"Vətən
sevgisinin düsturu olmur..."
MÜSAHİBİMİZ
QARABAĞ MÜHARİBƏSİNDƏ CƏSUR
KƏŞFİYYAT KOMANDİRİ KİMİ TANINMIŞ
"AZƏRBAYCAN BAYRAĞI" ORDENLİ İBAD
HÜSEYNOVDUR
- Bu günlərdə
Türkiyədən qayıtmısınız. Səfəriniz
nə ilə bağlı idi?
- Ümumiyyətlə,
məni Türkiyəyə tez-tez dəvət edirlər,
sağ olsunlar, çox yüksək qiymətləndirirlər.
Adım iki küçə, bir park, bir kitabxanaya verilib,
"Qızıl Şərəf" ordeni, "Türk
dünyasının qəhrəmanı" medalına layiq
görüblər. Həmişə deyirəm ki, biz
döyüşən vaxt bunları gözləmirdik. Vətənimiz
üçün vuruşurduq, canımızı,
qanımızı qoyurduq. Şəxsən mən
düşünmürdüm, heç xəyalıma da gətirmirdim
ki, nə vaxtsa Türkiyəyə gedərəm, orda bu qədər
sevilərəm, hörmət görərəm. Müharibə
vaxtı döyüş yolumuzu, adımızı eşidib
görməyə gələnlər olurdu. Bir də
görürdük, neçə maşın adam məni
görməyə gəlib. Mən də utanırdım,
qabağa çıxmırdım. Axı mənim
gördüyüm heç də qeyri-adi iş yox idi. Sadəcə
döyüşürdüm. Hərdən komandirimiz deyirdi ki,
səni soruşurlar, çıx görsünlər. O vaxt mənim
21-22 yaşım vardı. İndi isə deyə bilərəm
ki, Azərbaycandan başqa, Türkiyədə də çox tanınıram.
Oraya o qədər dəvətlər olur ki, hamısında
iştirak etsəm, gərək Azərbaycana gəlməyəm.
Ora gedəndə özüm də bu sevgidən təəccüblənirəm.
Hava limanından başlamış hər yerdə bu diqqəti,
hörməti görürəm. Son səfərimizdə
Adanada mənimlə görüşlər keçirildi.
Türkiyəli dostlarımız bizi tarixi yerlərə
apardılar. Eləcə də Kozan qalasında olduq. Bir
müddət öncə bir neçə erməni həmin
qalada Ermənistan bayrağını gizlincə açıb
şəkil çəkdirib, tez də
yığışdırmışdılar. Onlar dedi ki, sənin
bir türk dünyası qəhrəmanı olaraq burada
bayraqlarımızı qaldırmağın hər kəsə
cavabdır. Həmin qalaya çıxdıq, orada Azərbaycan
və Türkiyə bayraqlarını qaldırdıq. Bu,
oranın insanlarına çox xoş gəldi,
duyğulandılar.
Mən heç
zaman Türkiyəni özümüzdən
ayırmamışam. Çünki ermənilər bizimlə
məhz "türksüz" deyib vuruşublar. Hətta 70
ildən çox Sovet imperiyası bizə
türklüyümüzü unutdurmağa çalışsa
da, biz bunu unutsaq da, erməni heç vaxt unutdurmadı. Onlar həmişə
bizə türk deyiblər. Mən də türk olduğumuz
üçün ayırmıram özümüzdən.
- Bilirik ki,
müharibədə yaralanmısınız,
sağlamlığınız ciddi zədələnib və
davamlı müalicə lazımdır. İndi necədir səhhətiniz?
- Əslində,
yaxşı deyil, amma özümü qorumağa, ayaqda
qalmağa çalışıram. Özüm
üçün deyil, yenə də yarımçıq qalan
addımlarımız üçün. Vətənimizin,
torpağımızın dar günləri üçün
qorumalıyam səhhətimi. Biz hələ
torpaqlarımızı geri almalıyıq. Mən
başımdan çox ağır yaralanmışam, ona
görə də tez-tez başımda ağrılar olur. Amma
eybi yox, o başı da, bədəni də qorumaq borcumuzdur. Mənim
kimi savaşın odundan, alovundan çıxmış,
döyüş texnikasını bilən adamlar vətənə
sağlam lazımdır. Hər zaman gənclərlə
görüşlərimdə deyirəm ki, qələbənin
də, qəhrəmanlığın da başında duran
sağlam bədən, sağlam ruhdur. Sağlam olmasan,
heç bir iş görə, cəsarətli addım ata bilməzsən.
Bəzən
insanlar inanmırlar ki, necə olur, müharibənin əvvəlindən
axırına kimi İbad iştirak edir və ölmür. Hərdən
mən də keçmişə baxanda inanmıram ki, o insan həqiqətən
mən idim. Çox sağlam, döyüşkən biriydim.
Bunun hamısını uşaqlıqdan məşğul
olduğum idmanda görürəm. Döyüşdə ani qərarlar
verirdim və bütün qərarlarım doğru olub,
hamısı qələbəyə aparıb. Mən
torpağı qoyub çıxmadım, mənim ordan az qala cəsədimi
çıxartdılar. Heç vaxt gizli döyüş
aparmadım. Düşmənlə hər zaman ayaq üstə
döyüşdüm. Məndən arxada gələn
yoldaşlarım şəhid olurdu, ama mənə heç nə
olmurdu. Hərdən öz-özümü
qınayırdım ki, axı niyə mənə güllə
dəymir. Bizim hərbi hissəmizdə şəhidlərin
şəkillərindən ibarət böyük lövhə
vardı, öz şəklimi də böyüdüb ora
vurdum. Hərbi geyimim güllədən deşik-deşik idi,
amma güllə ordan keçib bədənimə dəymirdi.
Düşünürəm ki, məni gözəgörünməz
qüvvə qoruyurdu. Elə döyüşlərdən
çıxırdım, heç kim inanmazdı ki, ordan
sağ qayıtmaq olar. Məsələn, bir dəfə
dağda döyüşdə idik. Hər kəs
çıxdı, mən qaldım. Yoldaşlarım gəlib deyiblər
ki, İbadı öldürdülər. Bir neçə
saatdan sonra isə mən çıxıb gəlmişdim.
Bütün bunlar mənə də möcüzəvi
görünür.
- İndi isə
başqa bir cəbhədə - Qarabağ həqiqətlərinin
yayılması mübarizəsindəsiniz. Nə kimi işlər
görürsünüz bu yöndə?
- İlk dəfə
Türkiyəyə gedib İstanbulda mənimlə
bağlı böyük konfransa qatılmışdım. Nə
yazıq ki, qardaş Türkiyədə əvvəllər
bizi torpağını qoyub qaçmış kimi
tanıyırdılar. Orda döyüş yolum haqqında bir
video göstərildi. Sonra mən çıxış elədim.
Mən tribunadaykən biri qalxdı ki, qəhrəman, əgər
siz belə döyüşmüsüzsə, bəs niyə
bir ovuc erməni sizin torpaqları işğal edə bildi? Bu
sual mənə çox pis təsir elədi. Dedim ki, mənim
kimi qəhrəmanlar təkcə ermənilərə deyil,
dünyaya qarşı vuruşurdu. Bütün dünya ermənilərə
kömək edirdi. Bizim arxalandığımız türk
qardaşlarımız belə bizə lazımınca kömək
etmədi. Ondan sonra ordakı bələdiyyə başqanı
dedi ki, qəhrəman haqlıdır, biz dövlət olaraq Azərbaycana
kömək etmədik. Sonralar Türkiyənin çox yerini gəzdim
və sübut elədim ki, əslində, onların
düşündüyü kimi deyil. Son
görüşümüzdə belə dedim ki, bu gün
Türkiyə Suriyada terroristlərə qarşı
döyüşür. 30 il öncə Rusiyanın
silahlandırdığı həmin terroristlərlə biz
çox zəif təchizatla Qarabağda
döyüşürdük. Heç kimin köməyi olmadan.
Əgər biz ermənilərin özüylə
vuruşsaydıq, nəinki Qarabağı itirmək,
keçmişdə itirilmiş torpaqlarımızı belə
qaytarardıq. Əgər bu gün geriyə qalan
torpaqlarımız bizdədirsə, adi, sadə, zəif
silahlarla döyüşənlərin sayəsindədir. Bu
torpaqlar bizdədirsə, minlərlə şəhidin qanı
bahasınadır. Yəqin həm də bu fikirləri demək,
sübut etmək üçün yaşayıram mən.
- İndiki gəncliyin
vətənpərvərlik duyğuları haqqında nə
fikirdəsiniz?
- Bəzən mənim
fikrim gənclərin acığına gedir, amma heyf ki, vətənpərvərlik
duyğuları arzuladığımız səviyyədə
deyil. Görünür, bu sahədəki təbliğatla da
bağlıdır. Vətənpərvərlik elə
duyğudur ki, hər kəsin içində var, sadəcə
onu qıcıqlandırmaq, oyatmaq lazımdır. Onu da elə
eləməlisən, gənc bilməlidir ki, vətəni sevmək
təkcə gedib səngərdə döyüşmək
deyil, onu hər sahədə təbliğ etmək,
qorumaqdır. Uşaqlarımız savadlı böyüməlidir.
Vətəni təkcə sərhəd daxilində yox, kənarda
da qorumalı, tanıtmalıdır. Vətən elə məfhumdur
ki, onun üçün ölənlər əbədi
yaşayırlar. Vətən sevgisinin vahid düsturu olmur. Bu
sevgini hər kəs öz sahəsində, bacardığı
tərzdə ifadə edir.
- Haqqınızda
rəğbətlə söz açanlar olduğu kimi, əleyhinizə
danışanlar da var. Sizcə, bu, nədən qaynaqlanır?
- (gülür) Mən
uğurlu döyüşlərin adamıyam. Bütün
döyüş yolum qələbədən ibarətdir.
Əlbəttə, bununla razılaşmayanlar da
olmalıdır (gülür). Bir də bəziləri
inanmır ki, həqiqətən də bu qədər uzun
döyüş yolum var. Müharibə başlayandan son
günə kimi döyüşmüşəm. Çox
maraqlıdır ki, bütün od-alovun içərisində,
kəşfiyyatda, düşmənin arxasında ol, amma yenə
də sağ qal. Məndən nə qədər kitablar
yazılıb, film çəkilib, hələ də istənilən
səviyyədə deyil. Çünki yazılmayan, deyilməyən
çox şeylər var. İstəməyənlərim, mənə
qarşı qəzəblilər də çoxdur. Onları da
cəbhədə "qazanmışam". Məsələn,
yüzdən çox adam gətirirdilər cəbhəyə,
bir döyüşdə hamısı qaçırdı. Gecəylə
onları döyə-döyə səngərə gətirirdim.
Axı vətəni qorumaq lazım idi. Ya əvvəldən gəlmə,
ya da gəlmisənsə niyə qaçırsan? İndi əksərən
elələridir əleyhimə danışanlar. Həm də
az deyillər, bir xeyli var (gülür). Məni həvəsdən
salmağa çox çalışdılar, üstümə
gəldilər. Mənsə hamısına sadəcə
güldüm, cavab vermədim. Çünki bilirəm ki,
lazım olanda xalqımız onların layiqli cavablarını
verir. Nə etdiyimi, nə yaşadığımı, kim
olduğumu mən bilirəm. Əslində, onlar özləri
də bilirlər mən kiməm. Elə onun xainliyini çəkirlər.
Əsas odur ki, özlüyümdə kim olduğumu
yaxşı bilirəm. Qəhrəmanlığı
kağız üstündə deyil, əvvəlcə öz
içində qazanmaq lazımdır. Mən onu
qazanmışam. İndi ətrafımdakıların
hamısı keçmiş döyüşçülərimdir.
Onlar mənim kim olduğumu bilməsələr, bu gün
yanımda olmazdılar. Mən kəşfiyyatçı idim.
Kəşfiyyatçıların döyüş texnikası
sirdi, onu ancaq yanındakı kəşfiyyatçılar
bilirdi. Mənim də 36 nəfər kəşfiyyatçım
vardı və hər şeyə onlar şahiddilər.
- Geriyə baxanda
peşmanlıq keçirdiyiniz hansısa məqam var?
- Bircə
peşmanlığım var ki, kaş, bugünkü
düşüncələrim o vaxt olardı. Peşmanam ki,
gücümdən lazımi qədər istifadə etməmişəm.
Mənim gücüm yazılanlardan, deyilənlərdən
daha çox idi. İndi anlayıram ki, mən nələr edə
bilərmişəm. Düzdür, etdiklərimin Azərbaycana
xeyli faydası olub. Bunu ən yaxşı bilənlərdən
biri Ulu öndərimiz Heydər Əliyev idi. Amma daha çox
şeylər edə bilərdim. Heyf mənim gəncliyimə,
gücümə...
Ancaq yenə də
hər zaman fəxr edirəm ki, o cür qüvvətli gəncliyimi,
gücümü vətən yolunda qoymuşam. O vaxtlar indiki
kimi deyildim (gülür). Kimsə mənim yorulduğumu,
yatdığımı, yemək yediyimi görməzdi...
- Ən
ağır döyüşlərinizdən biri haqqında
danışmağınız maraqlı olardı...
-
Bir gün düşmənin içərisində kəşfiyyatda
idik, erməni tərəfdən baxdım ki, olduğumuz yerdən
qabaqda ermənilərin səngəriylə üz-üzə,
təxminən 300 metrlikdə yaxşı bir mövqe var. Sonra
gecəylə əsgərlərimə dedim ki,
yığışın getdik. Heç kim məndən
soruşmazdı hara gedirik, niyə gedirik. Həmin dediyim yerə
gəldik, səngər qazdıq, postumuzu yerləşdirdik.
Əsgərlərimiz bizdən arxada idi, kəşfiyyatçıları
önə gətirdim. Səhər komandanlığa məlumat
verəndə çığır-bağır saldılar ki,
tez geri qayıdın, təhlükəlidir. Dedim yox, olmaz, biz
lazım olanı etdik. Səhər ermənilərin xeyli
texnikası yığıldı qarşımıza. Əsgərlərə
dedim, nə qədər atsalar da, cavab verməyin,
buraxacağıq yaxına. Ermənilər nə qədər
atəş açdı cavab vermədik. Yenə də
komandanlıq bizi çağırırdı. Uşaqlara
dedim, siz dayanın, gedim onları başa salım ki, ən
yaxşı mövqe buradır, burdan çıxmaq olmaz.
Maşına mindik, mən tərəfdəki qapı
bağlanmırdı, arasına ağac salıb
örtürdük. Şofer maşını işə
saldı, az getmişdik, ağac düşdü, qapı
açıldı, dedim dayanma, sür. Elə o anlarda
maşın düşür tank əleyhinə minaya. Dedilər,
maşın darmadağın olubmuş. Qapının
açılmağı məni xilas edir, zərbə məni
tullayır çölə. Ağır
yaralanmışdım. "Öldü" adıyla
götürüb Ağcabədi xəstəxanasına gətirirlər.
Orda baxırlar ki, hələ nəbzim var. Helikopterlə
Bakıya gətirirlər. 28 gün komada, aylarla da xəstəxanada
yatdım. Sonradan baxıb qiymətləndirmişdilər ki,
mövqeyimizi irəli çəkib həmin yerdə səngər
qazdırmaqla düz iş görmüşəm və həmin
ərazilər bu gün də bizdədir.
Şahanə
MÜŞFİQ
525-ci qəzet.-2020.-22 fevral.- S.16