Kövrək xatirələrlə
qazanılan müdriklik
O vaxtlar
ömrümüzün bahar çağıydı...
Naxçıvan elinin təbiətində olduğu kimi,
insanlarının qəlblərində də tumurcuq arzular
yaşamaq eşqinin hərarətindən
pardaxlanmışdı.
Odlar yurdunun qədim
və ayrılmaz parçası olan Naxçıvanda həm
də sözün, sənətin, elmin və mədəniyyətin
əsl mənada çiçəkləndiyi dövr idi.
Naxçıvan şəhərində on ildən artıq bir
dövrdə fəaliyyət göstərən pedaqoji məktəbin
və yenicə müstəqil ali məktəbə çevrilən
Naxçıvan Dövlət Pedaqoji İnstitutunun (indiki
Naxçıvan Dövlət Universiteti) müəllim və tələbə
kollektivləri ədəbi yaradıcılığa daha
geniş həvəs göstərirdilər. Qapıları
oxucularının üzünə açıq olan M.S.Ordubadi adına Respublika Kitabxanasında
tanınmış şair və yazıçılarla
görüşlər keçirilir, kitab müzakirələri,
oxucu konfransları, disputlar təşkil olunurdu. Ömürlərinin
və yaradıcılıqlarının ən şirin
çağlarını yaşayan, sonradan Xalq şairi və
yazıçısı adına layiq görülən
İsmayıl Şıxlı, Hüseyn İbrahimov, Məmməd
Araz, Fikrət Qoca, Xəlil Rzayla keçirilən ədəbi
görüşlərin xatirəsi əbədilik olaraq yaddaşlarımıza
həkk olunardı.
M.S.Ordubadi
adına Kitabxanada o zaman Azərbaycan Dövlət Pedaqoji
İnstitutun Naxçıvan filialının tələbəsi
İsa Həbibbəyli tərəfindən əsası qoyulan
və onun rəhbərliyi ilə fəaliyyət göstərən
"Arazın səsi" ədəbi birliyi ədəbiyyat aləmində
yenilikçi bir ədəbi məktəb kimi özünü
tanıtmışdı. O illərdə "Arazın səsi"
ədəbi birliyinin məşğələlərində
İsa Həbibbəyli, Akif İmanlı, Telman Qəhrəmanov
(Ağrıdağ), Tağı Fərəcov, Vaqif Məmmədov,
Bayram İsgəndərli, Altay Tağızadə, Muxtar
Qasımzadə, İbrahim Yusifoğlu, Vaqif Kərimov, Musa
Qubadlı müntəzəm iştirak edirdilər. Bu ədəbi
birliyin fəaliyyətinə siyasi don geyindirib fəaliyyətini
dayandırdıqdan sonra, Naxçıvan Dövlət Pedaqoji
İnstitutunun özündə yeni ədəbi birlik fəaliyyətə
başladı. Yeni yaradılmış ədəbi birliyə
institutun müəllimi, şair Əbülfəz Muxtaroğlu
rəhbərlik etdi. Bu gün Azərbaycan ədəbiyyatında
öz imzaları ilə tanınan Asim Yadigar, Rafiq Babayev,
İnqilab Orxan, Zeyqəm Vüqar, Məmməd Tahir, Sultan
İsmayıl, Nizami Muradoğlu, Kəmaləddin Qədim və
başqa müəlliflər ilk qələm təcrübələrini
bu ədəbi birliyin məşğələlərində
oxumuşdular. Oxunmuş əsərlər haqqında fikirlər
söylənilir, bəyənilmiş şeir və hekayələr
Muxtar Respublikanın radio və televiziyasında səsləndirilir,
"Şərq qapısı" qəzetində dərc
olunurdu.
Ədəbi
Birliyin məşğələlərinin birində
Naxçıvan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan
dili və Ədəbiyyatı ixtisası üzrə təhsil
alan tələbələrindən gənc yazıçı
Rafiq Babayevin və gənc şair Nizami Muradoğlunun yeni əsərləri
dinlənildi və onların yaradıcılığına
münasibətlər bildirildi. Onu da qeyd edim ki, 2012-ci ilədək
Nizaminin şeirləri Nizami Məmmədov imzası ilə dərc
olunurdu.
Əvvəl Rafiq
Babayev öz hekayələrini oxudu. Az bir müddət içərisində
Rafiqin imzası oxucular tərəfindən rəğbətlə
qarşılanmış, bir neçə hekayəsi mərkəzi
mətbuatda, Azərbaycan Yazıçılar
İttifaqının Naxçıvan bölməsinin (indiki
Naxçıvan Yazıçılar Birliyinin) tərtib etdiyi
almanaxlarda çap olunmuşdu. Ədəbi birlikdə Nizami
Muradoğlu isə yeni şeirlərini oxudu. Birlik üzvlərindən
çoxu onun şeirlərini ilk dəfə eşitsələr
də, bu şeirləri səmimi qarşıladılar. Elman Həbib,
Asim Yadigar, Sədaqət Həsənova, Muxtar Qasımzadə,
Bayram İsgəndərli, Vaqif Kərimov, Cavanşir Ələkbərov
Nizaminin şeirləri haqqında xoş sözlər söylədilər
və ona daha böyük yaradıcılıq uğurları
arzuladılar.
Nizami
Muradoğlunun şeirləri ardıcıl olaraq qəzet səhifələrində
çap olunurdu. Naxçıvan şəhərində fəaliyyət
göstərən radio və televiziyada gənc şairin
çıxışına, şeirlərinin yayımına
yer ayrılırdı. Hələ ali məktəbin tələbəsi
olduğu vaxtlarda şeirləri toplu və almanaxlarda
özünə yer tapırdı.
O illərdə
Bakı şəhərindən Naxçıvana gələn
tanınmış ədəbiyyatçı alimlərdən
Bəkir Nəbiyevin Muxtar Respublikada yaşayan ədəbi
qüvəllərin yaradıcılığından bəhs
edən və Vilayət Partiya Komitəsində keçirilən
müşavirədə oxuduğu məruzəsi çox diqqət
mərkəzində dayanmış və geniş müzakirələrə
səbəb olmuşdu. Bu geniş və məzmunlu məruzədə
Naxçıvan Dövlət Pedaqoji İnstitutunun tələbəsi,
gənc şair Nizami Muradoğlunun da
yaradıcılı-ğından söz açılırdı.
Onun Böyük Vətən Müharibəsindən
qayıtmayan bütün əmilərin xatirəsinə ithaf
etdiyi "Ay çinar ağacı" poeması Bəkir Nəbiyev
tərəfindən çox yüksək səviyyədə
qiymətləndirildi:
Əmim taleyini
soraqlayanda,
Taleyi üzünə
gülməyibdimi?
Bir güllə
ömrünü varaqlayanda,
Onu gözləyən
var, bilməyibdimi?
... Anadan olanda
ünvanlı olub,
Öləndə
ünvansız ölübdü əmim.
Onun yadigarı bir
çinar qalıb,
Həm mənim
xatirəm, həm mənim qəmim.
Nizami
Muradoğlunun yaradıcılığına verilən belə
yüksək qiymət onun bugünkü uğurlu
yaradıcılığına işıqlı yol
açdı.
Nizami Muradoğlu
ali təhsilini başa vurduqdan sonra Ordubad rayonunda uzun illər
komsomol təşkilatının birinci katibi, Ordubad rayon
İcra Hakimiyyətinin başçısı vəzifələrində
işləmişdir. O, ordubadlı gənclərin
yaradıcılıq sahəsində hərtərəfli
inkişaf etmələri üçün səylər
göstərir və bu sahədə uğurlar əldə
olunurdu. Məsul vəzifələrdə
çalışmasına baxmayaraq, bədii
yaradıcılıqla, qəlbən vurulduğu poeziya ilə
müntəzəm məşğul olurdu. Bu istək və məhəbbətin
nəticəsi idi ki, 1989-cu ildə
"Yazıçı" nəşriyyatında
"Qayıda bilmirəm" adlı ilk şeirlər
kitabı işıq üzü gördü. Bu kitabın nəşri
o dövr üçün əsl nailiyyət idi. Hər "qələmə
sarılan"ın yazdıqları mərkəzi qəzet və
jurnallarda dərc edilmirdi, kitab halında kütləvi tirajla
oxuculara çatdırılmırdı.
Mən Nizami
Muradoğlunun ədəbi yaradıcılığının
50 ilə yaxın bir dövrdə izləmişəm.
Hansı janrda yazırsa yazsın, nə mövzusunda olursa
olsun, əsərlərinin həcmindən asılı olmayaraq
oxucunu ələ alır, qəlblərdə özünə
yer tapır.
Nizami
Muradoğlunun yaradıcılığı çoxşaxəli
və rəngarəngdir. İlk növbədə Vətən
haqqında silsilə şeirləri, poemaları, publisistik
yazıları onun hansı amala, hansı vətənpərvərlik
hissi ilə yaşadığına parlaq sübutdur. Şair hər
yerdə, hər misrada Vətən duyğularını son dərəcə
ehtirasla, alovla, üsyankar təşbehlərlə ifadə
edir. Hiss edirsən ki, Vətən onun öz canı, qanı,
ruhudur. Vətən ağrıları onun qəlb
ağrılarıdır. Vətən taleyi onun taleyidir. Daha
doğrusu, onun taleyi Vətənin taleyindən
asılıdır...
Nizami Muradoğlu
üçün haradan başlanır Vətən?
Qoynunda dünyaya
göz açdığı, sinəsində ilk
addımlarını atdığı, gözəlliyinə
görə "Bala İstanbul" adlanan, daha çox tarixi
abidələri özündə qoruyub saxlayan, şəhər
tipli yaşayış məskəni olan, şeirlərində
ecazkar tablosunu yaratdığı Əylis kəndindən
başlayan Vətən:
Sağda təkə
qaya, solu Arsdağı,
Qaladı, səngərdi
yanı Əylisin.
Mən onu heç
vədə tərk etmədim ki,
Canımda
yaşayır canı Əylisin.
Vəraqut, Nühgədih
dayanıb başdan,
Şərbətdir
suları süzülür daşdan.
Qız-gəlin
oyadar sübhü obaşdan,
Şərqidən
tökülər danı Əylisin.
("Əylisin")
Çinarları
müqəddəs ağaclar kimi qorunub saxlanılan,
çeşmələri maddi-mədəniyyət nümunələri
kimi əvəzedilməz abidələr hesab edilən, millətin
gözəl adətlərinə əməl edən,
gülü və limonu çox sevən, elm və mədəniyyətə
çox meyilli olan, ləziz yeməklər, gözəl
şirniyyatlar bişirilən, adamları dostluqda sədaqətli-etibarlı,
işgüzar-zəhmətkeş, imanlı-inamlı,
sözünə bütöv, əhdinə vəfalı
Ordubad torpağı haqqında Nizami Muradoğlunun poetik
düşüncələri hər bir oxucunun qəlbinə
yol tapır:
İnci tək bəzəkdir
ana Vətənə,
Dağların
qoynunda güldü Ordubad.
Hər daşı
min tarix söyləyər sənə,
Danışan
kitabdı, dildi Ordubad.
... Yuyunur Arazın
ləpələrində,
Kəmkinin,
Arsının ətəklərində.
Peyğəmbər
ruhu var bəbəklərində,
Nuhun Vətənidi,
eldi Ordubad.
("Ordubad")
Naxçıvan...
Azərbaycanın cənubuna bitişik, şimalından yad nəfəsiylə
ayrılmış qədim ulu Vətən torpağı!
Dadlı-duzlu, bərəkətli, cövhərli torpaq! Ulu tarixi
abidələrin, böyük sənətkar, alim
övladların - güvənclərin öz yerində! Sənin
yenə də ümidin - Vətən eşqini bayraq - bayraq
başı üstə qaldıran qaynar təbiətli, narahat
ürəkli, ayıq-sayıq oğullarındır. Sənə
tərəf çoxdan boylanan, indisə yumruğuna dirənən
yağı dişləri qıcana-qıcana qalıb. Sən gərildikcə,
sıxıldıqca qranit yumruğa dönmüş Odlar
torpağısan...
Nizami
Muradoğlunun yaradıcılığında
görürük ki, bu gün Naxçıvanın ulu abidələri
də, sənətkar, alim övladları da, dadlı-duzlu, bərəkətli,
cövhərli torpağı da bir yumruğun içindədir:
Hər
daşının üzü doğma,
Yolu doğma, izi
doğma.
Bu şəhərin
özü doğma -
Naxçıvanım.
Unutmaram o illəri,
Çiçəklərdi
sevgiləri.
Arzularımın
şəhəri -
Naxçıvanım.
("Naxçıvanım")
Vətən, vətəndaşlıq
hissi, Vətənin ağrı-acısı, bir sözlə,
torpaqlarımıza edilən təcavüzlər, XX əsrin
son onilliyinin bəlaları Nizami Muradoğlu
yaradıcılığında şairin ürəyini
göynədən yaradı, qəmdir, kədərdir.
Azərbaycan - ana
yurdum, məskənim,
Araz boyu o tay, bu tay
Vətənim,
Nisgilimsən, həsrətimsən
sən mənim,
Şərəfimsən,
şöhrətimsən sən mənim,
Vətənimsən,
Vətənimsən, Vətənim!
("Vətənim")
Nizami
Muradoğlunun şeirlərini oxuyarkən daxili aləminin zənginliyi,
gələcəyə qırılmaz ümidi, eyni zamanda, bu
günə qədər keçdiyi həyat yollarının
heç də hamar olmadığı lirik qəhrəmanın
fonunda çox gözəl, poetik boyalarla verilir.
Saf və təmiz
məhəbbət hər zaman şairlərin
yaradıcılıq ilhamı aldığı ədəbi
bir duyğudur. Məncə, qəlbi bu məhəbbətdən
məhrum olan şair yoxdur. Məhəbbət bitən yerdə
şairlik də bitir. Nizami Muradoğlu şeirlərində məhəbbət
lirikası xüsusi yer tutur. O, bulaq suyu kimi saf, dağ
havası kimi təmizdir:
Bir ömür yol
getdim, yarı olmadı,
Mən ona can dedim,
canım olmadı,
Bu sevda yolunu mən
necə gedim?
Sevdiyim o afət,
xanım olmadı,
Bu sevda yoluna getmərəm
daha.
("Getmərəm
daha")
Qeyd etdiyim kimi,
Nizami Muradoğlunun bədii yaradıcılığı
çoxşaxəli, mövzu
çalağırlığına görə rəngarəng,
məkan baxımından hüdudsuzdur. Bu hüdudsuz məkanı
dolaşmaq, rəngarəng güllərin ətrini çəkmək
bir ürəyin işi deyil. Mən inanıram ki, şair
dostumuzun bədii əsərləri, bütövlükdə
öyrəniləcək, bu cəfakeş şairin
yaradıcılığı hərtərəfli təhlil
ediləcək və öz qiymətini alacaqdır.
Onu da qeyd edim ki,
Nizami Muradoğlu 15-dən artıq şeirlər və
poemalar, nəsr kitablarının müəllifi olmaqla, həm
də elm sahəsi ilə məşğul olur, filologiya elmlər
doktorudur. Azərbaycan Milli Elmlər Akademiyasının Folklor
İnstitutunda "Təhsil" şöbəsinin müdiri
vəzifəsində çalışır. Azərbaycan
Yazıçılar Birliyinin üzvüdür, "Vətən
Media", "Həsən bəy Zərdabi",
"Qızıl qələm" media mükafatları
laureatıdır.
Nizami Muradoğlu
yaddaşlarda kövrək xatirələrin
işığında müdrikləşən, öz
poeziyası ilə qəlblərdə özünə yer
tapan, hər yerdə hər an, səmimi xatırlanan müqəddəs
ömrünün 65-ci baharına qovuşur. Şair
ömründə boran da olar, çovğun da. Nadanların
nadanlığına tuş gələr də. Təki qələmi
soyumasın. Ömrünün bu çağında Nizami
Muradoğlunun saçlarına dən düşsə də,
qələmi iti, qəlbi cavan, ürəyin alovludur. Biz də istəyirik
ki, həmişə belə olsun!..
İbrahim
YUSİFOĞLU
AMEA-nın Nizami Gəncəvi
adına Ədəbiyyat İnstitutunun əməkdaşı
525-ci qəzet.-2020.-22 fevral.-S.17