Cəlil Məmmədquluzadənin yubileyinə
dəyərli töhfə
Əməkdar
jurnalist Hüseyn Əsgərovun yaxın zamanlarda işıq
üzü görmüş "Mirzə Cəlilin satira
desantları Naxçıvanda" adlı kitabı Azərbaycan
ədəbiyyatının görkəmli nümayəndəsi,
böyük yazıçı, dramaturq, publisist və ictimai
xadim Cəlil Məmmədquluzadənin 150 illik yubileyinə həsr
olunub.
Bu, "Araz", "Yeni səslər" almanaxları,
"Heraklın 13-cü qoçaqlığı",
"Aylı bir gecə", "Naxçıvan
səhiyyəsi inkişaf
və tərəqqi yollarında", "Gülüşlərin
cingildəsin saz kimi", "Biz necə mütaliə edirik" adlı kitablarından sonra müəllifin oxucularla növbəti görüşüdür.
Kitabın ön söz müəllifi "Şərq qapısı" qəzetinin məsul katibi, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Muxtar Məmmədoğlu da kitabı "Cəlil Məmmədquluzadənin 150 illik yubileyinə dəyərli hədiyyə" adlandırır. O, məqaləsində yazır: "Öncə onu vurğulayım ki, AMEA Nizami adına Ədəbiyyat İnstitutu tərəfindən çap olunmuş "Molla Nəsrəddin" jurnalının yeni nəşrinin 8-ci cildində Naxçıvan mövzusu özünə geniş yer tapıb. Hüseyn Əsgərovun qələmə aldığı yeni nəşr də onun bu cilddən aldığı təəssüratlara bir vətəndaş, bir ziyalı baxışının ifadəsidir və kitabın çapa hazırlanması onun dahi mütəfəkkirin 150 illik yubileyinə böyük töhfəsi kimi dəyərləndirilməlidir. Bir məsələni də diqqətə çatdırım ki, bütün yaradıcılığı boyu Hüseyn müəllim bu boyük yazıçı haqda onlarla dəyərli yazı ərsəyə gətirib, həmin yazılar müxtəlif mətbuat orqanlarında işıq üzü görüb. Bütün bunlar onu deməyə əsas verir ki, Cəlil Məmmədquluzadə yaradıcılığı Hüseyn Əsgərovun təkcə stolüstü kitabı yox, onun mənəvi silahdaşıdır.
Hüseyn Əsgərov Mirzəcəlilşünas,
onun yaradıcılığının tədqiqatçısı
deyil; o,
bütövlükdə Mirzə Cəlil həqiqətlərinin
müdafiəçisi, tərcümanı, təbliğatçısıdır.
Hüseyn Əsgərov Mirzə Cəlilin xalqın
özünüdərk ideyalarının
daşıyıcısıdır; Vətən, xalq, dil yolunda,
inkişaf və tərəqqi uğrunda Mirzə Cəlil ideallarının, bu yolda
özünüyoranlığın yanğısını
özündə yaşadanıdır".
Kitabda müəllifin üç böyük yazısı toplanıb: "1926-27-ci illərin "Molla Nəsrəddin" jurnalında Naxçıvan və ya Hacı Məhəmməd qurdun ağzını necə bağlatdırdı" ("525-ci qəzet", 24 oktyabr, 2019-cu il), "Ağa, mənim oğlum naxoşdu, bu saat ölüm halətindədi..." ("Şərq qapısı" qəzeti, 22 fevral 2014-cü il), "Müsəlmanın sağ da, solu da düşməndir" ("Xalq qəzeti", 07 aprel 2002-ci il).
Naxçıvanda
"Əcəmi" Nəşriyyat-Poliqrafiya Birliyində
çap olunan kitabın elmi redaktoru filologiya üzrə fəlsəfə
doktoru, dosent Ramiz Qasımov, nəşriyyat redaktoru Muxtar
Qasımzadədir.
Şahanə
MÜŞFİQ
525-ci qəzet.- 2020.- 1 fevral.- S.13.