Milli Konservatoriyada UNESCO klubunun təqdimatı olub
Azərbaycan UNESCO klubları şəbəkəsi
və Azərbaycan Milli Konservatoriyasının
birgə təşkilatçılığı
ilə fevralın 20-də
Konservatoriyada UNESCO klubunun
təqdimat mərasimi
keçirilib.
Təqdimat mərasimində Milli
Konservatoriyanın rektoru,
Xalq artisti Siyavuş Kərimi, Azərbaycan Respublikasının
Xarici İşlər
Nazirliyinin xüsusi tapşırıqlar üzrə
səfiri, UNESCO üzrə
Azərbaycan Respublikasının
Milli Komissiyasının
baş katibi Elnur Sultanov, Təhsil Nazirliyinin Beynəlxalq Əməkdaşlıq
şöbəsinin müdiri
Nicat Məmmədli, Azərbaycan UNESCO klublarının
koordinatoru Cahangir Hacıyev, eyni zamanda, təhsil ocağının müəllim
və tələbələri
iştirak ediblər.
Rektor Siyavuş Kərimi Azərbaycan-UNESCO münasibətlərinin
yüksək səviyyədə
olduğunu qeyd edərək, Azərbaycan
Respublikasının Birinci
vitse-prezidenti, Heydər
Əliyev Fondunun prezidenti, UNESCO-nun xoşməramlı
səfiri xanım Mehriban Əliyevanın misilsiz xidmətlərini vurğulayıb. O, klubların
Azərbaycanın UNESCO ilə
əməkdaşlığına əlavə töhfə verəcəyinə əminliyini
bildirib. Çox sevindirici haldır
ki, mədəniyyət
müəssisələri içərisində
ilk UNESCO klubu Milli Konservatoriyada yaradılıb.
Tədbirdə Milli Komissiyanın baş katibi Elnur Sultanov iştirakçıları Xarici
İşlər naziri
Elmar Məmmədyarov
adından salamlayaraq
UNESCO klublarının yaradılmasının
əhəmiyyətindən söhbət açıb. E.Sultanov Milli
Komissiyanın Azərbaycan
xalqının Ümummilli
lideri Heydər Əliyevin 1994-cü ildə
müvafiq Sərəncamı
ilə yaradıldığını
qeyd edərək, Komissiyanın fəaliyyəti
barədə danışıb.
O, Azərbaycan və
UNESCO arasında əməkdaşlıq
əlaqələrinin möhkəmləndirilməsi
siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla
davam etdirildiyini vurğulayıb. Ölkəmizdə UNESCO klublarının yaradılmasının Azərbaycan-UNESCO
əlaqələrində yeni
səhifə olduğunu
qeyd edən E.Sultanov hazırda 100-dən
çox ölkədə
4 mindən çox klubun fəaliyyət göstərdiyini söyləyib.
Vurğulayıb ki, klublar könüllü qruplarla idarə olunur və UNESCO təşkilatının əqidəsi,
məramları və
vəzifələri barədə
əhalinin geniş məlumatlandırılması,
onun həyata keçirdiyi tədbir və layihələrə
qoşulması, həmçinin
dünya üzrə yüzlərlə UNESCO klubları
ilə mübadilə
yaratmaq məqsədlərini
güdür.
Qeyd edib ki, ötən
ildə ölkəmizin
bir sıra təhsil müəssisələrində
- Azərbaycan Respublikasının
Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyası, Azərbaycan
Dövlət Pedaqoji Universitetində, Bakı Avropa Liseyində və 20 saylı ümumtəhsil məktəbində
UNESCO klubları yaradılıb.
Təhsil Nazirliyinin şöbə müdiri Nicat Məmmədli UNESCO-nun gənclər
mövzusuna önəm
verdiyini vurğulayıb,
ölkəmizdə həyata
keçirilən təhsil
siyasətindən bəhs
edib, Azərbaycan-UNESCO
klublarının fəaliyyətində
uğurlar arzulayıb.
Azərbaycan-UNESCO klublarının koordinatoru
Cahangir Hacıyev təqdimatla çıxış
edərək, klubların
yaranması haqqında
tədbir iştirakçılarına
məlumat verib və onların fəaliyyət istiqamətləri
barədə danışıb.
Sonra tədbir
musiqi nömrələrinin
səsləndirilməsi ilə
davam edib.
525-ci qəzet.- 2020.- 21 fevral.- S.9.