Bir gecənin əfsanəsi
Səfərbərlik
və Hərbi Xidmətə Çağırış
üzrə Dövlət Xidmətinin yaradılmasının
8-ci ildönümü ilə əlaqədar gənclər
arasında keçirilən vətənpərvərlik
mövzulu hekayə müsabiqəsi böyük maraqla
qarşılandı. Təsadüfi deyil ki, müsabiqəyə
ümumilikdə 137 müəllif qatılmış, ilkin
seçimdən sonrakı əsas mərhələyə isə
73 hekayə buraxılmışdı.
"525-ci qəzet" olaraq, hərbi vətənpərvərlik mövzusunun
xüsusi önəmini
nəzərə almaqla,
müsabiqə qaliblərinin
hekayələrini dərc
etmək qərarına
gəldik. Bu hekayələr,
aydındır ki, peşəkarlıqdan, ciddi
ədəbi-bədii meyarlardan
uzaq təsiri bağışlayır. Ancaq onlar
müəlliflərin mövzuya
həssas yanaşmaları,
hərarətli duyğuları,
səmimi düşüncə
tərzi ilə diqqəti çəkir və məhz bu yönlərinə görə qiymətləndirilib.
Digər
tərəfdən, bu
hekayələr yeniyetmə
gənclərin vətənə,
doğma torpağa bağlılıq hisslərinin
ifadəsi baxımından
diqqətəlayiqdir.
Müsabiqədə 2-ci yeri tutmuş Famil Orucov və
3-cü mükafatın sahibi
Səkinə Şahverdiyevanın
hekayələrini təqdim
edirik.
Famil ORUCOV
Bakı şəhəri Suraxanı
rayonu A.Səfərov adın
114 nömrəli
tam orta məktəbin
10-cu sinif şagirdi
Bir gecənin əfsanəsi
Aydınlıq bir gecə. Hələ təzə
olan, xarlamamış qar çöl-biyabanı
soyuq süd gölünə çevirmişdi,
buz nəfəsi ilə göyün tavanını da yalayıb ağartmış,
gecənin bət-bənizini
avazıtmışdı. Bu bəyaz gecənin
səssizliyini inadla yara-yara, nəhəng dəvə beli kimi qarşıda tutqun-tutqun ağaran təpəyə tərəf,
yeniyetmə bir oğlan irəliləyirdi.
Oğlanın əynində nimdaş,
bozarmış sırıqlı,
qara uzunboğaz çəkmələrin içinə
salınmış tünd
göy rəngli qalın şalvar, başında tükləri
qırov bağlamış
qulaqlı papaq, boynunda əldə toxunma yun şarf
vardı. Sağ
əlində tutduğu
qoşalülə tüfəng
soyuqdan donub kilidlənmiş barmaqları
arasında məngənəyə
salınmış kimi
idi. Sırıqlının üstündən çarpaz salınmış
patrondaşda yeddi-səkkiz
ayı, qaban gülləsi gözə dəyirdi və boş patron çuxurları
dişləri tökülmüş
kaftar qoca ağzı kimi mırıq görünürdü.
Oğlan yaxınlıqdakı Sarıyel
kəndindən idi, düşmən mərmisinin
bir tərəfini xaraba qoyduğu orta məktəbin sonuncu sinfində oxuyurdu. Ondan beş
yaş böyük qardaşı Səyavuş
gavurlarla döyüşlərdə
qəhrəmanlıq göstərib
şəhid olmuşdu
və indi o, babasından miras qalmış ov tüfəngini evdəkilərdən
xəbərsiz götürüb
işğalçılardan, qatillərdən qisas almağa gedirdi.
Hələ bu ilin yazında,
aprel ayında çağırışçı kimi hərbi xidmətə çağırışla
bağlı komissarlıqda
tibbi komissiyadan keçən zaman şəxsən hərbi komissarın özü -
mayor Mehdiyev onun soyadını oxuyarkən
qardaşı haqqında
xeyli qürurverici sözlər söyləmiş,
onu daha da ruhlandırmışdı.
İndi də o duyğuların təsirində olan Seymur buz bağlamış
yamacı kobud uzunboğaz çəkmələri
ilə termos şüşəsi kimi xırçıltıylə əzə-əzə
əyribel təpəyə
tərəf gedirdi.
Seymurun qəti
qənaətinə görə,
vətən, el, oba, millət, torpaq, azadlıq, müstəqillik
müqəddəs məfhumlardı,
bunlarsız insan kimi yaşamaq, yer üzünün heç yerində, hətta ən cənnət guşəsində
də xoşbəxt olmaq mümkün deyildi.
Seymur parovoz kimi töyşüyə-töyşüyə,
şaxtanı, sazağı
odlu nəfəsiylə
qətiyyətlə yara-yara
yeriyirdi. Kərkicahan uğrunda ağır
döyüşdə qəhrəmanlıqla
şəhid olmuş iyirmi dörd yaşlı qardaşı
Səyavuşun milli bayrağımıza bükülmüş
cənazəsini sübh
tezdən qapılarında
qəbul eləyəndə
ata-anasının nə
hallar keçirdiklərini,
bacılarının fəryadlarını
xatırladıqca qəzəbdən
dişləri qıcanır,
qisas almaq hissi ilə irəli dartınırdı.
Seymur məktəbdə pis oxumurdu, mərdliyi, dürüstlüyü, sözübütövlüyü,
yaşına xas olmayan ciddiyyəti
ilə müəllimlərin
sevimlisi idi. Ancaq son aylarda xasiyyəti sərtləşmiş, əsəbi
olmuşdu. Namərd qonşular
tərəfindən vətənin,
xalqın, ən nəhayət, ailəsinin
başına gətirilən
müsibətlər onun
kövrək qəlbini
didirdi. Qardaşının ölümündən sonra isə onun üçün yaşadığı hər
gün əməlli-başlı
məşəqqətə çevrilmişdi. Axı, bu
millət, bu xalq, dişiylə-dırnağıyla
özünə gün-güzəran
düzəldən, ev-eşik
quran əli qabarlı bu insanlar hansı günahın sahibi idilər ki, indi onların ev-eşikləri başlarına
uçurulur, yurd-yuvaları,
od-ocaqları viranə
qoyulur, gün-güzəranları
tarimar edilirdi?! Hər saat qisas almaq
üçün fürsət
gözləyən Seymur
axır ki, buna imkan tapmışdı.
Rayon polis şöbəsindən,
yerli orqanlardan çox çətinliklə
gizlədib saxlaya bildikləri qoşalülə
ov tüfəngini zirzəmidən götürüb
evdən çıxmışdı.
Bir zamanlar babasının bu dağlarda qaban, ayı ovladığı qoşalülə
tüfənglə indi
Seymur düşmənin
- ikiayaqlı vəhşilərin
üzərinə gedirdi.
Əyribel təpənin lap iki addımlığına gəlib
çatdı. Təpənin o üzündə silahlı gavurlar vardı. Seymur yaxşı bilirdi
ki, təpənin sağ tərəfində,
yaxınlıqda öz
doğma əsgərləri
də post qurub keşik çəkirlər.
Odur ki, onlar hiss etməsinlər deyə ehtiyatla, səs salmadan əyribel təpənin sol tərəfinə
keçdi. Qoşalüləni
sağ əlindən
sol əlinə vermək
istədi ki, daşın dalında mövqe tutub düşmənin istehkamını
müşahidə eləsin.
Amma barmaqlarının "kilid"ini
aça bilmədi.
Sol əlinin köməyi
ilə birtəhər
barmaqlarını açıb
ovxaladı, nəfəsi
ilə hovxurub isitdi və daşın arxasına keçib qoşalülənin
qundağını sağ
döşünə dayadı.
Aha! İki gavur rəqs edirmiş kimi ayaqlarının birini götürüb, birini qoya-qoya astaca söhbət edir, papiros çəkirlər.
İki zəif közərti tez-tez görünür və yox olur.
Seymur düşmənin
ikisini də nişan alıb
çaxmağı çəkdi.
O iki zəif közərti əbədi
söndümü, yaxud
həmin iki gavur qəfil qopan gurultunun dəhşətdən bayılıb
üzüquylu yerdə
qaldımı, Seymur bilmədi. Bir də gördü
ki, qarşı tərəfdən güllə
onun başına yağış kimi yağır. Ancaq Seymur
onu da görürdü
ki, düşmən bir qarış belə irəliləyə
bilmir. Baxdı ki, onun başı üzərindən
düşmən tərəfə
də dolu kimi güllə yağır. Sonra Seymur
bu dağların xınalı kəklikləri
kimi qaqqıldaşan avtomatların sürəkli
nəğməsini də
eşitdi.
Atışma nə qədər çəkdi, Seymur bunu da bilmədi. Arxası üstə
uzanıb gözlərini
göyüzünə zillədi.
Artıq
ulduzlar sönmüşdü,
dağlardan, uzaqdan görünən kəndlərinin
üstündən qaranlıq
pərdə ətəyini
yığışdıra-yığışdıra
uzaqlaşırdı, üfüqdə
günəşin solğun
qızılı telləri
görünürdü. Seymur başını azacıq
sinəsinə əyib
patrondaşa baxdı.
Patrondaş dişləri
tamam tökülmüş
daraq kimi bomboş idi...
Bir azdan iki cantaraq əsgər
onu sürüyə-sürüyə
geriyə - öz postlarına apardı. Hərbi hissənin
komandiri, ardınca da əsgərlər Seymurun başına toplaşdılar. Komandir
çox ciddi səslə soruşdu:
- Sən kimsən? Hardan gəlmisən? Nə gəzirsən
buralarda?
Seymurun dodaqlarında
xəfif təbəssüm,
üzündə məmnunluq
sezilirdi.
Əsgərlərdən biri ona lap yaxınlaşıb
diqqətlə baxandan
sonra inamlı tərzdə:
- Yoldaş komandir, bu, bizim kəndçidi.
Adı Seymurdu, ekonomist Həsənin oğludu, - dedi.
Yalnız
indi Seymur hiss etdi ki, sol çiynindən
aşağı ilıq
maye süzülür.
Sağ əli ilə çiyninə toxunanda barmaqları qana bulaşdı. Onun yarasını sarıyıb
təcili xəstəxanaya
göndərdilər.
Yolboyu Seymur sol çiynindəki
yaranın ağrısını
hərdən hiss eləyirdi,
amma çox qəribədir ki, bu dava başlanandan
bəri daima ürəyini ilan kimi sancan ağrılardan
əsər-əlamət qalmamışdı.
525-ci qəzet.- 2020.- 21 fevral.- S.14.