Nəsimi irsinə vurğunluqla
yazılmış dəyərli elmi əsər
Məmməd ƏLİYEV
2019-cu ilin "Nəsimi ili" elan edilməsi Azərbaycan
elmi ictimaiyyəti tərəfindən rəğbətlə
qarşılandı və anadilli söz sənətimizin ən
yüksək zirvəsində dayanan Nəsiminin haqqında
araşdırmaların yeni mərhələsi başlandı.
Bir-birindən dəyərli elmi məqalələr, monoqrafiyalar
yazıldı, konfranslar, simpoziumlər keçirildi. Milli
poeziyanın çoxəsrlik tarixinə, anadilli şeir
yaradıcılığımızın yüksək poetik
yararlığına, XIII-XIV əsrlər ədəbi dilimizin
əlçatmaz zənginliklərinə işıq
salındı. Yekun tədbirdə deyildiyi
kimi, ədəbiyaşar şair haqqında 35-dən çox
kitab, onlarla elmi məqalə yazıldı. Təqdim
olunan əsərlər içərisində Səadət
Şıxıyevanın Nəsimi sənətinin dərin
qatlarının öyrənilməsinə həsr edilmiş
"Nəsiminin lirikası: irfani mündəricə və
poetik zinətlər" adlı əsərini (Bakı,
"Elm və təhsil". 2019) Nəsimi sənətinin bədii
söz sənətkarlığı, poetik ifadə vasitələri
(həmçinin, təsvir vasitələrinin), o cümlədən,
məcazlar sisteminin öyrənilməsinə doğru
atılmış cəsarətli addımı kimi qiymətləndirmək
olar. Doğrusu, H.Araslı, M.Quluzadə səviyyəsində
klassik poeziyamızın sirlərinə dərindən bələd
olan ədəbiyyatşünas alimlərin
qıtlığı ucbatından bu sahədəki boşluq
özünü göstərirdi. S.Şıxıyevanın
belə bir işə girişməsi, görmək istədiyimiz
işin öhdəsindən gələ bilməsi,
açığını desək, bütün ümidləri
doğrultdu.
Hər şeydən qabaq qeyd etməliyik ki, müəllif
təqdim etdiyi əsəri şərq poetikasının əsrarəngiz
sirlərini, nəzəri əsaslarını bilərək,
uzun illər ərzində apardığı müşahidələrə
əsaslanaraq yazmışdır.
Müəllif
ilk öncə BƏDİİ SÖZÜN qüdrətini əks
etdirən "Qandasan?!" qəzəlinin ilk
misralarını göz önünə gətirir, bununla
öz məqsədini bəyan edir: "Gözlərim nuru, iki
aləmdə varım, qandasan?!"
Bu emosional xitab simvolik səciyyə daşıyır, məna
yozumu isə çoxqatlıdır. Bu eşqin gücü ilə də
o, araşdırmalara başlayaraq yazır:
"Günümüzdə də içindəki gizli mənalar,
sətirlər arasından boy verən fəlsəfi fikirlər
heyrət doğurur, öyrənilir, izah edilir,
dürlü-dürlü şərhlər verilir. Həmin şərhlərdən
isə Nəsimi sözünün sehrinə
bürünmüş neçə-neçə kitablar doğulur".
Məhz bu zaman Nəsimi, onun
böyüklüyü aşkar olur.
***
Nəsimi irsinə müraciət qardaş Türkiyədə
XIX əsrin 40-cı illərindən, vətəni Azərbaycanda
isə XX əsrin 20-ci illərindən
başlamışdı.
Ölkəmizdə Nəsimişünaslığın
manifestini professor Mirzağa Quluzadə yazdı. Bu əsərdə
dövrün hakim ideologiyasının təsiri duyulsa da,
müəllif Seyid İmadəddin Nəsiminin dünyəvi və
ilahi gözəllikləri, fəlsəfi düşüncəsini
poetik dillə vəsf edən bir şair kimi bəyan etdi!
Bununla da özündən sonra gələcək alimlərin
araşdırmalarına düzgün istiqamət verdi, onların yolunda yaşıl işıq
yandırdı. Səadət Şıxıyeva
da həmin yolun yolçularından oldu.
Onun dərin elmi-nəzəri hazırlığı,
Şərq poeziyasının korifeylərindən olan Nəsimi
yaradıcılığının indiyədək öyrənilməmiş
bir sıra cəhətlərini işıqlandırmasına və
Azərbaycan fəlsəfi, bədii-estetik fikir tarixindəki
mövqeyini elmi-nəzəri cəhətdən qiymətləndirməsinə
yardımçı olmuşdur.
"Giriş", üç fəsil və nəticədən
ibarət bu əsərində S.Şıxıyeva Nəsimi
yaradıcılığının ən mühüm məqamlarına
aydınlıq gətirmişdir. "Nəsimi lirikasının tədqiqi
tarixindən" adlı, üç bölməni
özündə birləşdirən I fəsildə o, Nəsimi
haqqında bir sıra mənbələrdə verilmiş məlumatlara
işıq salır, ərəb müəlliflərindən
İbn Həcər əl-Əsgəlani (XV), Əbuzər
Əhməd əl Hələbi (XV), Şəmsəddin Səxavi
(XV), İbn əl-İmad əl-Hənbəli (XVII), Abbas əl-Əzzavi
(XX), Məhəmməd Raqub (XX) kimi müəlliflərin əsərlərini
nəzərdən keçirir, onların şair
haqqındakı fikir və mülahizələri diqqət mərkəzinə
gətirilir və təhlil olunur.
S.Şıxıyeva
həmin müəlliflər haqqında yazır: "Nəsiminin
kəskin ifadələrlə "dinsiz" kimi təqdim edilməsi
və ona eyni səciyyəli digər epitetlərin aid edilməsinin
ilk örnəyi XV əsr ərəb müəlliflərinin əsərləridir".
Alimin fikrincə, bunlar Nəsiminin ölüm
hökmünə fərman vermiş Misir Məmlük
sultanı Şeyx əl-Müəyyəd əl-Mahmudinin
özünə və varislərinə yaxın olan müəlliflərdir.
Tədqiqatçı
daha sonra Nəsimidən rəğbətlə bəhs edən
Lətifi (XVI), Həsən Çələbi Xınalızadə
(XVI), Bəyani (XVI), Gəlibolulu Mustafa Ali (XVI), Katib Çələbi
(XVI), Əli Əmiri Əfəndi (XIX), Müəllim Naci
(XIX), Məhəmməd Tahir Bursalı (XIX), Şəmsəddin
Sami (XIX) kimi Osmanlı, Əlişir Nəvai (XV), Əmir Kəmaləddin
Hüseyn Qazurqahi (XVI) kimi Teymuri müəlliflərin əsərlərində
Nəsimi haqqında fikirlərinə münasibət bildirir. Bununla yanaşı, araşdırıcı farsdilli
mənbə və mənqəbələrdəki məlumatlara
biganə qalmamış, onlara fəal obyektiv münasibətini
bildirmişdir. Aparılan təhlillər oxucuda belə
bir fikir formalaşdırır ki, nəinki ərəb müəlliflər,
həmin dövrdə yaşamış digər müəlliflər
(Lətifi, Alı, Nəvai və b.) də Nəsiminin ecazkar
yaradıcılığına rəqabət hissi,
qısqanclıq olduğundan onu ancaq hürufiliyi vəsf edən
şair kimi qələmə vermişlər. Beləliklə,
S.Şıxıyeva bütün orta əsr müəlliflərinin
mənbələrdəki məlumatlarını diqqətlə
gözdən keçirmiş, heç nəyi diqqətindən
kənara buraxmamış, gərgin əməyi sayəsində
Nəsimi şəxsiyyəti və ecazkar
yaradıcılığı haqqında zəngin faktiki və
elmi-nəzəri material toplamış, XX əsr nəsimişünaslığı
barədə dolğun məlumat vermişdir.
Əsərin
elmi ictimaiyyətimizdə kifayət qədər maraq
doğuran, özünün orijinallığı ilə
seçilən "Nəsimi lirikasının başlıca
irfani məcaz və motivləri" adlı II fəslində ədəbiyyatşünaslığımızda
(həmçinin - nəsimişünaslığımızda)
çoxdan bəri öz həllini gözləyən məsələ
- Şərq poetikası təlimləri, nəzəriyyəsi
müstəvisində Nəsimi şeirinin poetikası geniş
şərh edilmişdir. Həm Şərq, həm
də Qərb nəzəri-estetik təlimlərinə dərindən
yiyələnmək sayəsində müəllif ədəbi-tənqidi
düşüncəni razı sala biləcək səviyyədə
poetika problemlərini araşdıra bilmiş, sarsılmaz məntiqə
əsaslanan, heç kimdə şübhə və mübahisə
yeri qoymayan elmi müddəaları üzə
çıxarmağa müvəfffəq olmuşdur.
Əsərin
"Nəsimi lirikasının başlıca irfani məcaz və
motivləri" adlı II hissəsində "Nəsimi
şeirində folklor motivlərinin interpretasiyası",
"Hürufilik təlimi və Nəsimi hürufiliyinin özəllikləri",
"Nəsiminin təsəvvüfi-lirik səciyyəli
şeirlərində eşq anlayışı",
"Spesifik irfani termin-məcazlar və onların
tutumları" bölümlərində Nəsimi şeirinin
bütünlükdə poetik sisteminin əsasını təşkil
edən məcazlar öyrənilmişdir. Şairin poetik
dühasının zənginliyi, şeirindəki dünyəvi,
irfani-lirik, fəlsəfi məzmunu və mahiyyəti,
hürufilik təlimlərindən qaynaqlanan düşüncə
qatları, bu məzmununun bədii inikasını
tapdığı poetik forma və fiqurlardakı elementləri,
ənənə və fərdiyyət əsasında üzə
çıxarmaq kimi çətin bir iş
görülmüşdür.
Şairin bu məcazlar sistemindən istifadəsində ənənəyə
bağlılıq, sələflərinin bədii mirası ilə
müqayisəli şəkildə üzə
çıxarılır. Aydın görünür ki,
araşdırma zamanı Nəsimi şeirinin poetik özəllikləri
Orta əsrlər Şərq poetkasına həsr edilmiş
İbn Mütəzz, Raduyani, Rəşidəddin Vətvar,
Şərafəddin Rami, Şəm Qeys Razi, Vahid Təbrizi,
Əlişir Nəvai və başqa şeirşünaslıq
sahəsində tanınmış alimlərin
elmi irsini dərindən öyrənmək və onlardan bəhrələnmək
öz bəhrəsini vermişdir.
Monoqrafiyanın
"Nəsiminin söz sənətkarlığı"
adlı III fəslində, "Mənəvi və üslubi-mənəvi
fiqurlar" və "Üslubi fiqurlar" kimi bölmələrdə
Nəsimi şeiri dərin təhlildən keçirilir. Şərq
şeirşünaslığında mötəbər nəzəri
mənbələrə istinadən müəllif eyham, təlmih,
təşbeh, istiarə, müraatün-nəzir, epitet,
hüsni-təlil, irsalül - misal, cinas, təqsim, təfqiy, ləffü-nəşr,
təsqir, təcahülü-arif, ləffü-nəşri-mürəttəb,
tənasüb, təkrir, rəddül-əcəz, təşxis,
tənsiküs-sifat, moğolçin, təşbehi-izmar, təşbehi-əks,
tənasüb və bu kimi poetik ifadə və təsvir vasitələrinin
şeirdəki üslübi-poetik məqamlarının
oynadığı roldan, onların müəyyən
biçimlə şeir misralarına "oturmasından", ritmik-üslubi məqamların zərgər dəqiqliyi
ilə söhbət açır.
Monoqrafiyada
türk təzkirəçilərindən Qəstəmonili Lətifinin
(XVI) "Təzkirətüz-şüəra" və
"təbsiratün-nüzəma", Gəlibdulu Mustafa
Alinin (XVI), "Künhül-əxbar", təzkirələrində
Nəsimi və qardaşı Şah Xəndan haqqında
verilmiş məlumatlara, onlardakı ziddiyyətli
düşüncələrə aydınlıq gətirilir, təhriflərə
açıq münasibət bildirilir: Müəllif yazır:
"Ümumiyyətlə, təkcə Lətifi deyil, digər
təzkirəçilər də Nəsimidən bəhs edərkən
onun hürufilik ideyalarının daşıyıcısı
olan beytlərinə deyil, irfani məzmunlu şeirlərindən
seçmələrə üstünlük verirlər. Bəzi örnəklər isə Osmanlı təzkirələrində,
demək olar ki, təkrarlanır".
Monoqrafiyada Lətifinin adıçəkilən təzkirəsinə
istinadən ("Təzkirətüş-Şüəra"...)
S.Şıxıyeva Şah Xəndan haqqında qısa da olsa,
xeyli qiymətli olan bir məlumata diqqət yetirmişdir. Şah Xəndan
qardaşı Nəsimiyə məsləhət etmişdi ki,
İlahi eşqlə bağlı sirləri aləmə
faş etməsin ("Gəl, bu sirri kimsəyə
açıqlama, seçilmişlərin süfrəsindən
kütləyə yedizdirmə"). Odur ki,
aşağıdakı şeirlə qardaşına müraciət
etmişdi:
Gəl,
bu sirri aləmə faş eyləmə,
Xani-xasi aməyə aş eyləmə.
Yer
Gök arası Haqq oldu mütləq
Söylər
dəfü, cənyi ney ənəlhəqq.
Buna cavab
olaraq Nəsimi qardaşına cavab vermişdi:
Dəryayi-mühit
cuşə gəldi
Kövn ilə məkan xüriuşə gəldi.
Sirri-əzəl
oldu aşikara,
Aşiq necə eyləsin müdara.
Monoqrafiya müəllifi bu rəvayətlə
bağlı belə fikri təsdiqləyir ki, Şah Xəndan
qardaşına şeirlə müraciət edərkən o, həm
şair, həm də nemətullahi kimi tanınırdı.
Səadət xanım buradaca qeyd edir ki, Lətifi, Ə.Nəvai
kimi bəzi təzkirəçilər Nəsimini irfani bir
şair kimi qələmə verirlər. "Halbuki Nəsiminin
əksər şeirləri yekrəng, yekahəng olmayıb da
çox çeşidli dünyagörüşləri əks
etdirir. Onun şeirlərindən bir qismi
hürufi-təsəvvüfi, hürufi-lirik, dünyəvi-lirik,
bəziləri isə daha mürəkkəb-təsəvvüfi-hürufi-lirik
kombinasiyalıdır".
Müəllif
Nəsimi şeirində tez-tez rast gəlinən say sistemi, rəqəmlər
haqqında dolğun, təkzibedilməz məlumatlar verir.
Araşdırıcı "Zərrə mənəm, günəş
mənəm, car ilə pəncü şeş mənəm"
misrasındakı "çar" və "pənc"
(beş) rəqəmlərinə bəzi tədqiqatçıların
verdiyi şərhlərin yanlış olduğunu qeyd edərək
yazır ki, buradakı “çar” - "Çahar"
(dörd) dörd ünsür deməkdir: su, od, torpaq, və
hava. 5 isə bəzilərinin qeyd etdikləri
kimi, 5 müqəddəs kitab (Tövrat, İncil, Zəbur,
Quran və Cavidannamə) demək deyil. Çünki
bu kitablardan ilk dördü səmavi kitab olduğu halda
"Cavidannamə" səmavi kitab sayılmamış, onu
Quranın şərhi hesab etmişlər. Buradakı 5 rəqəmi
dünyanı dərk etmənin bələdçisi olan beş duyğu üzvü (görmə,
eşitmə, iybilmə, dadbilmə və toxunma) nəzərdə
tutulur. Şeş (altı) rəqəmi isə
dünyanın altı cəhəti kimi nəzərdə
tutulur.
Monoqrafiyanın II fəslinin "Spesfik irfani termin-məcazlar
və anlam tutumları" adlı bölməsində müəllifin,
izahına ehtiyac duyulan bir sıra termin və məcazlara
verdiyi şərhlər maraq doğurur və ədəbiyyatşünaslıq
elmimiz üçün çox önəmlidir.
Burada o,
"iki cahan", "fərda", "danla",
"yarın", "can", "canan", "yar",
"cənnət", "cəhənnəm", "bədəl",
"mən", "inci", "sədəf",
"dürdanə", "sığmaz",
"sığar", "pərdə", "niqab",
"hicab", "örtük", "ağızın
yoxluğu", "ağızın varlığı",
"mehrab", "cisim", "ruhi-natiq", "göz"
(qəlbin göz) və s. kimi termin-məcazların maraq
doğuran, düzgün şərhini vermişdir". Kitabın məziyyətləri haqqında çox
danışmaq olar.
Şərq
poetikasının sirlərini öyrənmək hər tədqiqatçıya
müyəssər olmur. Səadət
Şıxıyevanın çox çətin bir işə
- Nəsimi şeirinin zənginliklərinə nüfuz etməsi
sevindirici, təqdirəlayiq bir haldır və o, bu işi
böyük uğurla yerinə yetirib.
525-ci qəzet.- 2020.- 21 fevral.- S.12.