Peşmanlıqdan sevincə keçid

 

Maraqlı şeir, esse, müsahibələrilə seçilib gənc yaşında ədəbi aləmdə özünü təsdiq etmiş Fərid Hüseyn AYB-nin "Natəvan" adına klubda keçiriləcək kitablarının (!) təqdimatı mərasiminə 1 həftə öncədən məni dəvət etmişdi.

Təqdimat gününəcən, dəfələrlə onun doğma səsini, işıqlı üzünü xatırlayır, demək olar, hər gün "birdən mənə söz versələr..." fikri ağlımdan keçdiyindən narahat olsam da, yaşımı ayaqlarımın ağrıdığını özüm-özümə bəhanə gətirərək kitabxana, yaxud kitab mağazasına gedib onun kitablarını aramadım. Fəridin "Sevdiyim kitab" layihəsində Lev Tolstoyun məşhur "İvan İliçin ölümü" hekayəsilə bağlı mənimlə sorğu apardığını xatırladım. O hekayəni hekayə barəsində yazılmış həm rus, həm digər xalqlardan olan söz, sənət, düşüncə adamlarının dediyi, yazdığı fikirləri yenidən araşdırdım. Sorğu zamanı Fərid bəyin həm "İvan İliçin ölümü", həm bu qüdrətli əsərlə bağlı söylənən fikirlər haqqında... bu yaxınlardasa tanınmış şair Şəhriyar Del Geraniylə apardığı sorğuda Fəridin verdiyi suallardan onun ədəbiyyat, söz, fikir aşiqi olaraq geniş mütaliəsi, düşüncə dairəsinin genişliyi, məntiqinin gücü, vurğuladığı sənət adamının, şəxsiyyətin dərin qatlarına enə bilmə qabiliyyəti diqqətimi çəkdi.

Neçə il öncə irihəcmli sənədli bir romanı məndən sonra Fərid Hüseyn redaktə edərkən onun sözü, cümləni, mətni duyma hissiyyatını, bəzi faktları səbirlə araşdıraraq dəqiq çıxarışlar etdiyini ciddi məsuliyyətini bir daha hiss etdim.

Təqdimata bir gün qalmış Fəridin Özbəkistan səfəriylə bağlı yazıb "Ədəbiyyat qəzeti"ndə çap etdirdiyi "Xivə dəftəri" şeirini gözdən keçirdim. Bir neçə misrada mənə orijinal, yeni görünən bənzətmə, obrazlı ifadələri kağıza köçürdüm.

Fəridin "Yalan bayramı" adlı gözəl şeirini oxuyanda dünyaca məşhur türk şairi Nazim Hikmətin ötən yüzilliyin 1949-cu ildə yazdığı "Əllərinizə yalana dair" şeiri yadıma düşdü. Geniş mütaliəli Fəridin həmin şeirdən təsirlənib impuls aldığına şübhə etmirəm. Dünyada özündən öncəki dahi sənətçilərdən təsirlənməyən, faydalanmayan yaradıcı adamın olduğuna inanmıram. Məna ideyaca bir-birinə oxşasa da, intonasiya, obraz bənzətmələrin orijinallığına görə bu iki şeir bir-birindən dağ-dərəcən seçilən bədii mətnlərdi...

Səhərisi gün əlimdə əsa taytıya-taytıya, həm tələsə-tələsə gəlib "Natəvan" klubunda dairəvi düzülmüş stulun birinə ərkyana yaxınlaşanda kiminsə "ora tutulub" dediyini eşitdim. Ondan aralıdakı yerlərə yaxınlaşanda, məndən sonra gələcək kimlər üçünsə tutulduğunu bilib, suyu süzülmüş geri qayıdaraq arxada sırayla düzülən stulların birində oturaraq dairəvi masa ətrafında əyləşənləri gözdən keçirdim: Anar, Fikrət Qoca, Çingiz Abdullayev, İsa Həbibbəyli, Rəşad Məcid, tədbirin aparıcısı olan Səlim Babullaoğlu, İrfan Çiftçi, Əjdər Ol, Azər Turan, Elnarə Akimova... Bir qədər qısqanclıqla "Maşallah, gənc Fəridin işığına qədər tanınmış yaradıcı şəxsiyyət yığışıb... Otuz yaşı ola, ya olmaya... Deməli, istedadın yaşı olmur..." kimi fikirlər ağlımdan keçdi. Sağımda oturmuş, üzdən tanıyıb adını bilmədiyim fotoqrafdan pıçıltıyla: "Bəs bəy niyə gecikir?" soruşdum, o da məndən: - Hansı bəy? - deyə xəbər aldı. Adı yadımdan çıxdığından bir an duruxdum, günahkarcasına tez sözümə davam elədim: - Tədbirin səbəbkarını deyirəm , Fəridi! Fərid niyə gecikir?

- Fəridin təqdimatı dünəniydi. Bu tədbir... Bəxtiyar Vahabzadənin anım gününə görədi...

- danışırsan?..

Bu dəfə dilxorca düşündüm ki: "Di gəl, görəndə Fərid bəyi inandır ki, tədbirinə gəlmişdim..."

Bir an sonra sevimli müəllimim, gözəl şairimiz Bəxtiyar Vahabzadənin həmişəyaşarlığını xatırladan misraları öz səsində yayılaraq içimi ışıqlandırdı. Bəxtiyar Vahabzadənin oğlu İsfəndiyar bəyin o tədbirə gəlməməsi isə məni uzun müddət düşündürdü.

 

Azər ABDULLA

 

14 fevral, 2020

 

525-ci qəzet.- 2020.- 21 fevral.- S.8.