Ölkədə ilk dəfə: UNEC-də
distant tədrisə başlanılıb
Azərbaycan
Dövlət İqtisad Universitetində (UNEC) distant təhsillə
bağlı pilot layihə həyata keçirilir. Artıq humanitar fənlərin tədrisi alternativ
kimi distant formada da təşkil olunub.
UNEC Externdə ilk olaraq Maliyyə və mühasibat
fakültəsində 2019-2020-ci tədris ilinin yaz semestrində
"Multikulturalizmə giriş" və "Sosiologiya" fənlərinin
distant formada tədrisinə başlanıb. 1-ci kursda əyani təhsil alan tələbələrdən
könüllülük prinsipi əsasında 24 tələbə
seçilərək, distant formada təhsilə cəlb olunub.
Həmin fənləri distant formada dinləmək istəyən
tələbələrin adları EDUMAN sistemində distant
formada tədris üçün yaradılan fənn üzrə
qruplara daxil edilib. Müəllimlər studiyalardan onlayn
apardıqları dərslərdə öncədən EDUMAN
sisteminə yüklənən tədris materiallarından
istifadə edirlər. Tələbənin
davamiyyəti və qiymətləndirilməsi isə
müvafiq qaydalara uyğun elektron jurnalda aparılır.
Sonda imtahanlar adi qaydada, tələbələrin fiziki
iştirakı ilə təşkil olunacaq. Distant qrupun
imtahan nəticələri digər qrupların imtahan nəticələri
ilə müqayisə olunacaq və nəticələr təhlil
ediləcək.
UNEC-in PROFESSOR-MÜƏLLİM
HEYƏTİ ÜÇÜN DİSTANT TƏLİMLƏR
"UNEC Extern"də UNEC-in Zaqatala filialının
professor-müəllim heyəti üçün distant təlimlər
keçirilib.
UNEC Eksterndə təşkil olunan təlimin məqsədi
tədris materiallarının keyfiyyətinin yüksəldilməsi,
müasir standartlara uyğun hazırlanması və
filialın professor-müəllim heyətinin Elektron Universitet
modelindən istifadə qaydaları barədə biliklərinin
daha da artırılması olub. UNEC-in Tədrisin keyfiyyətinə
nəzarət şöbəsinin təşəbbüsü
ilə keçirilən təlimləri TKQİM-in direktor
müavini, dosent Söhrab İsayev, "Rəqəmsal
iqtisadiyyat və İKT" kafedrasının dosenti Təranə
Əliyeva və "Elekrton universitet" şöbəsinin
böyük mütəxəssisi Qumral Hüseynova keçiblər. Maraqla
izlənilən təlimin yekununda Zaqatala filialının
professor-müəllim heyətinin sualları
cavablandırılıb.
Distant təhsil
universitetlərin öz tələbə kontingentini
artırmağa, çox az xərclə
daha çox tələbəyə ali təhsil imkanı verməyə,
xarici ölkələrdən çoxlu sayda tələbə
cəlb etməyə imkan verir. Bu, universitetlərin
maddi vəziyyətinin düzəlməsinə, öz müəllimlərinin
əmək haqqını əhəmiyyətli dərəcədə
artırmasına şərait yaradır. Həmçinin,
distant təhsil başqa ölkələrdə
çalışan tanınmış elm adamlarını Azərbaycana
gəlmədən yerli universitetlərlə əməkdaşlığa
cəlb etməyi, onların bizim gənclərimizə də dərs
deməsini mümkün edir. Mütəxəssilərin
fikrincə, distant təhsil daha çox əyani təhsilin
alternatividir. İnternetə
çıxışı olan hər yerdə bu təhsil
formasını almaq mümkündür. Dərslər
onlayn keçirilir. Distant təhsil müəyyən
obyektiv səbəblər üzündən ali təhsil almaq
imkanı olmayan və ya yeni ixtisas almaq arzusunu həyata
keçirə bilməyənlər üçün real təhsil imkanları təqdim
edir. Distant təhsilin üstünlüklərindən biri də
övladları bu təhsil formasını seçmək
imkanı əldə edən ailələrin əlavə xərclərdən
(kirayə haqqı, nəqliyyat xərcləri və sair) azad
olmasıdır. Bu da təbii ki, maddi durumu aşağı
olan ailələrin övladlarının daha az
xərc çəkməklə ali təhsil almasına imkan
verir. Distant təhsil almaq üçün
ödənilən məbləğ də təhsilin digər
formaları ilə (əyani, qiyabi) müqayisədə olduqca
aşağı olur. Distant təhsil forması həmçinin,
əlilliyi, sağlamlıq durumu zəif olan gənclərimiz,
vətəndaşlarımız üçün də əvəzolunmazdır.
Əlbəttə, distant təhsil üçün
universitetlərdə müvafiq infrastrukturun olması vacibdir. Belə
infrastruktura malik olan universitetlərimiz isə var. Azərbaycan
Dövlət İqtisad Universitetində - UNEC-də bunun
üçün hər bir şərait yaradılıb.
14 NƏFƏRLİK
İNZİBATİ HEYƏTLƏ İL ƏRZİNDƏ 20
MİNDƏN ARTIQ TƏLƏBƏYƏ ALİ TƏHSİL
VERMƏK İMKANI
"UNEC Extern" Mərkəzində distant təhsil
üçün hətta Qərbin ən reytinqli universitetlərindən
belə daha mükəmməl infrastruktur yaradılıb. Ən müasir texnoloji
avadanlıqlarla təchiz edilən, dünyanın
aparıcı universitetlərinin təcrübəsi əsasında
hazırlanan "UNEC Ekstern"in üstünlükləri
sırasına onlayn dərsə istənilən yerdən
qoşulmaq, tələbələrin mövzunu daha dərindən
mənimsəmək üçün müəllimə sual
vermək, müzakirələrdə iştirak etmək, dərslərin
video bazasına istənilən vaxt və istənilən yerdən
yenidən baxmaq imkanları daxildir. Burada elə
bir şərait yaradılıb ki, müəllim və tələbə
ayrı-ayrı məkanlarda olmasını belə hiss etmir.
"UNEC Extern"də 6 tədris studiyası, 12 inzibati
və 1 müzakirə otağı mövcuddur. Mərkəz cəmi 14 nəfərlik
inzibati heyətlə il ərzində 20
mindən artıq tələbəyə distant formada yüksək
keyfiyyətli təhsil vermək mümkündür. Halbuki bu qədər tələbəyə əyani
və qiyabi formada təhsil vermək üçün ən
azı 1200-1300 inzibati heyətə (müəllimdən əlavə)
ehtiyac var.
Bu isə
o deməkdir ki, tədris studiyalarının və inzibati heyətin
sayını bir qədər artırmaqla il ərzində 50
min, 60 min, hətta 100 min tələbəyə distant formada
yüksək keyfiyyətli təhsil vermək
mümkündür.
TƏLƏBƏLƏR ONLAYN
DƏRSƏ İSTƏNİLƏN YERDƏN QOŞULA
BİLƏR
UNEC
rektoru, professor Ədalət Muradov deyir ki, müasir texnoloji
avadanlıqlarla tam təchiz edilən "UNEC Extern"nin
üstünlükləri sırasına onlayn dərsə istənilən
yerdən qoşulmaq, tələbələrin mövzunu daha dərindən
mənimsəmək üçün müəllimə sual
vermək, müzakirələrdə iştirak etmək, dərslərin
video bazasına istənilən vaxt və istənilən yerdən
yenidən baxmaq imkanları daxildir: "Mərkəzdə elə
bir şərait yaradılıb ki, müəllim və tələbə
ayrı-ayrı məkanlarda olmasını belə hiss etmir. Studiyalardakı bütün tədris prosesi xüsusi
kameralar vasitəsilə çəkilir ki, bu da sonradan tələbələrə
istədikləri dərsə yenidən baxmağa imkan verir.
Belə ki, dərslər yazılır,
xüsusi proqramla formatlaşdırılır və keçir
arxivə. Qeyd olunduğu kimi, tələbələr
istənilən vaxt hər hansı bir dərsi yenidən dinləmək
və ya izləmək imkanı qazanırlar. Tələbələrin arzusu olarsa, şənbə
və bazar günlərində də müəyyən dərs
saatları salmaq olar".
BÖYÜK İŞ
Təhsil
üzrə tanınmış ekspert, professor Şahlar Əsgərov
Azərbaycanda distant təhsilin tətbiqini çox vacib hesab
etdiyini, bu ideyanın reallaşdılması üçün
hər cür şəraitin mövcud olduğunu deyir:
"Artıq Azərbaycanda distant təhsil formasının tətbiqi
üçün kifayət qədər baza yaranıb.
Yadımdadır, 10-15 il bundan qabaq Azərbaycan
məktəblərində 1030 şagirdə bir kompüter
düşürdü. İndi hardasa 20-30
şagirdə 1 kompüter düşür. Ölkədə
kompüteri olmayan, internetdən istifadə etməyən
çox az ailə tapılar. Bu onu göstərir ki, biz informasiya-kommunikasiya
texnologiyasından kifayət qədər də yaxşı
istifadə edirik. Düzdür, mən
internetin Estoniyadakı kimi ya pulsuz, ya da çox ucuz
olmasını arzu edərdim. Belə olsa,
internet daha kütləvi yayılardı. Ancaq biz bu
gün də internetdən ali təhsil
bilikləri əldə etmək üçün istifadə edə
bilərik. Bunun üçün UNEC-də
nümunəvi şərait yaradılıb. UNEC rektoru, professor Ədalət Muradov Azərbaycanda
distant təhsilin tətbiqi üçün böyük və
uğurlu işlər görüb. Düzdür,
əvvəllər də müxtəlif
ziyalılarımız, müəllimlərimiz tərəfindən
Azərbaycanda distant təhsildən istifadə edilməsinə
çağırışlar olub. Hətta
bu məqsədlə qrantlar da alınıb. Amma bunlar
epizodik xarakter daşıyıb, real iş görülməyib.
Hörmətli Ədalət müəllim isə
UNEC-də distant təhsili ən yüksək səviyyədə
həyata keçirmək üçün nə
lazımdırsa edib. Təbii ki, mən
bunu alqışlayıram. Çox
böyük işdir". Ş.Əsgərov
hazırda distant təhsilin Azərbaycan üçün
çox böyük əhəmiyyətinin olduğunu
vurğulayıb.
TƏHSİLİN MÜASİR
BİR FORMASI
Təhsil
üzrə ekspert Məlahət Mürşüdlü də
distant təhsilin tətbiqinin vacib olduğu bildirib: "UNEC-in
özündə distant təhsil üçün çox zəngin
maddi-texniki baza, müasir tələblərə cavab verən
ayrıca mərkəz, təhsil studiyaları, savadlı
müəllim heyəti mövcuddur. Bütün
bunlar imkan verir ki, Azərbaycanda ilk olaraq UNEC-də bu təhsil
formasından istifadə edilsin".
M.Mürşüdlü
də distant təhsilin tətbiqinin çoxlu sayda
üstünlüklərinin olduğunu vurğulayıb:
"Bu, təhsilin müasir bir formasıdır. Həm ölkə
daxilində işləyən gənclərə, maddi vəziyyəti
aşağı olan ailələrə ali
təhsil almaq imkanının yaradılması, həm də
xarici tələbələrin bizim universitetlərə cəlb
edilməsi baxımından distant təhsil böyük əhəmiyyət
daşıyır. Eyni zamanda, universitetlərin
maddi vəziyyətini yaxşılaşdıracaq, xeyir gətirəcək
bir təhsil formasıdır. Ümumiyyətlə,
müasir dövrdə distant təhsil formasından istifadə
etmək bizim gənclərimizin də haqqıdır,
hüququdur. Bu hüququ onlara vermək
lazımdır. Paytaxtdan uzaqda yaşayan,
şəhərə gəlib yaşaya bilməyən gənclərimizin
də təhsil almasına şərait
yaradılmalıdır".
BU NÜMUNƏDƏN DİGƏR
UNİVERSİTETLƏR DƏ İSTİFADƏ EDƏ
BİLƏR
Təhsil üzrə ekspert Etibar Əliyevin sözlərinə görə, "UNEC EXTERN" Mərkəzində distant təhsil üçün hər bir şərait yaradılıb: "UNEC İctimai Nəzarət Şurasının koordinatoru kimi universitetdə distant təhsil üçün yaradılmış infrastrukturla tanış olmuşuq. Universitet distant təhsilin həyata keçirilməsinə tam şəkildə hazırdır. Artıq UNEC-də distant təhsillə bağlı pilot layihə həyata keçirilir. Artıq humanitar fənlərin tədrisi alternativ kimi distant formada da təşkil olunub. İlk dəfə olaraq UNEC-də distant formada tədrisə başlanılması məni çox sevindirir. Bu nümunədən digər universitetlər də istifadə edə bilər".
UNİVERSİTETLƏRİN
BEYNƏLXALQ REYTİNQİNİ YÜKSƏLTMƏK
ÜÇÜN ŞANS
Tanınmış hüquqşünas, Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyevin sözlərinə görə, UNEC-də çox yaxşı bir imkan yaradılıb, bütün infrastruktur qurulub: "Artıq bu təhsil Azərbaycan təhsil sisteminin ayrılmaz hissəsi olmalıdır. Biz dünyada olan trendlərlə ayaqlaşmalıyıq. Nəzərə almalıyıq ki, informasiya kommunikasiya texnologiyalarından istifadə etməklə təhsilin müxtəlif formalarının tətbiqi həm də ölkənin bilik-elm potensialının güclənməsinə gətirib çıxara bilər. Bu gün artıq hansı ölkənin böyük olub olmaması məsələsi ciddi önəm daşımır, əsas məsələ təhsilin, elmin hansı səviyyədə olması, bilikli cəmiyyətin formalaşmasıdır. Ölkənin inkişaf baxımından da bilikli, təhsilli insanların sayının artması önəmlidir".
Ə.Nuriyevin
sözlərinə görə, informasiya kommunikasiya
texnologiyalarının imkanlarından yararlanaraq, təhsilin
müxtəlif formalarının tətbiqi ölkədə
ali təhsilin kütləviləşməsinə, universitetlərin
beynəlxalq reytinqinin yüksəlməsinə də şərait
yaradar.
Sevinc QARAYEVA
525-ci qəzet.- 2020.- 21 fevral.- S.7.