Beynəlxalq aləm: ziddiyyətlər, münaqişələr,
müharibələr
Böyük Britaniyanın
tərkibində olan Şimali İrlandiyadakı yerli əhali
ingilislərdən fərqli dinə - katolitsizmə mənsubdur.
Onlarla protestantlar arasında gərginlik uzun müddət davam
etmiş, katoliklərin silahlı mübarizəsinə yol
açmışdı.
Tarixdə də
şimali irlandlarla ingilislər arasındakı münasibətlərin
kəskin pisləşməsi, katoliklərin qırğına
məruz qalması halları da olmuşdu. 1649-cu ildə inqilab
nəticəsində hakimiyyətə gələn lord-protektor
Oliver Kromvel Şimali İrlandiyanın Droqheda şəhərində
katolik rahibləri qılıncdan keçirtdirmişdi. Yerli
katoliklər Kromvelin vəhşiliyini əsrlər keçsə
də, unutmurlar. Onlar İrlandiyadadakı qardaşları kimi
kütləvi şəkildə mühacirətə üz
tutsalar da, öz xalqının başına gələn faciənin
ağrısını daşımaqda davam edirlər.
Belçikada
fransızdilli vallonlar və holland dilli flamandlar arasında
münasibətlər heç də daim müsbət
çalarda olmur. Vallonlar Belçikadan ayrılmaq arzusunu bir
sıra hallarda dilə gətirirlər.
XV əsrdə
Araqon kralı Ferdinandın və Kastiliya kraliçası
İzabellanın nikahı nəticəsində iki dövlətin
birləşməsi ilə mərkəzləşmiş
İspaniya dövlətinin rüşeymi meydana gəlmişdi.
Sonralar digər kiçik dövlətlər İspaniyanın
tərkibinə daxil oldu. Kataloniya Araqon
krallığının tərkibində olduğuna görə
İspaniyanın tərkibinə elə həmin əsrdə
daxil olmuşdu. Lakin katalonlar dəfələrlə özlərini
müstəqillik arzularını açıq şəkildə
nümayiş etdirmişdilər. XXI əsrin ikinci onilliyində
isə muxtar respublikanın hökumət
başçısının da fəal iştirakı ilə
Kataloniya parlamenti ərazisinin İspaniyadan ayrılması və
müstəqil dövlət yaradılması barədə qərar
verdi. İspaniya hökuməti bu qərarı qanunsuz hesab etdi
və onun qəbul edilməsinin fəal təşkilatçıları
olan Kataloniya parlamentinin bir neçə üzvü həbs
edildi, hökumətin başçısı Karles
Puçdemun isə ölkədən qaçdı. Qotların
varisləri olan katalonlar, Qotlandiya sonralar Kataloniya
adlandırılmışdı, hər cür təzyiqlərə
baxmayaraq, öz arzularını reallaşdırmaq cəhdlərindən
uzaqlaşmırlar. İspaniya rəhbərliyi isə, kral da
daxil olmaqla, başa düşür ki, Kataloniyanın
ayrılması ölkənin parçalanmasını az qala
"domino" prinsipinə çevirə bilər. Axı Bask
əyalətinin sakinləri daha qızğın mübarizəyə
girişmiş, bəziləri hətta terrora əl
atmışdı. Lakin İspaniya hökuməti baskları
müstəqillik hərəkatından
uzaqlaşdırmağı bacarmışdı.
14 oktyabr 2019-cu ildə
İspaniya Ali Məhkəməsi Kataloniya
separatçılarının bir qrup rəhbərinin işinə
baxıb, onlara 9-13 il müddətinə həbs cəzası
təyin etdi. Barselonada sakinlərin nəhəng etiraz mitinqləri
başladı, adamlar yolları kəsdilər, hava limanı fəaliyyətini
dayandırdı. Kataloniya ağır siyasi böhrana məruz
qaldı.
İtaliyada
varlı sənayeləşmiş şimal ilə kasıb
aqrar cənub arasında narazılıq Şimalın Podaniya
adı altında vahid ölkədən ayrılması meyillərinə
gəlib çıxarmışdı. Lakin bu ideyanın
mövcudluq ömrü uzun sürmədi. Aşağı
Tirol barədə də İtaliyanın problemi vardır, bu ərazidə
alman dilli əhali yaşayır. Fransada isə bretonlar və
korsikalılar separatizm naminə terrora əl atdılar.
Korsikada bu yeni məsələ deyildi, Napoleonun atası da
Korsikanın müstəqilliyi uğrunda partizan mübarizəsinin
iştirakçısı olmuşdu.
Hindistan Cammu - Kəşmir
əyalətinə görə Pakistanla az qala silahlı
münaqişə səviyyəsinə yaxınlaşır.
Bu sərhəd ərazisini hər iki dövlət
özününkü sayır. Kəşmirdə Pakistan və
Hindistan sərhədçilərinin postda durmağa gəlməsi
və onu tərk etməsi əsl teatr səhnəsi kimi icra
edildiyindən, bu mərasimə hər iki tərəfdən
çoxlu tamaşaçı cəlb olunur. Toqquşma
variantındansa, belə əyləncə daha yaxşı qəbul
ediləndir.
Lakin hadisələrin
gedişi heç də teatrlaşdırılmış səhnəyə
uyğun gəlmir. 31 oktyabr 2019-cu ildə Hindistanda Cammu və
Kəşmir ştatı ləğv edildi. Pakistan ləngimədən
buna sərt reaksiya verərək, nüvə silahına malik
olan iki qonşu dəvlət arasında müharibənin
başlanması ehtimalını mümkün hesab etdi.
1947-ci ildə
müstəqillik qazanan Hindistandan Pakistan onun ilk qubernatoru olan Məhəmməd
Əli Cinnanın başçılığı altında
ayrılıb, müstəqil dövlət qurdu. Lakin bir
neçə onillik keçdikdən sonra Pakistanın şərq
və qərb əyalətləri arasındakı gərginlik,
1971-ci ildə onların bir-birindən ayrılması və
şərq regionunun Banqladeş adı altında müstəqil
dövlətə çevrilməsi ilə nəticələndi.
Türkiyədə
kürdlər öz müstəqil dövlətlərini
yaratmaq yolunda hələlik muxtariyyət qazanmaq uğrunda
mübarizə aparırlar. Silahlı PKK dəstələri
Türkiyənin cənubi-şərqində mübarizəni hərbi
münaqişəyə çevirərək, türk hərbçilərini
qətlə yetirir, terrorçuluqla məşğul olurlar.
Türkiyə öz tarixindəki acı təcrübədən
ibrət dərsi götürərək, ilk prezident Mustafa
Kamal Atatürkün yolu ilə gedərək, kürdlərə
muxtariyyət verməkdən də imtina edir. Türkiyədə
kürd problemi uzun müddətdir ki, xəstəliyin latent
fazasını keçirir və həm açıq, həm də
iri miqyas almağa cəhd edir.
Çində də
Tibet və uyğurların yaşadığı
Sintszyan-Uyğur əyaləti Pekin hakimiyyətinin tabeliyindən
ayrılmaq üçün o qədər də uğurlu
olmayan mübarizə aparır. Tibet müstəqilliyə nail
olmaq üçün dini inamlarını - lamaist-buddizmi
ön plana çəkir. Ölkədən qaçmış
Dalay-Lama 200 min nəfər həmvətənləri ilə
birlikdə Hindistanda yaşamaqla, tibetlilərin mübarizəsinə
ideoloji rəhbərlik edir.
Son vaxtlarda Qərbin təhriki ilə
Honkonqda da mərkəzi Çin hökumətinə
qarşı etiraz nümayişləri səngimək bilmir.
Artıq neçə aydır ki, hər şənbə
günü əsasən gənclər, tələbələr
mitinqə çıxırlar. Onlar ilk anda həbs edilənlərin
materik Çininə verilməməsi tələbi ilə
çıxış edirdilər və bu tələb yerinə
yetirildi, lakin mitiqlərə son qoyulmadı. Şəhərə
elə bil ki, inqilabi psixoz hakim kəsilmişdir. Mitinqçilər
mağazaları dağıdır, vitrinləri
sındırmağa küçələrə
uşaqları da çıxarırlar. Mitinqlərin təşkilatçılarının
ABŞ-ın yüksək vəzifəli adamları ilə
sıx əlaqədə olduqları məlum olmuşdur.
Çin hökuməti də mitinqlərin təşkilinə
köməklik göstərdiyinə görə Vaşinqtonu və
Londonu günahlandırır.
Yəməndə
şiə husitlər, Səudiyyə Ərəbistanında
yaşayan və Bəhreyndə çoxluq təşkil edən
şiə əhalisi separatizm mövqelərindən
çıxış edirlər. Husitlərin mübarizəsi
azacıq uğur qazandıqda Yəmən prezidenti
qaçıb ər-Riadda özünə sığınacaq
tapdı. Səudiyyə Ərəbistanı və Birləşmiş
Ərəb Əmirlikləri husitlər üzərinə bomba
yağdırmağa başladılar, şəhərlər
viran qaldı, dinc əhali arasında çox sayda insan tələfatı
baş verdi. Aclıq da daxil olmaqla ölkəni humanitar
böhran bürüdü. Belə bir şəraitdə
2019-cu il sentyabrın 15-nə keçən gecə husitlər
Səudiyyənin iki iri neftayırma zavodunu pilotsuz təyyarələrin
- dronların köməyi ilə bombaladılar, yanğın
müəssisələrə böyük maddi ziyan vurdu. Səudiyyə
hökuməti vurulan yaraya görə İranı
günahlandırır və ABŞ hökuməti də bu
ittihamı təkrar edərək öz müttəfiqinə həmrəylik
göstərir.
1990-cı illərdə
Yuqoslaviyanın tərkibinə daxil olan respublikaların bir
hissəsində mərkəzdən qaçma meyilləri xeyli
gücləndi və prezident Slobadan Miloşeviç qiyam
qaldıranlara qarşı sərt tədbirlərə əl
atdıqda, ölkədə vətəndaş müharibəsi
ocaqları yarandı. Sloveniya ilk olaraq Yuqoslaviyanın tərkibindən
çıxdı, sonra Makedoniya da müstəqillik qazandı.
Ən böyük silahlı toqquşma Serbiya ilə Xorvatiya və
Serbiya ilə Bosniya-Herseqovina arasında getdi. Xorvatiya mərkəzi
hökumətlə müharibədə udub, müstəqilliyə
qovuşdu. Bosniya-Herseqovinada isə serb orduları mülki əhalinin
qırğınına əl atdı. ABŞ-ın diplomatik səyləri
ilə Bosniya-Herseqovina Yuqoslaviyadan ayrılıb, müstəqil
dövlətə çevrildi.
1999-cu ildə
Kosovoda yaşayan albanlar Yuqoslaviyadan ayrılıb, öz
dövlətlərini qurmağa can atdı. Miloşeviç
Kosovonun muxtariyyətini ləğv etdi, onu isə 1974-cü
ildə albanlara İosip Broz Titonun özü vermişdi.
ABŞ hərbi hava qüvvələri albanlara kömək məqsədilə
Belqradı və Serbiyanın strateji obyektlərini
bombaladı. Kosovo özünü müstəqil elan etdi. Lakin
onu da tanımaqdan bəzi dövlətlər imtina edirlər.
XXI əsrdə isə Serbiyadan ayrılma ətaləti davam etdi
və Çernoqoriya (Montoneqro) da öz müstəqilliyini
elan etdi.
ABŞ və AFR
ilk gündən Yuqoslaviyanın dağılmasına
açıq və ya gizli köməklik göstərirdilər.
Almaniya Xorvatiyanın müstəqilliyə qovuşmasına
xüsusilə loyallıq göstərirdi, axı ona isti,
donmayan dənizə çıxış lazım idi. II
Dünya müharibəsində Yuqoslaviyada partizanlar alman
qoşunlarına uğurlu müqavimət göstərəndə,
xorvat ustaşiləri natsistlərə kömək və xidmət
göstərmək yolunu tutmuşdular.
Yuqoslaviya
dağıldı və onun xarabalıqları üzərində
Serbiya, Xorvatiya, Bosniya-Herseqovina, Sloveniya, Makedoniya yarandı.
1999-cu ildə silahlı mübarizəyə qalxan Kosovo
albanları öz müstəqil dövlətlərini
yaratdılar. Çernoqoriya (Monteneqro) da Serbiyadan
ayrıldı və beləliklə, Serbiya dənizə
çıxışdan bütünlüklə məhrum oldu.
1918-ci ildə serblərin, xorvatların və slovenlərin
Krallığı yaradılmışdı, 1929-cu ildən isə
bu dövlət Yuqoslaviya Federativ Respublikası
adlandırdı. ABŞ-ın hərtərəfli
yardımı ilə, SSRİ-nin bir qədər əvvəl,
1991-ci ildə baş vermiş acı taleyini ardıcıl
qaydada Yuqoslaviya da yaşadı. Və onun keçmiş xəritəsində
7 müstəqil dövlət meydana gəldi. Kosovo istisna
olmaqla həmin respublikalar birləşib, Yuqoslaviya dövlətini
əmələ gətirmişdi. Belqradın
yaxınlığındakı Avala dağında ucaldılan
6 qadın heykəli bu respublikaları təmsil etməklə,
onların birliyinin simvolu idi. Avropanın ürəyində,
Balkan yarımadasında hansısa xalqı əsarətdə
saxlayan, istismar edən deyil, azad, demokratik bir federal dövlət
süquta uğradı, daş dəymiş vitrin
şüşəsi kimi xırda hissələrə parçalandı.
Silahlı
münaqişələr vaxtı yaranan düşmənçiliyin
izləri indiyədək qalır, acı xatirələrin təsiri
yaşamaqda davam edir. Kosovoda etnik serblərə qarşı sərt
münasibət bəslənir, onların adi vətəndaşlıq
haqları tapdanır. Bosniya-Hersoqovinada bosnak-serb-xorvat bölmələri
arasında gərginlik yoxa çıxmır. Serbiyanın
Xorvatiya, Bosniya-Herseqovina və Kosovo ilə aralarındakı
soyuq münasibət də aradan qalxmır.
Bədbəxtlik
orasındadır ki, hər üç ölkədəki
qatı millətçilər xalqlar arasındakı
düşmənçiliyin aradan qaldırılmasına
özlərinin məğlubiyyəti kimi qəbul edərək,
bu prosesin hətta gündəliyə gəlməsinə imkan
vermirlər. Onlar çalışırlar ki, bu gərginlik nəinki
saxlansın, hətta artsın və baş verən hadisələr
də bu cəhdlərin heç də uğursuz
olmadığını göstərir.
Telman ORUCOV
525-ci qəzet.-2020.-22 fevrtal.-S.22