50 yaşlı "Qobustan"ın işığında deyilənlər
Hələ
fevral ayını yaşasaq da, qış sanki soyuğuna qənaət
edir, aram-aram "xərcləyir". Əvəzində
günəş gülümsəməkdə, sərin meh
saçlarımızı fikirlərimizlə həmahəng
dalğalandırmaqda davam edir. Amma təcrübə
göstərir ki, günəşin insanın içini isidən
təbəssümünə, rüzgarın mehriban
sığalına aldanmaq olmaz. Axı hələ
qışdır.
Fevralın
18-i səhər işə gedərkən mən də
aldanmışdım xoş, mülayim havaya. Sonra isə
külək artmış, əynimi nazik geyindiyim
üçün mənə hiddətlənmişdi elə
bil. Həmin soyuq fevral gününün axşamı
içimizə, ruhumuza yaz havasını yaşadan məkan isə
Bakı Kitab Mərkəzi oldu. 50 illik yubileyinə
toplaşdığımız "Qobustan"
jurnalının işığı qışın da, elə
insanların da soyuqluğunu isitməyə yetirdi.
Gözümü
açıb adını eşitdiyim, səhifələrində
dolaşdığım, ən gözəl, ən vacib mədəniyyət,
ədəbiyyat materiallarını oxuduğum bir sənət
toplusunun 50 illik yubiley tədbirində iştirak etmək və
bu gün ordan reportaj yazmaq həm xoş, sevincli, həm də
bir az qəribə duyğular yaşadırdı. Təyin
olunan vaxta az qalmış yavaş-yavaş "Qobustan"la bərabər
müasir Azərbaycan ədəbiyyatının mogikanları
olan dəyərli yazıçılar, şairlər, incəsənətimizin
tanınmış simaları işıqlı, geniş, hər
küncü kitab qoxuyan tədbir zalında görünməyə
başladılar.
Tədbiri
tanınmış televiziya aparıcısı Nərgiz Cəlilova
idarə edirdi. O dedi ki, "Qobustan"ın 50
yaşı ötən il tamam olub, geniş yubiley tədbiri
isə bu gün keçirilir: "Bildiyiniz kimi,
"Qobustan"ın başı çox bəlalar çəkib,
daim təzyiqlərə, qadağalara, tənqidlərə məruz
qalıb. Özü də yüksək səviyyədə,
yəni Sovet dövləti tərəfindən. Cəsarətli
məqalələrinə, açıq, dürüst
yazılarına görə. Lakin toplunun ilk baş
redaktoru, Xalq yazıçısı Anar hər zaman dediklərinin,
elədiklərinin arxasında dayanıb, mübarizə aparıb
və bunun sayəsindədir ki, toplunun çapı bir gün
belə dayandırılmayıb, ləngiməyib. Bu
günə qədər də uğurla öz fəaliyyətini
davam etdirir".
Sonra
söz Bakı Kitab Mərkəzinin rəhbəri Günel
Rzayevaya verildi. Günel xanım dedi ki, toplu yaranarkən o,
hələ dünyaya gəlməsə də, sonrakı illərdə
nəşri davam etdirmək üçün atası
Anarın və toplu əməkdaşlarının zəhmətlərini
yaxşı xatırlayır: "Bu gün ədəbiyyat,
incəsənət, mədəniyyət xadimləri ilə
yanaşı, sənətdə yeni addımlarını atan
şair, yazıçı və tərcüməçilərin,
eyni zamanda, türk və digər xarici ölkə ədəbiyyatının
tanınmış nümayəndələrinin əsərlərinin
dərc olunduğu bir jurnalın - "Qobustan"ın fəaliyyətə
başlamasının 50 illiyinə həsr edilmiş tədbirə
toplaşmışıq. "Qobustan" mənim
üçün xüsusi əhəmiyyət kəsb edir. Gəncliyim
bu jurnalın çətin fəaliyyəti dövrünə
düşüb. Atam bu jurnalın öz fəaliyyətini
davam etdirməsi, tutduğu yoldan dönməməsi
üçün çox əziyyətlər çəkib. "Qobustan"ın
o illərdə qızğın fəaliyyətinin hər bir
anı böyük əzm tələb edirdi.
Bu gün
"Qobustan" çox yaxşı fəaliyyət göstərir. Bu
jurnala hər zaman dövlət tərəfindən dəstək
nümayiş edilib, bu gün də onun şahidiyik. Buna
görə, ölkə rəhbərliyinə təşəkkür
edirəm".
"Qobustan"
jurnalının baş redaktoru, Əməkdar mədəniyyət
işçisi Vaqif Əlixanlı vurğuladı ki, rəhbərlik
etdiyi jurnalın günümüzədək gəlib
çatmasında Xalq yazıçısı Anarın
böyük xidmətləri olub: "Mən o dövrdə
radioda işləsəm də, hər zaman könlüm
"Qobustan"da olub. Bu jurnalda məndən əvvəl
də çalışan insanlar vardı, bu 50 ildə
onların əməyi, təbii ki, danılmazdı. Necə
ki, "Füyuzat"ın başında Əli bəy
Hüseynzadə pərəstişkarları toplanan kimi
"Qobustan"ın da başında Anar sənətinin, Azərbaycan
incəsənətinin pərəstişkarları toplanıb. İndiki
“Qobustan”çılar da, bu jurnalın yaşamasında
müstəsna xidmətlər göstəriblər. "Qobustan"
nə qədər təqib olunsa da, ən əsası odur ki,
bu jurnal yaşayır və yaşayacaq. Jurnalın son
dövrdəki fəaliyyətində Heydər Əliyev
Fondunun rolu böyükdür. Buna görə, Fondun rəhbərliyinə
təşəkkür edirəm".
"Qobustan"ın
mübarizə yolu
Xalq
yazıçısı Anar jurnalın keçdiyi tarixi yola nəzər
salıb, toplunun yaranması və fəaliyyətindən
söz açdı. Qeyd etdi ki, "Qobustan" jurnalı
fəaliyyətə başladığı dövrdən bir
neçə il sonrayadək çətin, məşəqqətli
yol keçib. Ancaq jurnal o vaxtkı yaradıcı kollektivin ardıcıl
əməyi ilə inkişaf etdirilib: "Toplunun adını
"Qobustan" qoymağımız təəccübə səbəb
olmuşdu. Mən bu adı təklif edəndə dedilər,
niyə Qobustan? Dedim çünki Azərbaycan incəsənətinin
ilk izləri Qobustandadır, təsviri sənət nümunələri,
qaval daşları və sair. Bununla razılaşdılar
və ilk dəfə olaraq Mərkəzi Komitənin qərarı
dəyişdirildi, jurnalın adı "Qobustan" oldu. Bu
işin fəal tərəfdarlarından biri də rəhmətlik
Teymur Əliyev idi. Birinci gündən etibarən
"Qobustan"ın başı bəlalar çəkməyə
başladı. Bizə irad tuturdular ki, siz yeni sözlər
işlədirsiniz - türk sözləri. Biz də deyirdik
ki, bunlar türk sözləri deyil, biz "almanax", "məcmuə"
yox, "toplu" yazırıqsa, toplu Azərbaycan dilinin
izahlı lüğətində var. Biz Azərbaycan dilində
"önəmli", "ön söz" yazırıqsa,
bu, "əhəmiyyətli", "müqəddimə"
sözlərinin yerinədir. Bunun nəyi qəbahətdir? Deyirdilər
ki, bunları türklər də işlədir. Deyirdik, nə
olsun işlədirlər? Onlar "ana", "ata"
sözlərini də işlədirlər, onda biz bu sözlərdən
də imtina edək? Bu cür söz mübarizəsindən
başqa, ideya mübarizəsi də gedirdi. Məsələn,
bir dəfə jurnalda gedən Üzeyir Hacıbəyovla
bağlı məqalədə Əli bəy Hüseynzadənin
adı çəkilmişdi. Bir o ada görə dedilər
ki, siz pantürkistsiniz, Əli bəy Hüseynzadə
turançıdır və sair. Bir sayda Xəyyam Mizəzadənin
şəkli çıxmışdı, əlində siqaret,
onu problem elədilər ki, siqareti çıxarın. Mərhum
Cəfər Cəfərovdan sonra Mərkəzi Komitəyə
başqa bir katib təyin olunmuşdu. Bir gün mənə
zəng gəldi ki, katib səni çağırır. Gələndə
rəssam Toğrul Sadıqzadəni də özünlə gətir. Toğrul
repressiya qurbanı yazıçı Seyid Hüseynlə
Ümgülsüm xanımın oğludur. Birlikdə
getdik katibin qəbuluna. Katib "Qobustan"ın bir
sayını qoydu qabağımıza. Səhifədə
Toğrulun çəkdiyi bir şəkil vardı:
İçərişəhərdə Nərimanov, Kirov,
Orconikidze və Çiçerin dayanıblar. Nərimanov
bir az onlardan qabaqdadır. Dedi, bu nədir, Nərimanov
niyə öndədir? Mən də dedim ki, çünki
İçərişəhərdədilər, Nərimanov da
qabağa keçib onlara buranı tanıdır.
Razılaşmadı, dedi, gedin, çıxarın bu şəkli.
Dedim, onda rəsmi sənəd verin ki, çıxartdıraq.
Dedi niyə? Dedim, çünki mən çıxartdırsam
bunu, mətbəədə deyəcəklər, dörd
inqilabçının şəklini niyə
çıxardırsan, bəyəm əks-inqilab baş
verib? Heç nə demədi. Axırda bircə bunu
dedi ki, bilirsiz də, 37-ci ildə olsaydı, ikinizi də tutardılar.
Toğrul da dedi ki, bizdən tutulan olub, arxayın olun.
Ulu
öndər Heydər Əliyev bir dəfə demişdi:
"O vaxtlar mənə "Qobustan"dan çox şikayətlər
gəlirdi, deyirdilər burda dövlətə qarşı
yazılar var. Mən də oxuyub görürdüm ki, burda
deyilənlərin heç biri yoxdur, əksinə, bizə
lazım olan şeylər var, sənət var, mədəniyyət
var. "Qobustan" bizim milli şüurumuzun oyanmasında
müstəsna bir rola malikdir". Bu jurnalın bu günədək
fəaliyyət göstərməsində unudulmaz Heydər
Əliyevin böyük xidməti olub. Ömrümün 29
ilini "Qobustan"a sərf etmişəm, sonra Xalq şairi
Fikrət Qoca, rəhmətlik Ələkbər Salahzadə, bu
gün isə Vaqif Əlixanlı jurnala rəhbərlik
edir. "Qobustan" yaşayır və yenə
yaşayacaq".
Xalq
yazıçısı Elçin dedi ki, "Qobustan" Azərbaycanda
ədəbi və mədəni mühitin formalaşmasında
xüsusi yeri olan jurnal kimi yaddaşlarda qalıb: "Bu
jurnalın ərsəyə gəlməsində bilavasitə
iştirak etməmişəm. Ancaq onu deyə bilərəm
ki, "Qobustan" o dövrdə gənc ədiblərin hiss
və həyəcanlarını ifadə edirdi. Bu jurnal
hamımızın jurnalı idi. "Qobustan" təkcə
yazılarımın çap olunduğu üçün mənə
əziz deyil, həm də xoş xatirələri yada
saldığı üçün sevimlidir. Mənim
üçün bu 50 ilin ən əsas cəhəti odur ki, bu
jurnal oxucuları ilə hər zaman bir yerdə olub".
Azərbaycançı
"Qobustan"
Baş
redaktor Vaqif Əlixanlı çıxışında
"Qobustan"ın ən gözəl xidmətlərindən
biri kimi Azərbaycan dilinin koloritdən, zənginliyindən
istifadə edərək, ana dilini yaşatmaq olduğunu
demişdi. Onun bu fikirlərini AMEA-nın vitse-prezidenti,
akademik İsa Həbibbəyli öz
çıxışında davam etdirərək daha da
genişləndirdi: "Mən "Qobustan"ın
yaradılmasında iştirak etməmişəm. Mənə
“Qobustan”çı demək olmaz. Amma mən Azərbaycançıyam. Mənimçün
də ən əsası odur ki, "Qobustan" Sovet
ideologiyasının hökm sürdüyü dövrdə Azərbaycançı
mövqeydən çıxış edən müasir mətbuat
orqanlarından biri idi. "Qobustan"ın Sovet hökuməti
illərində Azərbaycan dili uğrunda apardığı
mübarizə, Azərbaycan milli mədəniyyətinin təbliğ
və inkişaf etdirilməsi yollarında göstərdiyi fəaliyyət
sözün əsl mənasında Azərbaycan xalqına, Azərbaycançılıq
idealına xidmətin mükəmməl bir nümunəsidir. Və
bu gün biz müstəqil dövlətimizdə Azərbaycançılıq
ideologiyasının dövlət ideologiyası səviyyəsinə
qalxdığı bir şəraitdə keçmişə
baxarkən Azərbaycançılıq idealları uğrunda
Mirzə Cəlildən bu günə qədər gələn
yolda "Qobustan"ı böyük, möhtəşəm
körpülərdən biri kimi görürük. Bu,
"Qobustan"ın, məncə, ən böyük xidmətlərindən
biridir. Elmi cəhətdən yanaşsaq, "Qobustan"
universal bir mətbuat orqanıdır. Əslində, incəsənət
özü universaldır. "Qobustan" öz səhifələrində
hər zaman ədəbiyyata da yer ayırıb. Mirzə Cəlilin
yeni tapdığımız pyeslərini ilk dəfə
"Qobustan" çap eləmişdi. Bu mənada
"Qobustan" sənət və ədəbiyyat toplusudur. "Qobustan"
ədəbiyyatla sənətin sintezini özündə əks
etdirən dərgi kimi də orijinallığa malikdir. "Qobustan"
Azərbaycançılıq və sənət
ideallarını özünə missiya seçən bir mətbuat
orqanı kimi bu gün də öz fəaliyyətini uğurla
davam etdirir. Bu jurnal Azərbaycan milli mətbuat tarixinin
sözün əsl mənasında bir mərhələsini təşkil
edir, böyük istiqamətini müəyyən edir”.
Mətbuat
Şurasının sədri Əflatun Amaşov
çıxışından öncə şuranın Azərbaycanda
ictimai-siyasi və bədii fikrin inkişafında misilsiz
töhfələrinə görə "Qobustan"ı təltif
etdiklərini dedi. Yerdən diplomun hansı baş redaktora
təqdim ediləcəyi sualı verildi. Hər kəsdən
öncə Anar müəllim dilləndi: "Vaqifə!" Və
Əflatun Amaşov diplomu jurnalın indiki baş redaktoru Vaqif
Əlixanlıya təqdim edərək fikirlərini
bölüşdü: "Azərbaycan milli mətbuatı
"Əkinçi"dən başlayır.
"Əkinçi"də milli şüur, milli dərk
meydana gəldi və bütün bunlar "Molla Nəsrəddin"
jurnalında özünün ən uca zirvəsinə
qalxdı. "Molla Nəsrəddin"dən sonra mən
belə düşünürəm ki, məhz "Qobustan"
korşalmaqda olan milli dərki silkələdi. Bu mənada
"Qobustan" milli şüurun inkişafında, ictimai
fikrin oyanmasında öz töhfəsini verdi. Bu toplu
adı "Qobustan" olmaqla Azərbaycanın qədimliyinin,
ədəbiyaşarlığının rəmzidir".
Azərbaycanın
Rusiyadakı səfiri, Xalq artisti Polad Bülbüloğlu:
"Qobustan"ın yubiley tədbirində iştirak etmək
mənimçün böyük şərəfdir. Bu
jurnalın həyatımdakı,
yaradıcılığımdakı izini mən iki cəhətdən
dəyərləndirə bilərəm. Həm 60-cı
illərin müğənnisi, bəstəkarı kimi, həm
də 80-ci illərin sonlarından bir nazir kimi. Doğrudan
da, o vaxt Sovet qəzet və jurnalları arasında bu,
qeyri-adi, özünəməxsus jurnal idi. Sovet
İttifaqında heç bir respublikada belə bir jurnal yox idi. "Qobustan"ın
işıq üzü görməsi Azərbaycan mədəni-ictimai
mühiti üçün bir inqilab oldu. Hər nömrəsini
biz yaradıcı adamlar həvəslə oxuyardıq. Orada
mənimlə bir söhbət çap olunmuşdu və birmənalı
qarşılanmadı. Nazir olandan sonra diqqət etdim ki, bu,
Mədəniyyət Nazirliyi ilə Yazıçılar
İttifaqının birgə nəşridir. 80-ci illərin
sonu, 90-cı illərin əvvəllərində ölkənin
ən çətin məqamlarında biz nazirlik olaraq
jurnalı tamamilə Yazıçılar Birliyinə verdik. Və
görürəm ki, çox düzgün addım
atmışıq. Jurnal indiyə qədər də
yaşayır və maraqla izlənilir".
"Qobustan"ın
qadın nəfəsi
Xalq
yazıçısı Elçin
çıxışında qeyd elədi ki, ötən 50 il
müddətində hər şey, hər kəs dəyişdi,
bircə akademik Zemfira Səfərovadan başqa: “Zemfira
xanım yenə də həmin enerjidə, mehribanlıqda, səmimiyyətdə
qalmaqdadır”.
Zemfira Səfərovanın
enerjili, yumorlu, koloritli çıxışı bu sözləri
bir daha təsdiqlədi: "Azərbaycan mədəniyyətinin
tarixində "Qobustan"ın xüsusi bir rolu və yeri
var. Bu rol 50 il davam etdiyi kimi, inanırıq ki, hələ ən
azı 50 il də davam edəcək. Mən musiqiçi, sənət
adamı kimi deyə bilərəm ki, "Qobustan"ın
alimlərimizin, sənət adamlarımızın
yaradıcılığında, gənclərin
dünyagörüşünün artmasında böyük
xidməti olub. Mən illərdir ki, "Qobustan"ın
redaksiya heyətinin üzvüyəm. Jurnala müxtəlif
səpkili çoxlu məqalələr yazmışam. Hətta
bir dəfə bu məqalələrin sayını
özümçün müəyyənləşdirmək
istədim, amma qəti nəticəyə gəlib
çıxa bilmədim. Bir dəfə jurnalda belə bir
məqaləyə rast gəldim: "Azərbaycanın musiqi
tarixi - icmal şəklində. Onda mən Azərbaycanın
musiqi tarixinin yazılmasını arzu edirdim. İndi isə
bu tarixin beş cildi artıq işıq üzü
görüb. Ona görə də mən "Qobustan"a
minnətdaram ki, bu layihənin əsası ilk dəfə orda
qoyuldu”.
"Qobustan"
Azərbaycanın tarixində qalan böyük bir
kitabdır"
Akademik Rafael Hüseynov "Qobustan"a sadəcə toplu, dərgi, jurnal və bu sıradan olan adi nəşr kimi baxmadığını önə çəkdi: "Hər millətin yetişməsində, içəridən zənginləşməsində onun tarixində qalan bir çox kitabın vacibliyi var. "Qobustan" Azərbaycanın tarixində qalan əslində, böyük bir kitabdır. Mən "Qobustan"ı yalnız bir ədəbiyyat, mədəniyyət hadisəsi saymıram. Çünki Anarın "Qobustan"ı yaratmaqla, ayaqüstə saxlamaqla gördüyü iş bilavasitə millət quruculuğu ilə bağlıdır. Anar müəllimin bu mənada gördüyü işi Məhəmməd Əmin Rəsulzadənin, Əli bəy Hüseynzadənin, Əhməd bəy Ağaoğlunun gördüyü işlərlə müqayisə edirəm. Gələcəkdə jurnalın çox yubileyləri ola bilər, başqa insanlar redaktorluq edə bilərlər. Amma Anarın buradakı rolu təkcə "redaktə edən" mənasında redaktorluq deyil. Bilavasitə millət quruculuğu, millətdə özünüdərk baxımından yeni insan tipini, yeni nəsli yaratması ilə əlamətdardır. İyirminci əsrdə Azərbaycan üçün bu missiyanı yerinə yetirmiş üç böyük nəşr var: "Molla Nəsrəddin", "Varlıq" və "Qobustan". Mən ilk dəfə "Qobustan" jurnalını hələ məktəbli olduğum vaxtda görmüşəm. Onu kitab dükanında satırdılar. Mən də təəccübləndim ki, niyə qəzet köşkündə deyil, kitab dükanında satılır? Hansı səbəbdən eləmişdilər, bilmirəm. Amma illər keçəndən sonra gördüm ki, düz eləyiblər. Bu, insanların alıb oxumalı olduğu bir kitabdır. 1970-ci illərdən mənim jurnalla əməkdaşlığım başladı. İlk yazım 1974-cü ildə çap olundu. Elə yazı idi ki, onu mən başqa yerdə çap edə bilməzdim. Başqa heç bir mətbu orqanda "Qobustan"dakı nəfəs genliyi, azad düşüncə yox idi. Bu meydanı Anar müəllim yaratmışdı".
"Qobustan"ın musiqili qonaqları
Akademik Zemfira Səfərovanın dediyi kimi, "Qobustan" öz səhifələrində musiqiyə də geniş yer ayırır. Ona görə də gecədə təkcə alimlər,
yazıçılar deyil, həm də musiqili qonaqlar
iştirak edirdilər. Çıxışlar arasında
onların ifalarını dinləmək insana ayrı zövq
verirdi.
Əməkdar
artist, opera sənətçisi İlham Nəzərov
(fortopianoda Səma Xəlilzadə), Xalq artisti, professor
Ülviyyə Hacıbəyova (Ə.Bədəlbəylinin
"Qız qalası" baletindən parça), Əməkdar
artist, tarzən Sahib Paşazadə ("Segah"
muğamı), Xalq artisti İlqar Muradovun ifaları, Xalq artisti
Məmməd Səfanın qiraətində Xalq şairi Fikrət
Qocanın "Yuxarıdan Tanrı baxır
asimana" şeiri "Qobustan"ın doğma sənət
aurasını yubiley gecəsinə də daşıdı.
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2020.- 21 fevral.- S.10-11.