqlı düşünəndən,
çək-çevir edəndən sonra hansısa haqsız həmlələrə
əsaslandırılmış cavablar yazmaq imkanı deyil.
Burada sən
atəş xəttinin üzərindəsən, bircə saniyə
zəiflik göstərsən, büdrəsən, uduzmusan.
Və bu,
elə narahat bir gedişatdır ki, girəvəni əldən
vermək, zəruri anda zərbəni endirmək fürsətini
qaçırmağa ixtiyarın yoxdur, bu əsnada
qırmızılıqla söylənən aşkar
yalanları, qara böhtanları, nümayişkaranə uydurma
və saxtakarlıqları eşidərək əsəbiləşməmək,
ruhi müvazinətini itirməmək, emosiyalara qapılmamaq, həm
də bu cür gərgindən-gərgin durumda ən lazım
olan sözləri tapmaq, məhz həmin məqamda dilə gətirilməli
həqiqətləri söyləmək son dərəcə
çətindir.
Gendən
baxana döyüş nə qədər asan görünsə
də, hər şey bitəndən sonra olanları təhlil
edərək gərək filan sözü də filan cür
deyəydin məsləhətlərini verməyə nə var!
Çətin
olan ən lazımlı ifadəni gərək olan anında,
düşmənin üzünə çırpılmalı dəlilləri
yerində və məqamındaca yada salıb ifadə etmək,
tərs şillə kimi rəqibin sürtük sifətinə
vurmaq ustalığıdır.
Bu
baxımdansa Azərbaycan siyasət meydanında Prezident
İlham Əliyevə tay olan yoxdur.
Amma
yalnız Azərbaycan siyasət meydanındamı?
Bu
müstəsna qabiliyyətləri ilə Prezident İlham
Əliyev bu gün dünyanın siyasi elitasındakı
üstün təklərdəndir!
Bu nə
tərifdir, nə mübaliğə. Baxırsınız,
müqayisə edirsiniz, görürsünüz.
Bu gün
ekran bütün dünyanı və onun məşhur siyasətçilərini
hər insana ovuc içərisində olan kimi yaxından
göstərə, tanıda bilir.
Mənə
isə Prezident İlham Əliyevin siyasi bəsirətliliyini, dərinliyini,
baş verə biləcəkləri öncədən görməyini,
cəsurluğunu, incə improvizə qabiliyyətini və
parlaq diplomatik istedadını yaxın məsafədən
müşahidə etmək nəsib olub.
Avropa
Şurası Parlament Assambleyasında mütəmadi olaraq 47
üzv ölkənin dövlət
başçılarının məruzə ilə
çıxış etmək və deputatların
suallarını cavablandırmaq ənənəsi var.
İlham
Əliyev də Avropa Evində, qitənin parlamentarları
qarşısında çıxış edib, ən qəfil,
ən qəliz sualları da elə məharətlə
cavablandırıb, ona qərəzli həmlələr edən
tərs opponentlərini elə ustalıqla susdurub və mat
qoyub ki, bizlər iftixar hissi keçirmişik,
yaxşını qiymətləndirməyi bacaran digər əcnəbilər
heyran qalıblar, düşmənlərin də burnu ovulub.
Hamı
görüb və əmin olub ki, Azərbaycan Prezidenti müstəsna
zəka yiyəsidir, çox güclüdür, müqayisəyəgəlməzdir,
əsl liderdir!
Qabaqlar dəfələrlə
bağlı qapılar arxasında görüşüb
müzakirələr aparmış iki münaqişə tərəfinin
- Azərbaycan və Ermənistanın dövlət rəhbərləri
fevralın 15-də Münxendə ilk dəfə idi belə
şəffaf diskussiya formatında qarşı-qarşıya
idilər.
Hər kəsə
açıq olan meydanda, kameraların önündə, beynəlxalq
ictimaiyyətin gözü qabağında!
Elə
bir meydanda ki, hər kəsin söylənənlərə,
baş verənlərə əlavə şərhlərsiz
qiymət vermək imkanı ortadaydı.
Bəlkə
elə əvvəldən bu, Ermənistanın səhvi idi ki,
həmin görüşə razılıq vermişdi?!
Axı
bilirdilər onlarla üz-üzə dayanan Prezident İlham
Əliyev olacaq.
Axı
bilməmiş deyildilər Prezident İlham Əliyev hansı
potensialın, hansı intellektual imkanların, hansı siyasi
iradənin sahibidir.
Bunları
bilə-bilə, hər halda ən azı təxmin edə-edə
həmin görüşə razılıq vermək
özünü odun içərisinə atmaq demək idi.
Di gəl,
qaçacaq yerləri də yoxdur, belə bir açıq
qarşılaşma hər halda gec-tez mütləq baş verməli
idi. Vəziyyətin tələb etdiyisə budur ki, belə
görüşlər, bu qəbil panellər hökmən olmalı,
çox olmalıdır. Çünki bu qəbil
qarşılaşmaların hər biri həm gerçəkləri,
həm də kimin kim olduğunu əyani şəkildə
ortaya çıxarır.
Hələ
bir qədər əvvəl, 2019-cu il oktyabrın 3-də
Soçidə, "Valday" Beynəlxalq Diskussiya Klubunun XVI
illik iclasının plenar sessiyasında Prezident İlham
Əliyev Ermənistan dövlət
başçısını küncə sıxaraq mağmun vəziyyətdə
qoymağa nail olmuşdu. Ancaq orada bu, yalnız bir mövzu
- İkinci Dünya müharibəsində faşizmə xidmət
etmiş erməni cəlladı Qaregin Njdenin rəsmi Yerevan tərəfindən
qəhrəmanlaşdırılmasının ifşası ilə
bağlı olmuşdu.
Münxendə
isə bəhs edilən mövzuların əhatə dairəsi
yetərincə geniş idi, tərəflər mövqelərini
ifadə etməkdə daha sərbəst idilər.
Ancaq həmin
gün qəhr olunaraq əzilmiş milçək
kökünə salınanın, öldürücü məğlubiyyətə
düçar edilənin təkcə aciz, dayaz, meydan
boşboğazı kəmsavad Paşinyan olmasını
düşünmək düz olmaz.
Hədəfdə
erməniçiliyin uydurmalar şəbəkəsi,
saxtakarlıq üslubu, utanmadan-qızarmadan dünyaya
olmayanı olan kimi satmaq xisləti di.
Prezident
İlham Əliyevin səlis, sərrast, zərgər dəqiqliyi
ilə sıralanmış, hər cilalı kəlməsi
yerində olan əla ingiliscəsi (bu, xüsusilə
Paşinyanın erməni ləhcəli kələ-kötür,
pozuq ingiliscəsi ilə müqayisədə hamıya
aydın görünürdü və bizə əlavə rəğbət
və üstünlük qazandırırdı. Yeri gəlmişkən,
erməni siyasi icmalçısı və publisisti Artak
Vardanyan yazır ki, "Paşinyana istənilən beynəlxalq
tədbirdə ingiliscə danışmağı qadağan
etmək lazımdır. Əvvəllər eşitmişəm,
bilirəm ki, ruscası da zəifdir. Ancaq onun ingiliscəsi
sadəcə olaraq dəhşətdir"), əmin,
arxayın, effektli ifadə tərzi, təmkini (bu da
Paşinyanın əlini-qolunu,
qaşını-gözünü, bütün vücudunu əyə-əyə,
uzun pauzalara dalaraq daxili gərginliklə, kəkələyərək
lazımi ingilis kəlmələrini araması və çox
zaman da tapmaması, inamsızlığı, ustad
qarşısında dayanan şagird kimi görünməsi
fonunda daha bir psixoloji üstünlük idi) elə
başlanğıcdan auditoriyaya kimin hansı səviyyənin
sahibi olmasını anladırdı.
Erməniçiliyin
məlum və mənasız qondarma tarix
nağıllarını söyləməyə təşəbbüs
edərək "Böyük Tiqranın dövründə
Qafqazda iki dövlət olub: Ermənistan və ..." deyən
Paşinyanın dilindən "Gürcüstan"
sözü çıxmazdan əvvəl onu qabaqlayaraq,
rişxəndlə, istehzalı gülüşlə "Və
Ermənistan" deyən Prezident İlham Əliyevin bu cür
iynəli, sərrast replikaları Paşinyanı sarsıdan
bir nokdaun olmaqdan savayı, həm də
"ayağımız dəyən hər yer bizimkidir, hər
eşitdiyimiz və döşümüzə yatan nəğmə
özümüzünküdür, tarix bizdən
başlanır, bizdən qədim xalq yoxdur, Nuh peyğəmbər
də erməni olub..." kimi sərsəmləmələri
təkrar edə-edə özlərini də bu cəfəngiyyatlara
inandırmış erməniçiliyi rüsvay edirdi
(Paşinyanın yöndəmsiz tarixi gəzişmələri
onu yalnız Münxen panelində məsxərə obyektinə
çevirmədi, elə az ötməmiş yayılan tənqidi
rəylərdən birində tanınmış rusiyalı
ictimai xadim, Siyasi Araşdırmalar İnstitutunun baş
direktoru Sergey Markov bunu "irrasional düşüncənin bəhrəsi,
kiçik millətə xas yeniyetməlik kompleksi"
adlandırdı).
Tərəf
olaraq Münxen qarşıdurmasında yalnız
Paşinyanı götürsək, dünyanın gözü
qarşısında qazanılan bu əvəzsiz və möhtəşəm
qələbənin, bu siyasət nokautunun ağır çəkisini
yüngülləşdirmiş olarıq.
Böyük
siyasətçinin əsas güclərindən bi
ri auditoriyanı
dərhal ələ alaraq davamlı olaraq öz təsirində
saxlaya bilmək bacarığıdır.
Prezident
İlham Əliyevdə bu keyfiyyət ən ali dərəcədədir.
Əvvələn,
o, misilsiz natiqdir.
Siyasi
natiqliyin İlham Əliyev örnəyi ayrıca öyrənilməyə
və örnək götürülməyə layiq bir təcrübədir.
Doğrudur,
belə seçkin nümunələrdən nə qədər
öyrənsən də, heç vaxt sonacan o olmaq
mümkün deyil.
Çünki
bədahətən ən gözlənilməz situasiyaların
təklif etdiyi şərtlərə uyğun sözü,
faktı tapıb demək, hücum ovqatlı tempi əvvəldən
axıradək qoruyub saxlaya bilmək fitri qabiliyyət məsələsidir.
Bu təcrübəni
hər kəs öz istedadı hüdudunda mənimsəyib
gerçəkləşdirə bilir.
Prezident
İlham Əliyev Münxen qarşılaşmasında rəqibini
diskussiya davam edən dəqiqələrdə və
yekunlaşarkən deyil, elə sözünü başlayan
kimi, müqəddimədəki ilk kəlmələri, birinci zərbəsi
ilə məğlub duruma salaraq gicəltmişdi.
Mötəbər
auditoriyaya müraciətlə Prezident İlham Əliyev nitqini
belə başladı ki, mən həqiqətləri söyləyəcəyəm.
Böyük
siyasətçinin, ağıllı dövlət
başçısının, bişkin diplomatın heç
bir kəlməsi təsadüfən söylənmir.
Bu
vurğulamanın mənası o idi ki, yəni mən doğru
olanları deyəcəyəm, amma bilin, sizin
qarşınızda həqiqətləri söyləməyəcək,
olmuşları təhrif edərək sizə doğru kimi
çatdırmağa cəhd edəcək birisi də var.
Prezident
İlham Əliyev yüksək mədəniyyətli şəxsiyyətdir
və üstəlik, diplomatik etiketin ölçülərinə
də səliqə ilə riayət edəndir.
Bir qədər
ötüncə qarşı tərəfin növbəti
yalanlarından sonra yenidən etirazını bildirir. Çılpaq
şəkildə demir ki, bu adam yalançıdır.
O məqam
üçün məqbul olacaq ifadə ilə, amma həmin
kontekstdə "yalançı" kəlməsindən də
əzici, öldürücü səslənən tərzdə
söyləyir ki, opponentim yenə düz danışmır.
Prezident
İlham Əliyevin qarşısında Paşinyan miskin, elə
alçalmış kökə düşmüşdü ki,
erməni olmasaydı, ona adamın yazığı da gələrdi.
... Erməni
riyakarlığının həddi-hüdudu yox, erməni məkrinin
rəngləri çox.
2020-nin
yanvarında növbəti dəfə Strasburqdaydıq,
AŞPA-nın qış sessiyası keçirilirdi və
Bakıda 1990-cı il yanvarın 19-dan 20-nə
keçən gecə törədilmiş faciənin, sovet
ordusunun günahsız insanların, dinc vətəndaşların
üzərinə yeridilərək qəddarcasına, kütləvi
şəkildə şəhid etməsinin 30-cu
ildönümü münasibətilə biz dəyirmi masa təşkil
etmişdik.
Həmin
xəbis xislətli, hər həqiqəti tərsinə
çevirməkdə, astarı avand kimi göstərməkdə
pərgar olan ermənilərsə tam əks mövzuda
çıxışlar edirdilər.
Bakıda
ermənilərə qarşı törədilmiş
qırğınların 30 illiyindən dəm vururdular.
Bu, həmin
erməni xislətidir ki, Xocalıda soyqırımına məruz
qoyduqları məsum insanlarımızın bizim
fotoqraflarımız, kinooperatorlarımız tərəfindən
çəkilmiş şəkillərini,
videoyazılarını guya bunların azərbaycanlıların
həlak etdiyi ermənilər olmasını sübut edən əşyayi-dəlillər
kimi xarici mətbuata ötürmüşlər.
Eyni
abırsızlıqla elə Münxen diskussiyası
gedişində Ermənistanın baş naziri guya Xocalı
soyqırımını azərbaycanlıların özlərinin
törətdiyini deyəndə Prezident İlham Əliyev dərhal
onun ağzından vurdu, Xocalı soyqırımını
yerli və gəlmə ermənilərin həyata
keçirdiklərini, bu cinayətə rəvac verənlərin
və icraçıların hamısının bəlli
olduğunu, Xocalı soyqırımını dünyanın
bir çox ölkələrinin məhz soyqırımı
kimi tanıdığını bəyan etdi.
(Vaxtilə
Ermənistanın sabiq prezidenti Serj Sarkisyana Avropa Şurası
Parlament Assambleyasında çıxış edərkən
xatırlatmışdım ki, Karnegi Fondunun Proqram direktoru Tomas
de Vaalın 2003-cü ildə Nyu Yorkda nəşr edilmiş
kitabında sizin ona verdiyiniz müsahibə əksini tapıb və
orada söyləyirsiniz ki, Xocalıda törədilən
qırğında bilavasitə iştirak etmisiniz, etiraf
edirsiniz ki, azərbaycanlılar Xocalıya qədər elə
zənn edirmişlər ki, ermənilər dinc əhaliyə əl
qaldıra bilməyən insanlardır, bu düşüncəni
dəyişmək lazım idi və biz də etdik. Sual
vermişdim ki, artıq soyqırımı kimi rəsmən
tanınmış Xocalı qətliamında
iştirakınıza görə peşmanlıq hissi
keçirirsinizmi? İfrat arsızlıqla, bütün
Avropa Şurasına meydan oxuyaraq demişdi ki, mən bununla fəxr
edirəm).
Nəyə
görə Prezident İlham Əliyevin ayrı-ayrı
mövzulara münasibətdə dərhal sərt və həm
də əsl həqiqətləri nişan verən
mövqe göstərməsi vacib idi?
Axı,
yaxşı-yaman, Nikol Paşinyan rəsmən Ermənistanın
dövlət başçısıdır. Təfərrüatlardan
yetərincə agah olmayan auditoriyada kimlərsə bu saxtakar
söyləyişlərə inana da bilər, axı kimin
ağlına gələr ki, bir ölkənin rəhbəri
mötəbər auditoriya qarşısında utanmadan belə
yalan danışar.
Ona
görə də Prezident İlham Əliyev belə məqamlarda
ümumi cavabla kifayətlənməyərək detallara
keçir, ilk növbədə həmin anda zalda oturanlara,
sonra isə müxtəlif saytlarda, telekanallarda bunları izləyəcək
insanlara hər şey tam aydın olsun deyə rədd edilməli
bütün uydurmaları təkzib edir, bildirilməli
bütün gerçəkləri çatdırır.
Həm də
Münxen Təhlükəsizlik Konfransı çərçivəsində
keçirilən, vaxtca çox da uzun sürməyən panel
müzakirələrində Prezident İlham Əliyev Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin tarixi və
indisi ilə bağlı problemlərin bütün spektrini əhatə
etməyə müvəffəq oldu.
Özü
də ən qaynar mübahisələr doğura biləcək
mürəkkəb mövzuları da elə məntiqli, elə
anlaşıqlı bir şəkildə izah etdi ki, o söylənənlər
auditoriyadakı hər kəsə də aydın oldu, bu dəmir
məntiqin qarşısında qarşı tərəfin nəinki
etiraz etmək, nəinki nə tərzdəsə cavab vermək,
heç qımıldanmaq heyi yox idi.
Baxmayaraq
ki, Paşinyan görüşə hələ qoltuğunda
kitab gəlmişdi.
Uydurmaçı,
işi-peşəsi saxtakarlıq olan erməni tarixçilərinin
qəlp, qondarma yazıları ilə dolu kitab.
Gücsüzlüyün
həddinə baxın ki, deməyə söz tapa bilməyəndə
həmin kitabı göstərirdi ki, bax burda hər şey
yazılıb.
Prezident
İlham Əliyevin isə nə əlavə kitaba ehtiyacı
vardı, nə konspektə.
Bütün
eniş-yoxuşları hafizəsində olan tariximizin ən
çeşidli dövrlərinə ekskurslar edirdi, hər mətləbini
də rəqəmlərlə, dəlillərlə,
sübutlarla təsbitləyirdi.
"Dağlıq
Qarabağ, iddia edildiyi kimi, qədim Ermənistan ərazisidirsə,
bəs niyə onun paytaxtı qədim erməni sözü ilə
adlandırılmayıb?"
Bunu deyən
Prezident İlham Əliyev ardınca şəhərin Azərbaycan
dilindəki əski adını diqqətə
çatdırır: Xankəndi! Və əlavə edir ki,
sonradan bu söz dəyişdirilərək XX əsrdə
yaşamış bolşevik Stepan Şaumyanın adı ilə
əvəzlənib.
Yəni
ermənilərin oralardakı qədimliyi elə bu qədərdir!
Yaxud
Prezident İlham Əliyev bir çox həqiqətlərə
nabələd olan auditoriyaya və dolayısı ilə sonra
bu görüş haqda məlumatları yayacaq kütləvi
informasiya vasitələri xətti ilə dünyaya bir daha Ermənistanın
indiki paytaxtının da qədim Azərbaycan şəhəri
İrəvan olduğunu elan edir, XIX əsrin əvvəllərində
bu şəhərin əhalisinin 70 faizdən çoxunu azərbaycanlıların
təşkil etməsinə diqqət yönəldir.
Təkzibedilməz
tarixi fakt qarşısında boynubükük qalmış
Paşinyanın bu gerçəkləri inkar edəcək
heç bir dəlili yoxdur, susmağa məcburdur.
Və ya
Prezident İlham Əliyev münaqişə tərəflərinin
məhz Azərbaycan və Ermənistan olduğunu yenidən
qabardır, Dağlıq Qarabağın münaqişə tərəfi
olmadığını, Dağlıq Qarabağın Ermənistan
olmadığını, indi işğal altındakı həmin
əraziləri idarə edən qeyri-qanuni qurumu dünyada
heç kimin tanımadığını bildirərək
Paşinyanın tez-tez işlətdiyi "Dağlıq
Qarabağ respublikası", "Dağlıq Qarabağ
ordusu" deyilən bir anlayışın da mövcud
olmadığnı, həmin dırnaqarası
özünümüdafiə dəstələrinin əslində
Ermənistanınkı olduğunu söyləyir, bu orduda xidmət
edənlərin yüzdəsəksəninin, bəlkə də
daha çoxunun Ermənistan vətəndaşları
olmasını açıqlayır.
Hamı
eşidir, anlayır və Ermənistan baş nazirinin bunu da
danacaq arqumenti yoxdur, üstəlik,
çaşqınlıqdanmı, siyasi
naşılıqdanmı Prezident İlham Əliyevin müddəalarını
təsdiq eləyən fikir söyləyir ki, bəs mənim
oğlum da hərbi xidmətini həmin orduda keçib.
Bu panel
müzakirələri əvvəldən sonadək diqqətlə
izlədikcə onu da müşahidə edirsən ki, Prezident
İlham Əliyev ilk sözündə bəyan etdiyi kimi, əvvəldən
sonacan yalnız həqiqətləri deyir, yalanları ifşa
edir və zahirən kifayət qədər sərbəst
axarı olan bu müzakirələrdə
çatdırmalı olduğu bütün qənaətlərini
məntiqi ardıcıllıqla bir sapa düzür.
Həm də
görməmiş ədalarıyla özünün guya
danışıqlar prosesində "mikroinqilablar"
yaratdığını iddia edən Paşinyanın
üzünə qarşı bu bəyanatların bel
bağlanası olmadığına, boş sözlərdən
uzağa getmədiyinə Ermənistanın sabiq rəhbərləri
ilə nəticəsiz, yarımçıq qırılan
danışıqlardan bələd olduğunu qeyd edir: "Mənim
cənab Paşinyanın iki sələfi ilə də
danışıqlar aparmaq imkanım olub. Hər zaman
danışıqların ən həlledici məqamında
söhbəti davam etdirməmək üçün müəyyən
bəhanə tapıblar. Başqa sözlə desək,
onların hamısı status-kvonun dəyişməz olaraq
qalmasını istəyiblər.
... Mən
Azərbaycan xalqı üçün nəyin qəbuledilən
olduğunu söyləmişəm.
Erməni
təcavüzündən əziyyət çəkmiş Azərbaycan
vətəndaşları öz evlərinə qayıtmaq istəyirlər. Bu,
onların fundamental hüququdur. Ermənistan rəhbərliyinə
görə onlar, demək olar, 30 ildir bu hüquqdan məhrum
ediliblər".
Münxen
panelində baş nazir Nikol Paşinyanın
düşdüyü vəziyyət barədə Ermənistandan
gələn şərhlərdən biri xeyli diqqətçəkəndir.
Çox
narahat olublar ki, Azərbaycan Prezidenti Ermənistan dövlətinin
başçısını hamının gözü
qarşısında bu kökə salırsa, təsəvvür
edin şahidsiz cərəyan edən qapalı
görüşlərdə nələr yaşanır (məsələn,
o qənaətdə olanlardan biri, bu qarşılaşmada
İlham Əlievi şikarının üstünə
şığıyan şahinə, Paşinyanı zəif
göyərçinə oxşadan erməni siyasətşünası
Andranik Tevanyan narahatlığını belə ifadə edir:
"Münxendə aşkar oldu ki, pərdə arxasında kim
özünü necə aparırmış, kim mövqeyini
diktə edir, kim çökürmüş" və ya Ermənistanın
keçmiş müdafiə naziri Artak Zakaryan Paşinyanı
tənqid atəşinə tutaraq yazır: "Dövləti
təmsil edən şəxs açıq beynəlxalq
müzakirədə bu cür qorxaq, çəkingən,
utancaq mövqe tutmamalıdır. Görəsən,
qapalı görüşlərdədəmi eyni hal baş
verir?").
Ölkələrin
ərazi bütövlüyü hər dəfə gündəmə
gətirilərkən Ermənistanın buna qarşılıq
olaraq həmişə ortaya atdığı sürüşkən
ideyalardan ən başlıcası millətlərin öz
müqəddəratını təyin etmək hüququ məsələsidir.
Və Ermənistanın
baş naziri elə bu görüşdə də artıq
çoxdan çeynənmiş, cavabı dönə-dönə
verilmiş həmin fikri yenə təkrar etdi.
Və
Prezident İlham Əliyevin o sırtıq iddiaya cavabı
konkret və sərt idi. Ermənistana və bütün
separatist düşüncəlilərə öz yerini göstərən
qəti cavab: "Erməni xalqı artıq bir dəfə
öz müqəddəratını təyin edib. Onların
erməni dövləti var. Mənim tövsiyəm budur ki,
onlar ikinci dəfə öz müqəddəratlarını təyin
etməkçün Yer kürəsində başqa yer
tapsınlar, Azərbaycanda yox!"
Niyə
bu panel müzakirələrində Prezident İlham Əliyev
belə üstün, bunca güclü, qeyd-şərtsiz qalib
idi?
Əlbəttə,
ilk və əsas səbəb odur ki, haqq bizim tərəfimizdədir,
torpaqları işğal olunan bizik, bu həqiqəti Birləşmiş
Millətlər Təşkilatı Təhlükəsizlik
Şurasının qətnamələri təsdiqləyir, beynəlxalq
hüquq bizim tərəfimizdədir, tarixi gerçəklər
xeyrimizədir.
Ancaq məgər
belə bir qart düşmən və xərçəng kimi
dünya boyu kök atmış quduz erməniçi şəbəkə
ilə üzbəüz dayanarkən bunlar kifayətdirmi?
Qətiyyən
yox! Biz gözünü qırpmadan ağa qara deyən,
haqqı nahaq kimi qələmə verən, olmuşu
olmamış, olmamışı olmuş kimi qoşub-düzən
və hiyləgər gedişlərində də özünə
havadarlar tapan dünya qulduru erməniçi şəbəkə
ilə qarşı-qarşıyayıq.
Belə
döyüşlərin hər birindən hər dəfə
Prezident İlham Əliyev kimi müzəffər çıxa
bilməkçün gərək dövlət
başçımızdakı o keyfiyyətlərə də
sahib olasan.
Gərək
çox və mükəmməl biləsən, gərək
coşqun vətənpərvər və xalqçı olasan,
gərək dövlətinə və onun ideallarına
sarsılmaz sədaqət bəsləyəsən, gərək
həqiqətləri çatdırmağa cəsarətin, səriştən,
əzmin ola!
Prezident
İlham Əliyevin Münxen zəfəri həm də bir
ülgü, bir ustad dərsi idi ki, düşmənlə
düşüncə savaşında, ideoloji mübarizədə
necə olmaq gərəkdir!
Prezidentlə
baş nazirin Münxen qarşılaşmasından dərhal
sonra Ermənistan mətbuatında siyasilərin və siyasətşünasların
dili ilə tələsik bu aşkar məğlubiyyəti Nikol
Paşinyanın fərasətsizliyi ilə bağlamaq təşəbbüslərinin
eşidilməsi anlaşılandır (məsələn, Artak
Vardanyan hirslə Paşinyanın artıq 2 il hakimiyyətdə
olmasına baxmayaraq, "sarı bulvar qəzetciyinin
üçüncü növ müxbiri səviyyəsindən" uzağa
getmədiyini, "İlham Əliyevin bizim bu
dağsiçanına neçə kilometrlik babayolu (fora) verə
biləcəyini" yazır, Ermənistan parlamentinin sabiq
vitse-spikeri Eduard Şarmazanov isə təsdiqləyir:
"Debat gedişində Nikol Paşinyan Ermənistan
və Qarabağın qapılarına avtoqollar vurmaqla məşğul
idi").
Şübhə
yox, ermənilər gözəl dərk edirlər ki, bu iflas əslində
Ermənistanınkıdır, onun çürük siyasətininkidir.
Paşinyanı
bu yerdə "günah keçisi"nə döndərməklə
onu çatdırmaq istəyirlər ki, guya onun yerində bir
başqası olsaydı, vəziyyət başqa cür ola bilərmiş.
Yanılırsınız!
Hamınız
- bütün Ermənistan və erməniçilik də
yığılıb gəlsə, onların
qarşısında Prezident İlham Əliyev kimi bir qüdrət
dayanarsa, eyni iflas, bəlkə bundan da daha ağırı
sizin qaçılmaz aqibətinizdir.
Çünki
Prezident İlham Əliyevin və demək, Azərbaycanın
sizin hər yalanınızı ifşa, hər
saxtakarlığınızı faş etməyə
sözü də var, polad məntiqi də, təpəri də.
Özünüzü
boş təsəllilər və xam xəyallarla aldatmayın!
Münxen
səhnəsi sizin özünüzün və siyasətinizin
qəti çöküşünün anonsu idi, bundan da
ağır zərbələri qəbul etməyə hazır
olun!
Birinci dəfə
deyil ki!
2014-cü
ildə Praqada "Sülh tərəfdaşlığı"
proqramının 5 illiyi münasibətilə keçirilən
sammitdə Ermənistanın sabiq prezidenti Serj Sarkisyan
Türkiyənin ünvanına ittihamlar yağdırarkən
Prezident İlham Əliyev köksünü irəli verdi:
"Bu gün, təəssüf ki, Ermənistan prezidenti burada
fürsətdən istifadə edərək Türkiyəyə
yenidən hücum edir. Bunu etmək asandır,
çünki bu masa arxasında Türkiyə nümayəndələri
yoxdur. Ancaq mən burdayam".
Allah bilir
neçə yüzüncü dəfədir ki, həmin
epizodu, həmin mərd-mərdanə kişi jestini, o
təsirli sözləri xatırlayıram və hər dəfə
də elə ilk dəfəymiş kimi duyğulanıram.
Harada Azərbaycan
dövləti və millətinin ali maraqları var,
düşmənə meydan oxuyan qətiyyəti ilə
Prezident İlham Əliyev oradadır.
Harada
qardaş Türkiyənin ali dövlət və millət
maraqlarına qarşı təhlükələrə sinə
gərmək zərurəti var, Prezident İlham Əliyev
oradadır.
Prezident İlham Əliyev özünə xas qətiyyətlə, inamla, böyük daxili güclə "Mən burdayam!" deyirsə, deməli, zəfər oradadır, demək qələbə, uğur Azərbaycanladır!
... Münxen Təhlükəsizlik Konfransında Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın debatı gedişində hərdən kameralar bu gərgin diskussiyanı izləyənlərə sarı da çevrilirdi.
Seyr edənlərin arasında dövlət başçımızın övladı, artıq çoxdan bəri ictimai-siyasi həyatda fəal mövqeyi və dəyərli işləri ilə diqqətləri cəlb edən Leyla Əliyeva da vardı.
Hər övlad atasını ən güclü sayır. Və fikir verirdim ki, Prezident İlham Əliyev
bütün cəhətlərdən üstünlüyü
ilə rəqibinin kürəyini yerə vurduqca, millətimizin
ürəyindən gələn hər sözü, hər
fikri, hər tutarlı cavabı ilə Azərbaycanı
ucaltdıqca Leyla xanım necə sevinir, çöhrəsi
işıqla, təbəssümlə dolur, atası ilə nə
təhər fəxr edir.
Məgər
o anları izləyən hər bir yaxşı azərbaycanlı,
bu millətin, bu yurdun, bu dövlətin yüksəlişlərini,
daim zəfərlər çalmasını arzulayan hər qeyrətli
Vətən balası eyni iftixar duyğusu ilə
yaşamırdımı?
Rafael
HÜSEYNOV
Milli
Məclisin Mədəniyyət komitəsinin sədri,
akademik
525-ci qəzet.- 2020.- 19 fevral.- S.6-8.