Əliağa Vahid irsinin tədqiq yönlərinə
dair mülahizələr
Əliağa
Vahidin həyatı, yaradıcılığı, şairlik fəaliyyəti
və ədəbi irsi onu 5 mühüm yöndən tədqiq
etmək və araşdırmaq üçün əsas verir.
Birinci
istiqamət onun qəzəlləri və aşiqanə
şeirlərilə bağlıdır. Bu, Vahid
yaradıcılığının əsas istiqaməti
sayılır.
Vahidin Azərbaycan ədəbiyyatında xidmətlərindən
danışan ədəbiyyatçılar onun qəzəli
klassik bir janr kimi qoruması və daha da inkişaf etdirməsini
ön plana çəkirlər. Vahid ədəbiyyatımızda,
əsasən, "qəzəlxan" kimi tanınır.
Yaşayıb-yaratdığı dövrə nəzər
salsaq və o dövrdə qədim şeir formalarına və
ümumiyyətlə, adət-ənənələrə
olduqca yabançı münasibətin hökm
sürdüyünü düşünsək, o zaman qəzəlçiliyin
nə qədər məsuliyyətli və hətta təhlükəli
olması barədə tədqiqatçılara yeni mövzu
vermiş olarıq.
Burada nəzərə almaq lazımdır ki, həmin
dövrdə qırmızı terror Azərbaycan ədəbiyyatına
da ardıcıl zərbələr endirməkdə idi. Ayıq və
qeyrətli adamları aradan götürürdülər.
"Qəzəl oxumayın" deyirdilər.
Hələ bu, yasaq olunanlardan biri idi. Məscidlər bağlanmışdı. Əsl dindarlar yoxa çıxmışdı, ya da
inzivaya çəkilmişdi. "Molla Nəsrəddin"
jurnalının adını dəyişib
"Allahsız" qoymuşdular. Sosializmin
düşmənlərinin "külünü göyə
sovurmağı" planlaşdırırdılar. Xalqın zehniyyətini silməyə,
yaddaşını dondurmağa, kökündən
qoparmağa, keçmişindən ayırmağa
çalışırdılar.
Azərbaycan mentaliteti çətin sınaqlar
qarşısında idi. "Köhnəlik"lə
"yenilik" arasında vuruşma gedirdi. Xalq şairi
Səməd Vurğun şeirlərinin birində həmin
dövrü belə təsvir edirdi:
İşıq
qaranlıqla pəncələşərək
Yaşatmaq istəyir cahanda bizi.
Günəş salamlayır saf eşqimizi.
Həmin
"vuruşma"nın ab-havası hər
iki qütbdə görünməmiş insan tipləri
yaradırdı. Hər iki tərəfin öndə
gedənləri, qabaqcılları var idi. Əliağa
Vahid də milli xətdən mübarizə aparanlardan idi.
Bir tərəfdə kommunist biletini Vahidə göstərib
lovğalanan fırıldaqçılar vardı ki, şair
onlara belə cavab verirdi:
Bu sizin
firqənizin qırmızı dəftərçəsidir,
Hər kimin bir belə dəftərçəsi varsa, bəsidir.
Doğma
xətdə isə Vahidin:
Evi abad ola aləmdə yenə Mümtazın,
Sordu əhvalımı fəxrəndeyi-hal etdi məni. -
deyə
yad elədiyi Salman Mümtaz kimi dostlar var idi.
Belə
bir əyyamda ənənəçiliyin və qəzəlçiliyin
təəssübünü çəkənlər üçün
can qorxusu var idi.
Belə bir gərgin dövrdə Əliağa Vahidin
yaratdığı qəzəllər xalqın ürəyinə
yol tapmaqla yanaşı, ədəbi və elmi ictimaiyyət tərəfndən
bu gün də yüksək qiymətləndirilib.
Yalnız onu demək bəs edərdi ki, İran ədəbiyyatçısı
Yəhya Şeyda Əliağa Vahidi "məhəbbət
elçisi" adlandırır. Xalq şairi Səməd
Vurğun ona "anadangəlmə şair", Məhəmmədhüseyn
Şəhriyar yaradıcılığının məşhur
təbliğatçısı, Qulamhüseyn Beqdeli isə
Əliağa Vahidə "Hafizi-dövran" deyirdi. Burada onu da qeyd etməyi lazım bilirik ki, əlimizdə
olan materiallar yuxarıda deyilənləri təsdiq etməkdədir.
Vahidə "Füzuli yadigarı" deyənlər də
çox olub.
Onun haqqında bu ad altında məqalələr
də yazılıb. Vahidə həsr olunmuş meyxana
deyişməsindən bir bənd şeri yadımıza salaq:
Vahid
şeri Füzuliyə tən deyib,
Özü də cavanlıqda, çox erkən deyib.
Qəzəlin
çoxunu bədahətən deyib,
Tutmayıbdı
özünü yuxarı Vahid,
Böyük Füzuli yadigarı Vahid.
Vahid eşq-məhəbbət şairidir. Özünün dediyi kimi, əsərlərində
"rəna qəzəldən, işvəli dilbərdən,
nazlı gözəl"dən ayrıla bilməyən sənətkar
bütün ömrü boyu öz əqidəsinə sadiq
qalıb:
Mən
necə ayrılım rəna qəzəldən,
İşvəli dilbərdən, nazlı gözəldən.
İnsan
ki, bir şeyə uydu əzəldən,
Ölüncə başında o adət olur.
Bu sətirlər Vahidin ədəbiyyatşünas Cəfər
Xəndana yazdığı məktubdan bir parçadır.
"Dünyada fəqət bircə məhəbbət
qanıram mən" - deyən şair əsərlərində
bu fikrini müxtəlif formalarda dəfələrlə
xatırladır. Əliağa Vahidə görə, eşq
insanlığa məlum olan bütün anlayışlardan
yüksəkdə durur. Vahidin "kamal əhli"
kimi yaşamaq imkanlarından imtina etməsinə səbəb
də eşq idi. Əql və fərasəti ilə
şahanə həyat sürə biləcək bir adam "barigəhi-eşqi bəyənib, bu təmənna
ilə şahanəliyindən keçmişdi".
Çox
fərqi var: arif düşünər əql ilə eşqin,
Eşq əhli kamal əhlinə həmxanə
deyilmiş.
Beytin
sözaltı mənasında Sabiranə ustalıqla gizlədilmiş
bir istehza var: "Kamal əhli" olmağa nə var ki?! Hünər "eşq əhli" olmaqdadı.
Qəzəllərinin
birində təbiətinin məhəbbət torpağından
yoğrulduğunu, öləndən sonra da məzarının
ülfət gülləri bitirəcəyini söyləyirdi:
Saqi sərməst
qılıbdır bir əyaq ilə məni,
Nola hər saət aşarsa ayağım başımdan.
Tinətim
xaki-məhəbbət ilə təxmir olunub,
Bitər ülfət gülü ölsəm də məzar
daşımdan.
Digər
bir qəzəlində:
Vahidəm
eşq məhəbbətlə cahandan getdim,
Heyf kim, bilmədilər mən nə təriqətdə
idim.
- deyə şikayətlənir, şairanə
giley-güzar edirdi.
Vahid gözəllik aşiqidir. O, insan gözəlliyini də
özünəməxsus şəkildə tərənnüm
edib. Şeirlərində bəzən bu gözəlliyin
özü deyil, nəticələri ön plana çəkilir:
Gözəllik xoş ovqat yaradır, adamı heyrətə gətirir,
gözəllik fövqəlhadisələrə də səbəb
olur. Gözəllik fitnə-fəsad da törədir.
Bu mənada, Vahidin gözəllik dünyası,
gözəllik anlayışı ayrıca tədqiq
olunmalıdır.
Onun qəzəllərində zəmanəsinin
xüsusiyyətləri də əks olunub. Xalq şairi Səməd
Vurğuna yazdığı və digər qəzəllərində
bu, açıq-aydın görünməkdədir.
Danılmaz gerçəklikdir ki, Vahid qəzəllərinin
və aşiqanə şeirlərinin çox incə və zərif
xüsusiyyətləri vardır. Təsadüfi deyil ki, hətta ən
məşhur ədəbiyyat mütəxəssisləri də
onun şeirlərinin sehri və sirlər aləmi
qarşısında mat qaldıqlarını etiraf etməli
olmuşlar.
Vahidin yaradıcılığının bir
mühüm yönü də onun satirik şeirləridir. Təəssüf
ki, bu kimi əsərləri hələ lazımınca tədqiq
olunmayıb. Meyxanaların isə
çoxusu itib-batıb.
Vahidin "Biz şairə qiymət veririk öləndən
sonra" misralı meyxanası onun külliyatına
salınmayıb.
Satirada Vahidi M.Ə.Sabirin davamçısı hesab eləyənlər
də var, onun satiralarını "ədəbiyyatımızda
ancaq ayrı-ayrı illərdə güclənən cari
felyetonçuluqla bağlı" olduğunu qeyd edən ədəbiyyatşünaslar
da.
Vahidin adı çəkiləndə əvvəlcə
qəzəl, sonra isə meyxana yada düşür. Vahid həm də
meyxana ustası idi. O, şifahi xalq ədəbiyyatımızın
bu növünə də yeni ruh gətirmişdi. Vahid mədəni,
nəcib adam idi, "hərzəguluq"
edənlərlə meyxana deməkdən qaçardı.
İndiki meyxanaçılar açıqca etiraf edirlər ki,
bu janrın ən böyük ustadı Əliağa Vahiddir:
Şerin
incə növünə dəlalətdi bu,
Əliağa Vahiddən əmanətdi bu.
Vahidin
satirik şeirləri bu gün də öz əhəmiyyətini
itirməyib:
Zəmanə
mərdlik axtarır
Yeri, yeri, qorxağın biri.
İki
igid hümmət edə,
Gündə qopar dağın biri.
Yeri, yeri, qorxağın biri.
Bir
neçə il xəspuş olub,
Oğrulara tay-tuş olub.
İndi gəlib
dərviş olub,
Köhnə
fırıldağın biri,
Yeri, yeri, qorxağın biri.
və
yaxud,
Çıx,
ey qaniçən yırtıcı, çıx
torpağımızdan,
Xain, gözünü çək dərəmizdən,
dağımızdan.
Qəbirüstü bədii yazılara, baş
daşına və sinə daşına yazılan şeirlərə
epitafiya deyilir.
Vahidin şairlik fəaliyyətinin bu tərəfi
də diqqətəlayiqdir. O, təkcə toylarda
meyxanalar deməklə, şadlıqlara təbriknamələr
yazmaqla kifayətlənməyib. Xalqın sevincinə
şərik olduğu kimi, hüzn, matəm və
üzüntülü günlərində də onun yanında
olub. Öz yaxınlarının, əzizlərinin
baş və sinə daşlarına şeir yazdırmaq
üçün Vahidə müraciət edənlər az olmayıb. Əliağa Vahid
yaradıcılığının tədqiqatçısı
rəhmətlik Məmməd Nuruoğlu şairin
epitafiyalarının bir qismini nəşr etdirib. Biz Gəncədəki İmamzadə qəbiristanlığında
Vahidin epitafiyalarına rast gəldik. Cavan rəhmətə
getmiş bir oğlanın başdaşına yazılıb:
Biçdi
xəyyati-əcəl əynimə bir qəmli kəfən,
Mənə toy xələti, bəylik otağı layiq
ikən.
Fələyin
gəlmədi rəhmi anamın göz yaşına,
Qoy yazılsın qara xətt ilə məzarım
daşına.
Ehtimal ki,
Azərbaycanın əksər bölgələrində Vahidin
yazdığı epitafiyalar var. Onları axtarıb tapmaq Vahid
yaradıcılığının az
öyrənilmiş sahəsinə işıq salardı.
Yaradıcılığında tərcüməçiliyin
də xüsusi yeri olan Vahid yüksək istedadla Nizami, Xaqani,
Füzuli və digər klassikləri tərcümə edib. Füzulinin farsca
divanının Azərbaycan dilinə tərcüməsinin
(1958-ci il nəşrinin) birinci redaktoru olub. Akademik Həmid
Araslı Vahidin tərcümələrini və redaktor kimi fəaliyyətini
yüksək qiymətləndirib.
Vahidin
tərcüməçilik məharəti, "qəzəl
qurmaq ustalığı", əruz vəznini mükəmməl
bilməsi digər tədqiqatçıların, o cümlədən,
Əkrəm Cəfərin, Həmid Məmmədzadənin və
Məhəmmədtağı Zehtabinin də nəzər-diqqətini
cəlb etmişdi. Nəzərə almaq lazımdır
ki, Vahid professional tərcüməçi deyildi. Klassikləri
tərcümə etməyə, onu əsasən qəzəlxan
olduğuna görə cəlb etmişdilər. Ancaq qeyd
etdiyimiz kimi, şair bu işi böyük uğurla başa gətirmişdi.
Vahid
yaradıcılığının beşinci istiqaməti kimi
isə onun qoşmaları, mahnıları, təxmisləri,
deyişmələri, ayrı-ayrı şəxslərə
yazmış olduğu müxtəlif məzmunlu şeirləri
tədqiq oluna bilər.
Yeri
gəlmişkən, Məhəmmədtağı Zehtabinin Təbrizdə
nəşr olunan "Əliağa Vahiddən xatirələrim"
kitabında şairin həyat və
yaradıcılığını öyrənmək
üçün çox zəngin materiallar var. Bu
kitabın müasir Azərbaycan əlifbası ilə nəşr
olunması vahidşünaslıq üçün qiymətli
töhfə olardı.
525-ci qəzet.- 2020.- 21 fevral.- S.13.