Filologiya elmində Turxan
Gəncəyi zirvəsi
Bu ilin
mart ayında ömrünün
son illərini İngiltərədə
yaşayıb-yaratmış görkəmli soydaşımız
mərhum ədəbiyyatşünas,
dilçi alim Turxan Gəncəyinin 95 yaşı tamam olur. Ölkəmizdə haqqında çox az məlumat olduğundan Azərbaycanda
daha yaxşı tanıtmağa böyük
ehtiyac vardır.
Turxan Zeynal oğlu Gəncəyi 1925-ci ilin
mart ayının 20-də Təbrizdə
dünyaya gəlib. Orta məktəbi bitirdikdən sonra on doqquz yaşında təhsilini davam etdirmək üçün
İstanbula gedərək
oradakı universitetin türk və fars dilləri bölümünü bitirib.
Alim pedaqoji fəaliyyətə
görkəmli şərqşünas
Bombaçinin dəvətilə
İtaliyanın Neopol Universitetinin
Şərqşünaslıq İnstitutunda başlayıb.
T.Gəncəyi bir sıra ölkələrdə
- İtaliyada (1949-1953, 1956-1959), Almaniyada (1953-1956), İngiltərədə
(1956-1969) elmi və pedaqoji fəaliyyətlə
məşğul olub.
1969-1970-ci illərdə bir
neçə aylığa
İrana qayıtmış,
sonradan yenə İngiltərəyə getmiş,
ömrünün sonuna
qədər bu ölkənin universitetlərində
fəaliyyət göstərmişdir.
Turxan Gəncəyi gənc
yaşlarından geniş
erudisiyası və istedadı ilə çalışdığı bütün elmi müəssisələrdə diqqət
mərkəzində olmuşdur.
O, bir çox Avropa dillərini gözəl bilir və əsərlərinin
əksəriyyətini də
bu dillərdə yazırdı. Mübaliğəsiz
deyə bilərik ki, Lütfi Zadə dəqiq elmlər sahəsində Azərbaycanı bütün
dünyada necə şöhrətləndirmişsə, T.Gəncəyi də filologiya, türkologiya sahəsində
yetişmiş geniş
miqyaslı bir alim kimi vətənimizin
başını uca etmişdir.
Hələ gənc ikən
şərqşünasların XXIV qurultayında iştirak edən Gəncəyi haqqında dövrün tanınmış elm və
siyasət adamı Seyid Həsən Tağızadə demişdi:
"Bildiyimə görə,
cənab Turxan Gəncəyi yeganə iranlıdır ki, türk dilləri və tarixi üzrə ixtisas sahibidir. İtaliyada Neopol darülfünununda məlumatlarını təkmilləşdirməklə
və tədrislə məşğuldur".
Ötən əsrin 87-ci ilində
"Sovetskaya türkologiya"
jurnalında Turxan Gəncəyi əsərlərinin
icmalını verən
rus alimi A.M.Şerbakın dediyi kimi, alimin
elmi maraqları əski özbək (cığatay), əski türk (osmanlı), əski Azərbaycan və fars-tacik ədəbiyyatını
əhatə edirdi.
Gəncəyinin ilk işlərindən biri Əlişir Nəvainin "Mühakimətül-lüğəteyn"
əsərinin farscaya
tərcüməsidir. Bunun ardınca o, Azərbaycan şairi, farsca divan və məsnəvi müəllifi Təsir
Təbrizinin (1655-1717) türkcə
şeirləri haqqında
məqalə yazmışdır.
Alimin Hüseyn Bayqaranın
memuar janrına aid olan nəsr əsəri haqqında məqaləsi öz məzmununa görə çox maraqlıdır (Həmin əsərdə Əbdürrəhman Cami, Əlişir Nəvai və digər şairlərin xarakteristikası,
orta əsrlər Xorasan
həyatının müxtəlif
tərəfləri haqqında
məlumat verilmişdir).
Məqaləyə Hüseyn
Bayqaranın cığatay
dilində yazdığı
əsərin mətni
və onun tərcüməsi də əlavə edilib.
Şah İsmayıl Xətai
divanının elmi-tənqidi
mətnini Turxan bəy 1959-cu ildə tərtib edib. Divanın 259 şeirdən
ibarət mətnini hazırlayarkən o, Londonun
Britaniya muzeyindəki iki, Vatikan kitabxanasındakı
bir və V.Minorskinin şəxsi
kolleksiyasındakı bir
nüsxədən istifadə
edib. Alimin bu nəşrinə yüksək qiymət verən görkəmli türkoloq alim A.Zayançkovski nəşrə yazdığı
rəydə göstərirdi
ki, Xətai divanında Azərbaycan dilinin tarixi üçün əhəmiyyəti
faktlar üzə çıxır. Qeyd edək ki, bu
əsərin əhəmiyyətini
nəzərə alaraq
2013-cü ildə onu yenidən Bakıda nəşr etdirmişik.
Bu nəşrdə ərəb
əlifbasıyla yazılan
mətnlə bərabər,
onun müasir əlifbaya transliterasiyası
da verilmişdir.
T.Gəncəyinin
ən iri həcmli işlərindən
biri XIV əsrdə yaşamış şair Xarəzminin "Məhəbbətnamə"
əsərinin nəşridir.
Onun Britaniya muzeyində saxlanan uyğur nüsxəsinin faksimilesi əlavə edilən birinci hissəsi ön söz, transliterasiya və mətn barədə qeydlərdən,
ikinci hissəsi ön sözlə mətnin italyancaya tərcüməsindən ibarətdir,
üçüncü hissə
isə poemada rast gəlinən türk sözlərinin lüğətini ehtiva edir. Türkoloq alim C.Kloson
alimin bu nəşrinin qısa xarakteriskasını verərək
onu yüksək qiymətləndirmişdir.
Elxanilər dövrünün (XIII-XIV əsrlər) fars poeziyasında türk və monqol sözlərindən
bəhs edən bir məqaləsində T.Gəncəyi göstərir
ki, artıq Samanilər dövründə
fars şairlərinin dilində (məsələn,
Rudəkidə) türk
dillərindən götürülmüş
sözlərə rast
gəlmək olar. Sonrakı dövrdə Qəznəvilərin və
Səlcuqilərin hakimiyyəti
zamanı fars dilinə türk sözlərinin axını
artmışdır. Monqol
istilasından sonra fars dilinə bir sıra monqol
sözləri də daxil olmuşdur.
Fars dilində türkizm və monqolizmlərin öyrənilməsini gələcəyin
aktual vəzifələrindən
hesb edən T.Gəncəyiyə görə, bu sahəyə dair xüsusi tədqiqatlar, demək olar ki, yoxdur.
"Novruznamə və türk məsəli" adlı məqaləsində
T.Gəncəyi Novruz haqqında bu risalənin əlyazma və çap nüsxələrinin
qısa icmalını
verir və əsərin müəllifi
barədə fikir söyləyir. "Novruznamə"nin
ilk tədqiqatçıları əsərin müəllifinin
Ömər Xəyyam olduğunu göstərmişlər. Bu fikrin yanlışlığını göstərən T.Gəncəyi əsərin
mətnində gedən
bir türk məsəli əsasında
sübut edir ki, müəllif türkləri tərif edən Alib Məhəmməd əl-Xiyazi
əl-Qainidir.
T.Gəncəyi
məqalələrindən birini 1533-cü ildə Təbrizdə dünyaya gəlmiş görkəmli Azərbaycan
şairi, alimi və rəssamı Sadiq bəy Sadiqinin şeirlərinə
həsr edib. II Şah İsmayıl və I Şah Abbas dövründə saray kitabxanasına başçılıq
edən Sadiqi 1602-ci ildə
İsfahanda yaşayarkən
üç hissədən
ibarət külliyat tərtib etmişdir: "Məcməül-xəvas", "Divan" və "Münşəat".
Əlişir Nəvainin
"Məcalisün-nəfais" əsəri əsasında
yazılan birinci hissədə "Məcməül-xəvas"
təzkirəsində əski
Azərbaycan əski özbək və əski türk dillərində poetik əsərlərdən nümunələr
verilib. Məqalədə
müəllif Sadiqinin
bütün sadalanan əski türk dillərini kamil bildiyini sübut edir.
T.Gəncəyi
klassik türk poeziyasında vəzn və qafiyə məsələlərinə xüsusi
fikir vermiş, bu barədə ciddi elmi əsərlər
yazmışdır.
Görkəmli alimin elmi əsərləri bu sadalananlardan qat-qat çoxdur və biz onların hamısını
əhatə etməyi
qarşımıza məqsəd
qoymamışıq. Vaxtilə
"Fəsli-kitab" dərgisinin
müəlliflərindən biri onu həm
də dəyərli bir şəxsiyyət kimi səciyyələndirərək
yazırdı. "O, məşhur
bir alim olmaqla yanaşı, həm də yüksək intellektual səviyyəyə, insani dəyərlərə malik
gözəl bir şəxsiyyətdir".
Dərin elmi təfəkkürə,
geniş biliyə malik Turxan bəy
öz yazılarına
çox ciddi yanaşar, kiçik həcmli bir məqaləni yazmaq üçün uzun müddət çalışardı.
Tanınmış yazıçı,
alimin yaxın dostu və həmyerlisi
Məhəmmədəli Müvəhhid
bu barədə belə yazır: "Turxan çox oxuyub az yazan
tədqiqatçıdır. Onun bilik vüsəti,
fikir üfüqlərinin
genişliyi ilə müqayisədə yaradıcılığı
az nəzərə çarpır. Turxan ancaq öz ixtisasına
dair yazılar yazar, özü də o vaxt əlinə qələm
alar ki, deməyə yeni bir sözü
olsun. Onun hər bir qısa
və konkret məqaləsi uzunmüddətli
mütaliə və araşdırmaların məhsuludur".
Orasını xüsusilə qeyd
etmək istəyirik ki, bu yazıda
adını çəkdiyimiz
azsaylı alim və yazıçılar
istisna olmaqla bir çox İran müəllifləri T.Gəncəyini yalnız
fars dili və ədəbiyyatını
tədqiq edən alim kimi təqdim
etməyə çalışmışlar
və onun əsas tədqiqat sahəsi olan türkologiyadakı fəaliyyəti
üzərindən sükutla
keçmişlər.
Görkəmli Azərbaycan alimi Turxan Gəncəyi 2005-ci ilin aprel ayında Londanda vəfat etmişdir. Onun Azərbaycan türk, fars, ingilis, fransız, italyan, alman dillərində yazdığı əsərlərini
çevirərək ölkəmizdə
nəşr etdirmək,
elmi yaradıcılığını
hərtərəfli elmi
araşdırmaya cəlb
etmək tədqiqatçılarımız
qarşısında duran
vacib məsələlərdəndir.
Paşa ƏLİOĞLU
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun
direktor müavini
525-ci qəzet.-2020.-22
fevral.-S.19.