Sonuncu məktub

 

Səlimə xanım evdə təkbaşına oturmuşdu. Ona elə gəlirdi ki, bir il boyunca o, yaşamaq duyğusundan məhrum qalıb. Böyük oğlu Aydının şəhid olmasından bir müddət sonra kiçik oğlu Rəşad da vətən uğrunda vuruşmaq üçün anasını tənha qoymuşdu.

Səlimə xanım tibb bacısı idi. O, öz oğullarını sevgi ilə, ailəsinə, xalqına, vətəninə məhəbbət hissi ilə yetişdirmişdi. Hər bir ana kimi o da övladlarını sevirdi.

Aydın və Rəşadın vətənə sevgisi, yurda bağlılığı hələ kiçik yaşlarından hamını heyrətə gətirirdi. Rəşad 5-ci sinifdə oxuyanda anasına hərbçi olmaq istəyindən bəhs etmişdi. Səlimə xanım oğulları ilə fəxr edirdi.

Ana bu düşüncələrə daldığı vaxt qapı döyüldü. Yenə də o səs. Həmin bu səs ki, bir il boyunca Səlimə xanıma çox şeylər deyirdi. Səlimə xanım qapını açdıqda əlində məktub olan poçtalyonu qarşısında gördü. Üzdən qayğılı görünən poçtalyon saçları ağarmış, üzü azca  qırışmış bu məğrur qadının gözlərində dərin bir iztirab olduğunu duyurdu. Səlimə xanım imza atarkən əlinin titrəməsini hiss etdi. Bunu poçtalyon da sezdi.

Ana içəri keçib məktubu açdı. Rəşad anasına məktub göndərmişdi. Bir il ərzində Rəşad fürsət düşdükcə anasına tez-tez məktub yollayar, ondan nigaran qalmamasını, vətənin onun üçün hər şey olduğunu bildirərdi. Səlimə xanım oğlunun səliqəli xətlə yazdığı məktubu oxumağa başladı:

"Əziz ana. Bu, mənim sənə son məktubumdur. Çünki düşmən üzərinə gedirəm bu yoldan salamat dönüş yoxdur. Məktubuma sənin mənə qardaşıma lap uşaq ikən öyrətdiyin cümlə ilə başlamaq istəyirəm: "Şəhidlər ölməzdir, vətən müqəddəsdir". Vətənin qanımızdan, canımızdan artıq olduğunu, onun şərəf, namus qeyrətimiz olduğunu bizə sən aşılamısan. Sən bunu oxuyursansa, deməli, mən şəhid yoldaşlarımla bərabər səni cənnətdən seyr edirəm. Cismən səni qüdrətli xalqımı tərk etsəm , əminəm ki, qəlbinizdə, yaddaşlarda əbədi yaşayacağam. Biz insanlar unutmamalıyıq ki, şəhidlik kimi uca bir zirvəyə yüksələnlər ən bəxtiyar insanlardır. Artıq mən onların sırasındayam. Qəhrəman əsgərlərimizin ən ümdə arzusu bahasına olursa olsun, vətənə şərəflə xidmət etməkdir. Mən bu yolu seçdim..."

Səlimə xanım oxuduqca göz yaşlarına hakim ola bilmirdi. Gözlərindən süzülən damcılar məktubu islatmışdı.

"... Əsgər yoldaşım Səlimi yaxşı tanıyırsan. Səlimlə mən bütün dərdimizi, kədərimizi bir-birimizlə bölüşürük. Səlimdən xahiş etdim ki, Allah ona məndən çox yaşamağı nəsib edərsə, yazacağım məktubu sənə çatdırsın. Bunu etdiyimə peşman da deyiləm. Sən peşman olma. Bizim kimi övladlar böyütdüyün üçün heç vaxt heyfislənmə. Göz yaşı axıtdığını bilirəm, anacan. Ancaq bu, axıtdığın son gözyaşı olsun. Göz yaşlarını sil cəsur əsgərlərimiz, ləyaqətli şəhidlərimizlə fəxr et. Məni bağışla ana, sənin qəlbində ikinci dəfə övlad yarası açdığım üçün bağışla. Ancaq torpaqlarımız azğın düşmənin əlində qalsa, bu, hər birimizin qəlbində sağalmaz bir yara açar.

Fədakar anam, sən məni adım kimi rəşadətli böyütmüsən. Söz ver ki, sənin kimi milyonlarca fədakar ananın olması üçün çalışacaqsan. Mətanətli xalqımız, müstəqil, bölünməz Azərbaycanımız üçün daim mübarizə aparacaqsan. Səndən son istəyim budur!"

Ananın dodaqları titrədi: "Söz verirəm, oğlum, ruhun nigaran qalmasın..."

Onun qəlbini övlad həsrətindən çox, qürur hissi doldurmuşdu. Əlindəki məktubu rəfin küncündəki məktubların üzərinə qoydu. O, oğlunun yolladığı bütün məktubları burada saxlayırdı. Ancaq bir daha oğlundan məktub gəlməyəcəkdi...

Səlimə xanım cəbhədə şəfqət bacısı kimi fəaliyyətə başladı. O, igid əsgərlərimizə yardım göstərir, onları öz balaları bilirdi. Vətən və torpaq sevgisini indi onlara aşılayırdı. Beləcə, igid oğulların mübarizə yolu davam edəcək, qəhrəmanlıq salnaməsinin yeni səhifələri yazılacaqdı.

 

 

Səkinə ŞAHVERDİYEVA

Balakən rayon Humanitar və texniki təmayüllü liseyin şagirdi

 

 

525-ci qəzet.- 2020.- 21 fevral.- S.14.