"İsanın
İncili"ndəki sonsuz
suallar
İosiflə Məryəmin oğlu,
bütün insan övladları sayaq, anasının qanına bələnmiş, hər
yanı selikli və
öz əzabını
dinməz çəkən məxluq kimi doğuldu. Joze Saramaqonun bu cümləsi kitabın heç bir dini kitabdan doğmadığını
oxucuya bildirmək üçün kifayət
edərdi.
İosif
günahsız doğulmuş
oğlunun halına acıyaraq düşünürdü:
"Uşaqlar həmişə
onları əkmiş
atalarının və
bətnində yetirərək,
həyata gətirən
analarının ucbatından
ölürlər, zira
doğulmasaydılar, ölməzdilər".
Və bu fikri bu
gün ailələrdə,
cəmiyyətdə məhz
valideynləri tərəfindən
psixoloji və mənəvi olaraq, hər gün yavaş-yavaş öldürülən
uşaqlara da aid etmək olar. Hirs-hikkəsi,
"evdə böyük
mənəm" ədası,
qısqanclığı, "qaydaları pozmaq olmaz"ları, ənənələrdə
boğulması, kiflənmiş
məhəllə, oba,
qonşu qınaqları
valideynlərin "nə
deyər"ləri ilə
birləşəndə, eyni
problemlər min il əvvəlki kimi bu gün də
aktualdır.
Saramaqonun
qəhrəmanı ölümü
necə ifadə etmək lazım gələndə tərəddüd
etmir və deyir ki, ağlasığmaz
ifadəmə görə
üzr istəyirəm,
təxminən, zamanla
məhdudlaşdırılmış bir ölüm veriləcək və bu ölməzlik artıq bizimlə olmayan insanları nə qədər xatırlayırıq, nə
qədər seviriksə,
bir o qədər də davam edəcək.
"İsanın İncili"
əsərində Tanrı
haqqında düşüncələr
oxucunu dəfələrlə
və hər dəfəsində daha mənalı şəkildə,
buz kimi suya salıb çıxardır. Düşüncələrində yenilik, uşaqlıqdan
Allah haqqında beyninə
qoyulmuş manqurt fikri dəyişmək istəyi, "dərk et və sev" kimi özünü araşdırma ideyaları
aşılayır. Məsələn, "əgər Tanrı, həqiqətən bütün
məxluqların, həm
heyvan, həm insanların atasıdırsa,
bu qırğına necə sevinə bilər?" Burada məbəd
təsvir edilir, paklaşma mərasimində
göyərçinlərin, günahsız heyvanların
qanı axıdılır.
Qan və paklık bir qütbün ən uzaq tərəfləri deyilmi?
Məryəmin təmizlənməsi göyərçinin
başının üzülməsi
ilə icra edilir. Əsl təmizlənmədən isə söhbət gedə bilməz. "İnsanların, xüsusən də qadınların buna ümid bağlamaları tamam mənasız şeydir, söhbət yalnız ondan gedir ki, qadın
doğuşdan bəri
bəlli müddətini
başa vurub, artıq hər şey əvvəlki kimidir, yer üzündə
iki göyərçin
azaldı, bir oğlan artdı".
Elə isə əsrlərdir, dindar heyətin adi insanları aldatma səbəbi nədir, insanlar niyə belə səylə aldanmaq istəyirlər?
Ruhun nicatı,
şüurun sağalması
göyərçinin ölümü
ilə olurmu, bununla özünü aldatmaq gülünc deyilmi?
Əsərdə sevgi motivləri
azdır, bu azlığı Saramaqo belə ifadə edir: "Sevgi kəlməsini ifadə etməyə söz tapılmır, məsələ
ondadır ki, söz nə qədər desən var, amma sevginin
özü yoxdur".
İosif
Tanrı ilə eyni əzabı çəkir, dülgərin
evi, həyəti uşaqla doludur, amma adama elə
gəlir ki, bu həyət də, bu ev
də bomboşdur. Əgər
"Tanrı heç
vaxt yatmır" ifadəsi dillərdə gəzirsə, bizi maraq götürür və ona "niyə yatmır" sualını verməyə
müəllif özündə
güc tapır.
Əgər yatmırsa,
Vifliyemdə iyirmi
beş uşaq qılıncdan keçiriləndə,
o, oyaq qalıb nə edirdi? - biz oxucu
olaraq bu sualı düşünürük.
Qadın
olaraq, bizə ən çox toxunan romanda qadına münasibətdir,
əslində, İosifin
Məryəmlə davranışıdır.
Uşağını dərsdən götürən
Məryəm onun təhsildəki uğurları
ilə maraqlanmaq ixtiyarına sahib deyildi. Məktəbin müdiri demişdi ki, qanunu qadınların
ixtiyarına verməkdənsə,
oda atmaq yaxşıdır, bizim məqsədimiz qadına yerini göstərmək, dəyərsizliyini yaddan çıxarmasına imkan
verməməkdir.
İosif isə Vifliyemdə körpələrin qətlinin
qarşısını ala biləcəyi
gündən, arvadı
Məryəmin yanına
belə tez-tez və həvəslə girirdi, sonrakı nəticələr barədə
düşünmürdü, ona mənəvi ağrı verən vicdan əzabından canını qurtarmaq üçün arvadını
alətə çevirmişdi.
Qadına soruşmaq icazəsi verilmirdi, ancaq qulaq asa bilərdilər. Burda qadınlar
dinməzcə ağlayırdılar,
göz yaşlarını
udmağı öyrənmişdilər.
Saramaqo yazır ki ,
"onlar elə güldükləri qədər
ağlayırlar, amma bu, heç də düz deyil, çünki gülüş
cingiltili, göz yaşları laldır".
Qadınlar özlərinə qarşı
biganə idilər, özləri üçün
heç idilər, heçlikdə isə - nə yaxın, nə uzaq - gözə dəyəsi heç nə olmur, axı olmayan şeyə necə zilləyəsən
gözünü?! Düşünürük ki, bugünkü hadisələrə nəzər
salsaq, bu uzun müddətdə qadının özünün
özünə münasibəti
tam mənası ilə
dəyişməyib.
Yazıçı roman boyu Tanrı ilə izahat mübadiləsindən əl
çəkməyib. Qadının durumunu dəqiq verib. Özünüdərkdə Hesseni xatırladıb.
Zalım
çarı, həyatını
seçmək üçün
yola çıxan gənci, gizli vicdan əzabının qovurduğu atanı və roman boyu susaraq danışan və bizə görə ən dərin xarakterə malik ananı oxucuya öz istədiyi kimi çatdırıb.
"Mələklərin əlindən çox işlər gəlsə də, gücləri sonsuz deyil - bu cəhətdən onlar Tanrıya bənzəyirlər - bizi
ölümdən əbədilik
qoruya bilməzlər".
"Tanrım, elə
bir gün gələcəkmi, yanımıza
gəlib, öz övladların qarşısında
günahlarını etiraf
edəsən?" - sualını verən
yazıçı Tanrıya inanıb-inanmamaq, dua ilə bəladan uzaqlaşmanın
mümkün, ya
mümkünsüz olması
seçimini bizim ixtiyarımıza buraxıb,
həm də özü get-gəllərdə
qalmayıb, qəti fikri var, amma
söyləməyib oxucuya.
Demək istəyib ki: həm özünüzü
aydınladın, həm
mənim gizli saxladığımı tapın!
Çoxsaylı suallarımıza cavab üçün bu kitabı oxuduq, amma yazıçının
sualları daha çox idi və Saramaqo bizi hər sualı
ilə daha da şübhələrə
saldı. Məsələn,
elə bu məqam üzərində
düşünə bilərsiniz:
- Niyə Pərvərdigar İsaakı xilas etmək istədi və niyə günahsız körpələrdən
ölüm təhlükəsini
kənarlaşdırmaq üçün
heç nə etmədi və o körpələr elə Avraamın oğlu kimi günahsız olsalar da, Tanrı
dərgahında özlərinə
mərhəmət qazanmadılar?
Bu günümüzlə həmahəng səslənirmi?
Könül NURİYEVA
525-ci qəzet.- 2020.- 21 fevral.- S.15.